XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 11:20

“Türk NATO-su”nun yaradılması gündəmə çıxır:Rusiya və NATO necə reaksiya verəcək? – Təhlil

Çjundunun mühasirəsi

“Cami-ət-təvarix”in əlyazmasından miniatür

 

İrina Corbenadze

rosbalt.ru, 28.12.2017


Azərbaycan, Türkiyə və Qırğızıstanın vahid ordusunun yaradılması və guya Monqolustanın da buna qoşulacağı haqda məlumatı çoxları hələik “feyk” sayır. “Yeni imperiya”da liderliyə Çingizxanın varisləri deyil, türklər iddia edirlər.

 

İranın “Mehr” informasiya agentliyi bu günlərdə Al-Kawthar teleşirkətinə isnadən ilk baxışdan tamamilə gözlənilməz bir məlumat yayıb. Məlumata uyğun olaraq Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan gələn il “Türk dünyasının birləşdirilmiş ordusu – Avrasiya hərbi qüvvələri”ni yaradacaq. Dəqiqləşdirilir ki, türk dünyası birgə hərbi qüvvələrin yaradılması üzrə planı 2013-cü ildə hazırlayıb, amma aşkarca türk olmayan ölkə kimi “Avrasiya təhlükəsizlik qüvvələri statusuyla” onlara qoşulmalı olan, amma bunu etməyən Monqolustana görə gerçəkləşdirilməyib.

Lakin yenə də “iks saatı” çatıb və Avrasiya hərbi qüvvələri eynilə BMT sülhməramlı qüvvələri kimi bölgədə təhlükəsizliyi qoruyacaq. Onda ən fəal rol Türkiyə jandarmeriyası və formalaşan “türk ordusu”na təlim keçməyi öhdəsinə götürən bu ölkənin təhlükəsizlik güclərinə ayrılır.

Ulan-Bator yeni hərbi alyansa dəxli olduğu haqda məlumatı təkzib edib – müdafiə nazirliyi bunu “əsassız” adlandıraraq izah edib ki, Monqolustan başqa xarici dövlətlərlə ayrıca ordu yarada bilməz və bu haqda hətta “söhbət də olmayıb”.

Bu arada Azərbayanın Armiya.az portalı Türkiyənin “Milliyet” nəşrinə istinadən konkretləşdirib: Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın formalaşdırdığı qüvvələr birinci mərhələdə “Avrasiya hərbi statuslu hüquq-mühafizə orqanlarının assosiasiyası” adlanacaq. At və dörd ulduz türk dünyasının birləşmiş ordusunun rəmzi olacaq. Beləliklə, iştirakçı dövlətlərdən bunu KİV-ləri indiki anda senzuraya tabe olan yalnız Türkiyə dəstəkləsə də, çətin ki, xəbəri “feyk” saymağına dəyər. Yəni ya informasiya sızıntısı Türkiyə və İranda da senzuraya tabe KİV-lər tərəfindən bilərəkdən edilib – türk ordusunun yaranmasında maraqlı olan və olmayan tərəflərin reaksiyasını yoxlamaq üçün sınaq kürəsi kimi, ya da ehtimal edilən hərbi alyansın bütün dövlətləri onun yaradılmasının elan edilməsini və “qeyri-sağlam” diqqəti özünə çəkmək istəmir.

Doğulmaqda olan hərbi blok kimin mənfi reaksiyasından ehtiyatlana bilər? Ehtimal ki, birinci nöbvədə NATO-dan – çünki iştirakçılar nəzərə alınsa, Avrasiya hərbi qüvvələri nəzəri olaraq KTMT-yə dayaq ola bilər. İkincisi, Türkiyə ilə Şimali Atlantika alyansı arasında meydana çıxan ixtilaf Ankaranı özünə hərbi müttəfiqlər aramağa məcbur edir (ya da artıq edib). Həm də bu, Rusiyanın Yaxın Şərqdə aşkar uğuru və Türkiyənin onunla misli görünməmiş yaxınlaşması  fonunda baş verir – onun NATO-ya üzvlük amili nəzərə alınsa, demək olar ki, unikal durum formalaşıb. Təəssürat yaranır ki, Türkiyə Alyansdan çıxarılmağa üz vurur.

Habelə qeyd edək ki, türk ordusunun yaradılması ideyası tamamilə məntiqli görünür və hətta “günün önəmli məsələsi” formatına sığır: Türkiyənin yolunun artıq qəti şəkildə kəsildiyi Avropa Birliyi öz ordusunun yaradılmasından söz açır – NATO ideologiyası və onda ABŞ diktatı da ona əl verməyi tərgidib. Emmanuel Makronun məlumatına əsasən, Ümumavropa ordusu NATO güclərinə əlavə kimi 2020-ci ilə doğru formalaşacaq. Lakin Fransa prezidentinin səmimiliyindən şübhələnmək olar, çünki Avropa “separat” silahlı qüvvələr yaratmağa can atır və Vaşinqtonu bu başdan qıcıqlandırmamaq üçün NATO-nun adını çəkir.

Bir sözlə, türk ordusunun yaradılması ilk baxışdan görünə biləcəyi qədər gözlənilməz gediş deyil. Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun hələ 2015-ci ilin martında “Trend”ə danışıb ki, o vaxtlar dövlət səviyyəsində ordu yaradılması istiqamətində heç bir addım atılmayıb, amma müəyyən siyasi və elmi dairələr onun yaradılmasını təkid edib. Səfirin sözlərinə görə, vahid ordu yaratmaq çətindir, ancaq türk ölkələri mühüm strateji bölgədə yerləşib və “sabitlik və güvənlikdə maraqlı olmaqla öz aralarında dialoqu yoluna qoymalıdır”.

O bu cür dialoqa misal olaraq, məlum olduğu kimi, birgə hərbi təlimləri təcrübədən keçirən Türkiyə və Azərbaycanı göstərib. Səfir deyib: “Türk dünyasında vahid ordunun olub-olmadığından asılı olmayaraq türk ölkələri işgüzar tərəfdaşdır. Həm də türk dünyasının dövlətləri deyil, başqa ölkələr də müşahidəçi qismində bu tərəfdaşlığa qoşula bilər”.

Bir sözlə, o, iki il yarım qabaq türk ordusunun yaradılması haqda məlumatı birmənalı təsdiqləməyib, amma türk dünyasının əməkdaşlığına “analoq” kimi NATO-nu göstərib. Və qeyd edək ki, müşahidəçiləri xatırladıb. Lakin bu cür institutlar üçün əlində uyğun qurumlar olmalıdır. Ehtimal ki, o, artıq formalaşdırılır, buna görə də Türkiyə artıq ondan danışmağa başlayıb. Yəni dünyada türk ölkələrində birbaşa əks olunan terrorçuluq burulğanı,  həmçinin müəyyən qüvvələrin onlarda dövlətçiliyin təməlinin lalaxladılması və fəaliyyətdəki hökumətlərin devrilməsi maraqları nəzərə alınsa, vaxt çatıb.

Buna diqqət yetirək ki, ordunun yaradılmasında liderliyi məhz Türkiyə  üzərinə götürüb – onun üçün uyğun kadrlar hazırlayacaq. Bu onun “Adriatikadan Böyük Çin səddinədək türk dünyası” şüarını unutmadığının faydasından, Ankaranın bölgəsəl siyasətdə öz nüfuzunun  gücləndirilməsi səylərinin bu şüarın gerçəkləşdirilməsinə işləməsindən  xəbər verir. Bu məsələ bu gün onun üçün əvvəllər heç vaxt olmadığı qədər aktuallaşıb.

Türkiyə ilə həm bölgə, həm də dünya siyasətində yalnız bir müddətə “unudulan” rəqabət nəzərə alınmaqla Rusiya bu layihəni dəstəkləyəcəkmi? Çox güman ki, gələcək ordu yalnız yeni qüvvələrlə meydana çıxmasa, hay-küy salmağa başlamayacaq – axı dünyada müstəqil türk dövləti altıdır (Azərbaycan, Türkiyə və Qırğızıstandan  başqa Qazaxıstan, Özbəkistan, Türkmənistan) və hamısı Rusiyanın maraq dairəsində yerləşir. Bəziləri isə hətta KTMT-dədir ki, bu da onların vahid ordu bayrağı altında birləşməsinə mane ola bilər. Amma Rusiya ərazisində türk etnosunun üstünlük təşkil etdiyi bölgə və muxtariyyətlər var, belə ki, RF-i də şərti olaraq “qismən türk dövləti” adlandırmaq olar.

Bir sözlə, Türk ordusu – Avrasiya hərbi qüvvələri həqiqətən də meydana çıxırsa, güman etmirəm ki, Rusiyanın kölgəli iştirakı olmadan yaranar. Əslində, onun KTMT-yə “pərsəng” kimi və ancaq bu cür iştirakla mövcudluq şansı var. Ancaq burası da var ki, burada çox şey Türkiyədən, onun iddialarının yumşalmasından, NATO və AB ilə qarşılıqlı münasibətlərdə öz maraqlarını qorumaq dərəcəsindən asılı olacaq.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə