XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2017 - 19:07

İRAN VƏ “HİZBULLAH” İSRAİLLƏ TƏMAS XƏTTİNƏ ÇIXIR –Suriyanın cənubunda son üsyançı qalaları təslim olur - TƏHLİL

“Reuters” (Böyük Britaniya)

 

Suriya üsyançıları İsrail və Livan sərhədlərinin kəsişdiyi strateji sahədə Suriya ordusu və onun İran dəstəkli milis müttəfiqlərindən ultimatum alıblar: ya təslim olmaq, ya da müəyyən hərbi məğlubiyyətə məruz qalmaq.

İranın maliyyələşdirdiyi və təchiz etdiyi yerli dəruzi milislər Suriya ordusunun dəstəyi ilə Hermon dağının ətəklərində, İsrail və Livan sərhədlərinə yaxın olan anklavda sünni üsyançılara qarşı şiddətli hücum həyata keçiriblər.

Yerli vəziyyəti yaxşı bilən Azad Suriya Ordusunun (ASO) rəsmisi İbrahim əl-Cəbavi deyib ki, onlara İdlibə getmək və ya döyüşçülərlə birlikdə təslim olmaq üçün 72 saat möhlət verilib.

Anonim qalmaq istəmiş başqa bir üsyançı məmur bildirib ki, onlara da ya təslim olmaq və ya "hərbi həll" təklif olunub.

İndi üsyançılar iki aylıq gündəlik atəş və hava hücumlarından sonra strateji təpələr və təpə ətəklərindəki təsərrüfatları itirdikdən sonra əsas qala olan Beyt-Jində mühasirədə qalıblar.

İranın dəstəklədiyi Livan “Hizbullah”ının media orqanı xəbər verib ki, üsyançılar təslim olma şərtlərini müzakirə etməyi razılıq verib. Müzakirələr önümüzdəki bir neçə gündə bitməli və üsyançı dəstələr İdlibə göndərilmək üçün təxliyə olunmalıdır.

Suriya ordusu sərhəd bölgələrindəki üsyançıları paytaxtından daha uzaqlara göndərməkdən ötrü eyni taktikadan istifadə edib: mühasirəyə və aylar sonra mühasirəyə düşənlərin təxliyəsi.

Üsyançıların sözçüsü Suheyb Əl-Rahilin sözlərinə görə, vəziyyətin pisləşməsi ilə anklavlarda tələyə düşən 8 mindən artıq mülki şəxs var.

Suriya üsyançılarına kömək etməkdə ittiham edilən İsrail, Colan Təpələrində artan İran hərbi təsirindən narahatdır və Suriyada İran hədəflərinə hücumları artırıb.

İsrail, İrana, Livan “Hizbullah”ı və digər şiə milisləri Suriyadakı qalıcı bazalar yaratmaqda ittiham edir və Şamın sünnilərə qarşı döydüyünə əsas gətirib üsyançılara kömək edir. Düşmənlərini Colandan uzaqlaşdırmaq üçün o, hər iki böyük güc əleyhinə lobbiçilik işi aparır.

Bu ayın əvvəlində Şamın cənubundakı Kisvah yaxınlığında bir bazaya İsrail hücumu olub. Bir Qərb kəşfiyyat mənbəyinin fikrincə, orada İranın hərbi təsisatı yerləşir.

Livanın cənubundakı “Hizbullah” qalası da üsyançı anklavdan yalnız bir neçə kilometr uzaqlıqdadır və Qüneytra əyaləti onun təchizat xəttinin təmin edilməsi üçün əsas strateji marşrutdur. Bunu üsyançılar və müdafiə analitikləri deyir.

"İndi “Hizbullah” Suriya tərəfində daha güclü dayağa malik olacaq və bu bölgəni Livanın cənubu ilə birləşdirməyə ümid edəcək", – əl-Cəbavi əlavə edib.

İsrail “Hizbullah”ı Colan Təpələrində cəbhə açmamağa dair xəbərdar edib və 2015-ci ildə hava hücumunda “Hizbullah” nüfuzlu komandirini qətlə yetirib.

"İran və “Hizbullah” İsraillə təmas xətlərini genişləndirməyə səy göstərir. İsrail bu məsələni necə həll edəcək, bax sual budur”, – Suriyadakı hadisələri yaxından izləyən təqaüdçü iordaniyalı general Faiz əl-Duveyri bildirib.

 

Tərcümə: Strateq.az