XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 19:00

MOSKVA-TEHRAN ƏLAQƏLƏRİNDƏ DƏRİN ÇATLAR:Rusiyadan gələn siqnal, İran üçün soyuq duş - TƏHLİL

Əmin Naini

“Aftab-e Yəzd” (İran)

 

Yaxın Şərqdə Rusiyanın iştirakı, Bəşər Əsədin hakimiyyətdə saxlanmasına cəhdlə yanaşı, Tel-Əviv üçün pis şans deyil. Çünki Moskvanın bölgədə mövcudluğunun ilk günlərindən etibarən sionistlərin Suriyaya bəzi hücumlar həyata keçirməsinə icazə verilməsi üçün İsraillə Rusiya arasında xeyli sayda əlaqələndirici görüşlər olub.

Bu yaxınlarda, İsrail təyyarəsinin Suriyalı qüvvələr tərəfindən hədəfə alındıqdan bir neçə gündən sonra, onlar Suriyaya məxsus bir dronun İsrail tərəfindən məhv edildiyini də iddia edib. Lakin son hadisələrdəki roluna görə baş nazir Netanyahu məhz İranı ittiham edib. İndi oxşar siqnallar Rusiyadan gəlir.

 

“Müharibə olarsa, İsraili dəstəkləyəcəyik!”

 

Tel-Əvivdəki Rusiya səfirinin müavini Leonid Frolov “The Times of İsrael”ə müsahibəsində deyib: "İran İsrailə hücum etsə, Rusiya İsraili dəstəkləyəcək".

Rusiyalı diplomat bir neçə gün öncə Suriya-İsrail sərhədində peyda olan drondan danışıb. Sonra mövzu ilə əlaqədar deyib: "İsrailə qarşı təcavüz olarsa, İsrailin tərəfində yalnız ABŞ deyil, Rusiya da olacaq. Həmvətənlərimizin bir çoxu İsraildə yaşayır, ümumiyyətlə, israillilər dost xalqdır və buna görə İsrailə qarşı heç bir təcavüzə yol verməyəcəyik".

 

Lavrovun mesajı

 

Bu arada Sergey Lavrov “Euronews” telekanalına müsahibəsində deyib: “Rusiya və İsrail Suriyanın cənub bölgələrində fəaliyyətə və gərginliyin azaldılmasına dair qarşılıqlı anlayış içindədir. Colan Təpələrində üsyançı milislərin varlığı sabitlik doğurmayacaq, halbuki bu, İsrail üçün son dərəcə əhəmiyyətlidir. İsrail baş nazirinin Moskvaya səfəri zamanı da bu müzakirə edilib. Mövzu qapadılmayıb”.

Rusiyanın xarici işlər naziri bir müddət əvvəl onunla birgə “Valday” konfransında çıxış etmiş Məhəmməd Cavad Zərifin İsrail haqqında "Biz dəfələrlə bəyan etmişik ki, İsrail sionist dövlət kimi məhv edilməli və onun coğrafi xəritədəki yeri təmizlənməlidir”, – sözlərini xatırladıb.

“Biz bu fikri qəbul etmirik. Fikrimizcə, bu maraqların irəliləməsi üçün düzgün yol deyil”, – deyə Lavrov açıqlayıb.

Bundan başqa, bir neçə həftə əvvəl Birləşmiş Ştatlar Moskvaya qarşı yeni sanksiyalar qəbul etdikdə Putin öz seçki kampaniyasının bir hissəsi kimi, çıxışında qəzəblə bildirib ki, "Rusiya ilə Şimali Koreya və İran kimi davranmaq, Rusiyanı bu iki ölkə ilə eyniləşdirmək axmaqlıqdır…” Bütün bunlar göstərir ki, realizm prinsipinə uyğun olaraq, Moskva Tehranı daimi tərəfdaş saymır və öz mənfəətinin hayındadır. Söhbət qazanc, imtiyaz və xərc məsələsindən getdikdə, bu prinsip həmişə üstünlük təşkil edəcək və Moskva üçün daha çox fayda varsa, o, Tehrana arxa çevirəcək.

