XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

06 Fevral 2018 - 12:48

SEÇKİ ƏRƏFƏSİNDƏ KÖVRƏK İTTİFAQLAR –İraqın şiə, sünni və kürd siyasi elitaları içində bölünmə - TƏHLİL

İbrahim əl-Mərəşi

“Middle East Eye”

 

İraqda 2018-ci ilin may ayına planlaşdırılan parlament seçkiləri 2017-ci ildə İŞİD-in məğlub edilməsindən sonra ilk milli referenduma çevriləcək. 2003-cü ildən, Səddam Hüseynin devrilməsindən bəri məzhəbçilik (sektantizm) bu seçkidə də İraq siyasətinin endemik dinamikası olaraq qalacaq.

Buna baxmayaraq, beynəlxalq media və siyasət dairələrində nadir hallarda diqqəti cəlb edən daha böyük bir problem qalır: məzhəbdaxili bölünmə – intra-sektantizm.

Seçkiyə qədərki müşahidə prosesində şiə-sünni rəqabəti mütəmadi olaraq yoxlanılacaq, amma, fikrimcə, ən ciddi dinamika, İraqın şiə və sünni siyasi elitası daxilində, kürdlər içərisindəki gərginlikdir.

 

Bölücü daxili siyasət

 

İraqdakı şiddətli qarşıdurma və gərgin siyasi müzakirələrin mənbəyi məzhəbçilik olsa da, şiə və sünni siyasi elitaların içərisindəki bölünmələr daxili siyasəti daha da ağırlaşdırıb, beləliklə, hökumətin korrupsiya, yenidənqurma və barışıq üçün zəruri olan vacib məsələləri həll etmək qabiliyyətinə maneə törədir.

Bu problem ərəb və kürd partiyaları arasındakı gərginlik və müstəqil Kürdüstanla bağlı səsvermə zəminində iki əsas sual doğurur: birincisi, kürd partiyaları uğursuz müstəqillik təşəbbüsü əsnasında milli seçki prosesində necə iştirak edəcək? İkincisi, seçicilər seçki prosesində şiə milislərinin mübahisəli roluna necə reaksiya verəcəklər? Axı bu silahlı qruplar İraq konstitusiyasına əsasən, texniki cəhətdən siyasi quruluşlar deyil…

Bu suallara cavablar seçki qutusunda müəyyən ediləcək. Həm də tərəflər İraqın humanitar və iqtisadi müşküllərini həll etmək üçün razılıq əldə edə biləcəyi barədə qərar verəcəklər.

 

Mühasirə durumunda olan ərəb-sünni koalisiyaları

 

Seçkilərə bir neçə ay qalsa da, ərəb-sünni partiyaları İraqın məcburi köçkünlərinə evlərinə dönməsi və səslərini vermək üçün onlara kifayət qədər vaxt verilməsi üçün seçkinin təxirə salınmasını tələb ediblər.

Ən böyük ərəb-sünni bloku olan "Birləşmiş" (“əl-Muttahidun”) hesab edir ki, ədalətli seçkilər yalnız qaçqınların yurdlarına döndükləri zaman keçirilə bilər.

Hesablamalar göstərir ki, 2017-ci ilin sonunda ölkədə 2,6 milyon insan hələ də ocağına qayıtmayıb; onların əksəriyyəti ərəb-sünnidir.

Təxirə salma təklifi İraq Ali Məhkəməsi və İraqın hazırkı baş naziri Heydər İbadi tərəfindən rədd edilib. Çünki parlament seçkiləri 2017-ci ilin sentyabrından etibarən İŞİD-lə mübarizəyə görə təxirə salınıb.

Seçkiləri vaxtında-vədəsində keçirmək İbadinin, çox sayda rəqib şiə partiyası tərəfindən etirazlarına baxmayaraq, həll edilməli olduğu çoxsaylı məsələlərdən biridir.

 

Şiə koalisiyaları

 

2003-cü ildən etibarən İraqdakı seçkilər səslərin siyasətçilərdən daha çox seçki ittifaqlarına verildiyi siyahı sisteminə əsaslanır. Tərəflər səsləri maksimum dərəcədə artırmaq üçün hər seçkidən əvvəl koalisiyalar formalaşdırırlar. 2005-ci ilin ilk seçkilərində bəri, demək olar ki, bütün şiə partiyaları, kürd partiyaları kimi, vahid seçki siyahısına daxil idi.

Bu model o zamandan bəri çöküb. Misal üçün, ərəb-sünni partiyaları 2018-ci il üçün vahid siyahı altında birləşməyə razılaşmayıblar.

2018-ci ilin seçkiləri ərəfəsində İraqın rəqib şiə koalisiyaları da "İraqın qələbəsi" (“Nəsr əl-İraq”) blokunun rəhbəri kimi yenidən seçilməyə namizəd olan İbadinin çətiri altındadır.

İkincisi, sabiq baş nazir Nuri əl-Maliki "Qanun Dövləti" (“Dəvlat əl-Qanun”) koalisiyasının liderliyi ilə 2014-cü ildə itirdiyi vəzifəyə dönməyə çalışır.

Üçüncüsü, şiə milisləri "Fateh" (“əl-Fatih”) blokunda namizədlərini irəli sürüblər. Namizədlər seçkilərdə iştirak etmək üçün vəzifələrindən istefa versələr də, İranla bağlı olan hərbi birləşmələri ilə qeyri-rəsmi əlaqələrini saxlayacaqlar.

Bu namizədlər əvvəlcə İbadinin koalisiyasında birləşməyi planlaşdırıldığı halda, bu ittifaq formalaşandan bir gün sonra dağılıb. İflasın səbəbləri qeyri-şəffaf qalsa da, bunun qapalı müzakirələr zamanı fikir ayrılığına görə olduğu güman edilir.

Sabiq şiə milislər nəzəri olaraq əl-Maliki ilə eyni arabada ola bilərdi, ancaq onlar müstəqil olaraq seçilməyə qərar veriblər.

Bu, 2003-cü ildən bəri yaranmış çoxsaylı şiə siyasi qruplar arasında üçüncüdür – İraqın şiə siyasi elitasında bölünmənin göstəricisi.

 

Rəqib kürd koalisiyaları

 

Seçki qutusu iki ənənəvi kürd partiyasının taleyinə dair də qərar verəcək.

Kürdüstan Demokrat Partiyası (KDP) öz lideri Məsud Bərzaninin İraq kürdlərinə müstəqillik qazandıra bilmədiyinə görə əziyyət çəkəcəkmi? Yaxud Kürdüstan Vətənpərvərlər Birliyi (KVB) neftə zəngin Kərkük şəhərini İraq hökumətinin nəzarətinə verdiyinə görə?

Bu partiyalar hər iki hərəkətə görə çətinlik çəkə bilər, lakin korrupsiya ittihamları və yeni iş yerlərinin açılmaması, Kürdüstan Regional Hökumətinə etiraz dalğası ucbatından həm KDP, həm də KVB xeyli səs itirəcək.

Müxalif kürd partiyası "Dəyişiklik" (“Qorran”) bu narazılıqdan faydalana biləcək digər siyasi partiyalarla "Vətən" (“Niştiman”) adlı koalisiya yaratmağa çalışır.

Mübahisəli Kərkük şəhərində seçicilərin hansı partiyaya dəstək verəcəyini görmək maraqlı olacaq. KDP bu şəhərdə namizədlərini irəli sürməyəcəyini bildirib.

Kürd müxalifəti bu boykotdan öz seçici bazasını genişləndirmək üçün istifadə edə bilər.

Buna baxmayaraq, şiə siyasi elitası kimi, qırıq kürd siyasi tablosu da, özlüyündə məzhəbi, yaxud etnik eyniyyətin İraqın kürdlərini birləşdirmək üçün kifayət etmədiyini göstərir.

 

Bəzi müsbət göstəricilər

 

2018-ci ilin seçki dövrü üçün bu mənfi proqnozlara baxmayaraq, bəzi müsbət əlamətlər var.

Birincisi, İraqda məzhəbçi partiyaların milli hərəkatlar kimi özlərini yenidən yaratması mümkün görünür.

Məsələn, 2006-08-ci illədə şiə dini lideri Muqtada əl-Sədrin tərəfdarları əllərini məzhəbçi repressiyalarda bulaşdırmışdı. 2018-ci ildə Sədr İraq Kommunist Partiyası ilə birgə siyahı elan edib. Bu, dünyəviçilərlə islamçıların anomal birlik nümunəsidir.

İkincisi, İraq seçkilərinin nəticəsi ilə bağlı bir çox sualların indidən cavabı yoxdur. Səsvermənin nəticəsi mütləq şəkildə əvvəlcədən təyin etmək olmur.

İraqda qüsurlu demokratiya mövcuddur, amma nisbi regional baxımdan, yeni İraq hökumətinin İŞİD-in məğlubiyyətindən yararlanmaq və ilk növbədə, onun yüksəlməsinə gətirib çıxaran əsas problemlərlə məşğul ola biləcək yeni perspektivləri mövcuddur.

 

Tərcümə: Strateq.az