XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 16:47

GİZLİ TÜRKİYƏ-SURİYA SÖVDƏLƏŞMƏSİ:Dəməşq Suriya kürdlərini güdaza verir – Təhlil  

Yevgeni Krutikov

vzqlyad.ru, 21.02.2018

 

Çərşənbə axşamı bütün günü kürdlərin nəzarət etdikləri Afrinə Suriya qoşunlarının girib-girmədiyi haqda ziddiyyətli məlumatlar gəlib. Ankara və Dəməşqin bu şəhər ucbatından bəyanatları, az qala, Türkiyə-Suriya müharibəsindən xəbər verirdi. Lakin əlamətlər var ki, Türkiyə və Suriya kürdlərdən gizlicə sazişə gəlib.

Dəməşqin mövqeyi sadədir: Afrində yaşayan kürdlər də qorunmaq ehtiyacı olan Suriya vətəndaşlarıdır. Bununla yanaşı, Afrin üzərində Suriya bayrağı qaldırılmasının mühüm rəmzi önəmi var. Türklər öz tərəflərindən ultimatumlar irəli sürür və müharibə hədə-qorxusu gəlirlər. Amma onlar amerikalılar daxil olmaqla hamıya qarşı ultimatum verirlər – indiki diplomatiyalarının özəlliyi belədir.

Kürdlər isə sövdələşirlər. Onlar həmişə belə ediblər. Məsələn, İraq qoşunlarının Kərkükü tutmasından qabaq yerli kürd elitasının bir hissəsi (şərti bərzaniçilər) son ana qədər avtomatlarını əsdirir və son əskərədək vuruşmağa söz verirdi. Elə həmin vaxt başqa bir hissə (şərti tələbaniçilər) neft resurslarının bölünməsi və öz dolanışqları  haqda Bağdadla danışıqlar aparırdılar. Tayfa bölünmələri və quldur məsləkli köçərilərin ağır irsiyyəti kürdlərə hələ də, heç olmasa, vahid siyasi millətə bənzəmək imkanı vermir. Amma onlarla təmas zamanı qarşılıqlı fayda əsasında həmişə çərçivəli sazişə gəlmək olar. Əlbəttə, əgər türk deyilsinizsə.

Budur, sövdələşmənin hüdudları indi də olduqca dəqiq cızılıb. Dəməşq və Ankara, əslində, qeyri-formal razılığa gəlib. Türkiyə Afrində Suriya hökumət qoşunlarının (və yaxud ona bənzər kimlərinsə) iştirakına, yəni bayraq nümayişinə razıdır. Suriya isə cavabında bölgədə hakimiyyəti götürür və (zahirən olsa da) özünü ələ ala bilməyən və hər tində Abdulla Öcalanın portretini asmağı davam etdirən qruplaşmalardan, yəni YPG adlananlardan canını qurtarır.

Türklər sırf rəsmən sərgiləmək istəyərdilər ki, bəzi kürdləri digərlərindən fərqləndirir və Ərdoğanın zərif şəkildə ifadə etdiyi kimi, istisnasız olaraq PKK ilə bağlı olan “heyvanlara” qarşı kampaniya aparırlar. Türklər sanki başqa kürdlərlə yanaşı yaşamağa hazırdırlar, ancaq hüquq subyekti kimi deyil. Əlbəttə, Ankara qəlbinin dərinliklərində üstünlük verərdi ki, kürdlərin hamısını Aya köçürsün. Amma çağdaş dünyada bunun üçün çatdırma vasitələri hələ hazır deyil, buna görə də Dəməşqin yardımı əvəzində hücumu dayandırmaq kimi aralıq variantı axtarmaq lazım gəlir.

Burada anlamaq lazımdır ki, Suriya hökuməti Türkiyə ilə müharibəyə girməyə hazır deyil – Dəməşqin buna, sadəcə, fiziki imkanı yoxdur. Hökumətyönlü qoşunlar buna görə də qəhrəman kürd xalqına hansısa hərbi yardım qismində Afrinə girmək və cəbhə xəttində çiyin-çiyinə durmaq istəməzdi. Türk yoldaşların təklifi Dəməşqi tamamilə qane edir: bu, dolaşıq durumdan təkcə universal çıxış yolu deyil, həm də Afrin üzərində nəzarəti qaytarmaq bəhanəsidir. Perspektivdə isə amerikalıları alçaltmaqla Mənbici də. Bunun önəmi isə az deyil.

Buna görə də Dəməşq YPG komandanlığından ağır və yüngül silahları təhvil verməyi, kürd dəstələrinin yerli milisə keçidini, əsas inzibati və hərbi obyektlərin təhvilini tələb edir.  Bu, tərki-silaha güclü şəkildə oxşayır, lakin artıq oyun qaydaları belədir. Kürdlər cavabında istəyərdilər ki, hökumət qoşunları məhz türklərlə cəbhə xəttində dursunlar, əvəzində Afrində Suriya bayrağını qaldırmağa icazə verərdilər.

Söz düşmüşkən, bütün bu danışıqları aparan kürd komandanlığı hazırda Rojavada, yəni türk artilleriyasının təsir zonasından qıraqda əyləşib. O, oradan da sövdələşməyə çalışaraq eyni zamanda KİV-lər üçün birlik və barışmazlıq nümayiş etdirir. Əməldə isə danışıqlar məhz Suriya-Türkiyə şərtlərilə gedir, cürbəcür kürd hərbiləşdirilmiş qruplarının səhra komandirləri isə zərərdə qalır. Onlar siyasi başçılarının Qərbi Kürdüstanda nə işlərdən çıxdığından xəbərsiz qalmaqla türklərə müqaviməti davam etdirirlər.

Dəməşq öz tərəfindən çeviklik kimi bir şey sərgiləyir. Məsələn, hökumət Afrinə nizami hissələr deyil, Milli Müdafiə Qüvvələri hissələrindən – paramilitar yerli milisdən formalaşan qruplar göndərməyə razılaşıb. Başqa məsələdir ki, bu, görünür, Suriya hökumətinin getməyə hazır olduğu maksimum güzəştdir. Əlbəttə, Afrinə girən qoşunların aşkar səsləndirilən motivləri – “Türkiyə təcavüzünün dəf edilməsi” – nəzərə alınmasa. Bu isə ideya üzrə valeryanka cövhəri kimi kürdlərə əl verməlidir.

Afrin problemini həll etmək gərəkdir – bütün maraqlı tərəflər bunu anlayır. Rusiya və Türkiyə prezidentlərinin telefon danışıqları buna əlavə təsdiqdir. Əlbəttə, Ankara və Dəməşq arasında güzəşt layihəsi kürdlərin iddialarını güclü şəkildə boğur. Hətta bu plan kürd silahlı qruplarının imicini sarsıdır, çünki yerli əhalinin müdafiəsi rəvan şəkildə Suriya hökumət qoşunlarına keçəcək.

Baş sual – bəs nəticə nə olacaq? Suriya-Türkiyə müharibəsi olmayacaq – ən azı, hələlik. Bu cür şəraitdə seçməyə kimsəsi olmayan amerikalılar kürd elitasının ən barışmaz hissəsi üçün yeganə müttəfiq olaraq qalacaq. Bununla yanaşı, aydın olur ki, kürdlərin istənilən siyasi qüvvəsini praktik olaraq ya yetərincə korrupsiyalaşdırmaq, ya da normal (kürdlərin deyil) oyun qaydalarını gözləməyə məcbur etmək olar. Beləliklə, praktik olaraq hamı uduşda qalır və ümid var ki, baş verənlər kürdlərin digər qruplaşmalarına dərs olacaq. Sözgəlişi, türklər kürdlərə basqını sürdürür, həm də çərşənbə axşamı Hələbdən Afrinə aparan, yəni Suriya hökumət qüvvələri kolonunun yolu boyunca yerləşən yaşayış məntəqələri bombardmana məruz qalıb. Ankaranın narahatlığı davam edir ki, Dəməşq YPG-nin tərəfini tutar, güzəştli sazişi müdafiə etməz. Belə bir şey, çətin ki, mümkün olsun, amma bu bölgədə artıq çoxdan heç kim heç kimə inanmır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə