XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 00:09

ABŞ-ın YENİ TƏHLÜKƏSİZLİK STRATEGİYASINDA ÇİN SƏDDİ:"Səmalar ölkəsi" niyə Vaşinqtonun əsas düşməni elan edilib? - ARAŞDIRMA

Kadir Temiz

“Anadolu” Agentliyi, Türkiyə

 

Nəzəri baxımdan dəyərləndirildiyində, Trampın bu həftə elan etdiyi ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası sənədinin realist bir manifest olduğu iddia edilə bilər. Həqiqətən, sənəd əvvəldən sonadək dövlət, güc, suverenlik və milli maraq kimi realizmin təməl anlayış şəbəkələri ilə hörülmüşdür. Bu nəzəri çərçivədə, hər nə qədər yeni bir anlayış olan “prinsipial reallıq (principled realism)” ortaya atılsa da, xüsusilə son on ildir intensiv müzakirə olunan Çin təhdidi, Çinin beynəlxalq qurumlarla inteqrasiyası və yüksəlişi kimi məsələlərdə mövcud müzakirələrdən o yana ortaya bir arqument qoymur.

Bəlkə də strategiya sənədinin bu çərçivədə ən önəmli xüsusiyyəti ilk dəfə Çinin örtülü və ya açıq olaraq meydanoxuyucu, təftişçi güc, rəqib və düşmən kateqoriyasına aid edilməsidir.

Ancaq iç-içə keçmiş bu anlayışlar eyni zamanda strategiya sənədinin də ziddiyyətli yönlərini ortaya çıxarır. Bəzi bölümlərdə ABŞ-ın Çinlə əməkdaşlıq arayışında olduğu vurğulanarkən, bir paraqraf sonra o, strateji rəqib olaraq müəyyən edilir.

 

Siyasi rəqabət və yeni tərz böyük güclər münasibəti

 

Əslində, strategiya sənədinin bu dili siyasi anlamda “dost-düşmən” ikiliyinə əsasən bir tərəf müəyyən edib, düşmənləri “digər” kateqoriyasında təsnif edərkən, mövcud ittifaqları da möhkəmləndirmə işinə yarayır. Məsələn, Çin ən güclü meydanoxuyucu aktyor olaraq müəyyən edildikdən sonra, “Bu meydan oxuma, təməldə insan ləyaqətinə və azadlığa dəyər verənlərlə, zalımlar və tək tipçiliyi qəbul etdirmək üçün dirənənlər arasındakı bir mübarizədir” ifadəsinə yer verilir. Beləliklə, rəqabətin siyasi və ideoloji tərəfi də quraşdırılmış olur.

Soyuq müharibə ritorikasını xatırladan bu kateqoriyalaşdırmaya görə, yenə bir “azad dünya” və qarşısında “repressiv, zalım rejimlər” vardır. Ancaq Soyuq müharibə ritorikasının bu versiyası ilki qədər asan izah edilə bilməyəcək olduğundan, sənəd, üzərinə basa-basa necə zalım bir “digəri” ilə üz-üzə olduğumuzu davamlı olaraq təkrar edir. Bu təkrar bir müddət sonra sənədin diskurs və ifadə gücünü zəiflədir.

Strategiya sənədinin bəhs etdiyi, demək olar ki, hər bir məsələ açıq və ya örtülü şəkildə Çini nəzərdə tutaraq, onu ABŞ-ın təhlükəsizliyi və rifahının tam qarşısında duran əsas düşmən kateqoriyasında dəyərləndirir.

Sənəddə Çin kəlməsi 33 dəfə, Rusiya kəlməsi isə 25 dəfə işlədilir.

Əslində, Trampın seçki kampaniyası boyunca vurğuladığı məsələlərdən biri olan “Çin təhdidi” bu sənədlə həm daxili, həm də xarici siyasəti gücləndirmək funksiyasını yerinə yetirir. Tramp öncəsi dövr nəzərdə tutularaq, son 20 ildən bəri rəqiblərinin beynəlxalq qurumlar və ticarətlə inteqrasiyasının onları daha mülayim və etibar edilən tərəfdaşlar halına gətirmədiyi vurğulandıqdan sonra, yeni dövrdə düşmənlə hər sahədə “güc yolu ilə mübarizə” strategiyası təklif edilir.

Strategiya sənədinin ABŞ-Çin siyasi münasibətləri çərçivəsindəki ən önəmli vurğularından biri də Çini ilk dəfə tamamilə çiçəklənən böyük bir güc olaraq müəyyən edərək, mövcud beynəlxalq dövrü də böyük güclərin rəqabəti ilə formalaşan yeni dövr olaraq müəyyən etməsidir. Bu durum, müəyyən baxımdan, Çinin uzun müddətdən bəri vurğuladığı “yeni bir növ böyük güclər münasibəti” tələbinə ABŞ-dan gələn sərt cavab olaraq da qiymətləndirilə bilər. Çünki Çin bu tələbi, qlobal inteqrasiyasını və inkişafını tamamlamış böyük güc olaraq, daha bərabər və ədalətli bir münasibət forması arzusu ilə dilə gətirirdi. Ancaq sənəddəki ritorikaya görə, Çin tam əks bir mövqeyə qoyulubdur.

 

İqtisadi rəqabət və yeni proteksionizm

 

Strategiya sənədinin iqtisadiyyat mövzusundakı ən önəmli vurğusu yeni proteksionizmin ABŞ üçün artıq bir təhlükəsizlik strategiyası olmasıdır. Siyasi və ideoloji baxımdan “digəri” (yəni, düşmən- tərc.) olaraq müəyyən edilən Çinin iqtisadi inkişaf modelindən ticari əlaqələrinin xüsusiyyətinə qədər aydın bir şəkildə “iqtisadi təcavüzkar” olaraq müəyyən edildiyi bu sənəddə ABŞ-ın Çinin “təcavüzkar”“ədalətsiz” münasibət formasına qarşı, “Öncə Amerika” şüarı ilə uyğun iqtisadi öncəliklər müəyyən etməli olduğu vurğulanır.

Bu durum da ikitərəfli ticarət həcminin 550 milyard dolların üstünə çıxdığı mövcud münasibət formasında radikal qırılma yarada bilər.

Sənəddə Çin iqtisadiyyatından bəhs edilərkən, onun inkişaf modelinin azadlıqları necə məhdudlaşdırdığı, ədaləti necə pozduğu və mövcud böyüməsinin hərbi xərcləri artırarkən, informasiya və məlumatlar üzərindəki nəzarətinin də repressiv bir rejim ortaya çıxardığı aydın ifadələrlə ortaya qoyulur.

Ayrıca, Çin beynəlxalq qurumlardan sui-istifadə etməkdə günahlandırılır. Çinin bu yollarla öz sənayesini subsidiyalaşdırdığı, zorla texnologiya transferi etdiyi və beləliklə, bazarlara pozucu təsir etdiyi iddia olunur.

Bundan əlavə, Çin ABŞ-ın çətinliklə əldə etdiyi əqli mülkiyyəti oğurlayaraq və ya qanunsuz yollarla əldə edərək, öz sisteminin zəif tərəflərini qapatmaqda günahlandırılır.

Sənədin iqtisadiyyatla bağlı bölümlərində ən diqqətçəkən məsələlərdən biri də, yenə də siyasi rəqabətlə uyumlu olaraq, Çinin açıq bir rəqib olaraq göstərilməsidir. Məsələn, ABŞ-ın xarici investisiyaları dəyərləndirilərkən, ad verilmədən, avtoritar dövlətlərin təklif etdiyi aşağı keyfiyyətli, sui-istifadəyə açıq, anlaşılması çətin və qanunsuz investisiyaların əksinə, ABŞ-ın investisiyaları davamlı və məsuliyyətli bir inkişafı təşviq edən investisiyalar olaraq qiymətləndirilir.

Strategiya sənədinin hədəf aldığı məsələlərdən biri də Çinin son illərdə ən önəmli beynəlxalq iqtisadi inkişaf layihəsi olan “Bir kəmər-bir yol” layihəsidir. Sənəddə Çinin milyardlarla dollar xərcləyərək, həyata keçirdiyi infrastruktur investisiyalarının son məqsədinin ABŞ-ın müvafiq regionlardan çıxarılması və o regionlarda Çinin nüfuz sahəsinin artırılması olduğu vurğulanarkən, ABŞ-ın bərabər və ədalətli olmayan, milli maraqlarını pozan bu duruma qarşı önləyici tədbirlər görməsinin lazım olduğu bildirilir. ABŞ milli təhlükəsizlik strategiyası bu yönlərilə, sanki, Trampın seçki meydanlarında daha çox səs qazanmaq üçün dilə gətirdiyi Çin əleyhinə olan siyasi ritorikaya çevrilmiş olur.

