XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 23:09

ABŞ ƏN GÜCLÜ DƏSTƏLƏRİNİ NİYƏ QURBAN VERİR?- Xüsusi təyinatlılar həyəcan təbili çalır: "Təcili hərəkətə keçin!"

Birləşmiş Ştatların xüsusi təyinatlıları getdikcə "xüsusi" olmaq özəlliyini itirir. Vaşinqton bu dəstəni hətta ən kiçik əməliyyatlara belə, cəlb etməyə başlayıb. Yəqin, bunun nəticəsidir ki, 2016-cı ildə ilk dəfə olaraq xüsusi təyinatlılar arasında ölənlərin sayı sıradan hərbçilər arasında olan itkini üstələmişdi.  

Strateq.az xarici mətbuata istinadən ABŞ-ın müasir savaş metodlarını necə dəyişdiyinə, xüsusi təyinatlılarla bağlı nələrin baş verdiyinə aydınlıq gətirməyə çalışacaq.

«Dünyanın hansı nöqtəsində mövcud olduğumuzu və orada nələr etdiyimizi dəqiq bilə bilmirik", – deyə senator, Silahlı Qüvvələr Komitəsinin üzvü Linsi Qrem xüsusi təyinatlılarla bağlı vəziyyəti gündəmə gətirərək gileylənib.

 

 

"Mən heç bilmirdim ki, bizim Nigeriyada min əsgərimiz var", – deyə Qrem 4 amerikalı xüsusi təyinatlının bu ölkədə terrorçular tərəfindən qətl edilməsini NBC News-a şərh edərkən bildirib. 

Araşdırma zamanı üzə çıxıb ki, dünyanın 80-dən çox ölkəsində ABŞ-ın Xüsusi əməliyyat qüvvələrini təmsil edən hərbçilər var. 2016-cı ildə onlar 143 ölkədə əməliyyat keçiriblər. Bu qrupa yüksək təlim keçmiş, xüsusi qabiliyyətli hərbçilər daxildir. Eyni zamanda burada "Dəniz pişikləri", "Delta", xüsusi təyinatlı qoşunlar və bu kimi məşhur dəstələr də təmsil olunur.

Bu dəstələr terrorçuları təqib edir və zərərsizləşdirir, narkotik istehsalı və nəqlinə qarşı mübarizə aparır, ölkələrin İŞİD-in və buna bənzər qruplaşmaların nəzarətinə keçməsini önləmək üçün yerli döyüşçülərə təlim keçirlər.  

«Xüsusi əməliyyat qüvvələrinin üzvləri iki dəfə artırılıb. Onları əvvəlki dövrlərlə müqayisədə daha sıx və daha uzun müddətə əməliyyatlara göndərirlər. Hazırda onların nəzarəti altında 70 general və admiral var. 10 il əvvəl bu rəqəm 9 idi", –  deyə "Rand Corporation" təmsilçisi Linda Robinson hələ 2013-cü ildə yazmışdı. 

Nümunə üçün deyək ki, 2001-ci ildə dünyanın müxtəlif nöqtələrində ABŞ xüsusi təyinatlılarının sayı 2900 idi. İndi isə bu rəqəm 8 minə yaxındır.

 

ABŞ-ın hərbi iştirakının coğrafiyası da dəyişib. Məsələn, 2006-cı ildə bütün döyüşçülərin 90 faizi Yaxın Şərq və Afrikaya göndərilirdi. İndi isə cəmi 18 faizi. Hazırda amerikalılar Avropada, Asiya-Sakit Okean regionunda və Latın Amerikasında – az qala, dünyanın hər nöqtəsində hərbi əməliyyatlar həyata keçirirlər. 

Xüsusi əməliyyatlar üzrə komandanlığın keçmiş rəhbəri Çarlz Klivlend missiyası dəstək vermək olan Xüsusi əməliyyat qüvvələrinin niyə əsas qüvvə kimi irəli verildiyini anlamadığını deyir: "Birləşmiş Ştatlar niyə Əfqanıstanda, İraqda, Liviyada, Yəməndə, İŞİD-ə və "Əl-Qaidə"yə qarşı hazırkı hərbi kampaniyalarında çətinliklə üzləşib? O cümlədən də Baltikyanı ölkələrdə, Polşada, Ukraynada…". 

Xüsusi əməliyyat qüvvələrinin çoxsaylı üstünlükləri var. Onlar adi əsgərlərdən daha universaldırlar, iri terrorçuları məhv etmək gücünə malikdilər, savaş edən tərəflər arasında istənilən müvəqqəti diplomatik sazişin icrasını təmin edə bilirlər. 

Bunun nəticəsi olaraq ABŞ prezidentləri bütün problemləri "spetsnaz"ın vasitəsi ilə həll etməyə meylli olurlar. Bu, həm də onlara hərbi müdaxilədən uzaq durmaq imkanı da yaradır. 

Qanunverici orqan da "qaynar nöqtələrə" xüsusi təyinatlıların göndərilməsini dəstəkləyir. İctimaiyyətdən də xüsusi etiraz olmur. İnsanlar həmin nöqtələrə hərbi xidmətdəki yaxınlarındansa, bu dəstələrə könüllü daxil olan peşəkarların getməsini məqbul sayırlar.

Xüsusi təyinatlıların çiyninə çoxsaylı  ezamiyyətlər düşür və bu yolun da sonu görünmür. ABŞ-ın keçmiş prezidenti Barak Obama öz hakimiyyəti dövründə xüsusi təyinatlıların sayını artırmışdı. İndiki prezident Donald Tramp da bu tempi aşağı salmaq istəmir.

"Spetsnaz"ın aktiv şəkildə önə verilməsi təbii olaraq itkilərin sayını da artırır. Məsələn, bu ilin yanvarında "Əl-Qaidə"nin Yəməndəki kompleksinə hücum zamanı "Dəniz pişikləri"ndən 1-i həlak olmuş, 3-ü yaralanmışdı. Oktyabrda isə Nigeriyada terrorçulara hücumda 4 ABŞ əsgəri – 2 xüsusi təyinatlı və 2 yardımçı döyüşçü həyatını itirmişdi. 

2001-ci ildən bu yana amerikalı döyüşçülər minlərlə sıravi terrorçunu, onların Pakistan və Əfqanıstandakı rəhbərlərini öldürüblər. Lakin hər iki ölkədə taliblər yenə də heç vaxt olmadığı qədər güclüdürlər.

"Chatham House"un eksperti Mika Zenko deyir ki, son 8 ildə xüsusi əməliyyatlar üzrə birgə komandanlığın 200-dən artıq aviazərbəsinə baxmayaraq, Ərəbistan yarımadasında "Əl-Qaidə" qüvvələri bir nəçə yüz nəfərdən 4 min nəfərə yüksəlib: "Bunu Dövlət Departamenti də təsdiqləyib. Bu artım onlara hələ 5 il duruş gətirmək imkanı yaradır".

Problem heç də onda deyil ki, xüsusi təyinatlılar işlərini yaxşı görə bilmirlər. Ekspertlərə görə, vəziyyətin bu həddə gəlməsinin əsas günahkarı ölkənin siyasi rəhbərliyi və ordudakı yüksək rütbəlilərdir. Məhz onlar yüksək peşəkarlığı və hazırlıq səviyyəsi olan xüsusi dəstələrlə bağlı düzgün strategiya tətbiq edə bilmirlər.

Döyüşçülərin yorğunluğu psixoloji ortamı da gərginləşdirir. Noyabr ayında xüsusi təyinatlılardan birinin yazdığı anonim məktub ABŞ-da böyük səs-küy yaratmışdı. 

Məktubda deyilirdi ki, xüsusi əməliyyat qüvvələrinin təlim mərkəzi çürümüş bataqlığa çevrilib və komandirləri döyüşçülərin hazırlıq səviyyəsindən çox, rütbəcə yüksəlmələri maraqlandırır: "Son iki ildə komandirlər "spetsnaz"ın fundamental standartlarını dəyişiblər. Qiymət şkalasını aşağı salıblar ki, kursantlar akademik, həmçinin fiziki və şəxsi sahədəki uğursuzluqlarına görə məsuliyyətə cəlb olunmasın. Kursantlara deyilir ki, onlar testlərdən keçməyə, tapşırığı icra etməyə bilərlər. Əsas məsələ vacib adamları tanımaqdır. Bununla silahlı qüvvələrin elit dəstələrində qalmaq olar. Cəmi bir neçə il sonra bizim alay bu fundament üzərində qurulacaq. Biz özündən əvvəlkilərin nailiyyətləri ilə ayaqda qalan xaraktersiz parazitlərə çevriləcəyik. Vəziyyəti dəyişmək olar. Amma dərhal hərəkətə keçmək lazımdır. Biz öz peşəmizi geri qaytarmalıyıq. Bu "bardak"la baş etməyimizə yardım edin. Taleyimiz bundan asılıdır", – deyə məktubda bildirilirdi.

Ekspertlər yaxın gələcəkdə vəziyyətin dəyişəcəyinə inanmırlar. Onlara görə, ABŞ həm sıradan, həm də xüsusi hərbi əməliyyatlarda Xüsusi əməliyyat qüvvələrindən istifadə etməyə davam edəcək. Lakin gec-tez bu sahədə islahata getməyə məcbur qalacaq. 


Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə