XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 Fevral 2018 - 10:58

İRANDA ETİRAZLARIN İKİNCİ DALĞASI GÖZLƏNİR –"Şiə ayparası"na çəkilən xərclər etirazların əsas səbəbidir – Təhlil

Aleksandr Jelenin

rosbalt.ru, 06.02.2018

 

İslam Respublikasında imperiya siyasət kursu və neft dollarından asılı, texniki baxımdan geridə qalmış iqtisadiyyat arasında kəskin münaqişə var. Tehran hökuməti Yaxın Şərqdə “şiə ayparası” sıralamaqla ölkəni taqətdən salıb.

Rusiyada Suriya müharibəsində Moskvanın situativ müttəfiqi olan İranda daxili sabitsizlik mövzusunu qaldırmamağa çalışırlar, lakin hər şeyə əsasən, İslam Respublikasında etirazlar davam edir. Çıxışlar hələlik dekabr-yanvarın əvvəlindəki miqyaslara çatmasa da, bununla belə, İranın gah bu, gah da o biri şəhərində alovlanır. Yaxın və Orta Şərq üzrə mütəxəssis Mixail Maqidin fikrincə, faktiki olaraq indi İran etirazlarının ikinci dalğasından danışmaq olar.

Xatırladaq ki, müxtəlif hesablamalara əsasən, etiraz aksiyalarında birinci dalğa zamanı İranın, təxminən, 100 şəhərində ümumilikdə 40 mindən 400 minədək adam iştirak edib. Hökumət çıxışlar dalğasını yatırtmağa nail olub, bu zaman 22 nəfər öldürülüb.

Bəs İranda indi nə baş verir?

“İrandan gələn məlumatlara əsasən, etirazçıların böyük hissəsi İran ruhani lideri Əli Xameneiyə qarşı ahəngli şüarlar səsləndirməklə İran Azərbaycanının paytaxtında – Təbriz şəhərində toplaşıb. Çıxışlar son günlərdə milyonçu şəhər, metallurgiya sənayesi mərkəzi və əhalisinin önəmli hissəsini ərəblər təşkil edən Xuzistan əyalətinin paytaxtı Əhvazı da bürüyüb”.

Maqidin məlumatına görə, İranın indiki rejiminə qarşı çıxış ediblər. Çıxışlar habelə mərkəzi İranda Nəcəfabad şəhərində keçib. İştirakçılar repressiyalara qarşı etiraz ediblər. Mütəxəssis əlavə edir – nəhayət, Luristan əyalətində əmək şəraitinə etiraz edən dəmiryolçu fəhlələrin mitinqləri ikinci həftədir davam edir. Axırda yanvarın 31-də ölkə paytaxtında  – polisin hicab saxlamağa qarşı çıxan 29 qadını həbs etdiyi Tehranda etirazlar başlanıb.

Ekspert etirazçıların təkcə inadına deyil, həm də “tələblərinin geniş spektrinə” diqqət yetirir. O deyir – İranda 2009-2010-cu illərin uğursuz Yaşıl İnqilabının gedişatında “mitinqçilər yalnız seçkilərdə saxtakarlığın dayandırılmasını istəyirdilərsə, bu gün tələblər tamamilə başqa cür və olduqca genişdir”.

Onun sözlərinə görə, “fəhlələr və şəhər yoxsulları qiymət artımı, işsizlik və pis əmək şəraitinə qarşı çıxış edib, tətillərə əl atıblar. Cəmiyyətin orta təbəqəsi – tələbələr, ofis işçiləri və başqaları siyasi quruluşun dəyişdirilməsi və İslam Respublikası sisteminin ləğvi hada referendum keçirməyi tələb ediblər”.

Bununla yanaşı, qadınların hicabı ictimai şəkildə açması çıxışların mühüm elementi olub. İran hüquq müdafiəçisi və vəkil Nəsrin Sotoudeh özünün Facebook səhifəsində məlumat verib ki, hicabı açmağa görə Tehranda həbs olunmuş, fotoşəkli etirazların simvoluna çevrilən qadın bu günlərdə həbsdən azad olunub və evinə dönüb. Nəsrin yazıb: “Ümid edirəm ki, bu inqilabçı qızın məhkəmə təqibi olmayacaq. Onun başına toxunmazdan öncə qollarınızı kəsib atın”.

İstisna deyil ki, bu cür faktlar İrandakı durumun klassik formula keçdiyi məqamın gəlişindən xəbər verir: “Aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki üsullarla idarə edə bilmir”.

Nəhayət, Maqidin fikrincə, çox önəmli məqam budur ki, mitinqə toplaşmış iranlılar həm də antisavaş, xüsusən də “İranın Suriya və Livanda iştirakı əleyhinə” şüarlarla çıxış edirlər. O, qeyd edir ki, “2009-2010-cu illər Yaşıl İnqilabında buna bənzər heç nə olmayıb. Etiraz iştirakçıları dövlət siyasətinin bütün yönlərinə hücum edirlər”.

Maqid İranda etiraz hərəkatı iştirakçılarının nə qədər ciddi kökləndiyi haqda sualı  cavablandırarkən qeyd edir ki, onun fikrincə, “bu çıxışlar radikallıq dərəcəsinə görə 1979-cu il İslam inqilabından hələlik çox uzaqdır”.

O xatırladır ki, o zaman 300 min tehranlının şah rejiminə qarşı ümumi tətillərlə müşayiət olunan silahlı üsyanı baş verib və bu gedişatda bir sıra böyük zavodların fəhlələri onları ələ keçirib və orada özünüidarəçilik sistemi – birbaşa əmək demokratiyası qurublar.

Və ekspert yenə də güman edir ki, “çağdaş etirazların inadcıllığı, şüarların geniş spektri, hərəkatda əhalinin ən müxtəlif qruplarının – şəhər yoxsullarından (onlar 2009-cu ildə rejimin dayağı idilər) əhalinin orta zümrəsinə (Yaşıl inqilab zamanı məhz onlar etiraz ediblər) qədər iştirakı, etirazların milli azlıqların məskunlaşdığı bölgələrə (Güney Azərbaycan, Xuzistan, Şərqi Kürdüstana) yayılması – bütün bunlar İran hökuməti üçün pis siqnallardır”.

İndiki etirazların əsas səbəbi ekspertə bunda görünür ki, “İran rəhbərliyi “şiə ayparası” – ölkə sərhədlərindən Aralıq dənizinə qədər böyük imperiya sıralamaqla iqtisadiyyatı həddindən artıq gərginləşdirib”.

“Şiə qardaşlar”a dəstək: İraq və Suriyadakı rejimlər, İraqda nəhəng könüllü yığması (“Həşd əş-Şəabi”), Livanda “Hizbullah” qruplaşması (Yaxın Şərqdə ən yaxşı ordulardan biri), Yəməndə üsyançılar – bütün bunlar çox baha oturur. Maqid qeyd edir: “Lakin Tehran hökuməti özünün xarici istilalarından və Suriya vətəndaş müharibəsində iştirakdan imtina niyyətində deyil”.

Ekspert bu iddianın sübutu kimi İranın ruhani lideri Əli Xameneinin (ölkənin faktiki ali rəhbəri) beynəlxalq məsələlər üzrə müşaviri, bu günlərdə İranın bölgəsəl təsirinin “qaçılmaz” olduğunu və ABŞ-ın basqısına baxmayaraq ölkə rəhbərliyinin Yaxın Şərqdə öz ekspansiyasını dayandırmaq niyyətində olmadığını deyən Əliəkbər Vilayətinin sözlərini misal gətirir.

Bu arada İranın təkcə Suriya prezidenti Bəşər Əsədə maliyyə dəstəyi ildə 6-8 milyard dollar təşkil edir, halbuki İranın özündə qiymətləör qalxır, gənclər arasında işsizlik isə 30-40%-ə yetir.

Maqid nəticəyə gəlir – problem bundadır ki, “İran Əsədə və “Hizbullah”a milyardlarla dollar göndərəcək qədər varlı deyil. İranın əsas ziddiyyəti parlaq imperiya siyasətiylə zəif, neft dollarından asılı, texniki baxımdan geridə qalmış, əhalinin önəmli hissəsinin tələbatını ödəmək qabiliyyəti olmayan iqtisadiyyat arasındakı münaqişədir. Bu ziddiyyət gec, ya tez yeni, daha güclü sosial partlayış doğura bilər”.

 Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə