XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 12:51

Üç dövlətin bölüşə bilmədiyi ad:Makedoniyanın NATO və Aİ-yə üzvlüyü üçün kompromis həll tapılmır - TƏHLİL

Dmitar Beçev

“Əl-Cəzirə”

 

Yanvarın 21-də Yunanıstanın tacsız paytaxtı olan Salonikidə yenə səhər saatlarından etibarən, ağ-göy milli bayraqları sallayaraq insanlar küçələrə axın etmişdi. Döyüşçü geyimli atlılar, "Makedoniya yunanlarındır" mitinqində iştirak etmək üçün ta Krit adasından yola çıxdıqlarını söyləyirdi. 20-ci əsrin əvvəllərindən etibarən qeyd olunan tarixə qədim Makedoniya Krallığının əsgərlərinə xas maskarad libaslarda görünənlər də vardı.

Günortaya qədər Böyük İsgəndərin Egey dənizinə baxan abidəsi qarşısında ən az 50 min adam toplandı. Çoxsaylı kütlə gündəmə gələn məsələyə münasibət bildirirdi: Makedoniya – yunan milli irsinin qiymətli parçasıdır.

Bu keçmişdən qalmış mirasdır. 1992-ci il fevralın 14-də Yunanıstanın bütün əhalisinin 10 faizi, 1 milyon insan Salonikidə “Makedoniya” adının müdafiəsinə qalxmışdı. Bundan sonra Yunanıstan keçmiş Yuqoslaviyanın digər bölgələrində baş verən müharibədən uzaqlaşmağa çalışan həssas qonşusunu iqtisadi blokadaya aldı.

Bu gün hər şey çox sakit görünür. Yunanıstan Hollandiya və Avstriyadan sonra Makedoniya Respublikasında üçüncü ən böyük investordur. Tətil səfəri, mağazada alış-veriş və ya işləmək üçün insanlar sərhədi sərbəst şəkildə adlayırlar.

Ancaq "ad mübahisəsi" Yunanıstan və Makedoniya Respublikası daxilində hər kəsin dilinə ən azı bir dəfə gəlir. "Keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası"nın – 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının bu dövlətə verdiyi adın dəyişdirilməsinə Yunanıstan razılıq vermir.

BMT-nin elçisi Metyu Nimetzin vasitəçilik etdiyi və 1994-cü ildən bəri aparılan müzakirələrin yeni mərhələsində hər iki tərəfin siyasətçiləri və təmsilçiləri təxirə salınan kompromisə rəy bildirirlər. Çünki Makedoniyanın NATO-ya və Aİ-yə üzv olması 2008-ci ilin aprelindən Yunanıstan tərəfindən bloka salınıb.

Yaxşı xəbər budur ki, kompromis artıq əldə olunmaq üzrədir. Afinada və Skopyedə qarşılıqlı məqbul bir adda razılaşmaq və ona uyğun hərəkət etmək üçün yaxşı fürsət var.

Təxminən on il mübahisənin hər iki tərəfi çıxılmaz vəziyyətdə rahat yaşayıb.

Makedoniya Respublikasında baş nazir Nikola Qruevski iqtidarını gücləndirmək, siyasi və işgüzar dostları ilə birlikdə faydalanmaq üçün Skopyenin mərkəzini milliyyətçi park kimi abadlaşdırıb, Böyük İsgəndərə heykəl ucaldıb, nəhəng zəfərli tağı ("Porta Makedonija") və neoklassik binalar tikdirib.

Yunanıstan iqtisadi böhran ucbatından zalım qonşusunu “cəzalandıra” bilməyib.

Ancaq o zamandan bəri çox şey dəyişib. İki il davam edən siyasi böhrandan sonra, korrupsiya, seçkilərin saxtalaşdırılması və ədalət mühakiməsinin qarşısının alınması ittihamı ilə Qruevskinin iflası yeni fəslə açılış olub. Sosial Demokrat İttifaqın rəhbəri Zoran Zaevin hökuməti 2017-ci ilin may ayından Makedoniyanı NATO və Aİ-yə daxil etmək üçün mübahisənin nizamlanmasını istəyir. Yəni Yunanıstanla danışıqlar üçün xarici işlər naziri Nikola Dimitrov və Zaevin səlahiyyətinə dəstək verən etnik alban koalisiya tərəfdaşları bunu edə bilərlər.

Yunanıstan ilə savaşmaq üçün onların baltaları yoxdur. "Biz bu altı ayda həll tapmağa borcluyuq", – yanvarın 9-da Afinadan gələn baş nazir müavini Bujar Osmani elan edib. Avro-Atlantik inteqrasiya naminə yeni hökumət Bolqarıstanla uzun müddətli dostluq müqaviləsi imzalayıb və sənəd bu yaxınlarda təsdiqlənib.

NATO və Aİ yeniliyə açıq şəkildə dəstək verir. 2000-ci ilin əvvəllərində və ortalarında hər iki tərəfə qoşulmaq üçün Xorvatiya ilə yanaşı, Makedoniyanın da şansı vardı. Qərb klublarına qoşulma Moskva, Pekin və ya başqa heç kimdənsə Brüsselin üstün olduğuna dair sübut olardı.

NATO-nun baş katibi Yens Stoltenberq yanvarın 18-19-da Skopyeyə səfər edib. Stoltenberq bildirib ki, "Sizi islahat yolunu davam etdirməyi təşviq edirəm”.

Bununla yanaşı, Yunanıstan hər iki təşkilatın üzvü olduğuna görə nə AB, nə də NATO qərəzsiz mediatorlar kimi, məsələyə müdaxilə edə bilər. "Qüdrətli dövlətlər"in Afinaya “dərs verməsi” mümkün deyil.