 

Bəs rus xalqı nə deyir?

 

Bu günə qədər söyləyənlər rus siyasətçilərin düşüncələridir. Bəs rus xalqı İran barədə hansı rəydədir?

2017-ci ilin iyulunda keçirilən bir sorğuda, “Bu ölkələrin hansı Rusiyanın dostudur” sualına cavabda İran səkkizinci yeri tutur. Maraqlıdır ki, “Rusiya iqtisadiyyatı üçün hansı ölkələrlə əlaqə sərfəlidir” sualına cavab verərək, ruslar İranı 14-cü sıraya yerləşdirib.

“Rusiya hansı ölkələrlə ittifaq qura bilər” sualına cavabda ruslar İranı 25-ci yerə çıxarıb.

Bu arada, yalnız bir araşdırmada Rusiyanın İranla münasibətləri xüsusi araşdırılıb. Rusiyanın digər ölkələrlə əlaqələrinə dair həmin sorğu 21 avqust 2015-ci il tarixində nəşr olunub.

Buradakı əsas sual: "İrana münasibətiniz necədir?” olub.

İrana münasibətdə rusların mənfi baxışı siyasətçilər arasında olan rəydən az fərqlənib. 2000-ci ildə respondentlərin təxminən 57%-i İrana çox müsbət münasibət göstərib. 2015-ci ildə bu rəqəm 39%-ə enib, halbuki eyni ildə Suriyada İran-Rusiya əməkdaşlığı başlayıb.

 

Moskva və Tel-Əviv arasında əlaqə

 

İrana münasibətdə rusiyalı siyasətçilərinin acı mirası, habelə rus xalqına nisbi pozitiv baxışı ölkəmiz üçün uzunmüddətli perspektivi və strateji əlaqələrin qurulmasını çətinləşdirir.

"Aftab-e Yəzd”ə müsahibəsində beynəlxalq məsələlər üzrə ixtisaslaşmış analitik Əhməd Muvəssəqi deyib: "Beynəlxalq səviyyəli münasibətlərdə İranın Rusiyaya yanaşması ehtiyatlı olmalıdır, çünki bu, risklidir. Suriyada əməkdaşlıq müvəqqətidir və zamanı gəldikdə, bitəcək. Bu ölkədə nisbi sabitliyin formalaşmasından sonra Suriyanın və regionun gələcəyinə dair digər məsələlərlə bağlı Tehran və Moskvanın fərqli mövqeləri indidən görünür".

Tehran Universitetinin professoru bildirib ki, qlobal super güc olan Rusiya öz dirçəlişindən sonra Soyuq müharibə illərinə bənzər şəkil alıb: "Bu gerçəkdir. Rusiya Krımın ilhaq edib, Suriyada birbaşa iştirakı ilə Qərbin qəzəbini oyadıb. İranın Qərb, o cümlədən ABŞ-la “xüsusi münasibətləri”ni nəzərə alan Kreml ondan bir kart kimi istifadə etməyə çalışır”.

Moskvanın Tel-Əvivdəki səfir müavininin açıqlamalarını İran rəsmilərinə xəbərdarlıq nümunəsi kimi xatırladan Tehran Universitetinin professoru Rusiya ilə strateji əlaqələrə yenidən baxılmasını vacib sayıb. “İran Rusiya ilə əlaqələrinə diqqətlə yanaşmalı və münasibətlərin gücləndiyi təqdirdə belə, qlobal səviyyədə Rusiyadan asılılığı nümayiş etdirməkdən çəkinməlidir. Qərblə olan vəziyyətdə tarazlıq yaratmaqdan ötrü elə müvafiq və strateji əlaqələr qurmalıyıq ki, Rusiyanın İran kartını oynamaq imkanı olmasın”.

…Xarici diplomatik heyətlər həmişə tarixçə istinad edib, çünki tarixi araşdırmalar gələcəklə bağlı proqnozları müəyyənləşdirməni asanlaşdırır.

Tehran-Moskva münasibətləri üçün də tarix həmişə gözümüzün önündə olmalıdır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə