XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 20:22

RUSİYANIN XARİCİ KƏŞFİYYAT “ŞEFİ” ABŞ-A NİYƏ GEDİB?- Adı sanksiya siyahısında olan Narışkinin qəfil və gizli səfəri qalmaqal yaradıb

Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin bu yaxınlarda Birləşmiş Ştatlara qəfil səfər edib. Ruslar da, amerikalılar da Narışkinin ABŞ-da olmasından Rusiyanın bu ölkədəki səfiri Anatoli Antonovun açıqlamasından sonra xəbər tutublar.

Səfir iki gün əvvəl "Rossiya" telekanalının "60 dəqiqə" verilişinə müsahibəsində bildirib ki, Narışkin Vaşinqtonda amerikalı həmkarları ilə görüşərək, terrorçuluğa qarşı birgə mübarizəyə dair məsləhətləşəmələr aparıb. İki ölkənin kəşfiyyat orqanlarının 2014-cü ildən təmasda olduğunu deyən diplomat bu işbirliyinin qarşıdakı futbol üzrə dünya çempionatında da davam etdiriləcəyini qeyd edib.

ABŞ Milli Kəşfiyyat İdarəsi məlum səfərlə bağlı sualı cavablandırarkən faktı nə təsdiq, nə inkar edib. İdarədən bildiriblər ki, ABŞ kəşfiyyat orqanlarının iş qrafiki müzakirəyə çıxarılmır. "Lakin əmin ola bilərsiniz ki, xarici kəşfiyyat orqanları ilə istənilən əməkdaşlıq ABŞ qanunvericiliyinə uyğun şəkildə, eləcə də müvafiq nazirlik və ya qurumla məsləhətləşmələr çərçivəsində aparılır", – deyə idarənin rəsmisi Timoti Barret bildirib. 

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə Narışkinin səfərini şərh etməkdən ümumiyyətlə, imtina edib.
 
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat "şefi"nin adı Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı ABŞ-ın 2014-cü ildə (həmin vaxt Narışkin Rusiya Dövlət Dumasının sədri idi) tərtib etdiyi sanksiya siyahısındadır. Bu baxımdan onun Birləşmiş Ştatlara səfər etməsi qadağandır. İstisna yalnız o halda ola bilər ki, həmin şəxsin səfəri ABŞ maraqları ilə ziddiyyət təşkil etməsin. 

Narışkinin adı ABŞ Maliyyə Nazirliyinin son sanksiya siyahısında – bugünlərdə Konqresə təqdim olunan qalmaqallı "Kreml hesabatı"nda da yer alıb. Bundan başqa, Ukraynanın ərazi bütövlüyünün pozulması ilə bağlı Narışkin Avropa Birliyinin, həmçinin Kiyevin də sanksiya siyahısındadır. 

Həm sanksiyaya, həm də Tramp administrasiyasının Rusiya ilə mümkün əlaqələrinə dair səngiməyən ittihamlara görə Sergey Narışkinin səfəri ABŞ-da qalmaqala səbəb olub.

 

Cak Şumer

 

Demokratların Senatdakı lideri Cak Şumer bu səfərlə bağlı Ağ Evdən izahat tələb edib. Şumer bildirib ki, Prezident Administrasiyası təcili cavab verməlidir ki, Narışkinlə ABŞ rəsmilərindən kimlər görüşüb. Həmçinin açıqlanmalıdır ki, Narışkini Rusiyadan kimlər müşayiət edib, onların arasında adı sanksiya siyahısında olanlar varmı. Senantorlar əmindilər ki, Narışkin ABŞ-a tək gəlməyib və onunla gələnlər arasında məlum sanksiyalara məruz qalanlar var.  

Şumer hesab edir ki, Sergey Narışkinin səfəri prezident Donald Trampın Rusiyaya növbəti sanksiyaları tətbiq etməmək qərarı ilə bağlıdır. Tramp Rusiyaya qarşı son sanksiyanın da dərhal tətbiqinə qarşı çıxıb. Bu, "Kreml hesabatı"nda yer alan 210 nəfəri (144-2 siyasi xadim, 96-sı iş adamı) sanksiyadan azad etməsə də, təhlükəni müvəqqəti uzaqlaşdırır. Amerikalı müxaliflər isə bu sənədi Trampın Rusiya əleyhinə addım atması üçün test sayırlar.  

Şumer Rusiyaya növbəti sanksiyalar tətbiq etmək istəmədiyinə görə Trampı bundan əvvəl də tənqid etmişdi. O bildirmişdi ki, ABŞ prezidenti Tramp rusiyalı həmkarı Vladimir Putinə həddən artıq yumşaq davranır. 

"New York Daily News"un yazdığına görə, Sergey Narışkin Vaşinqtona səfəri zamanı ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Den Koutsla və qurumun digər yetkililəri ilə görüşüb. 
 
ABŞ Antiterror Mərkəzinin rəhbəri Nikolas Rasmussen hələ ötən ilin dekabrında bildirmişdi ki, Moskva və Vaşinqton futbol üzrə dünya çempionatının təhlükəsizliyinə dair müzakirə aparıblar. Və tərəflər çempionat ərəfəsində kəşfiyyat məlumatlarını mübadilə etmək üçün mexanizmin hazırlanmasına qərar veriblər. 

 

Putin və Tramp

Yeni administrasiyanın Rusiya ilə təmasları Birləşmiş Ştatlarda daxili siyasətin alətinə çevrilib. Bu baxımdan Narışkinin ABŞ-a səfəri istər-istəməz səs-küyə səbəb olub. Bura, səfərlə bağlı məlumatların gizli saxlanılmasını, üstəlik Narışkinin adının sanksiya siyahısında olmasını da əlavə etsək, qalmaqalın miqyasının niyə böyük olduğu aydınlaşar. Baxmayaraq ki, Narışkin sanksiyaya Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri kimi yox, Dövlət Dumasının sədri kimi məruz qalıb.   

Bir reallıq da var ki, Rusiya ilə ABŞ-ın xüsusi xidmət orqanları arasında təmaslar ən pis vaxtlarda belə, kəsilməyib. Nə Ukrayna böhranında, nə Soçi Olimpiadası zamanı, nə Rusiya Suriyada hərbi əməliyyatlar həyata keçirəndə. Baxmayaraq ki, Suriyada əməliyyatlara başlayan kimi, Rusiya ilk olaraq İŞİD döyüşçülərinin deyil, ABŞ xüsusi xidmət orqanlarının dəstəklədiyi suriyalı müxaliflərin (ən-Nüsra) mövqelərini bombardman etmişdi. 

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov hələ ötən il bildirmişdi ki, iki ölkənin xüsusi xidmət orqanları arasında birbaşa təmaslar var. Və bu təmaslar təkcə Suriya mövzusu ilə yox, ümumilikdə terrorizmə müqavimət məsələləri ilə bağlıdır.    

Ekspertlər deyir ki, ABŞ-da "rus izi"nin axtarıldığı hazırkı qeyri-sağlam ab-havada iki ölkənin güc strukturları arasında təmasların açıq şəkildə qurulması xeyli çətinləşib. Lakin ehtimal var ki, Rusiya Müdafiə Nazirliyi ilə Pentaqon arasında əlaqələrin davam etməsi, prezident Putinin Trampa ABŞ xüsusi xidmət orqanlarının təqdim etdiyi informasiyaya (Sankt-Peterburqda böyük teraktın hazırlandığına dair) görə minnətdarlıq etməsi gərginliyi azaldacaq. Nəticədə də xüsusi xidmət orqanları arasında görüş və digər təmaslar bu qədər kəskin, tənqidi qarşılanmayacaq.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə