XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 18:14

Tanınmış Amerika eksperti:“Ərdoğan Suriyanın şimalında Pentaqonun istənilən planını mənasız edən şərait yarada bilər” – Təhlil

 

M. K. Bhadrakumar

Asia Times, 24.01.2018

 

BMT Təhlükəsizlik Şurasının Türkiyənin Suriyada hərbi əməliyyatı üzrə toplantısı hürməyi yadırğamış iti xatırladırdı. Heç bir bəyanat olmadı. BMT TŞ Türkiyənin hərəkətini pisləmədi.

Dünya dövlətləri hələlik Türkiyənin niyyətini dəyərləndirir. Türkiyə prezidenti Rəcəb Ərdoğan indiyədək oyunu ustalıqla aparıb. O, bir tərəfdən, iki əsas müxalif partiyanın dəstəyini və xaricdə fəaliyyət azadlığı verən daxili konsensusa nail olmağı əldə edə bilib.

Digər yandan, Ərdoğan Türkiyə vətəndaşlarının geniş dəstəyindən faydalanır ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən basqının effektini sarsıdır. Ərdoğan “Türkiyə sərhədlərinin müdafiəsi” prinsipini izləyir. Bu prinsipi höcətə salmaq çətindir. Hətta NATO da sərhədlərin müdafiəsinə yönəlmiş Türkiyə əməliyyatının legitimliyini etiraf edir. Suriyanın Afrin şəhərinin Türkiyə üçün önəmi də yaxşı məlumdur. Afrin Türkiyənin sərhədyanı Xatay və Kilis əyalətləriylə həmsərhəddir və kürd partizanlarının türk ordusuyla vuruşduğu Amanos dağ aşırımına çıxış imkanı verir. Afrində yerləşən kürd qruplaşmaları 2016-cı ildən  minaatan, MK 19 qumbaratanı, tank əleyhinə ağır BGM-71 TOW raket komleksi, kəşfiyyat aparatları, “Javelin” TƏSRK və s. daxil olmaqla ABŞ-dan hərbi tədarüklər sayəsində böyük silah ehtiyatı yığıblar.

Bundan savayı, Suriyanın Afrin bölgəsi Aralıq dənizinin şərq sahilinə bitişikdir ki, bu da kürdlər üçün özəl maraq təmsil edir. Türkiyə hərbçiləri “Zeytun budağı” əməliyyatının başlanmasının dördüncü günü, yanvarın 23-də hərbi əməliyyat zonasını genişləndirməyə müvəffəq olublar. Türkiyə qüvvələri habelə Afrindən şərqdə görünüb və hazırda Türkiyənin Suriya ilə sərhədinin 65%-ə nəzarət edən kürd döyüşçülərini sıxışdırmaq niyyətindədirlər.

Milli Müdafiə Şurasının çərşənbə axşamı yanvarın 23-də Ankarada keçirilən toplantısında elan edilib: “Bizim əməliyyat separatçı terrorçu təşkilat bu bölgədən tam çıxarılmayınca və Türkiyədə sığınacaq tapmış 3,5 milyona yaxın Suriya vətəndaşı Vətənə dönə bilməyincə sürəcək”. Ərdoğan anlaşılmaz beynəlxalq reaksiyadan olduqca ruhlanıb. Onun ahəngində aşkar davakar notlar meydana çıxıb ki, bu da bir neçə gün əvvəl əməliyyatın başlanmasını Rusiya ilə razılaşdıranda səslənmiş sadə tələblərlə ziddiyyətə girir.

Ərdoğan bəyan edib: “Əməliyyatımız haqda başqa ölkələrin rəyini dinləməyə vaxtımız yoxdur. Əməliyyatın başlanması haqda qərarı xalq bəyənib. Biz sərhədlərimizin yanına yığılmış kiçik yaramazlar  dəstəsinə heç bir möhlət verməyəcəyik”.

Deyəsən, Rusiya-Amerika münasibətlərinin qəlizləşməsi Ərdoğana əl verir. Eyni zamanda Trampın Suriyada İranın artan nüfuzu haqda bəyanatı Türkiyənin Suriya şahmat lövhəsində ABŞ-ın yeganə etibarlı müttəfiqlərini darmadğın etdiyi bir vaxtda Tehranın niyə susduğunu izah edir.

İrandan gələn məlumatlara əsasən, kürd bölmələri Suriyanın neftlə zəngin Deyr-əz-Zor şəhərini və İraqın əl-Kaym şəhərinə yaxın yerləşən bölgəni qəflətən tərk edib. Doğrudan da, Türkiyə Suriyanın şimalında hərbi uğurları davam etdirsə, kürdlər Raqqa və Deyr-əz-Zor ətrafındakı rayonları tərk etməli olacaqlar. Hadisələrin bu cür inkişafı ABŞ-ın dəstəklədiyi kürd qruplaşmalarının irimiqyaslı ərazi işğallarını ləğv edir, ABŞ-ın İranla Livan arasında İraq və Suriya ərazisindən keçən yerüstü marşrutu bağlamaq imkanlarını azaldacaq.

Rusiya Türkiyə tərəfdən hərbi əməliyyatların məhdudlaşdırılması əvəzində kürdləri Afrini və Suriyanın neft yataqlarını Suriya hökumətinə verməyə inandırmağa cəhd edir. Tamamilə mümkündür ki, ABŞ-ın yardıma gəlmək bacarıqsızlığından tamamilə sarsılan kürdlər yekunda Rusiya ilə sazişə gedə bilərlər.

Afrində Türkiyənin əməliyyatı irəliləsə, Suriya hökumət qüvvələri isə İdlib əyalətini nəzarətə götürsə, Suriyanın şimal ərazilərində nəzarət təşkil etmək haqda Vaşinqtonun sükutla dəstəklədiyi kürdlərin Aralıq dənizinə çıxış imkanı verən planları mümkünsüz olacaq. Türkiyə ABŞ- la danışıqlar halında Pentaqondan Suriya kürdləriylə istənilən alyansın və yaxud saxta alyansın qəti ləğvini tələb edəcək. Ərdoğan Suriyanın şimalında Amerika əsgərlərinin müddətsiz yerləşdirilməsi haqda Pentaqonun istənilən planını mənasız edən belə bir şərait yarada bilər. Rusiya və Çinlə soyuq savaşın qüvvə topladığı bir vaxtda Türkiyənin NATO-ya üzv ölkə kimi önəmini xatırlamaqdan savayı ABŞ-ın başqa bir seçimi yoxdur.  

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə