Həsən Şərbəl
“Əş-Şərq əl-Əvsət”
Güclü liderlər dövrünün ötən əsrdə sona çatması əqidəsi var. Onların ortaya çıxması müstəqillik və ya dünya müharibələrində sıradan kənar proseslərlə bağlı idi. Son hadisələrin müşahidəsi, bu əsrin problemləri, şərtləri və faktorları dəyişsə də, əvvəlki vəziyyətdən daha az fərqlənmədiyini göstərir.
Göründüyü kimi, zəmanəmiz də güclü insana ehtiyaclıdır. Ümid pəncərələrini açan hər kəs xoş məramla, məsafələri qət edə və başqaları tərəddüd edərkən, təşəbbüs göstərə bilər. İflic durumunu pozan və qılafından çıxmağa cəsarət edən istənilən adam. Çətin çağırışları aradan qaldırmaq üçün bəsirəti olan insanlara, qərar qəbuledicilərə və güclü iradəsi olanlara ehtiyacımız həmişə qalır.
Bəzən qeyri-adi bir insanın ortaya çıxması, bir ölkənin doğru yola yönəldərək, uçuruma yuvarlanmasına mane olur. Bu adam gənclərin xəyallarını ilhamlandırır və onlara ölkənin taleyində iştirak etməyə imkan yaradır. O, qanlı münaqişələri və ölümcül iflasları aradan qaldırır.
Qərb artıq "qüdrətli insan" istehsal edə bilməz. Demokratiya dərin yuxuda olan qeyri-məhdud hakimiyyət xəyalı quran gücdən qorxur. Buna görə də, Qərb bu xəyallar əleyhinə formullar hazırlamaqda ustalaşıb. Konstitusiyalar buna imkan vermir. Parlament müstəbidin yolunda maneə yaratmaqda tərəddüd etmir.
İctimaiyyət hər hansı bir tiranın təlxəyi olmaq istəmir. Müxalifətin və jurnalistlərin tələləri prezidenti nüfuzdan salacaq. Sosial mediada gündəlik olaraq “qan töküləcək”. Demokratiyalar güclü lideri deyil, təşkilatların rolunu və onların davamlılığını təmin edir.
Lakin Qərb, tərəqqisinə və maariflənməsinə baxmayaraq, bütün dünya deyil. Sovet İttifaqının intiharından sonra qələbəni elan edən “qlobal kənd”in bu nümunəni qəbul edəcəyinə inananlar yanılırlar. İndi Qərb məkanında ən azı demokratik nümunə sayılması çətin olan “boksçular”ın yüksəlişi ilə, qlobal arenanın qarışıqlığına şahid oluruq.
Qərbdə vəziyyət
Qərbdə vəziyyət yaxşı məlumdur. ABŞ və dünya “tweet” atan prezidentin sözlərindən asılıdır. Alman kansleri vəzifəsində qalmağı bacardı, lakin seçkinin nəticələri onun imicini ləkələdi. Elize Sarayı və fransız xalqı arasındakı bal ayı sona çatır. Douninq Street 10-da oturan xanım Avropa İttifaqından boşanma mübarizəsi aparır.
Çində vəziyyət “qlobal kənd”dəki vəziyyətdən tamamilə fərqlidir. 21-ci əsrin Mao Zedonunun doğulduğuna şahidlik edirik. Çinin yeni imperatorunun hökmranlığı altında yaşamağa hazırlaşan inananlar var. Prosesin bizə aid olmadığına inanmaq yanlışlıqdır. 1,4 milyard əhalisi olan ölkə və dünyanın ikinci ən güclü iqtisadiyyatı haqqında danışırıq.
Bir neçə gün əvvəl Çin Kommunist Partiyası konstitusiyada iki dövrlük məhdudiyyət maddəsini çıxararkən, dünyanı heyrətləndirdi. Partiya, həmçinin prezident Si Zinpinin fikrinin konstitusiyaya möhkəmləndirilməsini təmin etdi. Bu, Maonun heç bir sələflərinin malik olmadığı bir imtiyazdır. Bu, sadəcə Sinin Çin ilə səyahətinin davamı deməkdir. Cari iqtidar müddəti 2023-cü ilin sonunda bitəcək, prezident Donald Tramp tərəfindən təriflənən Si ömürlük prezidentlik dövrünün başlanğıcındadır.
Son beş ildə Maonun taxtında qalmaq üçün Sinin özünə yol açdığı aydındır. O, ordu generalları və müharibə baronlarının ipini yığıb. O, korrupsiyaya qarşı ciddi kampaniyaya başlayıb. Çində vəziyyəti müşahidə edən hər kəs bu çevrilişin əhəmiyyətini başa düşür.
1982-ci ildə iki dəfəlik iqtidarını başa çatdıqdan sonra partiya öz liderini postu tərk etməyə məcbur etdi. Güclü bir fiqurun ortaya çıxmasından yayınmaq istədi. Bu, əsasən insan və iqtisadi itkilərə gətirib çıxaran “mədəni inqilab”dan sonra Maoya bənzəyərək, istədiyi kimi hərəkət etməyə qadir olan bir insanın ortaya çıxmasının qarşısını aldı.
Qərbə olan geniş yayılmış inanca görə, Sovet İttifaqının qalıqları üzərində doğulan Rusiya Qərb ölkələrinin izində qalacaq və birpartiyalı hakimiyyət mirasına baxmayaraq, demokratiya qurmaq üçün ilhamlanacaqdı.
Demokratiyanın rus versiyası
Bu baş vermədi. Əsrin əvvəlindən demokratiyanın rus versiyasını yaradan bir adam hakimiyyətdədir. Zəmanətli parlament və mətbuat. Vətəndaş cəmiyyətinin təqib olunması və azad fikrin yoxluğu, – müxalifətin tələb edə biləcəyi şeylər…
Vladimir Putin adlı güclü bir lider doğuldu. Daxili səhnəni, ölkənin xaricdəki imicini və böyük dövlətlər arasında mövqeyini yenidən bərqərar etdi. Adam bütün ipləri əlində tutur və seçkilərdə iştirak – onun üçün gəzinti kimi bir şeydir. O, Krıma ilhaq etdi və Ukraynada sabitliyi pozdu. Suriyaya hərbi müdaxilə etdi, regional və beynəlxalq sahələrdə rolunu artırdı.
Çin misilsiz çağırışlara yönəlib. Onun yüksəlişi yaxın və uzaq ölkələr arasında narahatlıq doğurur. Kəmər və yol təşəbbüsü qlobal iqtisadiyyatda və nəhayət, siyasi arenada müstəsna rol oynamağa olan inamının açıq bir nümayişidir. Dünyanın ən güclü iqtisadiyyatı ABŞ-la rəqabət aparır.
Daxili səhnədə problemlər sadə deyil. Yüksək inkişaf səviyyəsinin qorunması. Öz ölkələrinin gələcəyini müəyyənləşdirmədə iştirak etmək istəyən milyonlarla insanın tələbatı, cəmiyyətdə sabitliyin qorunması…
Bununla yanaşı, mövcud partiya qaydaları çərçivəsində bu, mümkün deyil. Müasirlik prosesi və ardıcıl texnoloji inqilablar ilə yaxalanmaq… Rəqəmsal inqilabla məşğul olmaq və hər bir vətəndaşı, jurnalisti şahid halına gətirmək…
Bu faktorları nəzərə alaraq, Çin Kommunist Partiyası "güclü lider" fenomeni üçün yol açdı. Bəlkə də gələcək mərhələ üçün daxili və xarici səhnələrdə daimi bir liderin lazımlığı hiss olunacaq. Xoşbəxtlik və sabitliyi qoruyub saxlamaq üçün. Həm də Çin beynəlxalq səhnədə əsas oyunçu mövqeyinə doğru irəliləyir.
Bəlkə də buna görə, bəzilərinin fikrincə, Putinin Qərbə yönəldilmiş son döyüş təhdidi güclü mövqe deyil. Çünki Kremldəki güclü adamın əsas rəqibi, Rusiyadan çox da uzaq olmayan, Mao taxtında oturan güclü adamdır.
Tərcümə: Strateq.az