XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 13:58

2018-ci ildə gözlənilən müharibələr:Şimali Koreya, Suriya və Ukraynada nələr baş verəcək? – Təhlil

Con Holtivenger

Newsweek (ABŞ), 18.12.2017

***

İndi 2017-ci il sona yaxınlaşarkən dünyanın ən müxtəlif guşələrində qanlı münaqişələr tüğyanı davam edir, üfüqdə isə yeni müharibələr görünür.Newsweek”-in reportyorları növbəti ildə nə baş verə biləcəyini aydınlaşdırmaqdan ötrü  Ukrayna və Suriyada sürən münaqiəşlər, həmçinin ABŞ və Şimali Koreya arasında mümkün müharibəylə ilgili öz baxış və proqnozlarını  bölüşən ekspertlərlə əlaqə saxlayıblar.

Ukrayna münaqişəsi

Ukraynada hökumət qoşunlarıyla Rusiyanın dəstəklədiyi separatçılar arasında 2014-cü ildə başlanmış (və zamanca Krımın ilhaqıyla üst-üstə düşən) münaqişə artıq 2,5 min  dinc vətəndaş daxil olmaqla 10 min adamın həyatını aparıb. Bu arada, təxminən, 1,6 milyon ukraynalı evindən məhrum olub.

Reuters” agentliyinin xəbər verdiyi kimi, 450 km uzunluğunda cəbhə xətti minalı sahələrin sayına görə dünyada üçüncü yeri tutur və ilin ilk doqquz ayında orada 103 dinc sakin həlak olub və yaralanıb.

Dünya ictimaiyyətinin bütün diqqəti Qərb ölkələrində millətçi əhvali-ruhiyyənin yüksəlişi, Suriya münaqişəsi, Şimali Koreyanın raket sınaqları və başqa məsələlərlə məşğul ikən Ukraynadakı müharibəni çoxları sadəcə unudub. Amma o, indiyədək sürür.

Münaqişə tam gücüylə davam edir, – ABŞ-ın keçmiş Ukrayna səfiri və Atlantika şurasının nəzdindəki Dina Patrisia Avrasiya mərkəzinin direktoru Con Herbest “Newsweek”-ə müsahibəsində deyib. – 2014-cü ilin aprelindən Ukraynada döyüşlərin davam etmədiyi bir gün olmayıb.O vaxtdan bəri hər gün atəşkəs rejiminin, ən azı, iki pozuntusu qeydə alınır”.

Rusiya prezidenti Vladimir Putinin əks durum haqda bəyanatlarına baxmayaraq, Herbest iddia edir ki, hazırda Rusiyanın bir neçə min hərbçisi Ukrayna ərazisindədir. “Rusiya Ukraynaya qarşı müharibə aparır, – Herbest deyib. – Ukraynanın şərqinin sakinləri öz hökumətlərinə qarşı qiyam qaldırmazdılar”.

Herbestin sözlərinə görə, bu münaqişə indiki anda dalana dirənib, çünki Ukrayna Rusiyanın gözlədiyindən daha güclü və mətin çıxıb, Kreml isə tammiqyaslı hücuma başlamaq istəmir.

Lakin bu müharibənin 2018-ci ildə bitəcəyinə hansısa bir ümid var? Herbestin sözlərinə görə, buna ümid etməyinə dəyməz.

O deyib: “Bütün bunlar bir neçə il, hətta 10 il və daha çox uzanacaq”. Amma əlavə edib ki, zaman bir çox baxımdan Ukraynanın tərəfindədir. Ukraynada başlanan münaqişəylə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar gec, ya tez ciddi ziyan vuracaq və Putin 2018-ci ildə yenidən seçilə bilsə, son nəticədə Rusiyanın Ukrayna kampaniyasını yığışdırmağa məcbur olacaq. Herbest izah edib: “Ukrayna xalqı – böyük əksəriyyət – bu müharibəyə cəlb edilib. Onlar anlayırlar ki, Rusiya onların ərazisin i işğal edib və bunu geri qaytarmaq istəyirlər”.

Bununla belə, Rusiya hökumətinin xalq tərəfdən bu cür genişmiqyaslı dəstəyi yoxdur.

Bu, Ukrayna xalqıyla Kreml arasında müharibədir, – o deyib. – Bu üzdən Kremldənsə Ukrayna daha dözümlü çıxacaq”.

Suriya münaqişəsi

Suriyada dağıdıcı, qanlı münaqişə artıq beş ildən çox tüğyan edir. BMT-nin məlumatına görə, müharibənin başladığı 2011-ci ildən bəri 400 mindən çox adam həlak olub, Suriya isə dünyada qaçqınların əsas qaynağı olub. BMT-nin qaçqınların işi üzrə Agentliyinin məlumatına əsasən, indiki anda Suriya qaçqınlarının sayı 5,4 milyona çatır.

