XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 19:01

ABŞ dövlət katibi 2017-ci ili təhlil etdi, növbəti illə bağlı mesajlar verdi:“İranı cəzalandıracağıq...”

ABŞ dövlət katibi Reks Tillerson

The New York Times (ABŞ), 27.12.2017

***

Birləşmiş Ştatlar getməkdə olan ildə Şimali Koreya, Çin və Rusiya ilə münasibətlərdə, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizəsində  çox böyük problemlərlə üzləşib. Lakin Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin bütün dünyada barış və sabitlik uğrunda mübarizədə nail olduğu tərəqqi amerikalıları ruhlandırmalıdır.

Prezident Tramp öz postunu tutarkən Şimali Koreyanı ABŞ təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırıb. O, strateji səbrin  uçurumlu siyasətindən imtina edib. Əvəzində diplomatik və iqtisadi sanksiyalar tətbiq etməklə basqı siyasəti yürütməyə başlamışıq. BMT Təhlükəsizlik Şurası bu il bütün tarixi ərzində ən sərt sanksiyalar üzrə üç qətnaməyə, o cümlədən Şinmali Koreyanın kömür, dəmir, dəniz məhsulları və tekstil kimi bəzi məhsullarının ixracatına qadağaya yekdilliklə səs verib.

Birləşmiş Ştatlar müttəfiq və tərəfdaşlarını Şimali Koreyanı öz davranışını dəyişməyə məcbur etmək üçün bu rejimə birtərəfli qaydada basqı göstərməyə çağırır. Çoxları bu cür çağırışa səs verir və KXDR-lə ticarətdən imtina etmək, bu ölkə ilə diplomatik əlaqələri kəsmək və Şimali Koreya fəhlələrini ölkədən çıxarmaqla müsbət fəaliyyət göstərir. Bizim dinc basqı kampaniyamız sayəsində Şimali Koreyanı xeyli hissəsi qanunsuz silahın yaradılmasına gedən ixracat gəlirlərinin, təxminən, 90%-dən məhrum etməyə nail olmuşuq.

Biz ümid edirik ki, bu cür beynəlxalq təcrid, rejimi raket-nüvə silahı yaradılması üzrə proqramdan imtina haqda ciddi danışıqlara getməyə məcbur edəcək. Dialoq üçün imkanlar saxlanır, amma biz aydın şəkildə bildiririk ki, rejim danışıqlar masası arxasına qayıtmaq hüququna layiq olmalıdır. Şimali Koreyada nüvəsizləşmə prosesi başlanmayınca basqı saxlanacaq.

Şimali Koreyaya basqı strategiyamızın mərkəzi tərkib hissəsi Çini Phenyana həll edici iqtisadi təsir rıçaqlarını işlətməyi inandırmaq cəhdləridir. Pekin idxalata bəzi qadağalar, habelə sanksiyalar tətbiq edib, amma daha çox iş görə bilər və görməlidir. Biz həmçinin ticarət disbalansı, əqli mülkiyyətin oğurlanması ilə mübarizə apararaq və Çinin Cənubi Çin dənizində və digər yerlərdə hərbi fəallığına müqavimət göstərməklə başqa sahələrdə də Amerika maraqlarını qoruyacağıq, çünki bu cür fəallıq böyük təşviş doğurur. Çinin iqtisadi və hərbi qüdrətinin güclənməsi tələb edir ki, Vaşinqton və Pekin qarşıdakı yarıməsrdə qarşılıqlı münasibətlərini necə quracaqlarını ciddi nəzərdən keçirsin. Terrorizmin məhv edilməsi prezidentin ən yüksək prioritetlərindən biri olaraq qalır. Administrasiyanın İŞİD-ə qarşı əks təsir üzrə təzavüzkar strategiyası Amerika hərbi komandanlığına daha çox səlahiyyət və döyüş meydanında komandirlərə daha çox imkan verir. Qoşunlarımız  hərəkət azadlığı əldə edib və bu gün yerli qüvvələrlə qarşılıqlı təsirdə öz əməliyyatlarını operativ şəkildə keçirə bilər. Nəticədə İŞİD-in darmadağın edilməsi üzrə Kürəsəl koalisiya öz fəaliyyətini artırır və indiki anda İraq və Suriyanın əvvəllər İŞİD döyüşçülərinin nəzarət etdiyi bütün ərazilərini əməldə azad edib, diplomatlarımız isə humanitar yardım və minasızlaşdırma, su və elektrik təchizatının bərpası, həmçinin məktəblərdə təhsilin təzələnməsi kimi məsələlərdə kömək olurlar. İslam terrorizmi və ekstremizmini durdurmaq qətiyyəti administrasiyanı mərkəzində Əfqanıstan duran yeni Cənubi Asiya strategiyası qəbul etməyə vadar edib. Yol vermək olmaz ki, bu ölkə 11 sentyabr terror aktına qədərki kimi terrorçular üçün sığınacağa çevrilsin. Pakistan onun ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalarla mübarizəyə öz töhfəsini verməlidir. Biz Pakistanla tərəfdaşlıqda mübarizə aparmağa və güvənli sığınacaq axtaran bütün terrorçu təşkilatları məhv etməyə hazırıq, amma Pakistan bizimlə əməkdaşlıq istəyini sərgiləməlidir.

Qaldı ki Rusiyaya, ilgili olduğumuz rejim haqqında illüziyamız yoxdur. Bu gün ABŞ-ın güclənən, son onillikdə qonşu ölkələrin – Gürcüstan və Ukraynanın ərazilərinə müdaxilə həyata keçirən və seçkilərimizə qarışaraq Qərb dövlətlərinin suverenliyini sarsıdan Rusiya ilə pis münasibətləri var. Amerikanın NATO-dakı keçmiş təmsilçisi Kurt Volkerin Ukrayna üzrə özəl təmsilçi təyin edilməsi bu ölkənin suverenlik və ərazi bütövlüyünün təmin edilməsindəki səylərimizin əksidir. Ukraynada durumun Rusiyanın Minsk sazişlərini icrasından başlamalı olan dinc tənzimlənməsi olmadığından  Moskva ilə normal münasibətlərə dönüş olmayacaq.

Biz Rusiya təcavüzünü diqqətlə müşahidə edərək müqavimət göstərməklə maraqlarımızın üst-üstə düşdüyü sahələrdə bu ölkə ilə işləməyin gərəkliyini etiraf edirik. Bu daha əyani şəkildə Suriyada üzə çıxır. İndi prezident Vladimir Putin BMT himayəsində Suriya üçün yeni gələcəyin təminatına hədəflənən Cenevrə siyasi prosesinə qoşularkən ümid edirik ki, Rusiya işi sonadək aparacaq. Biz əminik ki, bu danışıqlar nəticəsində Suriya Bəşər Əsəddən və ailəsindən qurtulacaq.

Və nəhayət, İranla keyfiyyətsiz nüvə sazişi daha bu ölkəyə dair siyasətimizin diqqət mərkəzində deyil. Biz bu gün İran təhlükəsinə kompleks yanaşırıq. Bu cür strategiya Yaxın Şərqdəki tərəfdaşlarımızla alyansların bərpasını nəzərdə tutur. Deməli, biz noyabrda İraq və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin  bərpasına yardım etmişik. Biz nüvə sazişinin çoxsaylı qüsurlarını düzəltmək yolu axtarmaqda müttəfiqlərimizlə və Konqreslə işi davam etdirəcəyik. Eyni zamanda həmfikirlərimizlə bərabər səy göstərəcəyik ki, İranın raket-nüvə sahəsində öhdəlikləri pozduğuna və bölgənin sabitsizləşdirilməsindəki fəaliyyətinə görə İranı cəzalandıraq.

Mən Dövlət Departamentimizin və bütün dünya üzrə inkişaf Agentliyimizin bu il nail olduqları ilə fəxr edirəm. Biz 2018-ci ildə və sonra da bu səyləri davam etdirəcəyik. Dövlət Departamenti şöbələrinin işini daha effektli etməkdən ötrü onun fəaliyyətini yenidən nəzərdən keçiririk.

Bu cür yenidəntəşkil təkcə Dövlət Departamentinin təşkilati strukturunda dəyişikliklər nəzərdə tutmur. Dəyişikliklər həyata keçirməklə işdə effektsizliyə və uğursuzluğa səbəb olan əsas problemlərin kökünü kəsməliyik. Biz kadr siyasəti və informasiya texnologiyaları sistemini optimallaşdırmaq, heyətimiz və resurslarımızı Amerikanın strateji prioritetləriylə uyğunlaşdırmaq, habelə funksiyaların təkrarlanmasından imtina etməklə peşəkarlığın inkişafı və öz peşə həyatlarını həsr etdikləri kürəsəl problemlərin həlli üçün adamlara daha böyük imkanlar verəcəyik.

Mən səhərlər yuxudan ayılaraq birinci növbədə Dövlət Departamentindəki həmkarlarımla birlikdə diplomatiya vasitəsilə bütün dünya üzrə adamların qətlinin qabağını necə ala biləcəyimi, onların əzablarına və hüquqlardan məhrum olmalarına son qoymağı düşünürəm. Mövcud problemlərə və çağırışlara baxmayaraq, bizim diplomatiyaya əvvəlki kimi nikbinliklə baxır və hesab edirəm ki, o, münaqişələri tənzimləməyə və Amerika maraqlarını qorumağa qabildir. Mənim əminliyim bu bilgiyə əsaslanır ki, Dövlət Departamentində fədakarlıq, səbir və təkidlə hərəkət edən əsil vətənsevərlər və sadiq əməkdaşlar bütün dünya üzrə demokratik dəyərləri irəlilədərək və  vətəndaşlarımızın həyat, azadlıq və xoşbəxtlik hüququnu müdafiə edərək  gündəlik işlərilə məşğul olurlar.

Tərcümə Strateq.az-ındır.