XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 14:54

TRAMPI HƏR TƏRƏFDƏN SIXMAĞA BAŞLAYIBLAR –Prezidentdən Rusiyaya qarşı sərt davranış tələb edilir - TƏHLİL

Yevgeniy Pudovkin

“Nezavisimaya qazeta”, Rusiya

 

ABŞ administrasiyası Moskvanın Amerika siyasətinə müdaxilə cəhdlərinin qarşısını almaq üçün yeni yollar axtaracaq. Bu barədə Ağ evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib. Onun sözləri Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru admiral Mayk Rocersin “rus müdaxiləsi”lə bağlı ifadə etdiyi narahatlıq fonunda səslənib.

Sanders brifinqin gedişində qeyd edib: “Hazırkı prezident Rusiyaya münasibətdə sələfindən daha sərt hərəkət edir. Unutmaq lazım deyil ki, bu (RF-nin Amerika siyasətinə müdaxiləsi – “NQ”), prezident Tramp dövründə deyil, hələ Obama dövründə başlayıb”.

Bununla birlikdə, o, işarə edib ki, gələcəkdə administrasiya Moskvaya yanaşmasını yalnız sərtləşdirəcək.

"Niyə Ağ ev hələ də Rocersə 2018-ci ilin aralıq seçkilərinə “Rusiya müdaxiləsi”nin qarşısının alınması üçün təlimat verməyib?" – sualına cavab verərkən, Sanders bildirib: “Heç kim ona bunu qadağan etmir və biz, (Rusiyaya – “NQ”) daha güclü təzyiq etmək üçün, eyni zamanda bir neçə varianta baxırıq”.

Sanders, Kremlin qarşısının alınması üçün atılan addımlara misal olaraq, dövlət Qlobal Qarşılıqlı Əlaqə Mərkəzinə (GEC) 40 mln. dolların ayrılması haqqında verilən qərarı göstərib. Bu vəsaitlər xarici, o cümlədən hesab edildiyi kimi, Rusiyanın apardığı təbliğatla mübarizə edən özəl şirkətlərin maliyyələşdirilməsinə gedəcək (bax: “NQ”, 28.02. 2018).

Ağ evin nümayəndəsi əlavə edib ki, Tramp bu istiqamətdə digər tədbirlərin, – onlar haqqında yaxın “həftələrdə və ya aylarda” məlumat verilə bilər, – həyata keçirilməsinə də baxır.

Bundan öncə Rusiyanın qarşısının alınması üçün daha çox səy göstərilməsinin zəruriliyini Senatdakı dinləmələr zamanı Rocers bəyan edib. O inanır ki, Amerika demokratiyasını sabitsizləşdirmək üçün Kremlin göstərdiyi fəaliyyətlər amerikalılar tərəfindən cavabsız qoyulub. O, Senatın Müdafiə komitəsinin iclasında “Bu günə kimi bizim nümayiş etdirdiyimiz səylər, aydındır ki, yetərsiz olub” deyərək, şikayətlənib.

Rocersin sözlərinə görə, o, ruslara təzyiqi gücləndirmək üçün prezident Trampdan göstəriş almayıb. Belə hərəkətsizlik öz növbəsində Amerika demokratiyasına yeni hücumlara gətirib çıxara bilər.

O, xəbərdarlıq edərək bildirib: “Prezident Putinin bu nəticəyə gəldiyini düşünürəm: “Əgər mən ciddi hesab ödəmirəmsə, onda öz fəaliyyətimə davam edə bilərəm”".

Rocers qeyd edib: “MTA-nın direktoru və kiberkomandanlığın başçısı kimi yürütdüyüm bütün mühakimələr məni bu fikrə gətirir ki, əgər biz heç bir tədbir görməsək, onda bu (kiberhücumlar və dezinformasiya – “NQ”), davam edəcək”.

Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert təsbit edib ki, ABŞ və RF-nin münasibətləri “dibə vurub”, onların bərpası üçün zəmin yoxdu. O, brifinqin gedişində bəyan edib: “Mən əmin deyiləm ki, biz buna (münasibətlərin bərpasına – “NQ”) hazırıq”.

Bununla birlikdə, Nauertin vurğuladığı kimi, ABŞ və RF münasibətlərindəki ziddiyyətlər müdaxilə çərçivəsindən çox kənara çıxır və Suriya və Ukrayna böhranları kimi məsələlərə toxunur.

Beləliklə, Trampı RF-yə yönəlik siyasətin sərtləşdirilməsinə doğru həm qanunvericilər, həm də icra hakimiyyətinin nümayəndələri itələyir. Belə ki, öncə fevralda bir sıra konqresmen prezidenti “milli təhlükəsizlik təhdidlərinə” daha çox diqqət ayrımağa və “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşılıqlı təsir haqqında” qanun layihəsi (CAATSA) çərçivəsində hazırlanan “Kreml hesabatı”nda adı keçənlərə qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağıran qətnamə təqdim edib (Bax: “NQ”, 31.01.2018). O zaman demokrat senator Bencamin Kardin bildirmişdi ki, “Administrasiyanın milli təhlükəsizliyə yönəlik açıq təhdidlər qarşısında göstərdiyi ciddiyyət çatışmazlığı narahatlıq yaradır və artıq davam etdirilə bilməz”.

Bu arada, respublikaçılar Marko Rubio İleanu Roz-Letinen də daxil olmaqla, digər konqresmenlər “Qırmızı xətlərin müəyyən edilməsi yolu ilə seçkilərin təhdidlərdən müdafiəsi” qanun layihəsini (DETER) işləyib hazırlayıblar (Bax: “NQ”, 29.01.2018). Artıq Nümayəndələr Palatasında və Senatda təqdim edilən bu qanun layihəsi RF-yə qarşı, iri Rusiya banklarının və enerji kompaniyalarının hesablarının dondurulmasınadək, yeni cəza tədbirlərini nəzərdə tutur.

Bundan əlavə, müdafiə sektorunda da yeni sanksiyaların tətbiqi mümkündür. Yeni məhdudiyyətlərin səbəbi Moskvanın, ittiham edildiyi kimi, "Kiçik və orta mənzilli raketlərin ləğvi haqqında" müqaviləni (KOMRM) pozması ola bilər. Bu barədə “NQ”-yə əvvəllər ABŞ administrasiyasının yüksək çinli sabiq məmurları bildirmişdi (Bax: “NQ”, 26.02.2018).

Beynəlxalq münasibətlər şurasının prezidenti Riçard Haas əmindir ki, RF-ABŞ münasibətlərindəki atmosfer yeni soyuq müharibənin başlandığını təsdiq edir. İkitərəfli dialoqun pisləşməsinə görə isə ekspert Kremli ittiham edir. “Project Syndicate” internet nəşrindəki köşəsində o yazıb: “İkinci soyuq müharibənin yaranmasına görə məsuliyyətin “aslan payı” Rusiyanın, xüsusilə Vladimir Putinin üzərinə düşür. Putin, çoxsaylı digər sələfləri kimi, ABŞ-ın rəhbərlik etdiyi dünya nizamını öz hakimiyyətinə təhdid kimi qəbul edib…”.

Haas qeyd edib ki, Rusiya prezidenti beynəlxalq münasibətlərdə formalaşmış “status-kvo”nu dağıtmağa cəhd edən “təftişçi qüvvə” olub.

M.V. Lomonosov adına MDU yanında Ruzvelt adına ABŞ-ı öyrənmə mərkəzinin direktoru Yuriy Roqulev isə qeyd edir ki, eyni zamanda ABŞ-dakı “qırğılar”ın öz çağırışları ilə izlədiyi məqsədlər aydın olmur – qeyri-müəyyən olaraq qalır. O, “NQ”-yə bildirib:“Mümkündür ki, bəziləri üçün iki ölkə arasında münasibətlərin ümumiyyətlə qopması faydalı olsun”.

Ekspertin sözlərinə görə, Rusiya və ABŞ-ın başlıca vəzifəsi aydın oyun qaydaları haqqında razılığa gəlməkdir: “Hətta nə zaman ki biz, məsələn, soyuq müharibə haqqında danışırıq, onda da çox şey onun konkret mərhələsindən asılı olurdu. Bəli, sovet-amerikan qarşıdurmasının gedişində kəskinləşmələr olurdu, lakin tərəflərə layiq olduqları dəyəri verməliyik: onlar qarşılıqlı əlaqə və təsir qaydalarını işləyib hazırlaya, həmçinin silahlanma üzərində nəzarət rejimi qura bildilər”.

Qətərdəki Corctaun universitetinin professoru, Vaşinqtondakı “Yeni Amerika” fondunun baş elmi əməkdaşı Anatol Livenə düşünür ki, bir sıra siyasətçi və jurnalistin həyəcanlı bəyanlarına baxmayaraq, ABŞ-ın başlıca geopolitik və hərbi rəqibi Rusiya deyil, Çindir. Onun sözlərinə görə, Moskvanın hərbi mövqeləri Ukrayna, Qafqaz və Suriya kimi istiqamətlərdə nisbətən güclü görünür. Lakin o fərz edir ki, “Alyans (NATO – tərc.) üzvünə hücum zamanı Kreml ABŞ və NATO-ya qarşı hər hansı bir şey qoya bilməz, Rusiya heç buna hazırlaşmır da”.

Çin Vaşinqton üçün daha böyük problemlər yarada bilər. Liven “NQ”-yə bəyan edib ki, “Pekin sonadək, əgər iş bura gəlib çıxarsa, Cənubi Çin dənizinə nəzarət uğrunda mübarizə aparmağa və Hindistanla ərazi mübahisəsində öz maraqlarını qorumağa hazırdır. Və hava-dəniz döyüşündə Çinin ABŞ-ı üstələmək şansları vardır”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə