Kürdüstan Türkiyənin himayəsi altına düşəcək
ABŞ və koalisiya qüvvələrinin İŞİD-ə qarşı aktiv mübarizələrinin üstündən 6 ay keçir. Bu müddət ərzində havadan ağır hücumlara məruz qalan bu yeni qruplaşma xeyli yaralar aldı. Baxmayaraq ki, Pentaqon yetkililəri hava hücumlarının 90%-nin hədəfdən yayındığını bildirsələr də, hər halda dünyanın ən böyük hərbi qüvvələri qarşısında yüngül silahlanmış İŞİD-in bu təzyiqlərə duruş gətirməsi mümkünsüz görünür. Bəlkə də bu məntiqdən hərəkətlə bir çox mütəxəssislər terrorçuların artıq son zamanlarını yaşadıqlarını təxmin edirdilər.
İŞİD qaynaqlarının verdiyi məlumatlar isə bu təxminləri alt-üst edəcək mahiyyətdədir. Belə ki, bölgələrdəki media təmsilçilərinin yerləşdikləri coğrafi koordinatları bildirməsi əsasında yeni xəritə hazırlanıb. Son olaraq 2014-cü ilin Dekabr ayında yayımlanan ilk xəritəylə müqayisədə yeni xəritəyə görə, İŞİD Kobani xaricində heç bir yer itirməyib. Əksinə, bir sıra regionlarda öz sərhədlərinə yeni ərazilər qatıb.
Yeni xəritəyə görə, İŞİD hərbi birlikləri Qərbi Bağdadın tamamını öz nəzarəti altına alıb. Əvvəl Həsəki çölündə yerləşən bəzi kəndlər PKK-nın əlinə keçsə də Suriyanın cənub hissəsində sərhədlər İŞİD-in xeyrinə dəyişilib. Xüms vilayətində Əsəd müxalifətinə qarşı önəmli irəliləyiş göstərən silahlılar Dəməşqin Həcər-ül Əsvəd bölgəsini də ələ keçirməyi bacarıblar. Suriyanın Rəqqa, Deyr-əz Zor vilayətlərinin önəmli qismi də, İraqın Mosul, Tikrit, Ənbar, Kərkük əraziləri də onların nəzarətindədir.
Xəritəyə inansaq və ABŞ-ın ağıllı raketlərinin hədəfdən 90% yayınma ehtimalının altında mütləq hansısa maraq dayandığını qəbul etsək, ortaya belə bir məntiqi nəticə çıxır. Perspektivdə İraq və Suriyanın şimalinda kiçik bir zolağın kürdlərin nəzarətinə verilməsi, bu yerlərin indiyə qədərki sahibləri olan dövlətlərlə yeni sahiblər (kürdlər) arasında İŞİD-bufer zonası yaradılması niyyəti var. Nəzərə alanda ki, qurulması planlaşdırılan yeni dövlət İraqın zəngin neft bölgəsi və həmin neftin Ağ dənizə daşınmasının marşrutu üzərindədir, ABŞ hava qüvvələrinin niyə 90% hədəfdən yayınması müəmması tam mənası ilə ortaya çıxır.
Məsələnin ən maraqlı tərəfi bundan ibarətdir ki, bu günə qədər PKK ilə qanlı bıcaq olan Türkiyə də bu terrorist təşkilatın Suriyadakı uzantısı olan YPG-nın ən yaxın himayədarı kimi çıxış edir. üstəlik, PKK lideri öcalan da öz tərəfdarlarını Türkiyəyə qarşı silahı yerə qoymağa çağırır. Görünür, Yaxın Şərqin yeni düzənində ortaya çıxan kürd faktoru tamamilə Türkiyənin himayəsinə veriləcək. Hətta mümkündür ki, Mosuldan Ağdənizə axacaq Şimali İraq neftinin təhlükəsizliyinin tam təminatı üçün bölgə türk ordusunun nəzarətinə keçsin.
Türkiyənin Suriya ilə İraq arasında buffer bölgə yaratmaq naminə münasibətlərində böyük problemlər yaşamadığı İŞİD-lə də qarşılıqlı anlaşmaya gedəcəyi gözləniləndir.
Heydər Oğuz