Bəzi ekspertlər bu münaqişəni vətəndaş müharibəsi adlandırırlar, çünki prezident Bəşər əl-Əsədə sadiq güclərlə antihökumət qruplaşmaları arasında münaqişə kimi başlanıb. Amma bu müharibə rəqabət aparan çoxlu, o cümlədən cihadçı qrupların iştirakıyla çox tezliklə qəliz münaqişəyə çevrilib. Bu arada Əsədi isə öz xalqına qarşı cinayət etməkdə ittiham edirlər. Ölkədə hökm sürən hərc-mərclik Suriya və qonşu İraqda böyük əraziləri ələ keçirən İŞİD qruplaşmasının yüksəlişi üçün ideal şərait yaradıb. İŞİD döyüşçülərinin böyük qismi Suria və İraqda artıq darmadağın edilsə də, o  hələ də ciddi problem olaraq qalır. Suriyada döyüşlər davam edir və ekspertlər əmindirlər ki, hərbi  əməliyyatların növbəti ildə dayanacağını gözləməyimizə dəyməz.

Bu müharibənin 2018-ci ildə bitib-bitməyəcəyinə aid suala Vaşinqton müharibələrin araşdırılması İnstitutunun kəşfiyyat üzrə baş mütəxəssisi Cennifer Kafarella cavab verib ki, təəssüf ki, bu cür ssenari son dərəcə az ağlabatandır. “İŞİD öz üsyançılıq fəaliyyətini davam etdirməyə qabil və hazırdır. “əl-Qaidə”nin Suriyanın qərbində ordusu var və müharibəni Suriyanın şəhərlərinə qaytarmaq və Suriyanın şərqində öz hərəkatını dirçəltmək niyyətindədir, – Kafarella izah edib. – Əsəd rejimi tamamilə Rusiyadan və İranın tədarük etdiyi, hücum və müdafiə əməliyyatları keçirən şiə qruplaşmalarından asılıdır, lakin rejim hələ də ölkənin bütün ərazisini özünə qaytarmağa ümid edir”.

Kafarellanın sözlərinə görə, hətta indiki anda heç bir dinc önəmli tənzimləmə prosesi haqda söhbət getmir: Rusiya, İran və Əsədin təklif etdiyi “diplomatik üsul” əsas məqsədi Əsər rejimini mümkün qədər çox saxlamaqdan ibarət olan “aldanışdır”.

Kafarella izah edib: “Əsəd müxalifət üçün məqbul ola biləcək şərtlərlə danışıqlar aparmaq hazırlığını heç vaxt sərgilməyib. ABŞ onu buna inandırmağın gərəkdiyi yöndə heç nə etməyib. ABŞ geri çəkilərək Rusiya və İrana onun rejimini müdafiə etmək imkanı verib”.

Gələcəkdən danışılsa, Amerikanın rolu hələ də anlaşılmaz qalır və Tramp administrasiyasını xeyli suallara cavab vermək gözləyir. “Amerikanın İŞİD-ə qarşı mübarizədə indiki ana qədər əldə etdiyi bütün uğurlar ən yaxın vaxtlarda heçə çıxa bilər, – Kafarella qeyd edib. – Biz geri aldığımızı qoruya və buna əsaslana bilərik, amma bunun üçün risk və tələbləri ayıq dəyərləndirməyimiz və mümkün olası mənfəətimizi yüksək qiymətləndirməməyimiz lazımdır. Müharibənin sonuna hələ çox var və üfüqdə hələlik heç bir diplomatik həll yoxdur”.

Şimali Koreya nüvə təhlükəsi

ABŞ və Şimali Koreya artıq yarım əsrdən çox düşmən olaraq qalır, lakin Kim Çen In rejimi ABŞ ərazisinə zərbə endirməyə qabil nüvə silahının hazırlanması çərçivəsində uzaqmənzilli raketlərin sınağına başlarkən münasibətlərdəki gərginlik 2017-ci ildə inanılmaz yüksəkliyə çatıb. Bu arada prezident Tramp və Kim Çen In əsil söz savaşı apararaq daim hədə-qorxu və təhqirlər mübadiləsi edirlər. Şimali Koreya noyabrın axırında özünün ən güclü ballistik raketinin sınağını keçirib. Raket 2800 mil yüksəkliyə qalxıb – bu, Beynəlxalq kosmik stansiyadan 10 dəfə yüksəkdir – və Yapon dənizinə enməzdən qabaq, təxminən, 50 dəqiqə havada qalıb. Şimali Koreya bundan, haradasa, iki ay qabaq, sentyabrın əvvəlində altı nüvə sınağı keçirib. O vaxtdan bəri yeddinci sınağı Sakit okean üzərində keçirmək hədəsi gəlir.

BMT Şimali Koreyanı nüvə proqramını gerçəkləşdirməkdən imtinaya məcbur etmək cəhdiylə ona qarşı sərt sanksiyalar tətbiq edib, Phenyan isə hətta ən böyük ticari tərəfdaşı və ən mühüm müttəfiqi Çin tərəfdən də basqıyla üzləşib. Lakin Kim nüvə proqramını yığışdırmaqdan inadla imtina edir, rejimi isə bildirməyi davam etdirir ki, nüvə silahı ona “Amerika imperialsitləri” tərəfindən hücumu dəf etmək üçün lazımdır. Ağ Ev bu məsələdə ikili siqnallar göndərərək hər şeyi daha da dolaşıq salır. Trampın aparıcı müşavirləri durumun tənzimlənməsində həmişə diplomatik üsul uğrunda çıxış ediblər, amma prezident təcavüzkar hədələri və problemin həllində hərbi varianta aşkar meyllə onların bütün səylərini tamam pozur.

Bu arada dünya birliyi narahatdır ki, bu iki ölkə hazırda savaş həddindədir. BMT Baş katibi Antoniu Quterreş cümə axşamı bildirib: “Baş verə biləcək ən pis şey dərk etmədən son dərəcə dramatik nəticələri ola biləsi müharibəyə yuvarlanmağımızdır”.

Respublikaçı senator Lindsi Qrehem keçən həftə bildirib ki, Trampın Şimali Koreya ilə müharibə törətmək ehtimalı, təxminən, 30%-ə bərabərdir.  

Elmi dairələrin ekspertləri də narahatdırlar ki, 2018-ci ildə müharibə başlana bilər. Kolumbiya universitetindəki Koreyanı öyrənmə fondunun professor və tarixçisi Çarlz Armstronq qeyd edib: “Hesab edirəm ki, münaqişə ehtimalı azdır, amma hər halda mümkündür – 1994-cü il nüvə böhranı anından bəri heç vaxt olmadığı kimi xeyli dərəcədə mümkündür”.

Amma Armstronq hesab edir, çox ehtimal ki, Tramp administrasiyası növbəti ilin başlanğıcında Kim rejimi ilə danışıqlar aparacaq. O, qeyd edib: “Son nəticədə, danışıqlar münaqişədən qaçmağın yeganə yoludur”. Armstronqun fikrincə, danışıqlar başlamasa, Şimali Koreya 2018-ci ildə nüvə sınaqlarını davam etdirəcək. “Şimali Koreyanın məqsədi ABŞ-a nüvə raketləriylə zərbə endirmək üçün yetərincə vasitələri olduğunu sübut etməkdir, lakin ekspertlər hələ də şübhə edirlər ki, Şimali Koreya raketləri güvənli şəkildə atmosferə girməyə və nüvə döyüş başlığı daşımağa qabildir. Buna görə də ən yaxın vaxtlarda ABŞ-la danışıqlar başlanmasa, Şimali Koreya sınaqları davam etdirəcək, – Armstronq izah edib.

"Lakin tamamilə mümkündür ki, son sınaqlar şimali koreyalıları əmin edib ki, önləmə üçün onların artıq yetərincə güclü vasitələri var və indi daxili iqtisadi inkişafa daha çox diqqət ayıra bilərlər. Bu, Şimali Koreyanın 2013-cü ildən gerçəkləşdirilən və eyni zamanda hərbi və iqtisadi sahələrdə irəliləyişi nəzərdə tutan “byungjin” siyasətinin ikinci bölümüdür”, – deyə o, bildiirib.

Hesab olunur ki, Şimali Koreyanın sərəncamında 25-də 60 vahidə qədər nüvə silahı var, amma Armstronqun dediyi kimi, nüvə döyüş başlıqlarını ABŞ ərazisinə uğurla çatdırmaq imkanı verən texnologiyalara sahib olub-olmadığı hələlik aydın deyil.

Qərargah rəislərinin birləşmiş Komitəsi təmsilçiləri noyabrda bildiriblər ki, tammiqyaslı müharibə başlanacağı halda Şimali Koreyanın nüvə cəbbəxanasını tam məhv etmək üçün Şimali Koreya ərazisinə quru qoşunları yeritmək lazım gələcək. Ekspertlərin əksəriyyəti xəbərdarlıq edir ki, ABŞ-la Şimali Koreya arasında müharibə milyonlarla həyatı apara bilər. Konqresin bu yaxınlarda dərc edilmiş məruzəsində deyilir ki, bu cür müharibənin təkcə bir neçə günü ərzində tərəflər hətta nüvə silahı işlətməsə də, 300 minədək adam həlak ola bilər.

Tərcümə Strateq.az-ındır.