XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2018 - 19:11

İsrail-sünni ərəb dövlətlər ittifaqı:ekspertlər bu ideyanı niyə xam xəyal hesab edir? - TƏHLİL

Ben Linfild

“Jerusalem Post”

 

İsrail və sünni ərəb dövlətləri arasında əsl ittifaqın yaradılması, İranla bağlı ümumi narahatlıqdan daha çox əsas tələb edir. Əmmandakı İsrail Araşdırmaları Mərkəzinin direktoru Çərşənbə axşamı Tel-Əvivdə keçirilən tədbirdə belə deyib.

Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun illik konfransında İsrailin regional perspektivləri üzrə paneldə çıxış edən Abdullah Savalha bildirib: "İranı bu ittifaqın yeganə komponenti etmək kifayət deyil. Əgər İran rejimi çökərsə, İsraillə sünni dövlətlər arasında nə baş verəcək?"

"İttifaq üçün qarşılıqlı maraqların şəbəkəsini qurmalıyıq: enerji, su, texnologiya və s."

İnfrastruktur, su və enerji naziri Yuval Steynitz bu yaxınlarda poçt əlaqələrindən söz açarkən, Savalha sünni dövlətlərlə əlaqələrin mövcud sərhədlərini vurğulayıb.

O deyib: "Yaxınlaşma çox sirr pərdəsi ilə örtülüb, yalnız pərdə arxasında gedir. Ərəb dövlətləri cəmiyyətdə hər hansı bir normallaşma etmək istəmir və İsrail ərəb dövlətlərinin iradəsinə hörmət edir. Ən çox ziyan çəkənlər bölgənin xalqlarıdır. Təəssüf ki, qaliblər anti-normallaşma aktyorları, BMS (“Boykot, Məhdudlaşdırma və Sanksiya Hərəkatı” – tərc.) fəalları və sülhün düşmənləridir".

Savalha, həmçinin qarşılıqlı əlaqələrdə sağlam ünsürləri yaratmaq üçün şəraitin qeyri-sağlam olduğunu söyləyib: "Hökumətlər arasındakı qarşılıqlı əlaqəni görmüşük, ancaq vətəndaş cəmiyyəti səviyyəsində və ya insani münasibətlərdə bu yoxdur. Tərəfdaşlıq barədə məlumat verilməzsə, İsrail və sünni dövlətlər xalqın dəstəyini itirəcək və millətlər arasında maneələri pozmaqda və boşluqları daraltmada heç bir irəliləyiş əldə edə bilməyəcəyik".

Savalha, Fransa və Almaniyanın 1950-ci illərin əvvəllərində fransız Şumanın Avropa Kömür və Polad Birliyinin yaratması planını həyata keçirməyə və bənzər iqtisadiyyatların iç-içə birləşməsinə çağırıb. "Fransa və Almaniya arasında müharibəyə yol verməmək, onu ağlagəlməz etmək üçün avropalılar kimi hərəkət etməliyik”.

Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun illik konfransında ərəb dövlətləri, İsrailin ərəb vətəndaşları və fələstinlilərlə əlaqədar çıxış edən Abdullah Savalha 50 natiqdən və ərəbcə danışanlar iki nəfərdən biri idi.

“New York Times” qəzetinin köşə yazarı Tomas Fridman paneldəki çıxışında İsrail-Fələstin münaqişəsi həll edilmədən İsrailin Ərəb dünyasında açıq sülh əlaqələri qurma ehtimalının olmadığını söyləyib. "Baş nazir Benyamin Netanyahu ilə razılaşmıram ki, ərəblər İsraillə sülh quran ilk tərəf olacaq. Bu, xam xəyaldır".

Bu yaxınlarda Səudiyyə Ərəbistanı kralı və şahzadə Məhəmməd bin Salmandan müsahibə almış Fridman əlavə edib: "Səudiyyə Ərəbistanı hazırda böyük bir gərginlik şəraitindədir. Kral Salmanın bir çox cəbhədə həyata keçirməli olduğu daxili islahatlar sistem içərisində böyük stress və şiddət yaradır… Bu islahatların tənqidçilərinin, din xadimlərinin yəhudilərlə yan-yana duraraq özlərini ifşa edəcəkləri ideyası fantaziyadır”.

Fridmanın fikrincə, İsrail-Səudiyyə əlaqələrini açmaqla, İran rəsmi Riyad əleyhinə regional kampaniyaya başlayacaq. Yazar deyib: "Bu iranlılar üçün hədiyyə olacaq".

Həmçinin Tomas Fridman deyib ki, səudilər və başqaları ilə münaqişənin açıq normallaşması Fələstin baxışının doğuracağı rezonans səbəbindən mümkün deyil. "Fələstin düşüncəsi bu mədəniyyətlərin dərinliyindədir. Kəşfiyyat rəsmiləri və elita ilə ünsiyyətdən aldanmayın. Ərəb əleyhdarlığı küçədən zirzəmiyə qədər dərinə enib. Yaxın Şərqdə bütün məsələlər insanların dilindən ictimaiyyətə bəyan edilir. İndi bunu görmürük – bu, illüziyadır".

Fridman əlavə edib ki, İsrail 2002-ci ildə ərəb sülh təşəbbüsünü dəstəkləmədən də regionda irəliləyiş əldə edə bilər. Məlum sülh təşəbbüsü İsrailin Qərb Şəriyə, Qəzza və Colan Təpələrindən çıxması şərtinə əsaslanırdı. Ərəb Liqası ölkələri ilə bu şərt daxilində İsrailin tanınması və münasibətlərin normallaşmasını irəli sürürdü, fələstinlilərlə münaqişəni həll etmək üçün "yaradıcı" səylər göstərməyə razı idi.

ABŞ-ın BMT-dəki keçmiş səfiri Zalmay Xəlilzad da Səudiyyə Ərəbistanının İsraillə açıq əlaqələr qurmağa hazır olduğuna şübhə ilə yanaşır. "Səudiyyə Ərəbistanının İsraillə rəsmi münasibətlər və ya normal münasibətlər qurması hazırda mümkün deyil. İranla rəqabət və daxili proseslər, yəni böyük təsirlər və maneələrə sahib olan islahatların böyük nəticələri olacaq. İsrailin ərəb sülh təşəbbüsünü qəbul etmədən hərəkət etməsi risklidir. İran təhlükəsinə istinadən əməkdaşlıq isə əhəmiyyətli potensiala malikdir".

 

Tərcümə: Strateq.az