XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2018 - 16:50

2030-cu İLƏDƏK 800 MİLYON İNSAN İŞ YERİNİ İTİRƏCƏK –Süni intellekt və robotlar qlobal iqtisadi tarazlığı dəyişdirə bilər - ARAŞDIRMA

Gökhan KURTARAN

“Anadolu” Agentliyi, Türkiyə, 26 yanvar 2018-ci il

 

Robot texnologiyaları və süni intellekt sahəsindəki inkişaf gələcəkdə məlum peşələrin bir çoxunu ortadan qaldıraraq, yeni istehsal formalarıyla yeni qlobal iqtisadi tarazlığın qurulmasına səbəb ola bilər.

Dünyanın ən böyük şirkətləri arasında yer tutan “Amazon”, kassa ödəməsi tələb etməyən, sadəcə “al və çıx” üsulu olaraq pərakəndə satış terminologiyasına girən iş üsulu ilə çalışan ilk mağazasını bu həftə Sietl (Seattle) şəhərində açıb.

Sietldəki bu mağaza yaxın gələcəkdə bütün mağazaların gedəcəyi istiqaməti göstərməsi baxımından, son dərəcə önəmlidir. Yeni sistemə görə, mağazanın tavanına yerləşdirilən kameralar sayəsində müştərilərin hərəkətləri, hansı malları seçdikləri izlənilir, mağaza çıxışında isə heç bir şəkildə kassa ödəməsi lazım olmur. Sonra alınan mallar müştərinin bank kartına qeyd edilir.

Bəhs etdiyimiz nümunə belə, diqqətə alındıqda, yaxın gələcəkdə milyonlarla insanın peşələrini itirəcəyini söyləmək mümükündür.

Qərb ölkələri də bu sistemlərin inkişaf etdirilməsində başı çəkməklə qalmayıb, indidən əmək bazarını buna görə formalaşdırmağın yollarını axtarır.

İdarəetmə üzrə konsaltinq şirkəti olan McKinsey & Company”nin təxminlərinə görə, 2030-cu ilə qədər qlobal istehlakın təxminən 23 trilyon dollar artacağı gözlənilərkən, istehlak tələbinin böyük ölçüdə inkişaf edən iqtisadiyyatlardan gəlməsi proqnozlaşdırılır.

Yaşlı əhali inkişaf etmiş Qərb ölkələrinin xroniki problemlərindən birini təşkil edir. Bu ölkələr robot sistemləri və süni intellekt vasitəsilə mal və xidmətlərin istehsalını, logistikasını və ticarətini təmin etməyə davam edə biləcək. Beləliklə, yaşlı əhalilərinə rəğmən, istehsal və ticarət tortundakı paylarını qoruya, hətta artıra biləcək.

İnkişaf edən iqtisadiyyatların nisbətən aşağı texnologiyaya sahib olan gənc əhalisinin isə istehlak tələbi artmağa davam edəcək.

Bu proqnozların reallaşması, bu günün sənaye istehsalı görünüşünü başdan-ayağa dəyişdirməklə qalmayıb, bildiyimiz bir çox peşənin tamamən ortadan qalxmasına, qlobal iqtisadiyyatda kartların yenidən paylanmasına səbəb ola bilər.

 

IV Sənaye inqilabı

 

İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumunun əsas başlığı 2016-cı ildə “IV sənaye inqilabı” olduğu halda, bu il geopolitik müzakirələrin ardından zirvənin ən önəmli mövzusu “süni intellekt” olaraq müəyyən edildi.

Məlum olduğu kimi, I Sənaye inqilabı su və buxar gücünün istifadə edilməsilə, mexaniki istehsal sistemlərinin yaradılmasına imkan yaratdı, II Sənaye inqilabı isə elektrik gücünün yardımı ilə kütləvi istehsal sistemlərinin yaradılmasına imkan verdi. III Sənaye inqilabında rəqəmli (rəqəmsəl) sistemlərin, elektronik infrastruktur və informasiya texnologiyalarının istifadə edilməsi istehsalı daha funksional hala gətirdi.

Bu gün IV Sənaye inqilabı olaraq adlandırılan sistem, “əşyaların (obyektlərin) interneti, xidmətlərin interneti və kiber-fiziki sistemlər” olaraq sıralanan üç strukturdan ibarətdir. Bu sistemdə ağıllı fabriklər daxilində fiziki prosesləri kiber-fiziki sistemlərlə izləmək hədəflənir. Müəyyən mənada, fiziki dünyanın virtual bir nüsxəsi yaradıla biləcək və mərkəzi olmayan qərarların verilməsi təmin edilərək, istehsal başqa bir səviyyəyə çıxarılacaq.

Robot sistemlərinin, süni intellektin istehsaldakı payının getdikcə artdığı, hətta bizim adımıza qərar verə bildiyi yeni bir dövrə doğru irəliləyirik.

 

Məşğulluq bazarı yenidən qurulacaq

 

“McKinsey & Company”nin “Gələcəkdə məşğulluq, istedadlar və gəlirlər necə formalaşacaq?” başlıqlı hesabatına görə, avtomatlaşdırılmış sistemlərdəki dəyişiklik səbəbindən 2030-cu ilə qədər dünyada təqribən 400-800 milyon adam öz işini itirə bilər. Bu rəqəmin avtomatlaşdırılmış sistemlərin tətbiqi sürətinə görə, minimum 400 milyon, maksimum 800 milyon olması gözlənilir.

75 milyon ilə 375 milyon arasında insan isə mövcud peşələrini bir tərəfə buraxıb yeni bacarıqlar əldə edərək, yeni sahələrdə çalışmaq məcburiyyətində qala bilər.

“Karyera ortası keçiş (“mid-career path”)” olaraq bilinən bu peşə dəyişikliyi prosesi hal-hazırda inkişaf etmiş iqtisadiyyatlarda tətbiq edilir.

2030-cu ilə qədər Çində təqribən 100 milyon insanın mövcud ixtisaslarını buraxaraq, yeni peşələrə yiyələnməsi gözlənilir. ABŞ Almaniyada isə 2030-cu ilə qədər mövcud işləyən əhalinin üçdə birinin, Yaponiyada da təqribən yarısının yeni peşələr əldə etmək məcburiyyətində qalacağı təxmin edilir.

 

Robotlar vergiyə cəlb olunsun!

 

“Dublin Trinity College”də emal sektoru araşdırmaçısı olan Cef Morqanın (Jeff Morgan) Dünya İqtisadi Forumu üçün qələmə aldığı məqalədə dediyinə görə, “İdeal olaraq IV Sənaye inqilabı insanların təkrara dayanan işlərdən qurtularaq, bu işləri robotlara buraxaraq, daha artıq şeyi bacarmasını təmin edəcək. Nəzəri baxımdan bu durum insanların diqqətini işi inkişaf etdirməyə, yaradıcılıq tələb edən sahələrə, elmə verməsini təmin edəcək.”

Morqan, IV Sənaye inqilabının ən önəmli parçası olan robot sistemlərinin böyük ölçüdə özü-özünə işləyə biləcəyini bildirərək, görünən gələcəyi belə dəyərləndirir: “Önümüzdəki illərdə emal sənayesində daha çox insanın işdən çıxarıldığını görə bilərik. Ardınca, insan işçiləri robot işçilərdən qorumağı hədəfləyən siyasi hərəkatlar görülə bilər. Robotları vergiyə cəlb etmək kimi…”

Süni intellektin sərhədlərinin nə olacağı müzakirə edilərkən, insanların iş gücündəki payını qoruya bilməsi üçün robotların vergiyə cəlb edilməsinin mümükün olduğunu düşünən, süni intellektin sərhədlərinin qanunlarla cızılmasının lazım olduğunu söyləyən mütəxəssislər, elm və iş adamları elə indidən elmi-fantastik filmlərdə olduğu kimi, çox fərqli bir gələcəyə işarə edirlər.

Tərcümə Strateq.az-ındır