XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 21:19

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ, YOXSA HAKİMİYYƏT SAVAŞI?- Özbəkistan, Qırğızıstan və Tacikistanda iri məmurlar niyə "vurulur"?

Üç qonşu dövlətin – Qırğızıstan, Tacikistan və Özbəkistanın hökumətləri korrupsioner məmurlara qarşı savaş elan ediblər. Fevralın 19-da Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Milli Təhlükəsizlik Komitəsinin Antikorrupsiya Xidmətinin direktorunu istefaya göndərdi. Antikorrupsiya orqanlarının əməkdaşlarını sərt tənqid edən prezident onlara korrupsionerlərə qarşı mübarizəni gücləndirməyi tapşırdı.


Tacikistan prezidenti Emoməli Rahmon

Tacikistan hökuməti bir qədər fərqli yolla gedir. Ötən ay məlum oldu ki, ölkənin antikorrupsiya orqanı fevraldan aprelədək Daxili İşlər Nazirliyi də daxil olmaqla, 4 nazirlikdə yoxlamalar aparacaq. Vətəndaşlardan bu orqanların nə dərəcədə korrupsiyalaşdığını və ictimaiyyətə nə qədər açıq olduğunu qiymətləndirmələri xahiş olunacaq. Yoxlamalar dövlət maliyyə nəzarəti və korrupsiyaya qarşı mübarizə planı çərçivəsində həyata keçirilir.

Özbəkistanda isə prezident Şavkat Mirziyoyev hakimiyyətə gələndən az sonra dövlət orqanlarında korrupsiyanın aradan qaldırılmasına dair tədbirlər haqda qanun imzaladı. Qanunda korrupsiya faktı barədə məlumat verən vətəndaşların dövlət tərəfindən qorunacağı vəd olunur. Dövlət orqanlarının üzərinə isə onlara bəlli olan hər qanun pozuntu haqda məlumat vermək öhdəliyini qoyulur.  

Bundan başqa, Özbəkistan hökuməti dövlət orqanlarının fəaliyyətinə dair ictimaiyyətə açıq olan məlumatların dairəsini genişləndirib. Hökumət tez-tez antikorrupsiya sahəsində islahatlardan danışır.

Bütün bunlar proseslərin görünən tərəfidir. Bəs, hər üç ölkədə korrupsiyaya qarşı real mübarizə aparılırmı?

 

Qirğızıstan prezidenti Sooronbay Jeenbekov

Qırğızstan hüquq-mühafizə sistemindəki vəziyyətə bələd olan ekspert bunun heç də belə olmadığını deyib. Onun sözlərinə görə, ölkənin birinci şəxsinin sərt bəyanatları və bunun ardınca gələn istefalar Sooronbay Jeenbekovun özündən əvvəlki prezident Almazbek Atambayevin kadrlarından qurtulmaq və güc strukturlarına öz adamlarını yerləşdirmək istiqamətində ilk addımıdır.

Mənbənin dediyinə görə, güc strukturlarının hazırkı istefa dalğasına düşən əməkdaşları arasında həm peşəkar kadrlar var, həm də korrupsiyaya uğrayanlar.

"Hazırkı antikorrupsiya kampaniyasının əsas hədəfi yeni prezidentin öz komandasını qurmaq istəyidir", – almaniyalı ekspert Beate Eşment deyir. 

Onun sözlərinə görə, yeni rəhbər əsas vəzifələrə öz adamlarını təyin etmək istəyir: "Əvvəlki prezidentlərin dövründə də belə olub. Lazım olmayan adamları vəzifədən uzaqlaşdırıb yerlərinə lazım olanlarını yerləşdirmək üçün ən yaxşı vasitə korrupsiya amilini işə salmaqdır".

Eşmentin fikrincə, Qırğızıstan hökuməti korrupsiyaya qarşı mübarizənin başına nüfuzlu şəxs təyin edərsə, hansısa uğurdan danışmaq olar: "Bununla yanaşı, qəbul  olunmuş qanunların icrası üçün vasitələr olmalıdır. Qırğızıstanda isə bunu edə biləcək qədər güclü dövlət yoxdur. Qırğızıstanın regionlarına nəzər salanda görürsən ki, orada sanki dövlətin yox, onların öz qanunları keçərlidir".

Ekspret Düşənbənin də məlum addımlarında səmimi olmasına şübhə ilə yanaşır: "Əhalini sorğu vasitəsilə antikorrupsiya mübarizəsinə cəlb etmək cəhdi yaxşı üsuldur. Bu, əhalidə məmurlar üzərində nəzarət imkanına sahib olmaq və rüşvətdən qorunmaq hissi yaradır. Demokratik şəraitdə bu üsul uğura apara bilərdi. Amma Tacikistanla bağlı bunu demək olmaz. Əgər ölkədə antikorrupsiya bayrağı altında mübarizə gedirsə belə, bunun bir məqsədi var – prezident ailəsinin təsir imkanlarını gücləndirmək".

Daşkəndə gəlincə, alman ekspert orada aparılan antikorrpusiya tədbirlərinə daha nikbin baxdığını deyir: "Hesab edirəm ki, elan edilmiş islahatlar Özbəkistanda daha çox nəticə verəcək, nəinki Tacikistanda. Şavkat Mirziyoyev Qırğızıstan prezidenti Jeenbekovun indi başlatdığını bir ildir ki, edir. Və yüksək vəzifələrə əsasən öz adamlarını yerləşdirir". 

 

Özbəkistan prezidenti Şavkat Mirziyoyev

Özbəkistanda son illərə qədər səs-küylü korrupsiya işlərini, o cümlədən də keçmiş prezident İslam Kərimovun ailəsinə bağlı işləri Milli Təhlükəsizlik Xidməti araşdırırdı. Prokurorluq isə bu məsələdə sadəcə müşayiətçi rolunu oynayırdı. Lakin bu ilin əvvəlində Özbəkistan Milli Təhlükəsizlik Xidmətində "təmizləmə" aparıldı. Prezident şəxsən özü MTX-nin bir neçə əməkdaşını həbslə hədələdi. Yanvarın 31-də isə Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Rustam İnoyatovu vəzifəsindən uzaqlaşdırdı.

73 yaşlı İnoyatovu Özbəkistanın "boz kardinalı" adlandırırdılar. O, Özbəkistanda İslam Kərimovdan sonra öz postunda bu qədər uzun müddət qalan ikinci adam idi. 

Təhlükəsizlik orqanlarında "təmizləmə" İnoyatova qədər də başlamışdı. Əvvəlcə Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin 11 bölgə üzrə rəisi, sonra da İnoyatovun müavinləri işdən azad edilmişdi. 

İnoyatovun yerinə ölkənin baş prokuroru İxtiyer Abdullayev təyin olundu. Məlum oldu ki, bundan sonra prokurorluq Milli Təhlükəsizlik Xidmətinin funksiyalarını yerinə yetirəcək. Amma bir məqam da var ki, prokurorluqdakı kadrlar hüquq-mühafizə orqanlarında korrupsiya hallarını araşdırmaqda təcrübəsizdilər. Həm də onlar öyrəniblər ki, bu cür böyük işlər siyasi hakimiyyət tərəfindən sanksiyalaşdırılır. 

Beate Eşment deyir ki, Mirzozoyevin Təhlükəsizlik Xidmətinin rəhbərini dəyişməsi hələ o demək deyil ki, qurumun bütün əməkdaşları dərhal islahat və korrupsiyaya qarşı mübarizə tərəfdarı olacaq. Ekspertin fikrincə, Özbəkistanda bütün sistem korrupsiyalaşıb: "Onların bu mübarizəyə hansı səviyyədə qoşulacağını zaman göstərəcək. Çünki Milli Təhlükəsizlik Xidmətin qeyri-leqal gəlirləri bütün qurumlardan daha çox olub".

Bu arada, "Transparency International"ın hesabatında korrupsiyanın səviyyəsinə görə, Özbəkistan 157-ci, Qırğızıstan 137-ci, Tacikistan 180-ci yerdədir… 
 
Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə