XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

17 Dekabr 2017 - 18:35

ABŞ-ın “DƏRİN DÖVLƏT”i TRAMPA QARŞI –Prezidenti vəzifəsindən uzaqlaşdırmaq tələbi getdikcə güclənir

Sərdar TURQUT

“Habertürk”ün ABŞ təmsilçisi, 17 dekabr 2017-ci il

 

Prezident Trampın son “Qüds qərarı” ABŞ isteblişmentinin, ölkənin uzunmüddətli maraqlarını düşünən və özünü bu maraqları qoruyub mühafizə etməklə vəzifələndirilmiş hiss edən “dərin dövlət” təmsilçilərinə ən təhlükəli xəbərdarlıq olub.

Vaşinqtonda artıq təqaüdə çıxmış media mənsublarının da daxil olduğu “Milli təhlükəsizlik camaatı” adlandırılan bir struktur var. Bunun daxilindəki “dərin dövlət” həssasiyyətinə sahib olan adamlar prezident Trampın öz davranışları və qərarlarıyla bir qrup ifrat sağçı seçicini qane etmək naminə, ABŞ-ın uzunmüddətli maraqlarını riskə atdığını, hər keçən gün ölkəni və dünyanı müharibəyə sürüklədiyini düşünməyə başlayıblar.

Ötən günlərdə bu qrupdan önə çıxan bəzilərinin hər iki partiyadan olan və onlarla eyni düşünən insanlarla – həm Demokrat, həm də Respublikaçılar Partiyasından olan keçmiş prezidentlərlə görüşərək, ABŞ konstitusiyasının 25-ci maddəsinə əsasən, ruhi sabitsizliyi üzündən ölkəni təhlükəyə atması səbəbilə Trampın vəzifədən alınması prosesini başlatmaq üçün dəstək istədikləri bildirilir.

 

Son qərarın ardından başladı

 

Trampın Şimali Koreya ilə nüvə müharibəsi istəyirmiş kimi davranması, hətta bunu dəvətedici bir formada danışması uzun müddətdir ki, “Milli təhlükəsizlik camaatı” içində narahatlığa yol açmışdı. Ancaq “dərin dövlət” daxilindəki adamların Trampı gözdən çıxarması onun Qüds haqqında özündən əvvəlki prezidentlərdən fərqli qərar alması səbəbindən olub.

Bu qərardan öncə, İngiltərədəki bir faşist cərəyanın müsəlman əleyhdarı, irqçi və yalan olan videolarını sosial mediada paylaşması Vaşinqtonda həm heyrət, həm də panika yaratdığı bir vaxtda bunun üstünə bir də ABŞ-ın bütün müsəlman dünyasını qarşısına alması mənasına gələn “Qüds qərarı” gəlincə, “dərin dövlət” təmsilçiləri “Artıq yetər, qırmızı cizgi buraya qədər” deyib, hərəkətə keçdilər.

ABŞ konstitusiyasının 25-ci maddəsi, əgər prezidentin ruhi sağlamlığı ölkənin təhlükəsizliyini, cəmiyyətin hüzurunu təhlükəyə atmağa başlayacaq qədər pozulmuşsa, onun vəzifədən uzaqlaşdırılmasına imkan tanıyır.

Normal halda, bunun yaşanması durumunda vitse-prezidentin prezident olaraq təyin olunması lazımdır. Ancaq bu son hərəkətlənmə içində olan adamlar vitse-prezident Mayk Pensə də etibar edilə bilməyəcəyini, onun xəstəlik dərəcəsinə çatmış ifrat dini düşkünlüklərini və Qüds məsələsində Trampdan belə sərt mövqe tutduğunu nəzərə alaraq, onun prezidentliyinin daha təhlükəli olacağını düşünürlər.

Bu durumda, Demokrat Partiyasına yaxın olan “dərin dövlət” təmsilçiləri bu qərarın gələn il keçiriləcək ara seçkilərini gözləyərək, demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu əldə etməsindən sonra həyata keçirilməsini istəyirlər.

“Dərin dövlət”in Respublikaçılar Partiyasına yaxın olan təmsilçiləri isə bunun cəmiyyəti böləcəyini, işin sadəcə demokratlar tərəfindən aparılmasının siyasi risklərinin olduğunu söyləyirlər. Onlar indidən hər iki partiyanın da iştirakıyla bir proses başladılmasının daha doğru olacağını vurğulayırlar.

 

Bir komitə yaradılacaq

 

Vaşinqtonda bu aləmin daxilini yaxşı bilən jurnalist dostlarımın anlatdığına görə, hər iki partiyadan da olan, öncə prezidentlik etmiş şəxslərlə görüşlərin keçirildiyi, Trampın əlindən prezidentliyin alınması prosesini aparması üçün hər iki tərəfdən də 5 nəfər olmaqla, 10 adamlıq bir komitə yaradılmasının, onun rəhbərliyinə də hər kəsin hörmət etdiyi bir dövlət böyüyünün gətirilməsinin nəzərdə tutulduğu qeyd edilir.

Bu planın həyata keçirilməsində isteblişmentin yəhudi əsilli insanlarının mövqeyinin müəyyənedici olması gözlənilə bilər. Çünki onlar “Qüds qərarı”nın ABŞ-ın uzunmüddətli maraqlarını təhlükəyə ata biləcəyini görmələrinə baxmayaraq, İsraili qarşılarına alaraq bir iş də görmək istəmirlər.

Tərcümə Strateq.az-ındır