XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Mart 2018 - 19:18

“TUMANLI CEYMS BOND”:MKİ-nin qəddar və təcrübəli əməliyyatçı kimi tanınan yeni direktoru haqda bilmədiklərimiz...

Yevgeni Krutikov

Vzqlyad, 14.03.2018

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə son dərəcə maraqlı sima başçılıq edəcək. Birincisi, MKİ-nin direktoru ilk dəfə qadın və ikincisi, artıq indi bir neçə kinematoqrafik personajın prototipi olmuş adam olacaq.

Cina Şeri Hespel haqda nə məlumdur və Vaşinqtonun baş kəşfiyyat idarəsi onun rəhbərliyi altında hansı şəkildə dəyişiləcək?

MKİ direktoru (bu vəzifədə bir ilə yaxın çalışan) Mayk Pompeonun hansı xidmətlər əsasında ABŞ prezidenti tərəfindən xarici siyasət üzrə, az qala, ən yaxşı mütəxəssis adlandırılmasının səbəbləri dəqiq məlumdur. Amma fakt faktlığında qalır: Pompeo dövlət katibi vəzifəsinə təyin edilib. Prezident Tramp MKİ direktorunun boşalmış yerinə buna kimi direktorun birinci müavini postunu tutmuş, əməliyyat işi üzrə İdarənin rəhbəri Cina Hespeli təyin edib. O, Amerikanın ən böyük kəşfiyyat xidmətinin başında ilk qadın olub.

O, necə adamdır?

Cina Hespel bir il qabaq – 2017-nin fevralında Donald Tramp onu MKİ direktorunun birinci müavini təyin edərkən sürətlə yüksəlişə gedib. O vaxt o da bu postda ilk qadın sayılırdı, amma formal baxımdan belə deyildi. Ona qədər bu vəzifəni Obamanın əlaltısı Evril Heyns tutub, amma Heyns siyasi təyinatlı idi və çox duruş gətirmədi. Hespel isə bütün vəzifə yolunu bir idarədə istisnasız olaraq ağır işlərdə keçirən və MKİ-nin təpədən dırnağa əməliyyat əməkdaşıdır. O zaman onun yüksəlişini Trampın MKİ-nin kadr əməkdaşlarını sakitləşdirmək cəhdi sayıblar. Onlar “kənar” konqresmen Pompeonun MKİ başçısı təyin edilməsi və onun idarədə başladığı əhatəli islahatlar üzündən öz möveləri üçün açıqca narahat olmuşdular.

1956-cı il təvəllüdlü, ingilis-sakson, ağdərili, protestant, 1985-ci ildən MKİ-də xidmətdə olan Cina Şerin əvvəlki həyatı və fəaliyyəti Hollivud müəmması dumanına bürünüb. Və o, danışıq adamı deyil. Bin Ladenin çoxillik axtarılması və məhvi haqda sanki “sənədli-bədii” məşhur “Zero Dark Thirty” (bizim prokatda “Hədəf №1”) filmində belə bir personaj var – MKİ-nin tutulan terrorçulara verdiyi ağır işgəncələrə soyuqqanlılıqla başçılıq edən yüksəkçinli əməkdaşı Maya. Filmdə onun yaşı otuzdan bir az çoxdur, mətin xarakteri, qorxunc həyat təctrübəsi və döyüşkən əxlaqı var. Düzdür, əsasən “dəniz pişikləri”nin qəhrəmanlaşdırılmasına həsr edilən “No Easy Day” adlı oxşar məzmunlu təbliğat kitabında bənzər personaj – MKİ-dən son dərəcə qəddar bir qadın, Bin Ladenin məhv edilməsi üzrə işgəncə,  əməliyyatlar və istintaqa rəhbərlik edən “tumanlı Ceyms Bond” “Cena” adıyla verilib.

Bax, budur: bütün bunlar həqiqətdir. Yaşından savayı – Hollivud burada tam 25 il yaltaqlanıb. Və işgəncələr, döyüşkən əxlaq, nəticə əldə etmək adına istənilən qanunu pozmaq, “tumanlı Ceyms Bond” və “korporativ” həmrəylik – bütün bunlar gerçək adam Cina Hespeldir.

Prezident Obama 2013-cü ilin fevralında Hespeli Məxfi Əməliyyatlar Milli Xidmətinin (clandestine service) rəisi təyin edib, amma belə bir təyinat Konqresi əsəbiləşdirib. MKİ direktoru müavini təyinatı formal olaraq Konqresin təsdiqini tələb etmir, lakin Konqresin MKİ-yə qəzəblənmiş komissiyası müəyyən edib ki, Cina Hespel Tailandda kəşfiyyatın gizli həbsxanalarının birinə “Pişik gözü” adı altında şəxsən rəhbərlik edib və məşhur su işgəncəsi daxil olmaqla dustaqlara işgəncələrə qatılıb.

