XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 Mart 2018 - 19:18

18 İLLİK ARADAN SONRA İLK RƏSMİ SƏFƏR- Özbəkistan prezidenti Şavkat Mirziyoyev Tacikistana niyə gedib?

Özəbkistan prezidenti Şavkat Mirziyoyev bu gün Tacikistana səfər edib. Düz 18 il idi ki, Özbəkistandan bu ölkəyə prezident səviyyəsində səfər baş tutmurdu. Sovet İttifaqı  dağılandan sonra Özbəkistan və Tacikistan arasında sərhədlər, su və enerji ehtiyatlarından istifadə, həmçinin tranzit yollarla bağlı mübahisəli məsələlər qalmışdı. Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun dövründə iki ölkənin münasibətləri o dərəcədə pisləşmişdi ki, bəzi ekspertlər tərəflər arasında hərbi münaqişəni belə, istisna etmirdilər. 
  

İslam Kərimovun vəfatından və yeni prezident Şavkat Mirziyoyevin gəlişindən sonra vəziyyət tamamən dəyişdi. Mirziyoyev bir çox sahələrdə dəyişikliyə gedəcəyini, həmçinin qonşularla münasibətlərdə inteqrasiya və əməkdaşlıq yolunu tutacağını bəyan etdi. İlk olaraq Özbəkistan baş naziri Tacikistana səfər edərək iki ölkə arasındakı bəzi mübahisəli məsələlərlə bağlı müzakirələr apardı. Bu səfərdən az sonra prezident Mirziyoyev özü Düşənbəyə yollandı. 

 

Beate Eşment

Qərb mətbuatının yazdığına görə, iki gün davam edəcək səfər zamanı prezidentlərin əsas müzakirə mövzusu sərhəddəki mübahisəli ərazilər və energetika sahəsində ticari-iqtisadi əlaqələrin inkişafı olacaq. Səfərlə bağlı əsas gözləntilər iki ölkə arasında viza rejiminin sadələşdirilməsidir.

Viza rejimi 2001-ci ildə Özbəkistan tərəfindən tətbiq olunub və məqsəd, Əfqanıstan ərazisindən ekstremistlərin qarşısını almaq olub.

Fərhad Su Elektrik Stansiyasının yerləşdiyi mübahisəli sərhəd ərazisi, nəhəng Roqunsk Su Elektrik Stansiyası layihəsinin gələcəyinə dair yaranmış mübahisənin yoluna qoyulması da səfərin əsas məqsədləri sırasındadır.

İslam Kərimovun dövründə Özbəkistan bəzi texnogen risklərə görə qəti şəkildə bu layihənin əleyhinə idi. 

Almaniyalı ekspert Beate Eşment deyir ki, hər iki ölkənin vətəndaşları üçün bu məsələlər arasında ən vacib olanı viza rejiminin sadələşdirilməsidir: "Bu olmadan sərhəd-gömrük keçid məntəqələrinin açılması hələ heç nəyi həll etmir. Tərəflər arasındakı bir mübahisə də Fərhad Su elektrik stansiyası ilə bağlıdır. Hər iki ölkə illərdir bu stansiyaya sahib olmaq uğrunda mübarizə aparır. Mətbuat yazır ki, tərəflər stansiyanın Özbəkistanın mülkiyyətində qalmasına və bu ölkə tərəfindən istifadəsinə dair razılığa gələcək. Lakin razılaşmada Su elektrik stansiyasının yerləşdiyi ərazinin Tacikistana məxsus olması və Tacikistan tərəfindən mühafizə olunacağına dair bənd əksini tapacaq". 

Daşkənddən olan politoloq Y.Çernoqaev bütün ərazi mübahisələrinin yaxın vaxtlarda həllini tapacağına inanmadığını deyir: "Hər şey detallara göstərilən diqqətdən və sərhədin hər iki tərəfində güzəştlərdən itirən əhalinin maraqlarının nə dərəcədə təmin edilməsindən asılı olacaq. Qırğızıstan-Özbəkistan sərhədində bu yaxınlarda baş verən oxşar problemlər buna nümunədir. Düzdür, Daşkənd-Düşənbə münasibətlərindəki gərginliyin ağır fazası geridə qalıb. Amma əl sıxmaqla bütün problemləri həll etmək mümkün deyil. Bu uzun vaxt aparan məsələdir və hər detala fikir verilməlidir". 

 

Mirziyoyev və Rahmon

Roqunsk layhəsinə gəlincə, B.Eşment hesab edir ki, bu məsələdə Mirziyoyevin mövqeyi İslam Kərimovun mövqeyindən fərqlənir: "Yeni prezidentin komandası hətta, Özbəkistanın bu layihənin səhmdarı olmasını da istisna etmir. Daşkənd bu məsələyə emosional yanaşmasını aradan qaldırıb. Əgər Özbəkistan gələcəkdə maliyyələşmədə iştirakını təklif etsə, layihənin texniki tərəfinə təsir imkanını qazanacaq. Bu rasional yanaşmadır. Amma hər bir halda bu layihə Daşkəndin ürəyincə olmayacaq". 

Ekspert deyir ki, Tacikistan prezidenti Emomali Rahmon Özbəkistanla yeni münasibətlərin spesifikasına hələ tam bələd deyil: "Lakin o da reallıqdır ki, Özbəkistan güclü tərəfdaşdır və Rahmon əvvəl-axır münasibətlərin yeni tərzinə köklənməlidir.  İndi əsas məsələ odur ki, Tacikistan prezidenti bunun öhdəsindən necə gələcək".

Ekspertlər hesab edir ki, prezidentlərin görüşündə böyük ehtimalla, Orta Asiya liderlərinin sammiti də müzakirə olunacaq. Sammit Şavkat Mirziyoyevin təşəbbüsü ilə Qazaxıstanda keçiriləcək. Ötən ilin noyabrında Mirziyoyev Orta Asiya ölkələrinin rəhbərlərinin təmsil olunduğu Məşvərət Şurasının yaradılması təklifi ilə çıxış etmişdi. 

Analitiklər deyir ki, hazırda regiona liderlik uğrunda Qazaxıstanla Özbəkistan arasında rəqabət gedir. Belə olan halda, məlum sammitin rəqib ölkədə keçirilməsini təklif etmək Daşkəndin ağıllı gedişi kimi qiymətləndirilir. Çünki bu halda rəqib – Qazaxıstan Məşvərət Şurasının yaradılmasına qarşı çıxmayacaq, üstəlik təşəbbüsü Tacikistan və Qırğızıstan da dəstəkləmiş olacaq…


Strateq.az