XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

18 Mart 2018 - 11:52

TÜRKİYƏNİN SƏRHƏDARXASI ƏMƏLİYYATLARININ SİRRİ:Ankara yeni hərbi strategiyasını necə formalaşdırır? - ARAŞDIRMA

Sami Yıldırım

“Anadolu” Agentliyi, Türkiyə

 

Türkiyə on illərdir Şimali İraqda sərhədarxası terrorla mübarizə əməliyyatları aparmaqla birlikdə, 24 avqust 2016-cı illə 30 mart 2017-ci il arasında həyata keçirilən “Fərat qalxanı” hərəkatı (FQH) və 20 yanvar 2018-ci ildə başlayıb hələ də davam edən “Zeytun budağı” hərəkatı (ZBH) ilə ilk dəfə Suriyada genişmiqyaslı və real nəticə verən əməliyyatlar icra edir.

Proaktiv/önləyici müdafiə olaraq xarakterizə edilə bilən, ölkə sərhədləri arxasında aparılan bu terrorla mübarizə əməliyyatlarında Türkiyə Silahlı Qüvvələri (TSQ), başda pilotsuz uçan aparatlar (PUA) və silahlı pilotsuz uçan aparatlar (SPUA) olmaqla, əsasən yerli istehsal olan yeni nəsl silahları effektli istifadə edir və bəzi yerli ünsürlərlə birlikdə hərəkət edir. Şəhid və yaralılar olsa da, təsirsiz hala gətirilən terrorçu sayı dünya terrorla mübarizə standartlarına görə xeyli yüksəkdir. Ayrıca, mülki şəxslər arasında itki olmaması üçün hərəkat aşağı intensivlikdə icra edilərək, maksimum diqqət göstərilir.

Dünya, xüsusən də regionumuz təhlükəsizlik və müdafiə doktrinalarının – strategiyalarının iç-içə keçdiyi, müttəfiqlik hüququnun bütövlüklə nəzərə alınmadığı, hibrid-vəkalət müharibələrinin yaşandığı bir dövrdən keçir. Masa ətrafındakı müzakirələrdə güclü olmanın yeganə şərti meydanda gücdən istifadə etmək olaraq önə çıxır.

Bu mühitdə Türkiyə həmin əməliyyatlarla dost və düşmənlərinə artıq yeni müdafiə strategiyası tətbiq etməyə başladığını göstərir. Bu strategiyanın ilk addımı PKK/KCK terror təşkilatının, ölkə daxilindəki təsirinin minimuma endirilməsinin ardından, türk torpaqlarına yaxın sərhədarxası bölgələrdə də üzvi yan qolları ilə birlikdə ləğv edilməsidir. İnsani və maliyyə məsrəfi yüksək olan bu həmlənin gözə alınması Türkiyə Cümhuriyyətinin (TC) həyati məcburiyyətidir. TC-ni buna məcbur edən hadisə və proseslər sadəcə yeddi illik Suriya vətəndaş müharibəsilə deyil, Şərqi Aralıq dənizi və Şimali İraqdakı, hətta İrandakı yeni durumla birlikdə oxunmalıdır.

İŞİD-in ilk öncə “Şam-Levant İslam Dövləti” olan adında istifadə etdiyi “Levant bölgəsi” Türkiyənin davamlılığına yönəlik önəmli təhlükəli hadisələrin baş verdiyi əsas coğrafiyadır. Cəmi 1300 km olan Suriya və İraq sərhədləri boyunca yaradılan xaotik və dəyişkən güvənsizlik mühiti yalnız Türkiyənin cənubdan müdafiəsinə deyil, birbaşa gələcəyinə yönəlik təhdidlər doğurmuşdur. Bu kontekstdə Türkiyə üçün sadəcə yeni tip terrorla mübarizə yetərli deyil, mövcud durum adi və ya hibrid müdafiə anlamında yeni bir baxış bucağı tələb etməkdədir. Bu baxış bucağının komponentləri olaraq, həm Kürd dəhlizi/dövləti layihəsinin önlənməsinə, həm də Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarına görə aparılan mübarizəyə birlikdə baxılmalıdı.