Beləliklə, əsas məsələ Afinanın konstruktiv rol oynamağa hazır olub-olmamasıdır.

Cavab – "bəli"dir. Bütün çatışmazlıqlarına baxmayaraq, Aleksis Tsipras xarici siyasəti (xarici işlər naziri) Nikos Kotziasa həvalə edib. Əvvəlki hökumətlər kimi, onun mövqeyi belədir: "Makedoniya" adı heç bir dövlətin müstəsna mülkiyyəti ola bilməz, çünki eyniadlı tarixi bölgə üç ölkə – Yunanıstan, Makedoniya Respublikası və Bolqarıstan arasında bölünüb.

Beləliklə, rəsmi Skopye bu adlardan birini seçməlidir – Yeni, Şimali, Yuxarı, Vardar və s. Tarixi Makedoniya – Yunanıstanın Makedoniya vilayətinin 52%-ini təşkil edir. Yunanıstan isə yeni adın təkcə ikitərəfli münasibətlərdə deyil, bütün beynəlxalq sazişlərdə ("erga omnes") istifadə edilməsini tələb edir.

Tsiprasın qarşısında Herkules vəzifəsi durur. O, düşmən ictimai fikrə müqavimət göstərməlidir. Həm də populist-millətçi kiçik koalisiya tərəfdaşını – “Müstəqil yunanlar”ı (ANEL) də buna inandırmalıdır. ANEL-in lideri Panos Kammenos Skopyenin "Mərkəzi Balkan Respublikası" və ya hətta (heç bir məna daşımayan ad) "Vardarska" seçənəyini təklif edir.

Saloniki mitinqi Tsiprasın müvəffəqiyyəti üçün yaxşı əlamət deyil. ANEL-in Şimali Yunanıstandan olan bütün millət vəkilləri, əsas müxalifət partiyasından olan mərkəzçi sağ “Yeni Demokratiya”dan olan həmkarları ilə birlikdə, habelə pravoslav ruhanilərlə (pravoslav kilsəsi tərəfsizliyini elan etsə də) ona qarşıdır.

"Makedoniya naminə qardaşlıq nümayiş etdirin… Skopye Makedoniya adını heç vaxt qəbul edilə bilməz", – deyən ruhani Antimos xütbəsində əlavə edib: "Biz yalnız limana girişi bağlansaq, onlar növbəti həftə acından ölərlər".

“Qızıl Şəfəq”dən olan sağçılar da varlığını bəlli edir. Hətta ("Yunan Zorba" filmi ilə tanınan) əfsanəvi bəstəkar Mikis Teodorakis Tsiprasa qarşıdır.

Bununla yanaşı, sağlam zəkanın silinib süpürülməsi riski var. Salonikin açıqsözlü bələdiyyə başçısı Yannis Butaris deyir: "Adamlar elə bilir ki, Makedoniya Respublikası bizim mili eyniyyətimizi ləğv edəcək. Onlardan bizə heç bir təhlükə olmadığını bilmirlər. Adamlar pis məlumatlandırılıb".

Mitinqdən sonra Bolqarıstan telekanalına müsahibə verən Butaris xoş niyyət jesti olaraq Yeni il ərəfəsində Salonikidə Makedoniya baş naziri Zaevi qəbul edib.

Yunanıstanda baş verən “inqilab” Skopyedə qəzəbə səbəb olur. Tsiprasın Yunanıstanın “Ethnos” qəzetinə verdiyi ölçülü və konstruktiv müsahibə artıq qalmaqla doğurub. Ötən bazar günü yazının dərc olunmasından əvvəl Afinada reklam lövhələri peyda olub: "Tsipras: “Makedon xalqı heç vaxt mövcud olmayıb". Bu, klassik manipulyasiyadır. Redaktorlar cümlənin sonunu qayçılayıb: "… qədim zamanlarda afinalılar və spartalılar adlı millətlər olmadığı kimi…"

Zaev hələlik gərginlik duymur. Ölkənin ana müxalifət partiyası VMRO-DPMNE-nin yeni seçilmiş lideri Hristijan Mickoski də gəmini yırğalamır. Bununla belə, gərginlik yenidən arta bilər.

Paralel olaraq, Qruevski tərəfdarı olan prezident Jorj İvanov alban dilini bütün ölkədə ikinci rəsmi dil edəcək yeni qanuna veto qoyub. VMRO-DPMNE isə parlamentdə Bolqarıstanla ikitərəfli dostluq müqaviləsini dəstəkləməkdən imtina edib (Bolqarıstan qanunvericiləri, əksinə, müqaviləni yekdilliklə təsdiqləmişdi). Zaevin Aİ/NATO istəkləri çöksə, Balkan dövlətində sabitlik yenidən pozulacaq.

Amma yanvarın 24-də Davosda Zaev və Tsipras arasındakı görüşdən gələn xəbər müsbətdir. Makedoniya Yunanıstana qarşı xoş niyyət əlaməti kimi, Skopye hava limanı və bir avtobanın artıq "Böyük İsgəndər" adlandırılmayacağı qərarı verib. Yunanıstan, öz növbəsində, Makedoniyanın Aİ ilə assosiasiya sazişinin həyata keçirilməsini qarşısını açıb. Üstəlik, Prespa gölündə yeni sərhəd qapısı açılacaq.

Tsipras və Zaev fürsət pəncərəsindən istifadə etməyə və kompromisi təmin etməyə müvəffəq olduqları təqdirdə, qazanc hər kəs üçün olacaq: Yunanıstan, Makedoniya, Balkanlar və Qərb. Ancaq uğursuzluğunu haqqını ödəyən sıravi Makedoniya vətəndaşları olacaq.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə