XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 21:46

TÜRKMƏNİSTANDA UN VƏ ÇÖRƏK BÖHRANI…- Milyonluq avtomobildə gəzən Berdiməhəmmədov xalqı niyə çörəyə möhtac qoyub?

Türkmənistanda unun qiyməti kəskin artıb, çörək bahalaşıb. Məsələn, əvvəllər bir kisə əla növ un 50 manat idisə, indi 100 manat olub. Qiymətin qalxması azmış kimi, çörək alan hər bir alıcıdan kommunal ödənişlərlə bağlı qəbz tələb olunur. Vəziyyət nəzarətdən çıxıb, əhali arasında narazılıq baş qaldırıb.

Strateq.az xarici mətbuata istinadən Türkmənistanda yaranmış böhranın təfərrüatlarını öyrənməyə çalışıb.

 

Çörək istəyirsənsə, suyun pulunu ver!

 

Türkmənistanda un və çörək qıtlığı ilə bağlı ilk məlumatlar hələ ötən ilin noyabrında yayılmağa başlamışdı. O vaxtdan bu yana vəziyyət nəinki düzəlmədi, hətta bir az da ağırlaşdı.

Türkmənistanın Respublikaçılar Partiyasının lideri, hazırda Avstriyada mühacir həyatı yaşayan Nurməhəmməd Xanamov da vəziyyətin ağır olduğunu təsdiqləyib: "Çörək alarkən vətəndaşdan kommunal xidmətlərə görə borcunun olmadığını təsdiqləyən sənəd tələb olunur. Dövlətin nəzarətindəki ticarət nöqtələrinə un həm baha qiymətə, həm də limitlə verilir. Alıcılardan evlərinə su, qaz sayğaclarının qoyulduğunu təsdiqləmələri də istənilir".

Xanamov deyir ki, müstəqil Türkmənistanda oxşar hal bundan əvvəl də yaşanıb: "Olub ki, qış aylarında bu və ya başqa regionda un qıtlığı yaşanıb və bu da qiyməti bahalaşdırıb.  2017-ci ildə Türkmənistanda məhsul yaxşı olmadı və iki aydan artıqdır ki, əhali qıtlıq çəkir. Bir sıra regionlarda, xüsusən də Axal vilayətində insanlar açıq şəkildə narazılıq edir".

Hüquq müdafiəçisi Fərid Tuxbatullin un və çörək almaq üçün böyük növbələrin yarandığını deyir: "Bu hal daha çox kənd yerlərində müşahidə olunur. Satışda un da var, çörək də. Sadəcə olaraq məhdud həcmdədir. Adətən bir adama ən çoxu, 3 çörək satılır. Un isə beş kiloqramdan artıq olmamaq şərtiylə".

Yerli hakimiyyət orqanları un və çörəyə olan tələatını azaltmağa çalışırlar. Taşauz vilayətinnin şimalında, Lebaps vilayətinin şərqində və kənd yerlərində çörək almaq istəyənlərdən pasport tələb olunur.

"Əgər həmin ərazidə qeydiyyatdasansa, sənə un və çörək satacaqlar. Əks halda, ala bilməyəcəksən. Ya yerli bələdiyyədən arayış istəyəcəklər, ya da başqa sənəd. Ayrı-ayrı regionlarda yerli rəhbərlər çörək alanların sayını azaltmaq üçün müxtəlif tədbirlərə əl atırlar. Əhali 90-cı illərin əvvəllərində çörək növbələrini, talonla satışı yaxşı xatırlayır. Həmin dövrdə problem çox keçmədən həll olundu. İndi isə yenidən yaranıb və kəskinləşib", – deyə Türkmənistandakı vəziyyəti monitorinq edən QHT rəhbəri bildirib.  

 

Dada çatan İran Qazaxıstan buğdası

 

Nurməhəmməd Xanamovun sözlərinə görə, adətən qıtlıq zamanlarında İran və Qazaxıstandan gələn keyfiyyətli buğdanı keyfiyyətsiz buğda ilə qarışdırırdılar: "Bunu unun həcmini artırmaq üçün edirdilər. Nəticədə keyfiyyət o qədər düşürdü ki, ona çörək demək olmurdu. Taxılı indi də almaq olar. Məsələn, Rusiyada hasilat yüksək olub. Amma məsələ ondadır ki, büdcədə kəsir var. Valyuta isə yoxdur".