 

Silahlı münaqişənin təbiəti dəyişir

 

Hazırda müəyyən silahlı münaqişə meydanlarında adi döyüş sistemlərindən yeni növ döyüş sistemlərinə keçid mərhələsi yaşanmaqdadır. Sözügedən bu yeni növ döyüş sistemləri görünməzlik, pilotsuz aparatlar və kibermüharibə vasitələrindən təşkil olunmaqda, müəyyən şəxsləri/qrupları və infrastrukturu hədəf almaqdadır. Yeni texnologiyalar silahların mənzilini artırmaqda, reaksiya müddətini azaltmaqda və döyüş meydanının şərtlərini insanın imkan və qabiliyyətindən bir xeyli yüksəyə çıxarmaqdadır. Millətlərin gücə görə sırasını hərbçi və silah sayından daha çox texnoloji üstünlük dərəcələri müəyyən etməyə, hərbi güc də informasiya-kosmos texnologiyasının bir funksiyası olmağa başlamışdır.

Getdikcə real politik meyllərin hakim olduğu müasir dünyada “müharibə elanı”, “silahlı döyüşə girmə hüququ” kimi anlayışlar nostaljik praktika olaraq xatırlanarkən, ittifaq öhdəlikləri də getdikcə daha çox pozulur. Terror və terrorçu anlayışları üzərində razılaşma əldə edilmədiyi halda, artıq terrorizmlə mübarizə pərdəsi altında həyata keçirilən beynəlxalq müdaxilələrdə bu anlayışın və ya onun xarakterinin müəyyən edilməsi ehtiyacı belə duyulmur. Silahlı münaqişələrin daha çox vəkalət döyüşçüsü olan qeyri-dövlət aktyorları – silahlı qruplar (terror təşkilatları) tərəfindən aparıldığı və “şəhərlərin hərbiləşdiyi” bu yeni dövrdə Türkiyə topa söykənən döyüşdən o tərəfə, yeni imkan və qabiliyyətlərə daha çox sahib olmalıdı. Yaşayış yeri döyüşlərindən çətin olan bu yeni növ münaqişələrdə istifadə edilməsi üçün PUA və SPUA-larla birlikdə, insansız quru vasitələri və silahlarının tədarükündə də sürətlənmə olduğuna dair ümidverici xəbərlər gəlir.

Müharibədə ən önəmli xüsuslardan biri kəşfiyyat, digəri isə sürətdir və sürət ən çox texnoloji üstünlüklə təmin edilir. Düşmənin döyüş qabiliyyətini 30% və daha çox azalda biləcək qədər güclü olan silahlar, strateji olaraq, güclü olan silahlardır (Bu halda düşmən anlayışına, – silahlı qeyri-dövlət qruplarını da daxil etməklə, – yenidən baxılması düşünülə bilər). Bu silahlar isə silahlı münaqişənin növünə və meydanına görə dəyişir və bəzən strateji infrastruktur obyektlərini vurma qabiliyyətinə sahib raketlər, bəzən də hər meydanda istifadə edilə biləcək yüksək texnologiyalı hava-quru silahları ola bilər. Müasir müharibələrdə strateji bombardman, dəniz xətlərinə nəzarət və zirehli döyüş meydanlarında silahın təməl strateji funksiyası silah platformalarına qarşı təyyarələr, gəmilər, tanklar kimi bahalı silah sistemləri inkişaf etdirilməsi ehtiyacının kölgəsində qalıb. Beləliklə, misal üçün, dəyəri təqribən bir milyard olan bir təyyarəni istifadə etmək üçün hədəfin mütləq məhv edilməsi tələbi və bunun başqa heç bir silahla edilməsinin mümkün olmaması lazımdır. Bu kontekstdə, şəhər döyüşlərində daha effektli olacaq birliklərin və vasitələrin sayının artırılması ilə, “PUA sürüləri” istifadə edərək, hücum həyata keçirə biləcək imkan və qabiliyyətin əldə edilməsi düşünülə bilər. Hər halda, həm silah imkan və qabiliyyətlərinin fayda-məsrəf analizi, həm də silahlı münaqişənin idarəçiliyi və daxili qanunvericiliyin bu idarəçiliyə uyğunlaşdırılması baxımından yenidən gözdən keçirməyə ehtiyac vardır.

