XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2018 - 13:59

İran mühafizəkarları Xomeyni ailəsini niyə sevmirlər? –İslam Respublikası banisinin nəvə-nəticələri müxalif cinahdadır - TƏHLİL

Əziz Rzazadə

Strateq.az

 

Bir rus məsəlində deyildiyi kimi, “hər ailədə bir eybəcər olmalıdır”. İran mühafizəkarları (farsca – “osulgərayan”- “prinsipçi”) İslam Respublikasının banisi Ayətullah Xomeyninin ailəsində bir neçə “eybəcər”, daha doğrusu, “dönük” tapıblar.

“Siz qanınızı tökdünüz. Siz meydanlara çıxdınız. Siz mübarizə apardınız. Bizlərin heç bir haqqı yoxdur. Biz sizə xidmət etməliyik. Özümüz bu haqdan sui-istifadə etməməliyik. Adımızdan-şanımızdan istifadə etməməliyik. Kül olsun başıma ki, sizin adınızdan istifadə etmək istəyəm! Kül olsun başıma ki, qanınızı tökdürmək istəyib bundan faydalanam!”

Ayətullah Xomeyninin 39 il əvvəl söylədiyi bu sözlərlə nə demək istənir?

“Prinsipçilər”in mətbu qalası olan “Rajanews”-un sitat xatırlatması ilə qınaq nişangahına gələn “Xomeyni” soyadlı son şəxs 1979-cu il inqilabı rəhbərinin nəticəsidir – Əhməd Xomeyni.

Əslində, çağdaş İranda İslam Respublikası banisinin nəvə-nəticələrinə bu sayaq münasibət yalnız ölkədən kənarda təəccüb doğura bilər.

Şah xanədanının devrilməsi illərinin coşqusu çoxdan seyrəlib, keçmişi xatırlayan veteranlar barmaq sayı qədərdir, yeni nəsil isə inqilabla şəkillənmiş siyasi elitaya qarşı çox tələbkardır.

(sağdan sola) Həsən Xomeyni, Məhəmməd Xatəmi və Əhməd Xomeyni

 

“Vilayəti-fəqih”in hakimiyyətin sütunları möhkəm olmağına möhkəmdir, lakin yanaşmalardakı fərqlər çoxluqdakı mühafizəkar qanadda çatlar yaradıb. Xomeyni ailəsinin təmsilçiləri də siyasi baxış çeşidində konkret bir küncə meylləniblər.

Bəzi analitiklərin “inqilabi nikah”lara (siyasi elita nümayəndələri arasında qarşılıqlı evlililk-eltiliyə) istinadla, İranda “mühafizəkar”, “mərkəzçi”, “islahatçı” bölgüsünün şərti olması barədə dəlili qarşısında, necə deyərlər, boynumuz qıldan incədir. Lakin baxışlardakı fərqliliklərə göz yumula bilməz.

Beləliklə, Xomeyni ailəsinin təmsilçiləri hansı cinahda yer alıb?

Sabiq prezident, iki dönəm İranın icra hakimiyyətinə rəhbərlik etmiş və “mədəniyyətlərin yarışı” şüarı ilə tanınan Məhəmməd Xatəmi ilə əqrəbalığı olan Seyyid Həsən Xomeyni “mötədil-islahatçı” qanadın yeni siması kimi görülür. Xüsusilə Haşimi Rəfsəncaninin ölümündən sonra.

O, Ayətullah Xomeynin oğlu Hacc Əhmədin böyük övladıdır. 45 yaşlı, gənclər arasında çox populyar ruhani siyasi arenada elə də fəal deyil və siyasətdən söz açarkən, adətən, metaforalardan və şerlərdən istifadə edir. Lakin Həsən Xomeyni öz baxışları ilə sərt siyasət tərəfdarları – “osulgərayan” qanadının rəğbətindən uzaqdır.

Bir neçə nümunə bu iddiaya tam əsas verir.

2014-cü ilin mayında mühafizəkar Ayətullah Məhəmməd Əli Movəhhidi Kermani, Tehranın müvəqqəti imam-cüməsi babasının vəfatı ildönümündə gənc Xomeyninin çıxışını dayandırmaq istəyən sərt siyasət tərəfdarlarının cəhdinə qeyzlənmişdi: "İmamın [Ruhullah Xomeyni] ailəsi və nəvələrinə qarşı bu nə zalım əməldir? Bu əməllər məhkum olunmalıdır". Sonra da əlavə etmişdi: "Siz Həsəni təhqir edəndə, Ali Lider [Ayətullah Xamnei] onu bağrına basdı. Bunun mənası Həsənə qarşı nəzakətli olma buyruğudur".

2015-ci ilin avqustunda Rəfsəncani həftəlik "Tolu-e sobh" nəşrinə bildirmişdi: "Həsən Xomeynini Ekspertlər Məclisinin seçkilərində iştirakı yaxşı olardı. Amma bilmirəm, bunu sağlığımda görə biləcəyəmmi… İndi onun növbəsidir, gələcəkdə inqilabı qorumaq onun vəzifəsidir".

2016-cı ilin fevral ayında Ekspertlər Məclisinin (Məclese-Xobreqan) seçkiləri yaxınlaşdıqda, yenə də Rəfsəncani açıq şəkildə Həsən Xomeyninin namizədliyini irəli sürdü və ondan bu addımı atmağı xahiş etdi. Ayətullah Vəhid Xorasani də daxil olmaqla, Qumdakı bir çox böyük fəqihlər Xomeyninin namizədliyini dəstəklədi, amma Nəzarətçilər Şurası (Məclese Negəhban) “İslam hüququnu (fiqhi) kamil bilmədiyi üçün” Həsən Xomeyninin namizədliyinə qadağa qoydu.

Təəccüblü olsa da, hətta Nəzarətçilər Şurasının üzvü ultra-mühafizəkar Ayətullah Məhəmməd Yəzdi İslam Respublikası banisinin nəvəsinin Ekspertlər Məclisi seçkilərindən kənarlaşdırılmasına üzülmüşdü. Digərləri ilə müqayisədə, o, Həsən Xomeyninin fiqh sahəsində biliyinə şübhə etmirdi.

Xomeyni ailəsinin qınaq hədəfi olan başqa üzvlərindən biri də Nəimə İşraqi Tahiridir. İslam İnqilabı rəhbərinin sevimli nəvələrindən olan bu xanım (Şəhabəddin İşraqi və Sədiqə Xomeyninin qızı, Ruhullah Xomeyninin yeddinci nəvəsi) Əmir-Kəbir Universitetinin məzunu, ixtisasca kimyaçı, (Kiş adasındakı) neft şirkətində direktor mavini, nüfuzlu ailənin – Ayətullah Tahiri İsfahaninin gəlinidir.

“Yaşıl Hərəkat”ın üzvü, müxalif Musəvi tərəfdarı kimi tanınan Nəimə İşraqi ara-sıra (həm yerli, həm də xarici mediada və ictimai toplantılarda) hakimiyyətə etirazları ilə mühafizəkarların hədəfi olmaqla yanaşı, təkcə “naxələf” yarlığı almayıb, “əxlaqsız” davranışda damğalanıb. Üstəlik, qızı Neyma Tahiri ilə birlikdə.

Nəimə İşraqi (sağda) və qızı Neyma Tahiri  

 

Bir neçə il əvvəl Ontarioda (Kanada), müsabiqə qaliblərinin təltif mərasimində “qeyri-İslami” görünüşü ilə o, istər prinsipçilərin sərt bəyanatları, istərsə də sosial şəbəkələrdəki qınayıcı şərhləri dəf etmək məcburiyyətində qalıb. “Facebook”-da paylaşılan şəklin “photoshop” olduğu ortaya çıxanadək (hərgah onların orijinal olması iddiası hələ də qalmaqdadır) Xomeyninin nəvə-nəticəsi “İmamın ruhuna və şəhid ailələrinə hörmətsizlik” ittihamını qusmalı olublar.  

2017-ci ilin may seçkilərində isə Nəimə İşraqi Həsən Ruhaninin tərəfdarları arasında yer alıb. “Prezident bizə azadlığı ərməğan etməlidir”, – deyə o, “Yaşıl Hərəkat”ın liderlərinə qarşı məhdudiyyətlərin ləğv edilməsinə çağırışla, iqtidarını növbəti dörd ilə daşıyan mərkəzçi siyasətçiyə bəslənən ümidləri dilə gətirmişdi.

Nəimə İşraqinin bacısı Zəhra İşraqi də müxalif cinahın fəallarından biri kimi tanınır. Sabiq prezident Xatəminin qardaşı Məhəmməd Rza Xatəminin xanımı olan Zəhra İşraqi "Yaşıl Hərəkat"ın digər tanınmış üzvü – Mehdi Kərrubinin dəstəkçisi olmaqla yanaşı, qadın haqları, o cümlədən zərif cins nümayəndələrinin prezident seçilməsi də daxil olmaqla, konstitusion islahatların, keçirilməsi tələbi ilə çıxış edir. 

Zəhra İşraqi (solda) və Nəimə İşraqi

 

İndi mühafizəkarların tənqid və qınaq hədəf silsiləsinə Ayətullah Xomeynin başqa bir nəticəsi – Həsən Xomeyninin oğlu Əhməd Xomeyninin daxil olmasına şahidlik edirik. “Bu gənc ağazadə mərhum babası Hacı Əhməd Xomeynin nəvəsi olmaqdan daha böyük fəzilətə və nəsildaşları ilə müqayisədə, daha böyük üstünlüyə sahibdirmi? Geniş zəkalı mədrəsə tələbəsidir? Elm dühasıdır? İmam Xomeyni ilə bağlı olan digər üstün xüsusiyyəti nədir? Xomeyni soyadını daşıya və sıradan bir ola bilməzmi?..”

“Xomeyni soyadını daşıma məsuliyyətini dərk etməyən” Əhməd Xomeyni hədəfə çevrilməsinin əsl səbəbi hələlik dumanlı qalsa da, “Xoruz ili”ndə (miladi – 2018, hicri-şəmsi – 1397) yəqin ki, bilinəcək. Amma şübhə yoxdur ki, “xoruz quyruğ”u – ya mühafizəkarların ədabazlığa, ya da siyasi mövqeyə etirazıdır.




Yuxarı Əvvələ Ana Səhifə