XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 18:00

RUSİYALI ANALİTİK:“Cənubi Qafqaza yaxınlaşan geopolitik zəlzələ Əliyevlə Ərdoğanı eyni cinaha itələyir” – Təhlil

Stanislav Tarasov

regnum.ru, 13.02.2018

 

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT Minsk Qrupu (ATƏT MQ) Azərbaycan, Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikasının (mətndə bu cürdür-tərc.) prezidentlərilə görüşdüyü bölgəyə növbəti səfərini başa vurub münaqişə tərəflərinə “Cenevrədə razılaşdırıldığı kimi, gərginliyin azaldılması üzrə əlavə addımlar atmaq və atəşkəs rejiminə əməl etmək” çağırışıyla çıxış edib.

Bunlar bayağı, basmaqəlib ifadələrdir. Lakin önəmli çalarları ehtiva edən özgə ifadələr də var.

Birincisi, çağırışda qeyd olunur ki, “vasitəçilər tərəfləri təhrikçi bəyanatlar və təxribatçı hərəkətlərdən çəkinməyə çağırırlar”.

Aydındır ki, indiki halda söhbət Azərbaycan prezidenti İlham Əliyevin hakim partiyanın qurultayında “Azərbaycanın strateji hədəfi tarixi torpaqlarımızın qaytarılması olmalıdır” haqda bəyanatının dəyərləndirilməsindən gedir. Bu sıraya Ermənistan paytaxtı İrəvan, Zəngəzur, Göyçə daxildir. Əliyevin sözlərinə görə, “bunu bütün dünya və gənc nəslimiz bilməlidir”.

Bu qədər radikal bəyanat danışıqlar prosesinə ciddi zərbədir, lakin, ikincisi, həmsədrlər hər halda “indiki seçkilər dövrü nəzərə alınmaqla tərəflərin intensiv danışıqları davam etdirmək niyətini” alqışlamağı qərara alıblar.

Məlumdur ki, Azərbaycan XİN rəsmi təmsilçisi Hikmət Hacıyev bildirib ki, “Qarabağ tənzimlənməsi üzrə intensiv danışıqlar Azərbaycanda və Ermənistanda prezident seçkilərindən sonra davam edəcək”.

Bakı, beləliklə, eyham vurur ki, Əliyevin bəyanatı “daxili istifadə üçün” nəzərdə tutulub ki, bu da kəskin intriqa yaradır.

Azərbaycan, Rusiya, Ermənistan ekspertlərinin Əliyevi prezident seçkiərini oktyabrdan aprelə keçirməyə təhrik edən səbəblər haqda ifadə etdiyi, demək olar, bütün dəlillər, baxışımızca, tutarsız görünür. Əliyev təcrübəli siyasətçidir. O anlayır ki, Ermənistana ərazi iddiaları haqda bəyanatı təkcə Azərbaycanı deyil, eyni zamanda vətənsevərlik hisslərinin güclənəcəyi Ermənistanı da, bütün dünya birliyini də  silkələyəcək. Xüsusən də bunun Dağlıq Qarabağ münaqişəsi gerçəkliklərinə birbaşa dəxli yoxdur.

Bizim versiyamız buna müncər olunur ki, Əliyev ya məlumat almaqla, ya da özünün analizi əsasında nəticəyə gəlib ki, oktybara doğru bölgədə seçkiləri qələbəyə inamla keçirməyə imkan verməyən hansısa hadisələr baş verə bilər.

Bu fikri Azərbaycanın “bu cür qərarın yalnız müharibə, təbii fəlakətlər və yaxud başqa fövqəldurumlar halında qəbul edildiyini” iddia edən bəzi ekspertləri də bölüşürlər. Azərbaycan parlamentinin deputatı Rasim Musabəyovun fikrincə, “Azərbaycan İraq, Suriya və İranda hadisələrin inkişafından, eləcə də Rusiya ilə ABŞ və NATO arasında güclənən qarşıdurmadan narahatdır”.

Onun sözlərinə görə, “proseslərin mənfi ssenari üzrə gedəcəyi və Azərbaycanda çoxyönlü, tarazlaşdırılan xarici siyasət yürüdülməsi müşkül olacağı həddə çatacağı ehtimalı yüksəkdir. Bizi bu və ya digər tərəfi qəbul etməyə vadar edəcəklər, – Musabəyov deyib. – Bundan imtina isə həm Moskva, həm də Vaşinqton və Brüssel tərəfindən artan basqı ilə müşayiət oluna bilər”.

Biz isə Azərbaycanın strateji tərəfdaşı, geopolitik burulğanlıq zonasına cəlb edilmiş görünən Türkiyəyə işarə edirik. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Dağlıq Qarabağ münaqişəsinin bilicilərindən biri Metyu Brayza bu günlərdə Türkiyənin “Habertürk” nəşrinə müsahibədə bildirib ki, “ABŞ və Türkiyənin münasibətləri çətin dövrlər yaşayır”.

Onun sözlərinə görə, “hazırda Vaşinqtonda siyasətçilərin yalnız dar bir qrupu Türkiyənin maraqlarını nəzərə alır, onun mövqeyini Avropa Qüvvələri Komandanlığı (EUCOM) müdafiə edir”.

Lakin Orta Şərq, Şərqi Afrika və Mərkəzi Asiya bölgələrində  əməliyyatların planlaşdırılması və Amerika qoşunlarının yönəldilməsinə sorumlu komandanlıq (CENTCOM) daha böyük nüfuza malikdir.

CENTCOM Türkiyənin Suriya kürdlərinə qarşı əməliyyatına ABŞ-ın müttəfiqlərilə mübarizə kimi baxır, Türkiyə ekspertləri isə hesab edirlər ki, ABŞ geniş mənada geopolitik proses və erməni məsələsini yeridərək “Kürdüstan” layihəsinə dəstəyi davam etdirəcək.

Əliyevin Ermənistana iddialar haqda bəyanatı yalnız bu halda məntiqli qavranılır. Bakı publisisti Zaur Rəsulzadə bununla bağlı “Haqqın. az”da sıradakını yazıb: “Türkiyə ordusunun kürd silahlı dəstələrinə (YPG) qarşı “Zeytun budağı” əməliyyatı indiki anda Suriyada, olsun ki, ən ciddi gərginlik ocağıdır. Afrinə hücumda Türkiyəyönlü  Azad Suriya Ordusunun silahlı birləşmələrinin 25 minə yaxın döyüşçüsü və onlara artilleriya və aviasiya himayəsi təmin edən 6,4 min Türkiyə hərbçisi qatılıb. YPG dəstələri onlardan sayca xeyli geridə qaldığına baxmayaraq şiddətli müqavimət göstərir, nəticədə hücum uzanır, Türkiyə ordusu isə itki verir. Bunun Türkiyənin özü üçün nəylə bitəcəyi hələlik aydın deyil. Ölkə rəhbərliyinin millətçiliyin ifrat nöqtəsinədək qızışdırdığı ictimaiyyət prezidentin siyasətini hələlik bölüşür. Lakin Afrin yaxınlığında uzunmüddətli ləngimə olarsa və çoxsaylı insan itkiləri baş verərsə, türklərin narazılığı Ərdoğanın özünü də aşıra bilər”.

Ola bilsin, Əliyev Türkiyənin yeni hökumətinin kürd məsələsinin həllində demokratik üsullara dönəcəyi və Ermənistanla münasibətləri normallaşdırmaq yoluna qədəm qoyacağını güman edərək, məhz bundan əndişələnir. Bakı məhz bu cür ssenariyə xəbərdarlıq zərbəsi endirməyə cəhd edir.

Yeri gəlmişkən, Ermənistanın müxalif informasiya portalı “Lragir” də  buna işarə edir: “Ermənistan, Ermənistan-Türkiyə protokollarındakı imzasını yazadək geri götürə bilər. Türkiyə seçim qarşısındadır: ya “Qarabağ tənzimləməsi olmadan” ptorokolları ratifikasiya edəcək və özünü erməni məsələsi üzrə basqılardan qoruyacaq, ya da “Qarabağ adına” Türkiyənin özündə erməni məsələsini aktuallaşdıracaq. Protokollardan imtina ABŞ tərəfdən soyqırımın tanınmasına səbəb ola bilər. “Qarabağ şərti”ndən imtina Əliyev üçün növbəti “dönüş”lə nəticələnə bilər”.

Düzdür, deputat Musabəyovun səsləndirdiyi variasiya da var, lakin sanki Əliyevin Ermənistanla bağlı bəyanatı olmayıbmış kimi: “Ola bilsin, çözümü münaqişə tərəflərinin hər şeyi dərhal deyil, addım-addım əldə etdiyi, güzəştlərə gedərək əvəzində müəyyən bonuslar alaraq irəlilədiyi daha xırda addımlarla mübadilədə tapmağa çalışırlar. Məsələn, “çərçviə sazişi” qəbul edildikdən dərhal sonra ilk dövrlərdə sülhməramlı əməliyyat və Ermənistan üçün Azərbaycan və Türkiyə kommunikasiyalarının açılmasıyla birgə 2-3 rayonun azad edilməsi həyata keçirilir. Ermənistanın Türkiyə üzərindən Avropaya və Yaxın Şərqə, Azərbaycan (Naxçıvan) üzərindən isə İrana, habelə Rusiyaya, Mərkəzi Asiyaya və Çinə dəmiryol çıxışı əldə edə biləcəyi nəzərə alınsa, bu, elə də az şey deyil. Dağlıq Qarabağ aviasiya əlaqəsinin həyata keçirilməsinə Bakının təqdirini əldə edə bilər. İnam səviyyəsinin yüksəlməsi və qarşıdurmanın azalması növbəti addıma keçmək imkanı verər, bu gedişatda Dağlıq Qabarağı siyasi dialoqa daxil etməklə onun keçid statusunu razılaşdırmaq və xarici bazarlara çıxmaqla təsərrüfat-iqtisadi fəaliyyəti həyata keçirmək mümkündür. Tənzimlənmə prosesinin müsbət dinamikasını təmin etmək önəmlidir və bu gün həllolunmaz görünən bir çox məsələlər artan inam mühitində qarşılıqlı güzəşt çözümü tapa bilər”.

Maraqlıdır, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bu haqda nə deyə bilər?

Əlbəttə, ATƏT MQ bölgədə duruma yeni daxili (Əliyevin Ermənistan üzrə bəyanatı) və xarici (Yaxın Şərq hadisələri) amillərin keçməsi üzündən hadisələrin mürrəkkəbləşməyə meyllənən inkişafını diqqətlə izləyir. Həmsədrlər danışıqlar prosesində meydana çıxan fasilənin səbəblərini anlayırlar, münaqişə tərəflərinin daxilindəki siyasi qüvvələr bölgüsündə yaxşı istiqamətlənirlər, anlayırlar ki, Əliyevin bəyanatı Bakı və İrəvanın mövqelərini yaxınlaşdırmağa sarı onların manevr meydanını daraldır. Eyni zamanda, Bakı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlunun  dediyi kimi, “balanslaşdırılmış mövqedən” çıxışları davam etdirirlər. Lakin bölgədə ciddi geopolitik dəyişikliklərin hərəkətə gəldiyi nəzərə alınsa, ATƏT MQ indiki diplomatik resursu nə qədər çox müddətə saxlaya biləcəyini heç kim bilmir.

Tərcümə Strateq.az-ındır.