 

Cənubi BXTQ və A2/AD

 

Soyuq müharibə dövründə tərtib edilmiş quru qoşunları təşkilatlanmasında da təcili yenilənmə ehtiyacı hiss edilir. NATO-nun, ən azı Trakyada daha çox təhlükəsizlik təmin etdiyi düşünülərək və xarici təhdid dəyərləndirməsi yenidən aparılaraq, xüsusilə cənubi-şərqdə “Birlik” bütünlüyü mümkün olduqca gözlənə bilər. Bunun üçün terrorla mübarizəyə uyğun tərkib və yerləşməyə ağırlıq verilə bilər. Bu kontekstdə, II Ordu Komandanlığının yenidən strukturlaşdırılması və məsuliyyət sahəsinin yenidən dizayn edilməsilə cənubda və cənubi-şərqdə davamlı olaraq daha çox birlik saxlamaqla, quru, hava və dəniz qüvvələri ünsürlərinin bir mərkəzdən komanda edildiyi yeni bir təşkilatlanma düşünülə bilər. Beləliklə, müvəqqəti vəzifələrlə bağlı olaraq edilən kadr və logistika transferləri azaldılacaq, əmr-komanda bütünlüyü və birlik əhval-ruhiyyəsi kimi önəmli iki hərəkat prinsipi daha məhsuldar tətbiq ediləcək.

Komanda-nəzarət, kəşfiyyat, döyüş və hədəf idarəçiliyinə daha bütövləşdirici və əhatəedici bir yanaşma ilə baxıla bilər. Egey dənizində keçirilən təlimlərdə uzun illərdir tətbiq edilən Birgə Xüsusi Tapşırıq Qüvvəsinin (BXTQ) təşkilatlanması, Kiprdən Hakkariyədək bütün cənubi-şərq bölgəsində, dəniz sahələrimiz və 20-30 km arxası daxil olmaqla quru sərhədlərimiz boyunca uzanacaq bir Yol verməmə/(boş) Sahə buraxmama (Anti Access/Aria Denial – A2/AD) bölgəsi yaradılaraq tətbiq edilərsə, faydalı olacaqdır. Bu kontekstdə, İsgəndərun dəniz bazasının gücləndirilməsi, biri Suriyanın şimali-qərb, digəri şimali-şərq ucunda olmaqla iki təhlükəsiz bölgə (anklav) yaradılması (Suriyalı qaçqınların bir qisminin bu bölgələrə yerləşdirilməsi) düşünülə bilər. İraqın şimalındakı Sincar, Qare, Sinat, Haftanin, Metina, Avaşin, Zap və Hakurk terrorçu düşərgələrinin bir daha geri gəlməməsi məqsədilə vurularaq, aşağı (cənuba doğru – tərc.) itələnməsi və İraq mərkəzi hökumətilə əlaqəli şəkildə həyata keçiriləcək əhatəli Kandil dağı əməliyyatı isə bu A2/AD bölgəsinin ön şərtləri olaraq ortaya çıxır.

FQH və ZBH öncəsi strateji basqından əldə edilə biləcək fayda daxili və xarici ictimai rəyi hazırlamaq üçün məcburən əldən verilmiş, ancaq operativ və taktiki basqınlarla meydanda bunun əvəzi çıxılmışdır. Türkiyənin haqlı olduğunun artıq göründüyü bu mərhələdən sonra strateji və operativ basqın tərzindəki hərəkatlar, lazım olan yerlərin hamısına, şimal-cənub istiqamətlərində eynizamanlı olaraq icra edilə və A2/AD bölgəsinin cənubdan təhlükəsizliyi fiziki/topoqrafik tədbirlərlə təmin edilə bilər. Türkiyə A2/AD bölgəsi qurmaq üçün lazım olan sistemlərin bəzilərində hazırda inkişaf əldə etsə də, bunlar hələ ki yetərli deyil. Bu sahədə imkan və qabiliyyət əldə etmənin sürətləndirilməsi, misal üçün,  kiberqabiliyyətlərin, inkişaf etmiş raket sistemlərinin, “KORAL-AKKOR” və maqnit sahəsinə əsaslanan ona bənzər əngəlləyici sistemlərin, lazer/həssas idarəetmə dəstlərinin və yüksək dəqiqlikli sursatların təcili tətbiq edilməyə başlaması əhəmiyyət kəsb edir.

 

ABŞ, Rusiya və düşmən qonşulara qarşı yeni hərbi strategiya

 

Həm ABŞ, həm də Rusiya Türkiyənin ətrafındakı quru və dəniz bölgələrində hegemonluq mübarizəsini sürətləndirərək davam etdirməkdə, bu zaman birincisi NATO müttəfiqi olaraq, digəri də NATO-dan və ABŞ-ın son dövrdəki siyasətindən duyduğu narahatlığı istifadə edərək, Türkiyəni öz tərəfinə çəkməyə çalışmaqdadır. Türkiyə bu durumda həm NATO üzvü olmanın üstünlüklərindən yararlanmağa, həm də davam edən ZBH-də hərbi gücü effektli istifadə etmək məqsədilə Rusiyanın asanlaşdırıcı imkan və qabiliyyətlərindən faydalanmağa (Suriya hava sahəsindən istifadə etmə, S-400 HHM raketləri satın alma kimi) çalışmaqdadır. Ancaq hərbi ittifaq anlamında hər iki böyük güc tərəfindən bir seçim etməyə məcbur edilməkdədir.

Bu kontekstdə, Türkiyənin tam üzv olduğu yeganə beynəlxalq Qərb təşkilatı olan NATO-dakı mövqeyinin müzakirəyə açılması, ən azı, bir neçə onillik ərzində erkəndir. Bunun yerinə başda ABŞ olmaqla, bütün üzvlər tərəfindən müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsinin və terrora dəstək verilməməsinin lazım olduğu beynəlxalq hüquqi və siyasi platformalarda yüksək səslə dilə gətirilə bilər.

Bununla birlikdə, NATO-nun, xüsusilə 2003-cü ildən etibarən, Türkiyəyə yönəlik terror və digər xarici təhdilərə qarşı laqeydliyi də yadda saxlanaraq, öz başının çarəsinə baxma (self-help) prinsipinə uyğun olaraq milli hərbi alətlərin çoxaldılması və mövcud çatışmazlıqların ortadan qaldırılması önəmlidir. Türkiyənin A2/AD qabiliyyətlərinə sərmayə qoymasını tələb edən səbəblərdən biri də gələcəyin qeyri-müəyyən strateji mühitində NATO-nun onun ehtiyaclarına nə qədər cavab verəcəyinin naməlum olmasıdır.

Şimali İraqda keçirilən referendumdan sonra baş verən hadisələr zamanı Türkiyənin daxildən ABŞ tərəfindən nəzarət altına alınmasına, xaricdən ABŞ və Rusiya tərəfindən mühasirəyə alınmasına qarşı İran və İraq hökumətlərilə regional koalisiya yaradaraq, hərəkət etməsinin faydalı olduğu təcrübədə görünmüşdür. Fəratın şərqinə bütün olaraq baxılması və 60 min nəfərlik PKK/KCK-PYD gücünün, İŞİD-in etdiyi kimi, “axıcı” hərəkatının qarşısının alınması üçün Suriyada da bu təcrübəyə uyğun bir strategiya izlənməsi dəyərləndirilə bilər. Astana görüşlərində təklif edilən Konstitusiya mətnində mövcud olan “şimalda yaradılacaq kürd muxtar bölgəsi”nin Türkiyə üçün Şimali İraqdakına bənzər, onilliklərlə davam edəcək sabitsizlik bölgəsi yaratmasın deyə, əngəllənməsi lazımdır. Suriya və İraqın hava sahəsinə nəzarət və hərbi təhdidlərə reaksiya vermə qaydaları cənubun təhlükəsizliyi və ora giriş baxımından müəyyənedici əhəmiyyət kəsb edir. Rusiya ilə əlaqələr bu dövlətin Suriyanın hava müdafiə sahəsindəki hakimiyyəti nəzərə alınaraq idarə edilməkdədir.

Suriya və İraqın ərazi bütövlüyünün qorunması və ona zərər verə biləcək həmlələrin dəf edilməsi üçün qərarlı və cəsur davranmaq lazımdır. Türkiyədə olan xarici bazalardakı NATO çərçivəsindən xaric fəaliyyətlərə, misal üçün, “vəkil döyüşçülərə” (terroristlərə) dəstək uçuşlarına, 1990-cı illərdə həyata keçirilən “Çəkic Güc hərəkatı”nda olduğu kimi, mane olunması, təyyarələrdə müşahidəçi türk zabitinin olması şərtinin gətirilməsi düşünülə bilər. Ayrıca, illərdir İncirlik bazasında yerləşdirilən ABŞ-a aid 50 ədəd “B 61-12” tipli modernləşdirilmiş və qabiliyyəti artırılmış taktiki nüvə bombasının durumunun dəyərləndirilməyə başlanması, bu səbəblə Türkiyənin son dövrdə hipersonik “Sarmat” raketlərini və başqa strateji silahlarını reklam edən Rusiyanın, ya da ABŞ-ın özü daxil olmaqla başqa bir nüvə gücünün mümkün hədəfləri siyahısında olmaması üzərində də durmağa dəyər.

Digər bölgələrin müdafiə edilməsi kontekstində, Egey dənizində dəniz və hava sahəmizin qorunması üçün qərarlı və lazım olarsa sanksiya tətbiqedici davranış nümayiş etdirilməsi, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin Şərqi Aralıq dənizindəki xüsusi iqtisadi bölgəsində izinsiz neft və təbii qaz axtarışlarına sərt güclə çəkindirməklə mane olunması müdafiə strategiyamızın digər düşmən qonşularımıza  yönəlik ayağını təşkil edəcək.

Qara dənizin təhlükəsizliyi baxımından Türkiyənin milli strategiyası Montrö boğazlar konvensiyası ilə türk boğazlarından keçəcək gəmilərin sayı, tipi, tonnajı və Qara dənizdə qalacaqları günlərin sayının məhdudlaşdırması ilə əlaqədardır. Türkiyə baxımından Qara dənizdə gedən ABŞ-Rusiya rəqabətində tərəflər arasında seçim etmək yerinə, öz maraqlarına uyğun olaraq Montrö hüququnun davam etdirilməsi daha faydalı olacaqdır. “Kanal İstanbul” tamamlandıqdan sonra Qara dənizə keçiş və orada qalma kontekstində ortaya çıxacaq hüquqi-siyasi durum üçün isə indidən ciddi analizlərə ehtiyac vardır. Ayrıca, kanal İstanbul və Trakyanın adi müdafiəsi baxımından da bir “daxili Meriç” olaraq üstünlüklər və çatışmazlıqlar yarada bilər.

Müdafiə/təhlükəsizlik ictimai diplomatiyası kontekstində, xarici ictimai rəyə yönəlik olaraq Qərb ölkələrində terror təşkilatı liderlərinə ev sahibliyi edilməməsi, terrorun maliyyə, logistika və təlim-təhsil dəstəyinin kəsilməsi, sərhəddin o tərəfindən şəhərlərimizə atılan raketlər səbəbilə mülki şəxslər arasında olan itkilərin önlənməsinin zərurəti, Türkiyənin qanuni bir parçası olan Süleyman Şah türbəsinin öncə yerləşdiyi bölgənin təhlüksizliyinin təmin edilməsinin lazımlılığı, Qamışlı rayonunun 30 km cənubunda hələ də davam edən İŞİD mövcudluğunun ləğv edilməsi məqsədilə də hərəkat aparıla biləcəyi və başqa arqumentlər haqlı olmanın verdiyi güclə effektli şəkildə istifadə edilə bilər.

Yekun olaraq, görünən odur ki, Türkiyənin FQH və ZBH ilə ortaya qoyduğu terrorla aktiv mübarizəsini milli müdafiə strategiyasına çevirərək və (xarici ictimai rəyi müəyyən ölçüdə razı salmaqla bərabər) milli təhlükəsizlik ehtiyaclarını hər şeydən üstün tutaraq, silahlı münaqişənin yeni təbiətinə uyğun məntiq və təchizatla, qərarlılıqla davam etdirməsi çox vacibdir.

 

Tərcümə Strateq.az-ındır

 

Qeyd: Sami Yıldırım doktorluq işini 2014-cü ildə Milli Müdafiə Universitetinin (MMU) Müdafiə Elmləri İnstitutunda “Beynəlxalq təhlükəsizlik və terrorizm” sahəsində tamamlayıb. NATO əməliyyatlarında iştirak etmək də daxil olmaqla, 22 il xidmət etdiyi TSQ-dən 2015-ci ildə öz istəyilə, polkovnik rütbəsilə təqaüdə çıxıb. MMU və “Üfüq” Universitetində beynəlxalq münasibətlərdən dərs deyir.