XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

05 Mart 2018 - 19:32

MÜDAFİƏYƏ 175 MİLYARD DOLLAR…- Çin rekord hərbi büdcə ilə kimə meydan oxuyur?

Çinin 2018-ci il üçün hərbi büdcəsi 175 milyard dollardır. Bu məbləğ ötən illə müqayisədə 8 faiz daha çoxdur. Yeni büdcə Ümumçin Xalq Nümayəndələri Qurultayının Pekində keçirilən illik sessiyasında təsdiqlənib. Qurultaydan həmçinin Çin Xalq Respublikasının sədrinin səlahiyyət müddətinin artırılması gözlənilir ki, bu da hazırkı ölkə rəhbəri Si Tszinpinə ən azı 2023-cü ilə qədər hakimiyyətdə qalmaq imkanı yaradır. Bu plan Çində uzun müddətdən bəri müzakirə olunsa da, hamı tərəfindən dəstəklənmir. Gözləntilər özünü doğrultsa, Si Tszinpin nüfuzunu bir qədər də artıraraq dünyanın aparıcı liderləri sırasına girəcək.


Çin ordusu

Si Tszinpin Ümumçin Xalq Nümayəndələri Qurultayının sessiyasında iki müddətlik limitin (ölkə başçısı postunda) aradan qaldırılmasından danışanda bu fikirləri zaldakı deputatlar tərəfindən alqışlarla qarşılandı. Martın 11-də baş tutacaq səsvermədə təklifin yekdilliklə qəbul olunacağı gözlənilir. Həmin iclasda ayrı-ayrı əyalətləri təmsil edən 3 min nümayəndə iştirak edəcək. Nümayəndələr isə hakim partiyanın irəli sürdüyü namizədlərdən seçiləcək. Adətən Ümumçin Xalq Nümayəndələri Qurultayının sessiyasında mühafizə gücləndirilir. Sessiya ərəfəsində dissidentlər paytaxtdan uzaqlaşdırılır.

Sessiyanın gedişində məlum oldu ki, Çin hökuməti bu il üçün 3 əsas hədəf müəyyənləşdirib. Çinin maliyyə risklərinə qarşı həssaslığı ilə mübarizə, ətraf mühitin həddən artıq çirklənməsinə qarşı müqavimət və yoxsulluğa qarşı mübarizə. 

Sessiyadakı çıxışında Çin baş naziri Li Ketsyan bildirdi ki, Çin ordusu milli təhlükəsizlikdə baş verən dərin dəyişikliklər qarşısında qaya kimi dayanmalıdır.

Ekspertlərə görə, müdafiə xərclərini artırmaq Çinin böyük strateji ambisiyalarından xəbər verir. Pekin öz ordusunu modernləşdirməyə və mübahisəli ərazilərdə (Cənubi-Çin dənizi və Hindistanla sərhəd rayonlar) infrastrukturu inkişaf etdirməyə davam edir. Eyni zamanda gözlənilir ki, büdcənin xərclər hissəsini genişləndirməklə Çin öz rəqiblərini qıcıqlandırmış olacaq.

 

General Hayten

Bugünlərdə ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Strateji Komandanlığın rəhbəri Con Hayten Birləşmiş Ştatlara təhdid yaradan 3 ölkədən birinin Çin olduğunu demişdi. Üstəlik Çinin o biri iki ölkədən (Rusiya, Şimali Koreya) daha sürtlə inkişaf etdiyini bildirmişdi: "Çinin kosmik sistemlərinin və hərbi potensialının inkişaf tempi Rusiyadan da, Şimali Koreyadan da sürətlidir. Ümumumiyyətlə, dünyada heç bir ölkə inkişaf tempinə görə Çindən irəlidə deyil. Çin bütün rəqiblərdən daha sürətlə irəli gedən ölkədir. Düzdür, əvvəlki kimi, əksər kateqoriyalar üzrə Birləşmiş Ştatlardan geri qalır. Amma yenə də olduqca çevikdir". 

Çin iqtisadiyyatı ÜDM-nin həcminə görə dünya ikincisidir. Həcm artdıqca Çinin milyonlarla sakini yoxsulluqdan qurtulmuş oldu. Orta təbəqə isə genişlənməkdə davam edir.

Çində 100 milyarder var. Onların çoxu Çin Xalq Siyasi Məşvərət Şurasında təmsil olunur. 

İqtisadiyatın bu cür sürətlə artması borc riskini də artırır ki, bu da siyasilərdə müəyyən narahatlıq yaradır. Baş nazir öz hesabatında bəyan etdi ki, bu risklərlə bağlı məsələ diqqət mərkəzində olacaq. Bundan başqa, maliyyə müəssisələrində daxili nəzarət sərtləşdiriləcək, dələduzluq və mənimsəməyə yol verənlər isə ciddi, repressiv cavablarla üzləşəcək.

Baş nazir ölkənin iqtisadi artımının hədəfini 6,5 faiz həddində müəyyn etdiyini bildirdi ki, bu da ötənilki göstəricidən (6,9 faiz) bir qədər azdır.  

Tramp administrasiyasının qlobal ticarətdə balansın yerdəyişməsi siyasətinə cavab olaraq ABŞ-la potensial ticarət savaşı da diqqət mərkəzində olacaq. Çinin ABŞ-la ticarətində ixrac rekord səviyyəyə çatıb – 275 milyard dollar. Artıq Donald Tramp polad və alüminium idxalına yeni və olduqca sərt tariflər qoyub. Və Çin idxalı ilə bağlı sərt addımların davam edəcəyini bildirib. 

Ümumçin Xalq Nümayəndələri Qurultayının təmsilçisi Çjan Esuy bildirib ki, Çin ticarət savaşı istəmir. Lakin ABŞ Çinin maraqlarına qarşı addımlar atsa, Pekin də boş dayanmayacaq. 

Öz növbəsində baş nazir Tayvan millətçilərinə xəbərdarlıq edib ki, Pekin Tayvanın müstəqilliyinə dəstək məqsədli hər hansı separatçı plan və addımlara göz yummayacaq. Pekin müstəqil Tayvanı öz əyaləti hesab edir və onun yenidən Çinin bir hissəsi olmasını istəyir. 

Strateq.az