XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 18:43

Peskov ailəsinin bitib-tukənməyən milyonları…- Navalnı yeni araşdırması ilə Putinin məmurunu yenə "darmadağın" etdi (VİDEO)

Tanınmış rusiyalı müxalifətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı daha bir ifşaedici araşdırma hazırlayıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Navalnı növbəti dəfə prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovu hədəfə gətirib. Videosüjet şəklində təqdim olunan təhqiqatın əsas qəhrəmanı Peskovun keçmiş həyat yoldaşı Yekatirina Solotsinskayadır.

Təhqiqat  Solotsinskayanın ötən ilin dekabrında sosial şəbəkədə "Yeni ildə yeni evdə" başlıqlı şəkil paylaşmasından sonra başlayıb. Şəkildəki evin kifayət qədər bahalı və dəbdəbəli görünməsi Navalnını onun hansı pullar hesabına alındığını araşdırmağa sövq edib.

 

 Peskov və Solotsinskaya

 

Navalnının dediyinə görə, şübhələrində yanılmayıb və araşdırma onu maraqlı nüanslara aparıb.

Qeyd edək ki, Peskovla ayrılandan sonra Yekatirina Solotsinskaya qızı Yelizaveta Peskova ilə birlikdə Fransaya köçüb. 

Fond rəhbəri deyir ki, rəsmi sənədlərdən yeni mənzilin Parisin ən bahalı rayonlarından birində – "Eyfel" qülləsinin yaxınlığında yerləşdiyi məlum olub. Sahəsi 180,25 kv.m. olan mənzildə təkcə yataq otaqlarının sayı 4-dür. 

2016-cı ilin sentyabrında satın alınan mənzilin qiyməti 1 milyon 770 min avrodur (125 milyon rubl). Ümumi məbləğin 73 faizi – 1 milyon 300 min avrosu nağd ödənilib. Yerdə qalanı isə Bank VTB-nin Fransadakı törəmə müəssisəsindən ipoteka krediti şəklində götürülüb. Özü də cəmi 2,7 faizlə. Halbuki bankın illik faiz dərəcəsi 12-dir.

 

Yekatirina Solotsinskaya

 

Navalnı bildirir ki, Fransada Yekatirina Solotsinskaya təkcə 100 min avro vergi ödəyib. Bu məbləğ isə onun Rusiyada son dəfə təqdim etdiyi deklarasiyada göstərilən illik qazancından 1,5 dəfə çoxdur. Bundan başqa o, bahalı həyat tərzi sürür, şəxsi təyyarələrdə uçur, yüksək vəzifəli şəxslərlə oturub-durur.

Sənədlərdən o da məlum olur ki, Solotsinskaya fransız dilini bilmir, üstəlik heç bir işi də yoxdur.

Belə olan halda da araşdırma müəllifi Yekatirina Solotsinskaya və qızının  dəbdəbəli həyatının arxasında Peskovun korrupsiyaya bulaşmış pullarının durduğuna heç bir şübhə qalmadığını deyir.

Qeyd edək ki, bu, Navalınının Peskov və ailəsi ilə barədə ilk ifşaedici araşdırması deyil. Bu ilin avqustunda o, Peskovun birinci xanımı Anastasiyadan olan böyük oğlu Nikolay Çoulzun da dəbdəbəli həyatını araşdırmışdı. 

 

Peskov və Nikolay Çoulz

 

Məlum olmuşdu ki, rəsmən işsiz olan 27 yaşlı Çoulz dəyəri 10 milyon rubl olan "Tesla" markalı avtomobilə, "Range Rover", "Ferrari", "Mercedes CLA" kimi bahalı maşınlara, "Harley-Davidson" markalı motosiktetə sahibdir.

Navalnı bildirmişdi ki, "brilyant atanın qızıl oğlu" Çoulz mütəmadi olaraq şəxsi təyyarələrdə uçur, bahalı yaxtalarda səyahət edir. Onun mülklərindən biri də Moskvanın düz mərkəzində yerləşir.

Ondan əvvəlki araşdırmasında isə qeyd olunurdu ki, Peskov Sardiniya adasında bahalı yaxtada istirahət edir. Bu yaxtanın da bir həftəlik icarə haqqı 26 milyon rubldur (385 min avro).

 

Peskov və Navka

 

Bundan başqa, üçüncü toyunda – Olimpiya çempionu Tatyana Navka ilə evlənəndə Peskovun qolunda "Richard Mille RM 52-01" markalı saat var idi. Saatın dəyəri 38 milyon rubldur (620 min dollar). Sonradan Navka bildirmişdi ki, guya saatı Peskova o bağışlayıb.

Rəsmi deklarasiyaya görə, ötən il Dmitri Peskov və xanımı Tatyana Navka ilə 133,6 milyon rublluq gəlir əldə ediblər. Daha dəqiqi, ötən il xanımının gəliri Peskovun qazandıqlarından 10 dəfə artıq olub – 120,8 milyon rubl. 

Navalnının dediyinə görə, Peskovun Rusiyada təkcə bir mülkünün dəyəri 1 milyard rubldur. 

Araşdırma müəllifi bütün bu pulların cinayət yolu ilə qazanıldığını, prezident Putin və Rusiya hüquq-mühafizə orqanlarının isə buna bilərəkdən göz yumduğunu bildirir.

 

 

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə