XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2018 - 19:45

TÜRKMƏNİSTAN PREZİDENTİ DƏ OĞLUNU ÖZ YERİNƏ BELƏ HAZIRLAYIR –Bir gün orduda olmayıb, ancaq podpolkovnikdir...

Son ilyarımda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədovun oğlu Sərdarın fəallığı gözəçarpan dərəcədə artıb. Dövlət mediası da onun şəxsiyyətinə böyük diqqət ayırır.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov oğlu Sərdarla birlikdə Aşqabad yaxınlığındakı Axaltəkə at kompleksinə baş çəkib.

Fevralın 4-də ölkənin rəsmi mediası xəbər verib ki, axaltəkəliləri ziyarət edən Türkmənistan prezidenti "Qucurlı" ("Güclü") adlı köhlən atın üzərində, oğlu isə "Miras" adlı atla gəzintiyə çıxıblar.

«Prezident Qurbanqulu Berdımuhammədov "Miras"ın belindəki oğlu Sərdarla kütləvi bədən tərbiyəsi və sağlamlaşdırma hərəkatının, eləcə də idmanın inkişafına dair fikir mübadiləsi aparıblar», – dövlət informasiya agentliyinin məlumatında belə deyilir.

 

«Miras»la qalib gəlib

 

Ötən ilin aprelində Türkmənistan prezidenti "Miras" adlı atla yarışa qatılaraq qalib olub. Rəsmi mətbuat yazır ki, o, bundan sonra layiq görüldüyü baş mükafatı atçıların ehtiyaclarını ödəməsi üçün onlara hədiyyə edib.

Daha öncə bildirilirdi ki, ləqəbi "Miras" olan tünd qonur rəngli atı prezidentin nəvəsi, böyük qızı Gülcahanın oğlu Kərimqulu Berdımuhammədov böyüdərək, yarışa hazırlayıb.

Türkmənistan prezidenti Berdımuhammədov üçün at gəzintiləri vaxtaşırı məşğuliyyətdir. Bu gəzintilərdə bəzən ailə üzvləri də onu müşayiət edirlər. 2017-ci ilin yazında Qurbanqulu Berdımuhammədov oğlu Sərdar və nəvəsi Kərimqulu ilə birlikdə velosiped və at gəzintisinə də çıxıb.

Son ilyarımda Sərdar Berdımuhammədovun ictimai-siyasi fəallığı gözəçarpan dərəcədə artıb. Dövlət mətbuatı da ona daha çox diqqət ayırmağa başlayıb. Bununla yanaşı, onun atasının siyasi davamçısı roluna hazırlandığına dair söz-söhbət də artmaqdadır.

Türkmənistan prezidentinin oğlu Sərdarın siyasi karyerası haqda ilk məlumatlar 2016-cı ilin yayında gündəmə gəlib. Həmin ilin iyulunda müstəqil informasiya mənbələri onun Xarici İşlər Nazirliyi strukturunda vəzifəyə təyin edildiyini bildirdilər. Eyni ildə o, Türkmənistan parlamentinin deputatı olub, az sonra – 2017-ci ilin mart ayında isə parlamentin qanunvericilik və normalar komitəsinin sədri seçilib.

Öncə məlumat yox idi

 

Sərdar Berdımuhammədovun daha öncə bir neçə nazirlik və agentlikdə çalışdığı bildirilir. Ondan qabaq prezident Berdımuhammədovun oğlu barədə hər hansı bilgi yox idi.

Mövcud məlumatlara görə, Moskva Diplomatik Akademiyasının məzunu olan Sərdar Berdımuhammədov 2014-cü ildə namizədlik dissertasiyası müdafiə edib, 2015-ci ildə isə texnika elmləri doktoru adını alıb.

Sərdar Berdımuhammədov daha əvvəllər Xarici İşlər Nazirliyində özəlliklə ondan ötrü yaradılmış xarici KİV-lərlə əlaqələr departamentinin rəhbəri, eləcə də Alxal vilayəti prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Atası ötən ilin mayında Sərdarı «Rusiya-İslam dünyası: KazanSummit-2017» IX beynəlxalq iqtisadi forumuna qatılmaq üçün Kazana göndərib. Dövlət mediası onun bu səfərini geniş işıqlandırıb.

 

Prezident oğlu babasının adını daşıyan mükafata da layiq görülüb

 

2017-ci ilin oktyabrında Qurbanqulu Berdımuhammədov Sərdarı babası (prezidentin atası) Malikqulu Berdımuhammədov adına medalla təltif edib. Ölkənin müstəqillik günündə isə ona podpolkovnik (polkovnik-leytenant – red.) rütbəsi verib. Düzdür, Serdar Berdımuhammədovun orduda bir gün də xidmət etmədiyi bildirilir.

Berdımuhammədov bununla da kifayətlənməyib, ötən il oğlu Sərdarı «Türkmənistanın əməkdar məşqçisi» adına layiq görüb. Bu zaman onun ölkədə idmanın inkişafına, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsinə və Asiya oyunlarının uğurla keçirilməsinə verdiyi töhfə ayrıca vurğulanıb.

Bəzi müşahidəçilərin fikrincə, Berdımuhammədov ətrafındakılara inanmadığından, oğlunu tələsik bir vəzifədən o birinə keçirir, günü-gündən daha yüksək vəzifələrə təyin edir.

2006-cı ilin dekabrında Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gələn prezident Qurbanqulu Berdımuhammədovun bir oğlu, üç qızı və dörd nəvəsi var.

Azadlıq Radiosu




Yuxarı Əvvələ Ana Səhifə