XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 09:11

İşə 11-də başlayan, “Twitter”ə və xəbərlərə saatlarla vaxt ayıran prezident…- Tramp iş gününü necə keçirir?

ABŞ prezidenti Donald Trampın iş qrafikinin konkret olmaması bir çoxlarında təəccüb və narazılıq yaradır. Deyilənlərə görə, Tramp üçün "iş vaxtı" anlayışı şərti xarakter daşıyır. Bugünlərdə Ağ Evdən sızdırılan məlumatlar da göstərir ki, prezidentin iş cədvəli gözlənilməz bəndlərlə zəngindir.

ABŞ-ın "Axios" xəbər portalı yazır ki, Tramp günün ilk iclasını səhər saat 11-də keçirdir. Saat 8-dən 11-dək isə sənədlərlə tanış olur. Bu saatları Tramp Ağ Evin "Oval kabinet"də keçirməlidir. Ağ Evdən sızdırılan bilgilərdən isə belə məlum olur ki, prezident bu saatlarda televizora baxır və "Twitter" üçün açıqlamalar yazır. 

 

 

Bu məlumatı təkzib edən Ağ Ev rəsmiləri bildiriblər ki, Tramp həmin 3 saat ərzində vacib telefon söhbətləri aparır və ümumiyyətlə hər gün işə xeyli saatını ayırır. 

Xəbərə görə, Tramp televizor qarşısında həddən çox vaxt keçirir və buna görə onu uzun müddətdir ki tənqid  edirlər: "Saat 11-də prezident rəsmi işinə başlayır. İlk iclas adətən xüsusi xidmət orqanlarının əməkdaşları ilə olur. Sonra o, daha bir neçə saatı görüşlərə və sənədlərlə tanışlığa həsr edir. Və axşam saat 6-ya yaxın yaşadığı rezidensiyaya qayıdır. İş zamanı fasilələr adətən planlaşdırılmamış vaxtlarda olur. Tramp bu vaxtı "Oval kabinet"in yanındakı otaqda keçirir. Və kabel televiziyası ilə verilən xəbərlərə baxır".  

"Axios"un iddiasına görə, prezidentliyinin ilk vaxtlarında Trampın iş qrafiki bir qədər fərqli olub: "Əvvəllər o, ilk iclasını "Ruzvelt zalı"nda səhər yeməyi yeyərkən keçirirmiş. Lakin tədricən bu iclasın vaxtı daha gec saatlara ertələnməyə başlayıb".

 

Barak Obama

 

Müəllif qeyd edir ki, ABŞ-da prezidentlərin çoxu sərt qrafiklə işləyib. Məsələn, Barak Obama işə saat 9-10 arası başlayırdı. Ondan əvvəl isə səhər idmanı edirdi. Naharda mütləq rezidensiyasına gedir və ailəsiylə vaxt keçirirdi. 

Oğul Buş "Oval kabinet"ə səhər saat 6.45-də gəlirdi. Buna görə də axşamları erkəndən yatırdı. Obama isə gec saatlara qədər oyaq qalır, işlərini bitirib evə qayıdanda ailəsi yatmağa hazırlaşırdı. 

 

Bill Klinton

 

Lindon Conson və Bill Klinton gecə yarısı işgüzar xarakterli telefon söhbətləri aparmağı sevirdi. 

Ronald Reyqanın iş qrafiki prezidentliyinin sonlarına yaxın qısalmağa başlayıb. Köməkçilərinin dediyinə görə, son bir neçə ildə Reyqan ümumiyyətlə gündəlikdəki bəzi məsələləri unudurmuş. Pensiyaya çıxandan 5 il sonra o, altsheymer (yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması) xəstəliyindən əziyyət çəkməyə başlayıb. 

Vaşinqton Universitetinin professoru Metyu Dallekin sözlərinə görə, Trampın iş qrafikinin bu cür fərqlənməsi onun dövləti effektiv şəkildə idarə etmək qabiliyyətinə böyük zərbə vura bilər. Professor fikrini əsaslandırmaq üçün Trampın psixi sağlamlığı ilə bağlı bəzi şübhələrin olduğuna dair yayılan məlumatları da yada salıb.   

"Axios" yazır ki, Tramp fəaldır və prezidentliyinin ilk ilində onun iş tempində azalma müşahidə olunmayıb: "Prezident tvitlərini adətən səhərlər erkən, axşamlar isə gec saatlarda paylaşır".

 

Sara Sanders

 

Portalın yazdıqlarına Ağ Evdən də reaksiya gəlib. Mətbuat katibi Sara Sanders Trampın iş qrafiki ilə bağlı bunları deyib: "Səhər saatlarını rezidensiya və "Oval kabinet"də keçirir. Həmin müddətdə də komandası ilə, konqresmenlərlə, xarici liderlərlə əlaqə yaradır. Donald Tramp mənim gördüyüm ən işgüzar rəhbərlərdən biridir. O, hər gün işinə xeyli vaxt sərf edir. Jurnalistlər dəfələrlə bildiriblər ki, onlar Trampın tempinə çata bilmirlər".  

Professor Dallek deyir ki, struktursuz iş qrafiki Trampın səhhətinə dağıdıcı təsir göstərə bilər. Bura Trampın "Twitter"ə olan alüdəçiliyi d' aiddir: "Söhbət, ölkəni idarə etməkdən gedəndə, prezidentlər təhülkəli xəttə ayaq basa bilərlər ki, bu zaman onlardan çox şey asılı olmur. Sözləri fərqli şərh oluna bilər ki, bu halda da xaos qaçılmazdır". 

Professorun sözlərinə görə, Tramp öz küskünlüyünü gizlətməyən və tənqidə sərt reaksiya verən prezidentdir: "Vyetnam savaşı zamanı prezident Conson nə olursa olsun öz siyasi xəttini müdafiə etməyə çalışırdı. Və bir çox hallarda gecənin yarısında müşavirlərini çağırtdırırdı. Elə prezidentlər də olurdu ki, çox işləyirdi, amma məhsuldarlıq yüksək deyildi. Məsələn, Cimmi Karter kimi. Karter xırda şeylərə çox ilişirdi. Çox savadlı və işgüzar idi. Lakin işini düzgün bölüşdürə və genişmiqyaslı idarəetməni bacarmırdı".  

 

Tərcümə Strateq.az-ındır
 




Yuxarı Əvvələ Ana Səhifə