XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 11:30

Türkiyə Suriyada ABŞ-la Rusiya arasında vurnuxmağa məhkumdur:“Moskva Türkiyəyə satış bazarı kimi yanaşır və Suriyada onu tovlayır” – Təhlil  

RF prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan

 

Dəniz Zeyrək

Hürriyet (Türkiyə), 29.12.2017


Dərhal qeyd edim: tarazlaşdırılmış Türkiyə-Rusiya münasibətlərinin inkişafı hər iki ölkə üçün faydalı və önəmlidir. Buna görə də Rusiya ilə münasibətlərin təkmilləşdirilməsinə qarşı qəti şəkildə çıxmağı düzgün saymıram. Lakin Rusiya və Türkiyə münasibətlərinin indiki durumu və inkişaf gedişini nəzərə alsaq, bu, aşkar şəkildə Rusiyanın xeyrinə formalaşır və ən çox Rusiya tərəfindən yönəldilir.

Ən önəmli problem sıradakından ibarətdir: Rusiya Türkiyəyə təbii qaz, neft, S-400 (ortamüddətli perspektivdə), nüvə enerjisi satdığı və satacağı və əvəzində on milyardlarla dollar aldığı və ya alacağı bazar kimi yanaşır. Hətta bu durum dayanıqlı olsun deyə Rusiya Türkiyənin Avropa Birliyi və ABŞ-la münasibətlərdə yaşadığı problemlərdən praktik olaraq əsaslı dəlil  kimi yararlanır.

Bununla belə Türkiyə yatırımçılarının Rusiyada məruz qaldıqları çətinliklər, türklər Rusiya sərhədini keçərkən üzləşdikləri münasibətlər, yüksək viza rüsumu, Rusiyaya məhsul ixrac edən firmaların, yükdaşıyanların, yük maşını sürücülərinin problemləri – bütün bunlar heç hara yox olmayıb.

Biz özümüzə təskinlik veririk: “Bəli, amma rusiyalı turistlər bizim turizmin həyat gücü qaynağıdır”. Amma Rusiya agentlikləri , demək olar ki, praktik olaraq “nominal dəyər üzrə ucuz istirahət”lə zəhlə tökəndə Türkiyənin turizm sahəsinin işçilərinə fəaliyyət üçün o qədər də çox məkan qalmır.

 

Hələ Suriyada da eyni durumdur

 

Bu fakt da diqqətdən yayınmır ki, Astana və Soçidə Türkiyə ilə əməkdaşlıq etdiyi təəssüratını yaradan Moskva tezliklə Suriya rejiminin, daha dəqiqi, Bəşər Əsədin maraqlarında hərəkət etməyə başlayıb. Baxın, Rusiya və Əsəd qüvvələri təkcə son 48 saat ərzində müxalif qruplara və hər şeydən əvvəl, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna  dəfələrlə zərbə endiriblər. Astanada deeskalasiya zonası elan edilən İdlib indiki anda Rusiya ordusu və Əsədin hədəfinə çevrilib. Təkcə dünən səhər bu əməliyyatlarda işlədilən bombalarla, silahlarla yüklənmiş Rusiya hərbi gəmisi bizim boğazlardan keçib və Suriyaya yol alıb. Məsələlərin bu durumunda Suriyada əksəriyyətini Türkiyənin dəstəklədiyi 40 müxalif qrup Rusiyanın başçılığı altındakı Suriya milli dialoq Konqresinə qatılmaqdan imtina edib. Normal şəraitdə son dərəcə əhəmiyyətli görünən bu hadisə Moskvanı narahat etmir, çünki Vladimir Putin ancaq Əsədi və Xalq özünümüdafiə dəstələri (YPG) vasitəsilə  Suriyanın şimali-qərbini nəzarət altında saxlayan ABŞ-ı dialoqun tərəfləri sayır. Müxalifətə isə “imtina etmək” və “yenilərilə əvəzləmək mümkün olan” qrup kimi yanaşır.

Suriyanın 40 müxalif qrupu konqresə qatılmaqdan imtina etdikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov “Suriyanın gələcəyi” hərəkatının (SGH) lideri Əhməd əl-Jərbəylə görüşüb. Yada salmaq lazım gəlir ki, SGH Misirdə yaradılan və Misirin, həmçinin hazırda Türkiyənin ünvanına kəskin danışan Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Suriya partiyasıdır.

Türkiyənin mümkün reaksiyasına baxmayaraq Rusiyanın konqresdə iştirak vəd etdiyi daha bir qrup Suriyanın şimalına nəzarət edən silahlı kürdlərdir. Ad çəkməsəm də, güman edirəm, kimi nəzərdə tutduğumu anladınız.

 

Ərdoğanın reaksiyası əbəs deyil

 

Bir müddət əvvəl Dəməşq hökumətini “mərkəzi hakimiyyət” adlandırmış prezident Ərdoğanın Afrika turnesini başa çatdırarkən “Əsəd terorizmi dövlət səviyyəsində həyata keçirən terrorçudur” deməsi faktını o cümlədən yuxarıda sadalanan hadisələrin əksi kimi nəzərdən keçirmək lazımdır. Rusiyanın Türkiyəyə verdiyi sözə baxmayaraq Əsəd öz əməllərində fəallaşıb və Ankara göstərməyə başlayıb ki, bunun cavabında susmayacaq.

Mən lap başdan yazmışdım: Suriyada üstünlüyü olan başqa bir güclə əlaqəni kəsmək və yumurtaların hamısını Rusiya zənbilinə düzmək lazım deyil. Təəssüf ki, Putinin son hərəkətləri mənim bu baxış nöqtəmin düzgünlüyünü üzə çıxardıb.

Türkiyənin Suriya məsələsində mümkün qədər tez gerçəkçi, fərdi, maraqlı ölkələrdən asılı olmayan, amma əməkdaşlığa açıq strategiya müyyən etməyi faydalı olardı. Əks halda ABŞ-la Rusiya arasında vurnuxmağa məhkumuq.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə