XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

24 Fevral 2018 - 14:08

KİM XANƏDANINDA İKİNCİ ADAM:Şimali Koreyada nüfuzu qardaşından da böyük, gülərüz və hikkəli lider bacısı - ARAŞDIRMA

Əziz Rzazadə

Strateq.az

 

Pyonçanda keçirilən qış Olimpiya Oyunları elə bir atmosfer yaradıb ki, sanki artıq dünya xəritəsində nə “Şimali Koreya” adlı ölkə, nə də bu yaxınlara qədər ballistik raketləri və nüvə arsenalı ilə ürəkləri ağızlara gətirdən Kim Dzyan (Çen) In adlı lider var. Hətta Olimpiadanın açılış mərasimində ABŞ vitse-prezidenti Pens və Trampın “dəli oğlan” adı verdiyi şəxsin bacısı Kim Yo Inı görmək belə ağılları əməlli-başlı çaşdırır. Nəhayət, ortaya belə bir sual çıxır: oyun bitdimi?

Elə bu marağa istinadən ən azı bircə dəfə Olimpiadada koreyalı idmançıların iştirakı ilə keçirilən yarışlara baxmaqla, suala aydın cavab tapmaq olar: ağ bayraq üzərində göy rəngli vahid Koreyanın əksi, tribunalarda dayanmadan alqışlayan, oxuyan, rəqs edən şimallılar…

Tablonu tamamlayan digər rənglər açıq olmaq əvəzinə, çox tünddür. Cənubluların şimallılarla yan-yanaşı oturması yasaqdır; əzmkar şimallı dəstək qruplarının fotolarını çəkmək olar, amma hər hansı ünsiyyət qadağandır; yarışlar bitən kimi simalarını gizlədən tamaşaçı dəstələri Şimali Koreyanın təhlükəsizlik xidməti əməkdaşlarının sərt nəzarəti altında stadionu tərk edirlər; nizamla avtobuslarına doğru yeriyən qızların hansı oteldə qaldığı da kimsəyə xali deyil…

Lakin xarici medianın (eləcə də müxtəlif xüsusi xidmət və “beyin mərkəzi” quruluşlarının nəzəri daha çox bir şimallı qadına yönəlib – gah üzündən təbəssüm əskik olmayan, gah da dodaqlarını dişləməsini gizlədə bilməyən Kim Yo In.

 

Vitse-prezident Mayk Pens və xanımı Karen fevralın 9-da Pyonçanda Olimpiya Oyunlarının açılış mərasimini Kim Yo Inla (arxada, solda) birgə izləyir

 

Bir ilk

 

Şimali Koreya lideri Kim Dzyan (Çen) Inın kiçik bacısı sayılan Yo Inın 2018-ci ilin qış Olimpiya Oyunlarının açılış mərasiminə qatılmasının özü misli görünməmiş bir səfərdir. O, 1950-ci illərin Koreya müharibəsindən sonra (22 digər rəsmi ilə birlikdə) Cənubu ziyarət etmiş ilk Kim sülaləsi üzvü və ən yüksək səviyyəli rəsmidir.

Bu baxımdan, Vaşinqton Universitetində Koreya Tədqiqatları proqramına rəhbərlik edən professor Klark Sörensen, yəqin ki, doğru rəydədir: "Bu, görünməmiş hadisədir və Cənubi Koreya ilə Şimali Koreya rejimləri arasındakı ən yüksək səviyyədə ünsiyyət sayıla bilər".

Bir çox digər ekspert də indidən iki Koreya lideri arasındakı təmasın uzunmüddətli perspektivdə müsbət siyasi nəticələr doğura biləcəyi rəyindədir.

Cənubi Koreya prezidenti Mun Ca İnlə görüşməsi və aparılan danışıqlar Kim Yo In barədə bu təsbiti yaradıb: o, qardaşının ən etibarlı köməkçisi və ehtiyac yarandığı halda Kim xanədanının varisidir.

 

Kiçik bacı barədə nə bilirik?

 

Siyasi sistemi Şimali Koreyanın oxşarı olan Sovet İttifaqının mövcud olduğu dövrdə Qərbdə kremlşünaslıq adlı araşdırma sahəsi vardı.

Xüsusi xidmətlərin açıqladığı məhdud təhlillərlə yanaşı, mətbuat xəbərləri, televiziya verilişləri və diplomatların fərdi söhbətləri, sadəcə səfər müşahidələri əsasında ayrı-ayrı sovet rəhbərləri, o cümlədən Siyasi Büro üzvləri haqqında, – xəstəlik tarixçələrinə qədər, – “portret məlumatları” toplanırdı.

Şəxsi həyatı mübhəmliklə örtülü Kim Yo Inla da bağlı zərrə-zərrə portret cizgiləri toplanır.

Analitiklər Sörensen və Maddenin ümumi rəyinə görə, o, Dzyanın (Çenin) yeganə doğma bacısıdır.

Yo Inın yaşı barədə dəqiq məlumat yoxdur. ABŞ Xəzinədarlıq Departamentinin (Maliyyə Nazirliyinin) rəyincə, Kim Yo Inın – 28, “Associated Press” informasiya agentliyinin rəyincə, 30 yaşı var.

O, güclü siyasi xadim kimi ortaya çıxmazdan əvvəl, təxminən 8 və ya 9 yaşına çatdıqda, İsveçrədəki bir məktəbdə təhsil almağa göndərilib. Bu, Tafts Universitetinin Koreya tədqiqatları üzrə professoru Sun Yun Linin iddiasıdır. Linin sözlərinə görə, bununla bağlı çox az məlumat var.

Yo Inın evli olduğu deyilir. 2014-cü ildə Çou Sonqla nikaha girməsi (ehtimala əsasən, onun atası lider Kimin yaxın köməkçisidir) barədə “Yonhap News Agency”-yə istinadən məlumat yayılıb.

“Gələcək lider”in bir övlad sahibi olduğu deyil və Olimpiada günlərində çəkilən fotoların təhlilini aparmış analitiklər Yo Inın hazırda hamilə olması iddiasını irəli sürürlər.

 

“O, qardaşından güclüdür"?

 

Təxminən dörd il əvvəl rəsmi mərasimlərin birində Yo In qardaşının yanında fotoşəkil çəkməyə başlayandan ictimai diqqəti cəlb edib. Bu, 2014-cü ildə Şimali Koreyanın Ali Xalq Məclisinə seçkilər zamanı baş verib.

Lakin digər mənbələr Yo Inın ilk dəfə hələ 2009-cu ildə lider qardaşının Kənd Təsərrüfatı İnstitutunun ziyarəti zamanı kamera obyektivlərinə düşdüyünü iddia edirlər.

Nüfuzuna görə o, qardaşından sonra Şimali Koreyada ən güclü, ikinci şəxs sayılır. Hərgah hazırda tutduğu vəzifə elə də böyük deyil – Koreya Təbliğat-təşviqat Nazirliyinin nazir müavini.

2017-ci ilin oktyabrında Kim Yo In ölkənin ən yüksək siyasi qurumu olan Fəhlə Partiyası Siyasi Bürosunun üzvü seçilib.

Şimali Koreyaya dair analitik quruluşun – “NK Lidership Watch”ın təsisçisi və direktoru Maykl Maddenin sözlərinə görə, Yo In qardaşının müsbət imicini yaradan şəxs və təhlükəsizliyinin qapısıdır. "O, Kim Dzyan (Çen) Inın masasına qoyulan hər bir sənədin məzmunundan xəbərdardır. Liderin qəbuluna düşmək istəyən hökmən Yo Inın qapısını döyməlidir".

Tafts Universitetinin Koreya tədqiqatları üzrə professoru Sun Yun Li deyir ki, Yo In "aşkar şəkildə real gücə malikdir". "O, qardaşından daha güclüdür", – deyə Li əlavə edir.

 

Üzdən oxunan ehtiras

 

Yo Ina bu sayaq diqqətli nəzər kiməsə gülməli, gərəksiz, yaxud həddindən artıq ifrat görünə bilər. Amma qapalı rejimləri, klan hakimiyyətlərə, yaxud hazırda “dövlət mafiyası” adlandırılan siyasi quruluşlara dair hər bir bilgi ciddi araşdırma mövzusudur.

Gizli servislər, konspiroloqlar və analitiklər üçün “təsadüf nəzəriyyəsi” yoxdur. İctimai atmosferdə nadir hallarda görünən liderin üzündə peyda olan xala, ləkəyə belə onlar izah axtarır, bunun hansısa gizli xəstəliklə, yaxud qəsd cəhdindən sonrakı kosmetik əməliyyatla bağlılığı düşüncəsi ciddi təhlil edilir.

Elə buna oxşar tərzdə Yo Inın fotolarında, hətta gülümsədiyi halda, üz cizgilərinin arxasında gizlənən niyyəti oxumağa hər kəs cəhd edə bilər.

Nə görürsünüz?

"Hikkə”, “qisas”, “hakimiyyət ehtirası”, “bir gün mənim də vədəm yetişəcək” sözləri yerinə düşəndirmi?

Ağla gələ biləcək, yaddaşda qurcalanan bir səhnə də var. Qarsia Markesin “Yüz ilin tənhalığı”ndan:

“O: “Mən Rebeka ilə evlənəcəm”, – dedi.

Pyetro Krespinin üzü ağardı, o, alman simli aləti sitranı şagirdlərindən birinə verib, dərsin bitdiyini elan elədi. Musiqi alətləri və yaylı oyuncaqlarla dolu otaqda baş-başa qaldıqda isə, Pyetro Krespi dedi:

– O sizin bacınızdır.

– Fərq etmir.

Pyetro Krespi alnını lavanda ətirli yaylıqla sildi.

– Bu təbiətə zidd işdir, – deyə izah etməyə başladı, – üstəlik, qanunla qadağandır.

Pyetro Krespinin dəlillərindən daha çox, üzünün solğunluğu Xose Antonionu qıcıqlandırmışdı.

– Tüpürüm təbiətə…

…Bazar günü moizəsində padre Nikanor hamıya, hər kəsə Xose Antonio və Rebekanın bacı-qardaş olmadığını bəyan etsə də, Ursula heç zaman bu nikaha xeyir-dua vermədi. O bunu yolverilməz hörmətsizlik kimi dəyərləndirdi və kilsədən qayıtdığı gün yeni evli cütlüyün evin astanasından geri qaytardı. Ana üçün onlar artıq ölmüş kimi idilər…”




Yuxarı Əvvələ Ana Səhifə