XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 22:24

“SAHİBSİZ” ETİRAZLAR, YOXSA BÖYÜK DƏYİŞİKLİKLƏR ÜÇÜN ATILAN İLK ADDIMLAR? –TƏHLİL

Serhan Afacan

“Anadolu” Agentliyi, Türkiyə

 

2017-ci ilin son günlərində İranda, Məşhəd başda olmaqla, başlayan ictimai hərəkətlənmə bir neçə gün içində ölkəyə yayıldı və iranlılar 2018-ci ilə gərgin bir atmosferdə girdilər. Batan bank və maliyyə qurumlarında pullarını itirən zərərçəkənlər, işsizlikdən şikayətçi olan gənclər, son dövlət büdcəsi layihəsilə subsidiyalarının kəsilməsindən narahat olan kəsimlər və ümumiyyətlə, ölkədəki iqtisadi çətinliklərin altında əzilənlərdən ibarət olan kütlələr küçələri doldurdular.

Hazırda hərarətini qoruyan hadisələrin səbəblərinə və ehtimal edilən inkişaf seyrinə keçmədən öncə, hadisələrin ən azı bunlar qədər önəmli və həm ölkə daxilində, həm də xaricində intensiv müzakirə mövzusu olan tərəfinə xarici mərkəzlər məsələsinə toxunmaq lazımdır.

 

İranda siyasi bir aktyor olaraq “Onlar”

 

İranlı yazıçı İraj Pezaşkadın 1973-cü ildə nəşr edilən və qısa müddət sonra televiziya serialına mövzu olan “Napoleon dayım” romanı, özünü Napoleon hesab edən, davamlı olaraq “intriqaçı” ingilislərin əleyhinə planlar qurduğundan şübhələnən və hər hansı bir şeyi çox çətin bəyənən qocadan bəhs edir. Başına gələn hər şeyə görə “Onları” məsul hesab edən paranoik "Napoleon dayım”, Pezaşkada görə, İranda meydana gələn hər şeyin arxasında xarici qüvvələri axtaran bir sosial psixologiyanı əks etdirməkdədir.

İranın XIX əsrdə ruslardan, XX əsrin əvvəllərində rus və ingilislərdən, əsrin davamında da amerikalılardan aldığı böyük zərbələr, ölkənin siyasi yaddaşında xarici mərkəzləri bir düşmən olaraq əks etdirmişdir. 1979-ci il İnqilabı sonrasında isə ABŞ və İsrailin həyati düşmən olaraq elan edilməsi də İranda bu xarici mərkəz qayğısını artırmışdır. Bu iki ölkənin illər ərzində İranı hədəf alan düşməncə açıqlamaları da bu qayğını stimullaşdırmışdır. Nəticədə, İran İslam Respublikasının geridə qalan təqribən 40 illik tarixində meydana gələn hər sosial hadisənin arxasında xarici mərkəzlərin olduğu iddia edilmişdir.

Baş verən son hadisələrlə əlaqədar ABŞ hakim dairələrindən gələn açıqlamalar, ABŞ prezidenti Trampın və komandasının İran əleyhinə mövqe tutması isə, gözlənildiyi kimi, İran elitalarının “etirazların fitilinin xarici güclər tərəfindən yandırıldığı” dəyərləndirmələrinə səbəb olmuşdur.

İranı yaxından izləyənlər baxımından isə, bəzi xarici qüvvələrin İranı sabitsizləşdirərək, ölkənin mövcud rejimini dəyişdirmə xəyalları güdməsi qədər, ölkədə hər an partlamaya səbəb ola biləcək ictimai şikayətlərin varlığı da aşkardır.

 

Etirazları kim və nə üçün başlatdı?

 

Bəzi banklarla birlikdə, yüksək faiz vədi ilə əmanət toplayan “Arman”, “Hazar” (“Caspian”), “Saminü’l-Hucec”, “Saminü’l-Eimme” və onlara bənzər maliyyə qurumlarının iflas etməsi son dövrlərdə İranda önəmli problemə çevrimişdi. Ölkədə bu cür, bir qismi də lisenziya sahibi olmayan və əmanətçilərə 25%-ə qədər astronomik faizlər vəd edən minlərlə qurum olduğu iddia edilməkdə və bu qurumlardan zərəçəkənlər illərdir zaman-zaman ölkə gündəminə gəlməkdədir.

Son olaraq, 2017-ci ilin may ayında İranın Kirman, Loristan və digər əyalətlərində etiraz aksiyaları keçirilmiş, hətta Tehranın yaxınlığındakı Kərəc“Arman” qurumunun bir meneceri öldürülmüş, ancaq hadisənin səbəbi açıqlanmamışdır.

Digər tərəfdən, 19 may 2017-ci il prezident seçkisi kampaniyasına və müzakirələrinə də rəqiblərin qarşlıqlı korrupsiya iddiaları damğa vurmuşdu. Seçkilərdən bir müddət öncə, ölkədə bəzi idarəçilərin aldığı iddia edilən astronomik maaşlar da uzun müddət ictimai rəyi məşğul etmişdi. Ölkədə mövcud olan bəzi xroniki iqtisadi problemlərsə ictimai rəyin bu məsələyə göstərdiyi marağı qəzəbə çevirmişdi.

Rəsmi məlumatlara görə, İran uzun müddətdir ki, 9% ətrafında olan inflyasiya və 13%-ə yaxın işsizliklə qarşı-qarşıyadır. Xüsusilə, inflyasiya səviyyəsi ifrat yüksək olmasa da, İranda əsl problem ölkə iqtisadiyyatında yaşanan böyük kiçilmədır.

Bundan əlavə, gəlirlər arasındakı uçurumun getdikcə dərinləşməsi və neft qiymətlərinin düşməsi də ölkədə mövcud olan iqtisadi reallığın qorxulacaq təhlükəli durumunu ağırlaşdırmaqdadır.

Yoxsulluq həddinin 1000 dollar olduğu ölkədə əhalinin əhəmiyyətli bir hissəsi bu həddin altında yaşayır.

Orta yaşı 29.4 olan İranın 80 milyonluq əhalisinin yaşadığı “beyin köçü”, gələcək qayğısı və siyasətə duyduğu inamsızlıq problemi daha da dərinləşdirməkdədir.

Bu problemlərin fərqində olan prezident Həsən Ruhani, 19 may 2017-ci il seçkilərinədək və ondan sonrakı dövrdə davamlı olaraq yeni dövrdə iqtisadiyyata öncəlik verəcəklərini vurğulamışdı. Lakin 2015-ci ildə imzalanan nüvə anlaşmasından umduğu iqtisadi nəticələri əldə edə bilməyən Ruhani üçün ikinci dövrü də son dərəcə çətin keçir. Hədəflənən iqtisadi böyümə üçün xarici investisiyaya möhtac olan İranın, xarici investorların gəlməkdən çəkindiyi bir ölkə olmağa davam etməsilə bərabər, Trampın nüvə anlaşmasından çəkilməsi və hətta, ballistik raket layihəsinə görə yeni sanksiyaların dövriyyəyə soxulması kimi riskləri də vardır.

Bu səbəblə, mötədil mövqeyinə görə Ruhaniyə ikinci dəfə izn verən İranlı seçicilərin bəzilərinin mövcud durumda ondan ümidini kəsdiyini söyləmək olar. Bu durum, son etirazlarda Ruhani əleyhinə atılan şüarları da müəyyən mənada açıqlamaqdadır.

Yaxşı, bəs iqtisadi mərkəzli başlayan etirazlarda dilin və tonun, ümumiyyətlə, radikal siyasi mahiyyət qazanması necə izah edilə bilər?

 

İranda siyasət və iqtisadiyyat

 

İranda son illərə damğasını vuran ən böyük kütləvi hadisə, 2009-ci ildə həmin dövrdə prezident olan Mahmud Əhmədinecatın ikinci müddət üçün seçilməsilə başlayan və “Yaşıl Hərəkat” olaraq xatırlanan hadisələrdir. Həm bu hadisələrin, həm də 1997-2005-ci illər arasında prezident olan Məhəmməd Hatəminin dövründə meydana gələn hadisələrin ortaq məxrəci onların arxasında siyasi dəstəyin olması idi.

Bu hadisələrdə islahatçı Hatəmini, ya da Mir Hüseyn Musəvini dəstəkləyən kütlələr, ümumiyyətlə, siyasi səbəblərlə nümayişlərə başlamış və ölkədəki institutsional nizamı hədəf alan hərəkətlər və ifadə tərzi inkişaf etdirmişdilər.

Son günlərdə baş verən hadisələrsə iqtisadi səbəblər üzündən başladı, ancaq siyasi dəstəyə sahib deyil. Buna görə də, nümayişçilərin İnqilab Rəhbəri Əli Xameneyini və Prezident Ruhanini eyni zamanda sərt ifadələrlə hədəf alması təəccüblü deyil.

Faktiki olaraq, Xameneyinin ətrafı da, Ruhaninin komandası da nümayişləri qınayan açıqlamalr verdilər. Ruhani “Twitter” hesabından paylaşdığı mesajında xalqın öz şikayətlərini dilə gətirmə haqqının olduğunu, ancaq bunun təxribatçı bir tərzdə edilməsinə izn verilməyəcəyini bildirdi. Əslində, baş verən hadisələr Ruhaninin “qorxduğunun başına gəlməsi”ndən ibarətdir.

İnstitutsional nizamla Hatəmiyə bənzər bir mübarizə içinə girməkdən çəkinən Ruhani, sələfinin “siyasi islahatçılığından” fərqli olaraq, “iqtisadi islahatçılıq” vurğusu etmiş və ölkədə rifahın artmasının özü ilə bərabər dövlət-cəmiyyət sülhünü də gətirəcəyinə inanmışdı. Bununla belə, iqtisadi kiçilmə Ruhaniyə indiyədək istədiklərini reallaşdırma imkanı vermədi. İranın son aylarda qarşı-qarşıya qaldığı təhlükəsizlik problemləri səbəbilə, prezidentin proqnozlaşdırıldığı kimi “dövlətçi” mövqe tutması da iqtisadi hesabatına əlavə edilincə, ondan məyus olanların sayı artdı. İqtisadi göstəricilərin və milli təhlükəsizlik qayğılarının sürətlə yön dəyişdirməyəcəyi nəzərə alınarsa, Ruhaninin sistem daxilində tutmağı arzuladığı kütlələrin ən azı bir hissəsinin dəstəyini itirməyə davam edəcəyini deyə bilərik. Son etirazların siyasi baxımdan “sahibsiz” görüntüsü verməsi, ya da legitim siyasət səhnəsində yer alan, demək olar ki, heç bir aktyorun etirazları sahiblənməməsi bunun bir işarəsidir.

Baş verən hadisələrin ironik olaraq xarakterizə edilə biləcək bir tərəfi də vardır. Əhmədinecat, institutsional nizamın o dövrdəki simvolik isimlərindən biri olaraq, 2009-ci ildəki etirazların hədəfindəydi. İndi isə həmin Əhmədinecat, Xameneyi də daxil olmaqla, institutsional nizamın təmsilçilərilə artan bir siyasi gərginliyin içinə girib. Bunu söyləmək hələlik nə qədər tez olsa da, qarşıdakı dövrdə Əhmədinecatın radikallaşan bu kütlə ilə əlaqə qurmağa çalışacağı proqnozlaşdırıla bilər.

1979-ci il İnqilabının ən önəmli aktyorlarından və Ayətullah Xomeyninin ən yaxınlarından biri olan Haşimi Rəfsancaninin 2010-ci illərdə islahatçı siyasətin mərkəzinə oturduğu nəzərə alınarsa, Əhmədinecatın da özünəxas islahat anlayışı ilə, 2020-ci illərə damğa vurması ehtimal daxilindədir. Hatəmi və Musəvi kimi siyasətçilərin yaşlarının 80-ə yaxınlaşması və siyasi fəaliyyətlərinin qadağan edilməsi diqqətə alınarsa, 62 yaşlı Əhmədinecatın oxşar manevr etməyə çalışması uzaq bir ehtimal deyildir.

Türkiyə baxımından yanaşdıqda isə, hadisələrin ehtiyatla qarşılandığı görünməkdədir. Etirazların ABŞ-İsrail-Səudiyyə Ərəbistanı cəbhəsinin İran əleyhinə mövqeyini sərtləşdirdiyi bir dövrdə meydana gəlməsi Ankarada da hadisələrin  mahiyyətilə bağlı şübhələrə səbəb olmuşdur.

Qaldı ki, siyasi liderliyi daha çox müəyyən olan 2009-ci il hadisələrində belə, Ankara ehtiyatı əldən buraxmamış, ölkədə dialoq və siyasətə öncəlik verilməsi yönündəki açıqlamalara prioritet vermişdir. Ankara baxımından, İranda meydana gələn hadisələr, şübhəsiz, bu ölkənin daxili məsələsidir. Ancaq, yuxarıda da işarə edildiyi kimi,  İrana yönəlik xarici təhdidlər diqqətə alınarkən, hadisələrin orada meydana gətirəcəyi orta və uzun müddətli nəticələr də hesaba qatılmalıdır.

1979-cu ildə yaranan siyasi struktur və mühafizəkar-islahatçı xəttindəki düşərgələşmə üzərindən yürüyən İran siyasəti artıq ölkənin inkişaf edən şərtləri qarşısında yetərsiz və anaxronik qalmaqdadır. Bu üzdən, anlıq hadisələr qarşısında işlədilən ifadələrdə, ya da inkişaf etdirilən siyasətlərdə təmkini əldən vermədən, bu və ya buna bənzər hadisələrin İran siyasətində meydana gətirəcəyi qırılmalar da yaxından izlənməlidir.

 

Siyasətdə kartlar yenidən istifadə edilə bilər

 

Ölkədən gələn xəbərlər İrandakı etirazların hələlik yatışma əlaməti göstərmədiyinə işarə etməkdədir. 31 dekabrda, yəni, hadisələrin dördüncü günündə Loristan əyalətində canlı itkilərin olması rəsmi orqanlar bu ölümlərə görə təhlükəsizlik qüvvələrinin məsuliyyət daşımadığını və atəş açanların xarici agentlər olduğunu müdafiə etsə də atmosferi daha da gərginləşdirmişdir. Bununla belə, hökumət qanadından xalqın tələblərinə əhəmiyyət verilməsi yönündə gələn açıqlamaların, ya da təhlükəsizlik tədbirlərinin artması ilə hadisələrin bir mərhələdə sakitləşə biləcəyi proqnozlaşdırıla bilər.

Geriyə isə iki önəmli sual qalacaqdır. İlk sual, Ruhani hökumətinin ölkədəki mənfi iqtisadi gedişatın qarşısını necə alacağı ilə bağlıdır. Xameneyinin sözlərinə görə, nüvə sazişi ilə çox artıq “vaxt itirən” Ruhaninin iqtisadiyyatda hədəflənən böyüməni təmin etmək üçün ölkəyə xarici sərmayə çəkməkdən başqa bir planının olub-olmadığı aydın deyil.

İkinci sual isə İranda getdikcə böyüyən bir kütlənin legitim siyasət səhnəsində özünə yer tapıb-tapamayacağıdır. Hələ ki, birinci və ikinci nəsil inqilabçıların dominantlığında olan İran siyasətilə gənc əhali arasındakı məsafə açılmaqdadır. Bu durumda, yaxın gələcəkdə gənc bir liderin ortaya çıxması çətin olacağı üçün ya bu kütlələr daha da radikallaşacaq, ya da İran siyasətində mövcud olan kartlar yenidən istifadə olunacaq.

Hər halda, qısamüddətli nəticələrini öncədən asanlıqla görə bilməyəcəyimiz bu son hadisələrin İranı orta və uzun müddətdə gözləyən böyük dəyişikliklərin xəbərçisi olduğu söylənə bilər…

Tərcümə Strateq.az-ındır

Qeyd: Serhan Afacan magistratura və doktorluq işini Leiden Universitetinin İran araşdırmaları bölməsində tamamlayıb, hazırda İran Araşdırmaları Mərkəzinin (İRAM) daxili siyasət koordinatorudur.




Yuxarı Əvvələ Ana Səhifə