XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 January 2018 - 20:25

“QAN İTİRƏN” YAŞLI MERKEL, “ULDUZU PARLAYAN” GƏNC QƏHRƏMAN…- Avropa Birliyinin yeni lideri kim olacaq?

Öz postunda dördüncü müddəti keçirməyə hazırlaşan Almaniya kansleri Angela Merkel gənc, enerjili fransız siyasətçi Emmanuel Makronun kölgəsində qalmağa başlayır. Özü də Avropa Birliyinin güclü liderə ən çox ehtiyac duyduğu zamanda. Bəs belə olan təqdirdə, AB-nin lideri olmaq kimi ağır və məsuliyyətli yükü çiyinlərinə kim götürəcək?

Qərb analitiklərinin rəylərindən belə məlum olur ki, Avropa Birliyinin yeni qəhrəmanı Fransa prezidenti Emmanuel Makrondur. Almaniya kansleri Angela Merkel isə Almaniyadakı siyasi böhran fonunda əvvəlki gücünü yavaş-yavaş itirir.

 

Makron Avropa Birliyinin dekabr sammitində qətiyyətlə qurumun problemlərini həll etməyin zərurətindən danışdı. Bildirdi ki, Avropa cəmiyyətində əhvalın aşağı düşməsi tendensiyasına son qoyulmalıdır 

Merkel isə özünü bacardıqca təmkinli aparmağa çalışdı və yalnız ona söz verdi ki, 2018-ci ilin iyunundan gec olmayaraq Makronun Avropa Komissiyası və Avropa Birliyində islahatların aparılması ilə bağlı təkliflərinə cavab verəcək.

Merkel hesab edir ki, Fransa və Almaniya ortaq məxrəcə gəlməsə, Avropa irəli addım ata bilməz.

Ötən ilin mayında prezident seçkilərindəki qələbəsindən sonra Makron fəal şəkildə islahatlara, eyni zamanda həm ölkəsində, həm də beynəlxalq arenada yeni ideyalarla çıxış etməyə başladı. Merkel öz böyük koalisiyasının qalıqlarını toplamaqla məşğulkən Fransa tarixinin ən gənc prezidenti Makron Avropa Birliyini gücləndirməyə, suveren, bütöv, demokratik Avropanın bərpasına çağırışlar etdi. Ümumi ordu, ümumi fiskal siyasət, avrozona üzrə vahid maliyyə naziri və s. Bu çağırışlarını Makron 2018-də də davam etdirəcək. 
 

 
Makronun arxasınca kimlər gedəcək? 

 

 

Təhlilçilərin qənaətinə görə, Makronun arxasınca heç də hamı getməyəcək. Avropanın şərqində müqavimət olacaq. Məsələn, Polşa, Çexiya, Slovakiya, Macarıstan "dördlüyü" Makronun "Daha çox Avropa" şüarını dəstəkləmir.

Mühafizəkar Avstriya Xalq Partiyasının rəhbəri, Avstriyanın yeni kansleri Sebastyan Kurts da Fransa prezidentinin bu şüarına qarşıdır. Makrondan da gənc olan Kurts Avropa Birliyinin 2018-ci ildəki islahatlarını dayandıra bilər.

Makronun təklifləri 2017-ci ildə Niderlandda baş nazir postunu tutan Mark Ryutteyə də inandırıcı gəlmir. O, fransız liderin deklarasiyasını həddən artıq ambisiyalı sayır və Avropa Birliyinin vahid maliyyə naziri ideyasına birmənalı şəkildə qarşı çıxır.

Emmanuel Makron Fransada tamamilə yeni syiasi hərəkat yaratdı və Xalq Cəbhəsinin sağçı populistlərinə qalib gəlməyi bacardı. Almaniya xarici işlər naziri Ziqmar Qabriel hesab edir ki, Makron və onun ideyaları Fransa və Avropa üçün unikal şansdır.

İtaliya Fransa prezidentinin islahatlarla bağlı təkliflərinə dəstək verib. Bu isə Avropa Birliyi üçün əlavə problem deməkdir. Çünki bu ölkənin nəhəng borcunun 2018-də azalacağı gözlənilən deyil. 

İtaliyadakı siyasi qüvvələrin heç biri qarşıdakı parlament seçkilərində sərt iqtisadi və islahat proqramı təklif etmir. Əksinə, hökumətin xərcləri daha da artırılacaq. Reytinqlərə liderlik edən populist "Beş ulduz" hərəkatı isə italyanları avrozonanı tərk etməyə çağırır.

Ən ağrılı məqamlardan biri Avropa Birliyi üzvləri arasında qaçqınlarla bağlı fikir ayrılığıdır. Makron hələ ki bu məsələ ilə bağlı "kartlarını" tam açmır.

Ötən il Polşa, Çexiya, Slovakiya, Macarıstan Avropa Məhkəməsinin tələblərinə baxmayaraq, qaçqınları qəbul etməkdən imtina etdi. Bu tələbin yerinə yetirilməməsi Avropa Birliyinin əsaslarını sarsıtmaq deməkdir. Həmçinin üzv dövlətlərin ümumi qanunlara əməl etmə hazırlığını sual altına alır. 

Dekabr sammitində Angela Merkel bu ölkələri məsələni bir daha düşünməyə çağırdı. Lakin onun bu çağırışına dəstək verən olmadı. 

Avropa Birliyinə daxil olan ölkələrin əksəriyyəti qaçqın problemi ilə bağlı hanısa şəkildə ortaq məxrəcə gəlinəcəyinə ümid edir. Bu arada, Avropa Birliyi Şurasının rəhbəri Donald Tusk qurumun qaçqınlarla bağlı kvotasını tənqid edərək onları ziddiyyətli və səmərəsiz adlandırıb. 

Bu mübahisəni 2018-ci ilin iyununa qədər yoluna qoymaq lazımdır. Əsas problem isə Avropa Birliyinin büdcəsinin müzakirə olunduğu vaxt – (2020-2027) başlayacaq. 

İndi Polşa və Macarıstan ümumavropa büdcəsindən böyük pullar alır. Və bu büdcənin formalaşmasında böyük rolu olan ölkənin lideri kimi Merkel həmin ölkələri qanuna əməl etmədiklərinə görə cəzalandıra bilər. Amma bunu etmək üçün o, müttəfiqlərdən dəstək ala biləcəkmi? Merkeli "yaxşı dost" adlandıran Makron bu mövzuya dair "kartlarını" açmamaqda israrlıdır.

 

Avropa Birliyini yenidən qüdrətli etmək mümkün olacaqmı? 

 

Avropa Birliyində Makronu onu təkcə dinamik və islahatlar aparmağa hazır olduğuna görə sevmirlər. Həm də ona görə sevirlər ki, xarici siyasətə dair danışıqların böyük hissəsini öz üzərinə götürüb. O hətta ABŞ prezidenti Donald Trampla da münasibət qurmağı bacarıb. Bununla belə, ABŞ iqlim üzrə Paris sazişindən çıxdığını elan edəndə Fransa amerikalı elm adamlarına sığınacaq təklif etdi. Makron bəyan etdi ki, qlobal istiləşmə məsələsində "Hər şeydən əvvəl Amerika" demək olmaz. Bunun əvəzinə "Planetimizi yenidən qüdrətli etmək" şüarı olmalıdır. 

Eyni zamanda, gənc prezident çox yaxşı anlayır ki, Berlinsiz belə böyük ideyalar üzərində düşünmək belə, mümkün deyil. 

"İnkişafa nail olmaq üçü bizə güclü və stabil Almaniya lazımdır", – deyə Makron bəyan etmişdi. Bu bəyanata Merkelin cavabı isə belə oldu: "Yalnız onu deyə bilərəm ki, bunu mən də istəyirəm. Bizim Almaniyada da belə məsəl var ki, istəyirsənsə, ona mütləq nail olacaqsan".

Strateq.az