Fərid Tuxbatullin deyir ki, əvvəllər dara düşən kimi İran və Qazaxıstan, bəzən də Rusiya köməyə gəlirdi. İndi isə hakimiyyət bu problemi şəxsi biznesin üzərinə atmaq istəyir: "İstəyirlər ki, onlar taxıl almaq üçün yollar tapsınlar. Büdcədə xaricdən taxıl alışı üçün vəsait nəzərdə tutulmayıb. Hökumətə yaxın biznesmenlər də nağd manat probleminə görə bu məsələni həll edə bilmirlər".

 

Un qıtlığının 3 səbəbi

 

Nurməhəmməd Xanamov bildirir ki, Türkmənistanda çörək qıtlığının yaranma səbəblərindən biri biznesmenlərin xaricdən buğda və ya un ala bilmək üçün valyutasının olmamasıdır: "Ölkədə çörək ticarəti inhisarda olmasa da, sərbəst ticarət aparmaq imkanı da yoxdur. Məsələn, kiçik sahibkar Qazaxıstan, İran və Rusiyayadan çörək gətirib sata bilməz. Bu cür kiçik biznesə dövlət dəstəyi də yoxdur. İstənilən kiçik sahibkar xaricdən un almaq üçün valyutaya sahib olmalıdır. Lakin Türkmənistandakı məhdudiyyətlərə görə valyutanı əldə etmək faktiki olaraq mümkün deyil.  İkinci səbəb Türkmənistanda yaşayış səviyyəsinin aşağı olmasıdır. Bu da insanların un və un məhsullarına tələbatını artırır. Üçüncü səbəb də məmurların ölkədə böyük taxıl ehtiyatlarının olması barədə açıqlamalarıdır. Halbuki bu ehtiyatlar o qədər də çox deyil".  

Hazırda Türkmənistanda un və çörək böhranının yaşandığı barədə hər hansı rəsmi məlumat verilmir. Hökumətin iclaslarında prezident dolayı yolla bazarı ərzaqla tam təmin etməyin zərurətində danışıb. Lakin ekspertlər deyir ki, prezidentin hər belə bəyanatından sonra ölkədə həmin məhsulun qıtlığı yaranır: "Qurbanqulu Berdirməhəmmədov hakimiyyətə gələn kimi bəyan etdi ki, o, əvvəlki rəhbər Saparmurad Niyazovun kursunu davam etdirəcək. Bu da məhsul yığımı ilə bağlı şişirdilmiş rəqəmlər, ölkənin özünü təmin etdiyinə dair bəyanatlar deməkdir".

 

Milyonluq əyləncə…

 

Türkmənistan potensial olaraq dünyanın ən zəngin ölkələrindən biridir. Bu ölkə dünyanın həcmcə ikinci ən böyük qaz yatağına sahibdir. Təbii qaz ehtiyatlarına görə isə dünya dördüncüsüdür. Bu zənginliyi ilə Türkmənistan ikinci Qətər və ya Birləşmiş Ərəb Əmirlikləri ola bilərdi. Lakin ölkəyə rəhbərlik edənlər diqqəti sosial-iqtisadi inkişafa yox, heykəllərə, öz qüdrətlərini nümayiş etdirən kitabların yazılmasına yönəltdilər. Ötən ilin iyununda prezident Qurbanqulu Berdiməhəmmədov hökumətə əhalinin bütün güzəştlərini ləğv etmək göstərişi verdi. 2016-cı ilin yanvarından isə hökumət xarici valyutaların əhaliyə satışına qadağa qoydu. 

"Transparency International"ın 2016-cı il üzrə hesabatında Türkmənistan 176 ölkənin yer aldığı siyahıda 154-cü yerdə qərarlaşmışdı. "Sərhədsiz Reportyorlar" isə həmin il Türkmənistanı azadlıq indeksinə görə 180 ölkə arasında 178-ci yerə qoymuşdu. "Human Rights Watch" ötən il Türkmənistanı repressiv, qapalı ölkələr sırasına daxil etdi. 

Bütün bunların fonunda ölkə rəhbəri özü istirahətindən və əyləncəsindən geri qalmır. Qurbanqulu Berdiməhəmmədov avtomobil alüdəçisi kimi də ad çıxarıb. 2012-ci ildə o özünün ikinəfərlik, dəyəri 1,7 milyon dollar olan "Bugatti Veyron"u ilə "master klass" göstərmiş və bu addımı mətbuatda uzun müddət müzakirə olunmuşdu.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə