Sergey Şəkəryants
regnum.ru, 29.01.2018
… Bu yaxınlarda İrandakı iğtişaşlar mövzusu önəmini itirsə də, hər halda İran kürdlərinin özlərinin hansısa milli tələblərini səsləndirmək üçün münasib şəraitdən niyə faydalanmadığı haqda sual öz cavabını tələb edir. Xüsusən də Suriyada 2012-ci il iyulun 20-dən sonra bütün bölgə kürdlərinin etibarlı və güvənli qalası kimi görünən Afrin bölgəsində faciə dərinləşdiyinə görə.
Lakin Ankaranın “Zeytun budağı” antiterror əməliyyatı adlandırmağa üstünlük verdiyi türklərin kürdlərlə yeni müharibəsi bütün dünyanı hazırda Şimali Suriyada türklərə göstərilən sürəkli müqavimətin davamının necə ola biləcəyi barədə düşünməyə vadar edir. Bununla yanaşı isə İran və İran kürdləri amili qəflətən üstün çıxa bilər. Çünki Suriya kürdləri yanvarın 22-də bildiriblər ki, sürəkli döyüşlərin ilk günlərindən sonra türklər və Türkiyəyönlü terrorçular qrupu “Afrin ərazisindən çəkiliblər” – Suriya Kürdüstanının Moskva təmsilçisi Rodi Osman RİA Novosti-yə bəyan edib (Amma indi məlumdur ki, bu, feyk xəbər idi və gerçəkliyi əks etdirmirdi-tərc.)
Deməli, İran kürdlərinə nə təsir edərək nisbi sakitliyi saxlamağa vadar edib? Ən nəhayətdə, onlara aydın idi ki, İran hökuməti və xüsusi xidmətlərinin xəbər verdiyi kimi, etirazçıların bir hissəsinin arxasında ABŞ və İsrail durur. Yəni 2015-in oktyabrında Suriya kürdlərinin “Suriya Demokratik Qüvvələri” deyilən quruma daxil edilməsinə səbəb olan, indi isə SDQ kürdlərinə divan tutmaq üçün Türkiyəyə işarə verən qüvvələr.
İranın öz sərhədlərindən kənarda Suriya və İraqda terrorizmlə mübarizəsinə üz tutmasaq, göstərilən məsələni ayırd etmək çətin olacaq. Xüsusən də keçən ilin payızında Kürd muxtariyyətində “müstəqillik referendumu”nun təşkil edildiyi və keçirildiyi İraqda. İraq kürdləri sonra isə Tehranın basqısı altında geri çəkilib və özləri də referendumun nəticələrini “dondurublar”.
Ayətullah Əhməd Cənnəti
Lakin İran kürdlərini Suriya və İraqdakı soydaşlarından daha ağıllı olmağa məcbur edən İrandaxili gerçəkliklər də var. Ayətullah şeyx Əhməd Cənnəti etnik kürddür və yaxud, ən azı, onu belə adlandırırlar. O, şişirtməsiz, çağdaş İranın görkəmli din və dövlət xadimi, İran dövlətinin ən qüdrətli sütunlarından biridir. O, İran qanunvericiliyinin islam ehkamlarına uyğunluğunun təftişi və müxtəlif seçkilərdə namizədlərin təsdiqinə görə sorumlu Konstitusiya Keşikçiləri Şurasının sədridir. Ayətullah Cənnəti 1980-ci ildə yarandığı andan Şuraya daxildir və 1988-ci ildən ona başçılıq edir. Cənnəti Keşikçilər Şurasına sədrlikdən savayı, Məqsədəuyğunluq üzrə Şuraya və İran Ali Milli Təhlükəsizlik Şurasına daxildir. Ayətullah Cənnətinin İran siyasətinə böyük təsiri olub və olur. Ona tez-tez keçmiş prezident Mahud Əhmədinejadın və silahlı qüvvələrə və İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı daha xeyli şəxsin ruhsal rəhbəri və hamisi kimi yanaşırlar. Məsələn, keçmiş müdafiə naziri (1997-2005), indi isə Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şamxaniyə. Nəzərə alsaq ki, Şəmxani həm də Xuzistan əyalətində İİKK qüvvələrinin komandanı (1981-1982), İİKK komandanının I müavini (1982-1989) və nəhayət, İİKK Quru qüvvələrinin komandiri (1984-89) idi, onda aydın olur ki, ayətullah Cənnəti birbaşa İİKK-in özünə də təsir edən, habelə ayətullah Xameneiyə son dərəcə yaxın adamdır, çünki bütün İİKK sonuncunun birbaşa tabeliyindədir. Və artıq bu zaman təəccüb doğurmur ki, ayətullah Cənnətini İİKK-in keçmiş komandanı (1981-1997), indi isə Məqsədəuyğunluq üzrə Şuranın üzvü, ifrat qəddar mühafizəkar, bəzən İİKK-in xarici əməliyyatlarına başılıq etdiyi iddia olunan Möhsün Səbzəvar Mirqaid Rzainin də ruhsal qəyyumu adlandırırlar.
İranda İslam İnqilabından dərhal sonra kürd əhalili bir sıra yerlərdə silahlı üsyan qızışanda məhz ayətullah Cənnəti sülh danışıqlarında fəal iştirak edib. Məhz onun Sənəndəcə sülhyaradıcı missiyasından sonra qarşıdurma dayanıb, sonra isə başqa yerlərdə də adamlar silahı yerə qoyub islam inqilabını qəbul ediblər.
Ayətullah Cənnəti habelə bölgədəki kürd amili haqda özəl bəyanatlarıyla məşhurdur. Məsələn, 1991-1992-ci illərdə dəfələrlə deyib ki, İran Türkiyədəki “kürd qardaşlar”a dəstək verə bilər.
Təbii, o illərdə bu cür bu ritorika ondan doğmuşdu ki, ABŞ Türkiyənin MİT xüsusi xidməti vasitəsilə Türkiyəni İranla fəal şəkildə savaşa hazırlayırdı. İran əks-kəşfiyyatçıları 1992-ci ildə bu “özəl layihə”ni ifşa etdikdən sonra MİT-in dərhal iki keçmiş əməkdaşı bunu etiraf edib və təəccüblüdür, ya deyil, bir neçə aydan sonra Türkiyə prezidenti – yeri gəlmişkən, milliyyətcə kürd olduğunu açıq şəkildə etiraf edən – Turqut Özal gözlənilmədən vəfat edib. Həm də, sözgəlişi, infarkt Özalı praktik olaraq Azərbaycana səfərdən dərhal sonra yaxalayıb.
Mövzumuza birbaşa dəxli olmasa da, lakin PKK lideri Abdulla Öcalan 1996-cı ildə deyib ki, Özalı Türkiyə xüsusi xidmətləri zəhərləyib. Bu o səbəbdən baş verib ki, Özal 1993-cü ildə silahlı münaqişənin tənzimlənməsi haqda kürdlərlə anlaşıb və bunu məhz aprelin 17-də, yəni vəfat etdiyi gün açıq elan etməyə hazırlaşıb.
Prezidentin dul xanımı işə yenidən baxılmasını tələb edib, amma müraciəti nəticəsiz qalıb. 2012-ci il oktyabrın 2-də İstanbulda Özalın qalıqlarında zəhər axtarmaq məqsədilə onun cəsədinin ekshumasiyasına başlayıblar. Artıq noyabrın 2-də elan olunub ki, həkimlər Turqut Özalın toxuma qalıqlarının laborator araşdırmalarının gedişində nadir zəhərli maddənin – strixnin-keratinin izini aşkarlayıblar və nəticəyə gəliblər ki, Özal bununla zəhərlənib. Strixnin haqda məlumat rəsmən təsdiqlənməyib. 2012-ci ilin dekabrında məlum olub ki, siyasətçinin qalıqlarında dərhal dörd zəhərli maddə tapılıb – amersium, polonium, kadmium və insektitsid DDT.
General-mayor Seyid Yəhya Rəhim Səfəvi
Ayətullah Əli Xameneinin baş hərbi müşaviri Seyid Yəhya Rəhim Səfəviyə gəlincə, çoxları təkcə onu deyil, bütün Səfəvilər nəslini etnik kürdlər adlandırırlar. O, Ali liderin ən güvəndiyi şəxslərdən biridir, birbaşa ancaq ayətullah Əli Xameneiyə tabedir. BMT TŞ-nin 2006-cı ildə qəbul etdiyi 1737 saylı qətnaməyə əsasən general- mayor Səfəvi “həm nüvə proqramına, həm də ballistik raketlər üzrə proqrama qatılmış şəxs” kimi sanksiya altına düşüb. Məhz general-mayor Səfəvi 2010-cu ildən başlayaraq Türkiyə və Azərbaycanın ünvanına sərt tənqidlərlə qeydə alınıb. Xüsusən də İran sərhədçiləri qətlə yetiriləndən (2014, 2017-ci illərdə) və müəyyən qədər təəccüblüdür ki, Dağlıq Qarabağda vuruşan orduların 2016-cı ilin aprelində təmas xəttində qarşıdurmasından sonra. Və 2017-ci ilin payızında məhz general-mayor Səfəvi İraqda kürd referenmdumu üzrə bildirib ki, “İraq Kürdüstanında referendum, bir tərəfdən, muxtariyyət başçısı Məsud Bərzaninin acgöz tamahgirliyi və iddialarının, digər yandan isə xaricilərin sionistlərə, amerikalılara və bir sıra ərəb dövlətlərinə İraq Kürdüstanı bölgəsində nifaqı kəskinləşdirməyə dəstəkdə bütün cəhdlərinin nəticəsidir”.
Əmin olmaq mümkündür ki, ölkənin hakim elitasındakı bu cür şəxslər haqda başqalarındansa İran kürdlərinə daha yaxşı məlumdur. Təbii ki, İran kürdləri (əlbəttə, gerçəklikdə kürd sayılması mümkün olanlar – yəni kurmanci ləhcəsində danışanlar) bununla hesablaşmaya bilməzlər ki, ayətullah Əli Xameneinin inanılmış koqortasında birinci xətdəkilər onların təmsilçiləridir. Bütün hakimiyyət olmasa da, önəmli rıçaqlar onsuz da kürdlərin əlindədirsə, onda bu cür durumdan niyə məhrum olsunlar? Bununla belə, İranda heç də hər şey bədnam “informasiya şəffaflığı”nın ixtiyarına verilməyib və buna görə güman etmirəm ki, kimsə hələ nə qədər nüfuzlu kürdün ölkə rəhbərliyində yer tutduğunu həqiqətən bilər.
"Qüds" komandanı general-mayor Qasım Süleymani
İndi dəyərinə görə İranda ikinci, həmçinin etnik kürd olduğu iddia edilən şəxs haqda bir neçə kəlmə. Bu, İran İİKK “Qüds” xüsusi təyinatlısının başçısı, general-mayor Qasım Süleymanidir. Onun və İŞİD qruplaşmasından terrorçular üzərindəki qələbədə rolu haqda bütün dünyada yazılıb. Buna görə də əvvəllər yazılanları təkrar etməyəcəyik. Lakin xatırladaq ki, İraqda kürd muxtariyyətinin prezidenti Məsud Bərzaninin “müstəqillik referndumu”nun iflasından sonra istefa verməsinin “günahkarı” məhz odur. İraq Kürd muxtariyyəti bölgə hökumətinin Tehrandakı təmsilçsi Nazim Dabbaqın 2017-ci il oktyabrın 22-də yayılan sözlərindən aydın olur ki, sentyabrın axırı, oktyabrın əvvəlində Şimali İraqa İraq ordusu və şiə könüllülərilə birgə məhz Süleymaninin özünün başçılığıyla “Qüds” xüsusi təyinatlısının hissələri də girib. Dabbaqın sözlərinə görə, kürd liderlər Süleymaninin bu yöndə səylərini alqışlayaraq müstəqillik referendumundan sonra meydana çıxan problemləri danışıqlar yoluyla həll etməyə hazırdırlar: “Cənab Süleymani o kəsdir ki, İraq kürdlərinə vicdanla yanaşıb və İraq Kürdüstanında referendum keçirilənədək onun haqqında xəbərdarlıq dərc edib, – Dabbaq deyib. – İran Kürdüstanın bölgə və İraqın mərkəzi hökumətləri arasındakı problemi İraq konstitusiyası əsasında həll etməyə cəhd edir və biz İranın bu haqda tədbirlərini müsbət kimi dəyərləndiririk”.
Süleymanini vasitəçilik roluna görə tərifləyən İraq kürd qanunvericisi Məsud Heydərin də sözləri bu bəyanata uyğun idi. Məsud Heydər məlumat verib: “Bu yaxınlarda referendum keçirilərək İraq baş naziri Heydər əl-Abadinin rəhbərliyi altında və “Qüds” qüvvələri komandanı Qasım Süleymaninin vasitəçiliyi ilə referendumun nəticələrinin göstərilməyən vaxtadək ləğv edildiyi əsasında İraq xalq qüvvələri (yəni “əl-Həşd əş-Şəabi” könüllü yığması) komandanı Hadi əl-Əmiri ilə Kürdüstran Vətənsevərlər Birliyinin (KVB) komandanı Bafel ət-Tələbani arasında 9 maddəlik saziş imzalanıb”.
Deməli, İraq kürdlərinin özləri – düzdür, Bərzaninin və onun Kürdüstan Demokratik Partiyasının rəqibləri – 25 sentyabr referendumunun siyasi nəticələrinin baş tutmamasının səbəbini səsləndiriblər. İran “Qüds” xüsusi təyinatlısı və şəxsən Süleymaninin vasitəçiliyilə Bərzaninin opponentləri onu ya inandırıblar, ya da Bərzani qəbiləsinə sübut ediblər ki, “səhv” baş verib. "Reuters" agentliyinin xəbər verdiyinə görə, başqa kürd qanunvericiləri də bildiriblər ki, İraq baş naziri əl-Abadi öz qoşunlarına Kərkükə irəliləmək əmri verməzdən qabaq general-mayor Süleymani, Süleymaniyyə şəhərində İraqın iki əsas kürd siyasi partiyasından biri KVB liderləri və Tehranın müttəfiqlərilə görüşüb. "Reuters" xəbər verib – Süleymani kürd liderlərə deyib ki, peşmərgə qüvvələri Qərbin və bölgə dövlətləri, o cümlədən İran və Türkiyənin dəstəklədiyi əl-Abadinin qüvvələrini enə bilməz. "Reuters" KVB-dən deputatlardan birinə istinadən yazıb: “Süleymaninin səfəri… qərar qəbul edən şəxslərə son şans verməliydi ki, qaçılmaz səhv buraxmasınlar”. KVB-nin aparıcı məmuru Əla ət-Tələbani ərəbdilli “əl-Hədat” telekanalına danışıb: “Süleymani bizə məsləhət gördü ki, Kərkük ”qanuna və konstitusiyaya qayıtmalıdır, ona görə də, gəlin, anlaşaq”. Və nəticə kimi – bu barədə hətta bütün kürd KİV-ləri məlumat verib – sən demə, Bərzani istefadan qabaq, əslində, ayətullah Əli Xameneiyə üzr məktubu göndərib, çünki bu, general-mayor Süleymaniyə ünvanlanmışdı. Lakin İranda Ali baş komandan İslam inqilabının Süleymaninin də tabe olduğu Ali lideridir.
İran AMTŞ katibi, kontr-admiral Əli Şəmxani
Şəmxaniyə – ayətullah Cənnətinin ruhsal şagirdinə gəlincə, məsələ burasındadır ki, iğtişaşlar boğulduqdan sonra yeni şəkildə anlayırsan ki, İran AMTŞ katibi etiraz çıxışlarına on gün qalmış niyəsə məhz Kürdüstan ostanına səfər edib və orada yerli ictimaiyyətlə, hərbçilər və s.-lə görüş keçirib. Kontr-admiral Şəmxaninin dekabrın 18-də Kürdüstanda dediyi nələrisə yada salmaq istəyirik: “Güvənliyin təmini sərhədlərlə məhdudlaşıbsa, ölkəmiz daha qərar qəbul edən olmayacaq. Biz Suriya və İraqda terrorizmlə mübarizəni dəstəkləməsəydik, İŞİD və başqa terror qrupları onların əvəzinə qərar qəbul edən olacaqdı. İranın İraq və Suriyaya göstərdiyi dəstək İranın iç güvənliyini saxlamağa yönəlmişdi”.
Bu sözlərdən bir həftə sonra İranda ABŞ və İsrailin “inqilab” saydığı hadisə başlanıb. Bəs bu günki İran hakimiyyətinin sütunlarından birini İranın Suriya və İraqda fəallığının həm də “İranın iç güvənliyinin saxlanması” qayğısından doğduğuna danışmağa nə vadar etdiyi başqa məsələdir. Burada fantaziyaya sərbəstlik verib müxtəlif versiyalar irəli sürmək mümkündür. Amma səbəblərdən biri göz qabağındadır – məhz Kürdüstanda qalan izahat prosesindən savayı kürdlərə xatırladılıb ki, İraq kürdləri və şəxsən Məsud Bərzaninin “itaətsizliyi” məhz nə ilə başa çatıb.
Qalanı isə ikinci dərəcəlidir. Biz görürük ki, İran kürdləri ayətullah Cənnətinin və general-mayor Süleymaninin, general-mayor Səfəvinin və kontr-admiral Şəmxaninin rolu, onların təkcə İranın deyil, həm də bütün bölgənin kürdləri üçün əhəmiyyəti haqda çox gözəl məlumatlıdırlar. Və güman etməyin yeri var ki, İranın antihökumət əhvali-ruhiyyəli kürdləri vaxtında düşünüb və hesablayıblar ki, onların “sükutu” ən yaxşı davranış forması olacaq. Axı İranın ən nüfuzlu xadimləri – İranın özündə və hüdudlarında kənarda, o cümlədən bütün bölgənin kürdlərinə təsiri mütləq şəkildə rəddedilməz olan “etnik kürdlər” həmişə onların yanına getməyə hazır olacaqlar.
Yadımdadır, İraq Kürdüstanı KİV-ləri 2016-cı il noyabrın 7-də tələsə-tələsə “Mosul yaxınlığında İŞİD döyüşçülərini strateji mühüm şəhər Bəşikdən vurub çıxaran İraq Kürdüstanı peşmərgəsinin müzəffər” həmləsindən yazmışdı. Lakin artıq həmin il 8-9 noyabr məlumatlarında xəbər verilirdi ki, sən demə, Türkiyə PKK-sının peşmərgəsi Bəşiki azad edib – həm də İraqın “əl-Həşdi əş-Şəabi” şiə könüllü yığmasının bayrağı altında. Bu haqda təkcə İran KİV-ləri deyil, həm də Qərbin həmin vaxt Şimali İraqın bu hissəsində olan bəzi müşahidəçiləri məlumat veriblər. İran KİV-ləri o zaman məlumat verib ki, Türkiyə və ABŞ-ın etirazına baxmayaraq PKK dəstələri Mosul uğrunda döyüşlərə qatılıb. Həm də o zaman İranda necəsə özəl vurğuyla ayrıntı vermişdilər – “Türkiyəyə düşmən olan”. Ankaranı qorxudan daha çox buydu ki, PKK kürdlərinə “əl-Həşdi əş-Şəabi” şiə milisinin komandirləri rəhbərlik ediblər. Əvəzində araşdırıcı və ekspertlər İranın “əl-Həşd əş-Şəabi” könüllü yığması vasitəsilə Öcalanın PKK-sı ilə də təmaslar, ya da, heç olmasa, Türkiyə kürdlərinin bir qismi üzərində nəzarət qurduğunun istisna olunmadığı haqda qiymətli məlumatlar əldə ediblər.
Əminlik ifadə edək ki, İran kürdləri çevrədəki dünyadan fərqli olaraq bu haqda da bilirlər. Xüsusən də onlara əvvəlcədən xəbərdarlıq edilmişdi – İranın bölgədəki bütün tədbirləri – o cümlədən, kürd məsələsi üzrə – İİR-in daxil güvənliyinin təminiylə birbaşa bağlıdır. Bu sahədə isə yumurtanın qiyməti kiminsə gözündə deyil. Hətta İran kürdlərinin də.
Tərcümə Strateq.az-ındır.