XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2018 - 14:31

UKRAYNA MƏTBUATI PUTİNİN NÜVƏ TƏHDİDİNİ ƏLƏ SALDI:"Şou miskin və bərbad idi" - TƏHLİL

İvan Yakovina

“Novoe vremya”, Ukrayna

 

Yazın ilk günündə Rusiya prezidenti ABŞ-dan özünə ciddi münasibət göstərilməsini tələb etdi. Və “yenilməz” raket və torpedoların miskin animasiyası ilə bütün dünyanı güldürdü.

Bu günün, deyəsən, ən maraqlı hadisəsi RF prezidentinin Rusiyanın Federal Məclisinə illik müraciətidir. Putin öz çıxışının birinci hissəsində iqtisadiyyat və sosial sfera haqqında növbətçi və cansıxıcı formada deyindi – hətta zalda insanlar mürgüləməyə başlamışdı. Orada mühüm və maraqlı olan heç bir şey yox idi, artıq insanlar dağılmağa hazırlaşırdılar.

Lakin o zaman Putin canlandı. O, formata uyğun olaraq, birbaşa vətəndaşlara deyil, sadəcə qorxutmaq istədiyi amerikalılara müraciət etdi. Putin Yer üzərində həyatı məhv etməyin yeni metodlarından – nüvə döyüş başlıqları daşıyan qitələrarası hipersəs raketlərindən tutmuş  nüvə başlıqlı okean torpedoları daşıyan (təyyarədaşıyan gəmiləri batırmaq üçün) pilotsuz sualtı qayıqlaradək coşğuyla danışdı. Açıq şəkildə həyəcanlanan Putinin sözlərinə görə, bütün bunlar xeyirdir – ABŞ tərəfindən tam inkar edilməyə qarşı verilən reaksiyadır.

Bütün bu torpedo və raketləri “diyirlədə-diyirlədə çıxarmaqla” Rusiya prezidenti tələb edir ki, avropalılar və amerikalılar onu özlərinə bərabər olaraq qəbul etsinlər, onun legitimliyinə şübhə etməsinlər, onunla hörmətlə danışsınlar və sözlərinə diqqət etsinlər. Nitqin əsas cümləsi belə səsləndi: “Bizə heç kim qulaq asmadı. İndi qualaq asın”. Ondan sonra xüsusi bir adam komanda verdi və zal ayağa qalxaraq Putini, demək olar ki, bir dəqiqə alqışladı.

Rusiya prezidenti üçün həddindən artıq mühümdür ki, dünyada ona öz ölkəsində hakimiyyəti ələ keçirən vəhşi Afrika diktatoru kimi baxmasınlar. O, tarixə hamının uzaq durduğu marginal və psixopat biri kimi deyil, hamı tərəfindən hörmət edilən qlobal siyasətin ağır çəkili güclü lideri kimi düşmək istəyir. O, dünyaya yaxşı heç bir şey təklif edə bilmədiyinə görə də, ətrafdakıların hamısını qorxutmağa və Qərbi dünyanın taleyilə bağlı olaraq özü ilə danışıqlara sövq etməyə qərar verib.

Lakin burada bir problem var. Putinin sözlərinin dünyada bir dəyəri yoxdur: ona inanmırlar, çünki o, həqiqətən, reallıqdan qopub. Rusiyada xəyali dünya qurmaq mümkündür; bunun üçün “zombi qutusu” (TV nəzərdə tutulur – tərc.), saray sosioloqları, qorxudulmuş əhali və yalnız yaxşı xəbərləri verən lakeylər mövcuddur. Ancaq ölkə hüdudlarından kənarda Putin və onun hərbi təhdidləri az adamı maraqlandırır.

Bütün dünyanı qorxutmaq üçün, heç olmasa, zaldakı mühiti nəzərə almaq lazım idi. Deyək ki, misal üçün, qırmızı rəngli divarları olan və əks-sədanın çətinliklə eşidildiyi qaranlıq bir otaqdı. Zalda aqressiv, qana susamış və çox ac bir auditoriya – müasir hunlar və dövrün vandalları var. Özünü cəmləmiş və soyuq bir lider, az qala ağılsız bir baxışla insanlığa hökm verir. İşıqlar sönür və tamaşaçılar birbaşa böyük şəhərin, yaxşı olar ki, reallıqda mövcud olan olsun, uşaq parkına doğru uçan nüvə başlığının üçölçülü təsvirini görürlər. Görünənlərin qaçınılmazlığı və qandondurcu reallığı hətta ən cəsur rəqiblərdə belə dəhşət yaratmalıdı. Onlar güclü şəkildə qorxudulmalıdı. Əgər mən diktator olsaydım, hardasa, belə edərdim.

İndisə görün nə oldu: kiçik və keçəl Putin, öskürərək və axan burnunu silərək, öz minyonları (bir animasiya filminin kiçik tipləri – tərc.) qarşısında yumruqlarını inamsız şəkildə silkələdi. Onlar – gənc olmayan, dar kostyumlarda tərləyən, ziyilli sifətləri piydən parlayanlar heç cürə öz fürerlərinin düşmənlərini parçalamağa hazır olan vəhşi tayfalara bənzəmirdilər. Onları ancaq oğurladıqlarının çoxaldılması maraqlandırır. Qərblə müharibə onlar üçün maraqlı deyil, hətta təhlükəlidi – axı onlar orada yaşayır və ya istirahət edirlər!  

Lakin bütün bu şouda ən az inandırıcı olan, həmin raketləri, torpedoları, döyüş başlıqlarını və s. göstərən animasiya roliki idi. Bu, o qədər geri qalmış görünürdü ki, rolikləri elə həmən 1990-cı illərin əvvəllərinin kompyüter oyunları ilə müqyisə etdilər. Buna bənzər bir şeyi texniki baxımdan hazırlıqlı olan istənilən məktəbli müasir texnologiya ilə, 200 dollara və bir neçə saata edə bilər. Rusiyada isə prezident bu biabırçılıqla amerikalıları hədələdi. Hətta bütün bu silah növləri realdırsa belə (bunun sübutları yoxdur), bu təqdimatdan sonra onlardan elə də güclü, ümumiyyətlə, heç cür qorxmazlar. Şou həqiqətən də inanılmaz dərəcədə miskin və bərbad idi.

Nəticədə Putinin təhdid və ultimatumları yalnız Qərbdə deyil, Rusiyada da anlaşılmazlıq və ironiya doğurdu. İnternetdə həmən Putini məzhəkəçi “Doktor Şər” adlandıran, onun planlarını isə Qalaktik imperiyanın “Ölüm Ulduzu” qurmaq niyyətlərilə müqayisə edən, təhqiredici və ələsalıcı zarafatlar və şəkillər peyda oldu.

Putinin şousu, tamamilə dəqiq olaraq, baş tutmadı – dram yerinə gülünc komediya çıxdı. Amerikalılar, yəqin, heç anlamadılar ki, bu, qorxulu ultimatumdur. Onlara dəvədə gəzən Şimali Afrika islamçılarının “Amerikanı cəhənnəmə göndərmək” təhdidləri də təqribən belə görünür. Hər hansı xoş, eyni zamanda qorxulu olan bir şey yoxdur, bütövlükdə isə, hətta, komikdir.

Qorxuram ki, həqiqətən, Vaşinqton və Brüsseldən istənilən tanınma və şərtsiz legitimlik ala bilməyən Putin, tezliklə hirsini daha zəif olan qonşularına tökməyə başlayacaq. Ancaq bu artıq tamamilə başqa bir məsələdir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə