XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2018 - 16:37

ABŞ Bəşər Əsədə qarşı fəaliyyətini gücləndirir:PENTAQON 80 MİLYON DOLLARI NİYƏ TƏLƏB EDİR? – Təhlil

Vladimir Muxin

"Nezavisimaya qazeta", 07.03.2018

 

Rusiya Federasiyası (RF) və müttəfiqləri əvvəlkitək geniş əhatəli vətəndaş müharibəsinin istisna olunmadığı Suriyanın ərazi bütövlüyünü təmin edə bilmirlər. Bunun iştirakçıları, bir tərəfdən, Bəşər Əsəd rejimi və onu dəstəkləyən RF, İran və qismən Türkiyə olacaq. Digər tərəfdən – ABŞ-ın başçılığıyla koalisiyanın himayə etdiyi ərəb və kürdlərin müxalif qruplaşmaları. Bu cür qarşıdurma qalır, çünki Rusiyanın da, ABŞ-ın da Suriyada qalmasının baş motivi iqtisadiyyatdır.

Moskva və Vaşinqton təkcə Suriyanın neft-qaz aktivlərinə yiyələnmək uğrunda çarpışmır. Baş vəzifə – hərbi əməliyyatların Suriya hüdudlarından uzaqlara uzanan və bütün İkiçayarası, Ərəbistan yarımadası və karbohidrogenlərlə zəngin başqa əraziləri əhatə edən Yaxın Şərq teatrında möhkəmlənməkdir. Lakin bu çarpışmada açar nöqtə məhz Suriyadır. Suriyanın yerləşimi karbohidrogenlərin Yaxın Şərqdən Avropaya tranzit yolları üçün daha əlverişlidir.

Vaşinqton Suriyada separatçı ərazilərin dəstəyinə və burada təkcə Dəməşqə alternativ hakimiyyət qurumları deyil, həm də böyük hərbi birləşmələr yaradılmasına xeyli xərc planlaşdırıb. Dünən ABŞ Müdafiə Nazirliyinin 2019-cu il büdcəsində Suriya müxalifətinə dəstək xərclərinin əsaslandırıldığı materialları KİV-lərin əlinə düşüb. Pentaqon “Suriya müxalifətinin sınanmış qruplarına ödənişləri” davam etdirməyi təklif edir və hökumətdən buna 80 milyon dollar civarında xərc tələb edir. Guya, bu pullar İŞİD-ə qarşı mübarizə və işğal edilmiş ərazilərdə daxili güvənliyin təminatına lazımdır. Lakin ABŞ işğal edilən əraziləri Əsəd rejiminə təhvil verməyə hazırlaşmır. Həm də Vaşinqton pulları Dəməşqin “mötədil” deyilən müxalifətinə qoymaq niyyətindədir.

Pentaqonun sənədində sponsorluq edilən “sınanmış Suriya müxalifətitəmsilçilərinin sayını 2018-ci il büdcə ilinin (2018-ci il sentyabrın 30-da bitir) axırına kimi (indiki) 10 mindən 60-65 min nəfərə qədər artırmaq planlaşdırılır. Bu saydan 30 mini “İŞİD-ə qarşı cari hərbi missiyanı yerinə yetirəcək, 35 min muzdlu isə Daxili Təhlükəsizlik Qüvvələri sıralarında terrorçulardan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək”.

Bununla belə, ABŞ büdcəsində Suriyada durumun tənzimlənməsi və ölkənin vahid dövlət daxilində dinc məcraya keçirilməsilə bağlı heç bir humanitar və ya siyasi aksiya nəzərdə tutulmayıb. 80 milyon dollar Suriyada Əsəd rejiminə alternativ hərbi-siyasi hakimiyyət yaratmaq üçün tamamilə sanballı məbləğdir. Suriyadakı olduqca aşağı yaşayış səviyyəsi nəzərə alınmaqla Bəşər Əsədin opponentləri üçün Amerika pulları olduqca mühüm miqdardır. Yeri gəlmişkən, bu cür vəsait (Rusiya valyutasına keçəndə 5 milyard rubla yaxın) Rusiyanın Suriyadakı bütün qruplaşmasını ilboyu döyüş sursatı və maddi resurslarla təmin etməyə yetər.  

Rusiyanın Əsəd rejiminə hansı maliyyə dəstəyi verdiyi haqda məlumatlar açıq qaynaqlarda yoxdur. Əlbəttə, bu, sözgedən 5 milyard rubldan çox da ola bilər. Lakin Pentaqonun büdcə sənədlərini planlaşdıranlar deyirlər ki, ABŞ 2018-2019-cu illərdə Əsəd rejiminə qarşı mübarizəni davam etdirəcək. Və ABŞ artıq indi İŞİD-ə qarşı mübarizə görüntüsü altında işğal edilən ərazilərdə müxalif hakimiyyət qurumları yaratmağa və onları dəstəkləyən döyüşçülərə maliyyə dəstəyi xərcləri planlaşdırır.

RF XİN başçısı Sergey Lavrov bu günlərdə bildirib: “Amerikalıların Suriya məsələləri üzrə formalaşdırdıqları dar, qeyri-inklüziv (bütün zümrələri əhatə etməyən-tərc.) qrup Suriya dövlətini dağıtmaq fikrindədir”.

Lakin ABŞ-ın dəstəyi ilə Suriyanın ən varlı hissəsini əldə saxlayan ərəb tayfaları və kürdlər, çətin ki, “dar, qeyri-inklüziv qrupdur”. Bu qrup Vaşinqtonun dəstəyi sayəsində nüfuzlu və bacarıqlıdır.

Rusiya durumu düzgün və adekvat dəyərləndirir, lakin məsələlərin vəziyyətini kökündən dəyişdirməyə təsir etməyi hələlik bacarmır, ya da istəmir. Hərb elmləri akademiyasının müxbir üzvü, polkovnik Eduard Rodyukov hesab edir: “Əsədə sadiq Rusiya Şərqi Qutanı və Suriyada başqa terrorçu anklavları azad etməkdə ona yardım göstərəcək. O zaman ölkə dinc həyata keçəcək. Amma güman etmirəm ki, bu, güclərin ümumi bölgüsünü dəyişəcək. Suriya artıq de-fakto bölünüb. Özü də ABŞ-ın fəaliyyəti bu bölünməni qətiləşdirməyə yönəlib”.

Ekspertin fikrincə, “Moskva və Dəməşqin ABŞ-ın dəstəklədiyi ərəb-kürd birləşmələrinə qarşı mübarizəni davam etdirməkdən savayı seçimi qalmır. Lakin böyük təhlükə var ki, bu cür müharibə zaman keçdikcə ABŞ və Rusiyanın hərb maşınlarının gerçəkdən toqquşduğu kürəsəl savaşa çevrilər”.

Rodyukov qeyd edir: “Burada qeyri-müəyyənlik amili var. Və görünür, Moskvanın və müttəfiqlərinin ümidləri xəfif-xəfif işıq verir ki, dünya diplomatiyası, BMT-nin iştirakilə Suriyanın bütövlüyünü saxlamaq mümkün olacaq. Lakin gerçəklikdə bu cür ümidlər utopiyadır”.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə