XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2018 - 18:56

Ruslarla təkbətək görüş, Trampa “şarlatan” deyən maqnat, İvankanın gizli prezidentlik planları…- Trampla bağlı qalmaqallı kitabda nələr var?

 

"Tramp prezident seçkilərində qalib gələcəyini gözləmirdi, inauqurasiyası xoşuna gəlməmişdi və Ağ Evdən çox qorxurdu…" Bu və başqa etiraflar jurnalist Maykl Volfun  ABŞ prezidenti Donald Trampdan bəhs etdiyi "Atəş və qəzəb: Trampın Ağ Evinin dəhlizində" adlı kitabında yer alıb. Kitab hələ işıq üzü görmədən böyük səs-küy və qalmaqal yaradıb. Kitabdakı qalmaqallı məqamları ictimailəşdirən isə Britaniya mətbuatı olub. Bu ölkənin bəzi KİV-lərinə nəşrdən qabaq kitabla eksklüziv tanışlıq imkanı yaradılıb. Trampın vəkilləri hər vəhclə kitabın yayılmasını dayandırmağa çalışırlar. Lakin bunun heç bir nəticə verməyəcəyi, əksinə kitaba marağı daha da artıracağı güman olunur.

Britaniya mətbuatının yazdığına görə, kitabda Trampın, onun yaxın ətrafının və ABŞ-ın yüksək vəzifəli şəxslərinin 200-dən artıq müsahibəsi yer alıb. Müəllif yazır ki, Ağ Evin divanında oturub prezident administrasiyasının işini izləmək imkanı olub. Ağ Evin mətbuat katibi Sara Sanders isə idda edir ki, Volfun kitabı həqiqətə uyğun olmayan və çaşqınlıq yaradan məlumatlarla doludur. 

Strateq.az BBC-yə istinadən "Atəş və qəzəb: Trampın Ağ Evinin dəhlizində" kitabında ən çox diqqət çəkən 10 məqamı oxuculara təqdim edir.
 
 

1. Trampın oğlu xəyanətdə ittiham olunur

 

Tramp və Bennon

 

Kitabda iddia olunur ki, Ağ Evin keçmiş baş katibi Stiv Bennon ABŞ-dakı son prezident seçkiləri ərəfəsində Trampın oğlunun bir qrup rusiyalı ilə təkbətək görüşünü xəyanət və qeyri-vətənpərvər addım adlandırıb.

2016-cı ilin iyununda baş tutan həmin görüşdə rusların Trampın oğluna Hillari Klintonun əleyhinə kompromat təklif etdiyi iddia olunur

Maykl Volfun sözlərinə görə, Bennon həmin görüş haqqında ona bunları deyib: "Seçki kampaniyasının 3 əsas fiquru görüşün hüquqşünasların iştirakı olmadan keçirilməsində pis heç nə görmədi. Halbuki onlar ilk növbədə Federal Təhiqatlar Bürosunu məlumatlandırmalı idilər".

 

2. Tramp qələbə gözləmirmiş

 

 

Seçki günü – saat 20.00-dan sonra Trampın qələbə qazandığı məlum olanda Trampın oğlu dostuna deyibmiş ki, həmin an atası sanki ruh görmüş kimi idi. Melaniya isə göz yaşları içində idi. Və bu heç də sevinc göz yaşları deyildi.

Bennonun dediyinə görə, Tramp bir saata yaxın dəhşət içində olub. Lakin sonradan inanmağa başlayıb ki, o, Birləşmiş Ştatların prezidenti olmağa layiqdir və bunu bacara biləcək.

 

3. Tramp inauqurasiyada niyə qəzəblənib? 

 

 

Müəllif yazır: "Tramp öz inauqurasiyasından heç bir zövq almadı. Bir çox məşhur sənətçi və siyasətçi onun andiçmə mərasiminə gəlməmişdi. Bundan başqa, gecəni prezident oteli olan "Blair House"da keçirdiyinə (prezident Cimmi Karterdən qalan ənənə) görə çox əsəbi idi. Melaniya da hər an ağlayacaq vəziyyətdə idi. Yaxın ətrafının dediyinə görə, gün boyu Trampın üzündə, qolf oynayarkən olan ifadə vardı – qəzəbli, narazı, qaşları çatılmış, dodaqları sıxılmış…". 

Melaniya Trampın ofisindən bu fikirləri təkzib ediblər. "Xanım Tramp həyat yoldaşının prezident seçkilərində iştirakını dəstəkləyib. Hətta onu bu qərarı verməyə razı salıb. O, Trampın qələbə qazanacağına şübhə etmirdi və bu baş verəndə çox xoşbəxt olmuşdu", – deyə ofisin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. 

 

4. Trampın Ağ Ev qorxusu

 

 

Müəllif yazır ki, Ağ Ev Trampa xoşagəlməz görünüb, hətta qorxulu yer təsiri bağışlayıb: "O dərhal öz yataq otağına keçdi. Kennedidən bu yana ilk dəfə idi ki, prezident cütlüyü Ağ Evdə özünə ayrı yataq otaqları tələb edirdi. Tramp yataq otağına dərhal iki əlavə televizor tələb etdi və qapıya qıfıl vurulmasını istədi. Xüsusi xidmət orqanlarının otağın açarının birinin onlarda olması tələbini isə rədd etdi".   

 

5. İvanka prezident olmaq istəyir 

 

Melaniya və İvanka 

 

Maykl Volf iddia edir ki, Trampın qızı İvanka və onun əri Cared Kuşner razılaşıblar ki, onların ikisi arasında məhz İvanka gələcəkdə prezidentliyə namizədliyini irəli sürəcək: "Risk və mükafat arasında tərəddüd edən cütlük nəhayət, Şərq qanadında onlara təklif edilən rolu üstlənməyə razı olublar.  Bu, cütlüyün birgə verdiyi qərar idi. Onlar öz aralarında fövqaladə bir razılaşmaya getdilər – əgər gələcəkdə belə bir imkan yaranarsa, prezidentliyə məhz İvanka namizəd olacaq. İvanka qərara alıb ki, ABŞ-ın ilk qadın prezidenti Hillari Klinton yox, o olacaq".  

Stiv Bennon cütlüyün bu niyyətindən xəbər tutanda dəhşətə gəldiyini deyib. 

 

6. İvanka atasını ələ salırmış

 

 

Müəllif yazır ki, İvanka atasına məsafəli, kinayəli yanaşırmış. Hətta atasının saçlarını darama şəklini də ələ salırmış: "İvanka deyirmiş ki, atası saçını Just For Men ("Yalnız kişilər üçün") boyası ilə rəngləyir. Dostlarına danışırmış ki, boyanı saçda nə qədər çox saxlasan, rəngi bir o qədər tünd olar. Trampın isə səbri çatmadığı üçün boyanı az saxlayır, nəticədə də saçı narıncıya çalan sarı olur".

 

7.  Ağ Evin qeyri-müəyyən qalan prioritetləri

 

Cared Kuşner

 

Bir il əvvəl Ağ Ev aparatında müavin kimi çalışan Keti Uolş baş müşavir Cared Kuşnerdən admnistrasiyanın hədəflərinin nələr olduğu barədə soruşub. Kitab müəllifinin dediyinə görə, Cared Uolşa cavab verə bilməyib: "Prezidentin xüsusi diqqət ayırmaq istədiyi 3 şey nədir", – deyə Uolş soruşub. Bu, veriləcək suallar arasında ən aydın olanı idi. Bu suala hər bir namizədin hələ Ağ Evə gəlməmişdən cavabı olmalıdı. Sualı verəndə Tramp 6 həftəydi ki prezident idi. Bununla belə, Kuşner cavab verə bilmədi". 

 

8. Trampın Merdoka rəğbəti

 


 

Maykl Volf Trampın yaşlı mediamaqnat Rupert Merdoka böyük rəğbət duyduğunu deyir: "Rupert Merdok Trampı təbrikə gələcəyini desə də, gecikirdi. Qonaqlardan biri çıxıb getmək istəyərkən Tramp ona dedi ki, Rupert çatır, getməsin. "O, dahilərdən biridir, siz qalmalı və onu görməlisiz", – deyə Tramp dedi. Bunu deyəndə hələ də başa düşmürdü ki, indi o dünyanın ən qüdrətli adamıdır. Vərdiş etdiyi kimi, mediamaqnatın rəğbətini qazanmaq istəyirdi. Trampı sevməyən Merdok isə bir dəfə onu şarlatan və axmaq adlandırmışdı".

 

9. Merdok Trampa "idiot" deyib

 

 

Müəllif Trampla Merdok arasında yaşanan bir insidenti də yada salır. Yazır ki, tərəflər telefonda Trampın Silikon vadisindən olan sahibkarlarla görüşünü müzakirə ediblər. Tramp Merdoka deyib ki, Obama bu sahibkarlarla heç də yaxşı davranmayıb və indi prezident kimi onun köməyinə ehtiyacları var. Və bu, onlara kömək üçün yaranmış şansdır: "Tramp bununla miqrasiya haqqında qanunvericiliyin müvafiq hissəsini yumşaltmağa eyham vururdu və bununla ABŞ-ın peşəkar mütəxəssislər əldə edə biləcəyini deyirdi. 
Merdok Trampa xatırlatdı ki, bu addım onun seçkiöncəsi vədini (sərhədi bağlamaq və hasarlamaq) yerinə yetirməyə imkan verməyəcək. Bu məntiqsiz düşüncə və addıma görə, Merdok Trampı "idiot" adlandırmışdı".

 

10. Flin və Rusiya qalmaqalı…

 

 

Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flin bilirdi ki, 2015-ci ildəki konfransdakı nitqinə görə Rusiyanın hakimiyyətyönlü telekanalı "Russia Today"dan aldığı 45 min dollar ona ucuz başa gəlməyəcək: "Hələ seçkiöncəsi kampaniyanın ilk vaxtlarında dostları Flinə demişdilər ki, Tramp qalib gəlsə, bu, ona problem yaradacaq". 

Trampın tənqidçiləri bildirirlər ki, bütün bu yazılanlar Trampın tutduğu posta uyğun olmadığını bir daha təsdiqləyir. Prezidentin tərəfdarları isə kitabda şayiələrdən başqa bir şey olmadığını deiyrlər. 

Trampın özünə gəlincə, o, kitabda yazılanları cəfəngiyat adlandırıb. Bildirib ki, müəllifi heç vaxt Ağ Evə buraxmayıb, ona heç vaxt müsahibə verməyib. Bennon tərəfindən irəli sürülən fikirlərə gəlincə, Tramp "Bennon Ağ Evdə işini itirəndə ağlını da itirib" deyərək cavab verib.

Trampın vəkilləri müəllifi böhtan atmaqda ittiham edərək onu məhkəmə ilə hədələyirlər. ABŞ-ın böhtan haqqında qanununun tələbinə görə isə iddia qaldırılacağı təqdirdə prezident özü təhqiqatın predmeti olmalıdır ki, Trampın da buna gedərək qalmaqalın daha da böyüməsinə şərait yaradacağı inandırıcı görünmür… 

Tərcümə Strateq.az-ındır