Birbaşa ziyan çəkənlər də tapılıb: Hespelin çəlləkdə təpəüstə çimizdirdiyi səudiyyəlilər – Əbu Zubaydə və Əbdürrəhim ən-Nəsri. Onlar Hespelə qarşı ifadə veriblər. Təcrübəli konqresmenlər hətta buna qədər öyrəniblər ki, 2005-də “ekstremal istintaqlar”ın videoyazılarını məhv etməyə məhz Hespel rəhbərlik edib, bu isə artıq “dəlillərin gizlədilməsi” аdlanır. “Tumanlı Ceyms Bond”u barmaqlıq arxasına olmasa da, ən azı, təqaüdə apara biləcək cinayət təhqiqatı başlanıb. Lakin ali məqsədəuyğunluq təsəvvürlərinə görə cinayət işini bağlayıb və Barak Obamanın səyləri ilə Hespeli zərbə altından çıxarıblar. Nəticədə o, hüquq sistemi qarşısında sanki təmiz çıxıb: onu eyni məsələyə görə ikinci dəfə təqib etmək olmaz, bu da Hespeli artıq indidən Konqresdən “keçərli” namizəd edir. Düzdür, o zaman məxfi əməliyyatlar rəisi vəzifəsindən sürətlə azad edilib və postunu (yenə də qısa müddətə) başqa bir qadın – Odri Tomson tutub.

Hespel 30 illik xidmət müddətində yalnız Birləşmiş Ştatlardan kənarda  işləyib və bir neçə xarici rezidenturaya başçılıq edib. Hansı ölkələrdə – rəsmən məlumat verilmir. Pompeo iddia edib ki, o, “xaricdə əməliyyat işində böyük təcrübəyə malikdir”. Amma bununla yanaşı “kəşfiyyatın örnək əməkdaşı və əsil vətənsevərdir”. O, habelə onu “özünü yaxşı göstərən, qoyulan vəzifələrin həllində fövqəltəbii bacarıq sahibi və çevrəsindəkiləri ruhlandıran lider” adlandırıb.

Bəli, belədir, heç kim mübahisə etmir. Həm “həllə nail olmağı”, həm də “ruhlandırmağı” bacarır. Əbu Zubaydə “ruhlandırmaq” haqda çox bəlağətlə danışıb. Əlbəttə, o, kamil terrorçudur, amma nəticədə sol gözünü çıxarıblar.

Lakin burası da var ki, Tramp terrorizmdə şübhəli bilinənlərə işgəncə tətbiqinin məqsədəuyğunluğundan dəfələrlə danışıb və şübhəsiz, Cina Hespelin şəxsiyyəti şəxsən onda rəğbət doğurur. O, inzibatçılığa meyllənmir, amma Pompeonun başladığı islahatların ümumi kursu köhnə əməliyyatçı kimi onun düşüncə tərzinə tamamilə oxşardır. MKİ Pompeonun dönəmindəki kimi köhnə, sınanmış üsullara dönüşü davam etdirəcək: agentura kəşfiyyatı, məxfi əməliyyatlar və opponentlərə fiziki basqı göstərməyə. “Yumşaq güc” və sair QKT dövrləri bizi aşkarca tərk edir. Bundan başqa, Hespel işin praktik olaraq bütün yönlərini və hətta əməliyyat işçilərinin məişətini tənzimləyən çoxsaylı təlimatlardan hökmən imtina edəcək. Çətin ki, əməliyyatçıları tamamilə yedəkdən buraxsınlar, lakin öncədən demək olar ki, Moskva küçələrində mədəniyyət səfirliyinin bomj cildinə girmiş üçüncü katiblərinin sayı dəfələrlə çoxalacaq. Əgər məsələ demokratiya məşəlinin ağıldankəm aborigenlərə çatdırılmasına aiddirsə, MKİ-də xeyir və şər arasındakı fərq haqda təsəvvürlərdən tam məhrum olan əməliyyat işi fanatiklərinin geniş zümrəsi saxlanılıb. Və şübhəsiz, Hespel bu yoldaşlar qrupuna başçılıq edəcək.

Amerika hakim sinfində soyuq müharibənin yeni dalğası və Rusiya və Çinlə irimiqyaslı qarşıdurma haqda təsəvvürlərin üstünlük təşkil etdiyi bir vaxtda bu adamlar hansısa bir anda MKİ-dəki növdaxili mübarizədə qalib gəlməyə borcludurlar. Əməliyyat direktorluğu yenidən əsas quruma çevriləcək, məlumat analizi isə “genişalınlı” analitiklərin kabinetlərindən yerini birbaşa Ağ Evə dəyişəcək. Bu prosesi dəvət edilən yüzlərlə analitikin maaşını azaltmış Pompeo işə salıb.

Trampın özü də Obama dönəmində xarici siyasəti və ordunu yönəldən universitet dairələrindən çıxanlara çox da etibar etmir. Hespel tipli qəddar əməliyyatçılar onun üçün daha anlaşıqlıdır. Bir yandan, ola bilsin, bu, pis  olmaya da bilər: Amerikanın universitet və elmətrafı birliklərində rusofob rusofob üstündədir, bir də Amerika messiyaçılığı da yetərindən artıqdır. Digər yandan, yanargözlü əməliyyatçılar nəsli də onlardan uzağa getməyib. Ölkəşünaslıq bilgilərinin itirilməsi isə buna səbəb olur ki, Zubaydə tipli adamların davranış danmğası asanlıqla bütün dünyaya yayılır.

Onlar hamıya birdən işgəncə verməyəcəklər. Sadəcə, “bizimki-yad” bölgüsü daha radikal olacaq.

Tərcümə Strateq.az-ındır.