 

Hərbi təhlükəsizlik və regional rəqabət

 

Strategiya sənədi Çini açıq bir formada “digər” düşərgəyə yerləşdirərək, siyasi və iqtisadi düşmən kateqoriyasında təsnif etdikdən sonra hərbi təhlükəsizlik məsələsində ona qarşı daha konkret və aydın ittihamlar irəli sürür. Misal üçün, sənədə görə, “Çin topladığı məlumatlar vasitəsilə öz avtoritar sistemini yaymaqda, digər ölkələrin suverenliyinə zidd olaraq, gücünü genişləndirməkdədir. Çinin hərbi modernləşməsinin bir hissəsi də onun ABŞ-ın yaradıcı iqtisadiyyatına və dünya standartlarındakı universitetlərinə girişinin olmasıdır”.

Çinin hərbi təhlükəsizlik baxımından yaratdığı təhdid, sənəddə bu formada müəyyən edilir: “ABŞ-ın Çinlə əməkdaşlıq imkanları axtarmasına rəğmən, Çin iqtisadi vasitələrlə və hərbi təhdidlərlə digər ölkələri razı salır və onlara öz siyasi və təhlükəsizlik gündəliyini qəbul etdirir. Çin infrastruktur investisiyaları və ticarət strategiyası ilə öz geopolitik hədəflərini digər dövlərlərə diqtə edir. Məsələn, onun Cənubi Çin dənizində hərbi bazalar qurması orada sərbəst ticarətin işləyişini, digər dövlətlərin suverenliyini və regional sabitliyi təhdid edir. Çinin regionda artan və sürətlə inkişaf edən modernləşməsinin məqsədi ABŞ-ın regiona girişini əngəlləmək və orada özünün daha sərbəst hərəkət etməsini təmin etməkdir”.

Sənəd boyunca davamlı olaraq vurğulanan, amma bəzi məsələlərdə tam açıq şəkildə ortaya qoyulan “ABŞ-ın zərər çəkməsi” məsələsi, adamda sənədin davamlı olaraq daxili siyasi mesajlar verməyə çalışması qənaətini yaradır.

ABŞ ilə Çin arasındakı ən önəmli təhlükəsizlik mübahisələrindən biri də Çinin hərbi xərcləri, xarici ticarət və siyasət fəaliyyətlərini çox gözə girmədən, ABŞ-ı təhrik etmədən həyata keçirməsidir.

Sənəddə bu durum da açıqca ifadə edildikdən sonra, ABŞ-ın Çinin öhdəsindən gələ bilməsi üçün, xüsusilə, nüvə gücü, kosmos, kiber və kəşfiyyat fəaliyyətləri kimi sahələrdə, yeni investisiya sahələri ortaya çıxarmasının lazım oduğu vurğulanır. Sənədə görə, rəqabət edən bu güclər strateji nailiyyətlərini olduqca yavaş və əmin addımlarla əldə edirlər. Xüsusən, ABŞ-ı hərbi cəhətdən təhrik etmədən, birbaşa hərbi həmlələrdən yayınaraq yeni durum yaratmağa çalışırlar.

Sənədin ən diqqətçəkici nöqtələrindən biri də onun ABŞ ilə Çin arasındakı ən önəmli rəqabət sahələrindən biri olan Asiya-Sakit okean regionunu yenidən müəyyən etməsidir. Əslində, regionun müəyyən edilməsi məsələsində beynəlxalq münasibətlər ədəbiyyatında da bir razılaşma yoxdur. Ancaq Hindistan, Avstratliya və Yaponiyanı da içinə alacaq olan dördlü bir ittifaq yaratma məqsədi, yeni bir anlayışdan daha çox, Çini mühasirəyə alma siyasətinin təzahürü olaraq görülə bilər. Lakin praktikada ikitərəfli Çin-Hindistan əlaqələrinin getdikcə gücləndiyi düşünülərsə, bunun çox da realist bir strategiya olmadığı söylənə bilər. Çünki Hindistan, Avstratliya və Yaponiya kimi siyasi, iqtisadi və coğrafi olaraq, bir-birindən uzaq ölkələrin ortaq bir maraqda görüşmələri üçün Çin təhdidi məqbul ortaq maraq olaraq görünməməkdədir.

Strategiya sənədində Hind-Sakit okean regionu – Hindistanın qərb sahillərindən ABŞ-ın qərb sahillərinədək olan region olaraq, müəyyən edilir. Ayrıca, siyasi bölgülər – yəni, azad dünya və repressiv baxış arasında mübarizə burada da keçərlidir.

Sənədə görə, Çinin bu regiondakı məqsədi ABŞ-ı Hind-Sakit okean regionundan çölə atmaq, dövlət mərkəzli iqtisadi modelini ixrac etmək və regional nizamı öz lehinə qurmaq şəklində tərif edilir.

Hind-Sakit okean regionunda xüsusilə Çinin yüksəlişi, Şimali Koreya nüvə böhranı və Cənubi Çin dənizi ən önəmli təhlükəsizlik problemləri olaraq göstərilir. Bu anlayış çərçivəsində də regional güc balansı yenidən dəyərləndirilir. YaponiyaCənubi Koreya regiondakı ən sadiq dostlar və müttəfiqlər olaraq müəyyən edildikdən sonra, FilippinTailand da önəmli müttəfiqlər arasında zikr edilir. İnkişaf etməkdə olan ölkələr kateqoriyasında ABŞ-ın tərəfdaş olaraq müəyyən etdiyi ölkələr isə Vyetnam, İndoneziya, Malayziya və Sinqapurdur.

Sənəddə Çinlə ABŞ arasındakı ən önəmli ixtilaf məsələlərindən biri olan Tayvan problemində, onunla güclü bağların qorunacağı açıqlandıqdan sonra, yanaşmanın ABŞ-ın “Tək Çin” siyasəti ilə uyumlu olacağı vurğulanır. Ancaq sənəddəki boşluq və qırılma burada da davam edir, çünki bu iki fərqli siyasətin necə tətbiq ediləcəyi ilə bağlı olaraq hər hansı bir strateji proqnoz verilmir.

 

Çinin sənədə reaksiyası

 

Hələ ki, Çin bu strateji sənədə aydın və açıq cavab verməyib, ancaq bu sənəd ABŞ-Çin münasibətləri tarixindəki ən sərt və konkret rəqabət ünsürlərinin ard-arda sıralandığı bir sənəd olaraq tarixə keçəcək.

Digər tərəfdən, sələflərinədn fərqli olaraq, Trampın bu kəskin çıxışının, həqiqətən, ABŞ-ın yeni dövrdəki milli təhlükəsizlik strategiyası olub-olmayacağı çox aydın deyil. Çünki mətndə mövcud risk və təhdidlərə qarşı konkret bir siyasi fəaliyyət planı təklif edilmir.

Strategiya sənədinin ictimailəşdirilməsindən sonra Çindən gələn ilk reaksiyalar çox sərt olmamaqla bərabər, açıqlamalara narahat bir dilin hakim olduğu gözdən qaçmadı. Çinin təhlükəsizlik və hərbi məsələləri müzakirə edən populyar nəşrlərindən biri olan “Global Times” iki mütəxəssis baxışı ilə ABŞ-dan çox Trampın komandasının üstünə düşdü. Ertəsi gün isə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi, strategiya sənədinin tam tərsi olan bir ifadə ilə, inteqrasiya, sülh və “qazan-qazan” strategiyası kimi anlayışların sıx olaraq istifadə edildiyi bir açıqlama verdi.

Həmçinin, strateji sənəddəki Çin əleyhinə olan ritorikaya rəğmən, çinlilər gələn il ABŞ ilə olan ticarət həcminin 600 milyard dollar səviyyəsinə çıxmasını gözləyirlər. Çinin qarşıdakı günlərdə daha üst səviyyəli bir açıqlama, ya da konkret fəaliyyət ortaya qoyub-qoymayacağı məlum deyil. Ancaq ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasının soyuq müharibə dövrünü xatırladan ritorikası və strateji təklifləri mövcud şərtlərdə Çini nə öz regionunda, nə də uzaq coğrafiyalarda məhdudlaşdıra bilər.

Tərcümə Strateq.az-ındır

 

Qeyd: Professor Kadir Temiz doktorluq dissertasiyasını Boğaziçi Universitetində tamamlayıb, əsasən, Çinin xarici siyasəti, modern Çin tarixi, Çin-Türkiyə münasibətləri və Asiya-Sakit okean regionunun təhlükəsizlik mexanizmləri sahələrində tədqiqat aparır.




Yuxarı Əvvələ Ana Səhifə