XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Mart 2018 - 11:16

RUSLAR NƏYƏ SƏS VERİBLƏR? –Putinin qələbəsi daha az sosial və siyasi azadlıq, daha çox iqtisadi durğunluq deməkdir - TƏHLİL

Nina Xruşşova

“Project Syndicate”

 

2000-ci ilin əvvəllərində, prezidentlik dövrünün başlanğıcında Vladimir Putin anti-Qərb rus elitası dənizində qərbli bir ada idi. O vaxt gördüyüm kimi, "Rusiyanı qərbə zəmanətlə bağlamaq" istəyi ölkənin ənənəvi təhlükəsizlik konsepsiyasına zidd idi. Amma son prezident seçkisindən sonra Putin Rusiyanı hərbi qalaya çevirdi və indi onun məskunlaşdığı ada millətçilikdir. Kremlin rəhbərliyində olduğu müddətdə bu belə də qalacaq.

Bunun yaratdığı təhlükə çox açıqdır. 18 illik hakimiyyət dövründə Putin, indi sovet sələfləri ilə müqayisədə, daha da güclənərək, Qərblə nüvə münaqişəsinin perspektivini qəbul edir. Bu təcavüzkar ritorika, seçkidə ona yaxşı xidmət etmiş görünür, nəticədə onun dördüncü dövrünə etibarlı kart-blanş verib.

Mən seçki məntəqəsinə gedərkən, birinci kurs tələbəsi olan qardaşım qızı Maşa dedi: "Putin tanıdığım yeganə liderdir". Bu məni sarsıtdı. Çünki mən Moskvada birinci kurs tələbəsi olarkən, yalnız Leonid Brejnevi tanıyırdım və gələcəyə dair öncəgörmələr dəhşətli görünürdü. Putin isə artıq Brejnevin hakimiyyət müddətini aşıb və indi yalnız otuz il hökmranlıq edən İosif Stalindən geri qalır.

O, səslərin 76%-ini qazandı, yəni 56 milyondan çox rusiyalı ona səs verib – yeni bir rekord. Digər namizədlərin olması qələbəsinin legitimliyini təmin edib.

Böhran mühitini – Rusiyanın hər tərəfdən hücuma məruz qaldığını – dəstəkləmək üçün Putin müxtəlif beynəlxalq qalmaqallardan istifadə edib: Olimpiya Komitəsinin rus idmançılara dopinq qadağası və son zamanlarda Birləşmiş Krallıqda sabiq rus casusuna sui-qəsd…

Bu bədnamlığın rusların həmrəylik ehtiyacını gücləndirməsi təəccüblü deyil. Seçicilərin təxminən 70%-inin seçkidə iştirakı Kremlin hədəfinə uyğun idi.

Putin risk etmədi.

Kreml "Putin üçün səs ver, güclü Rusiyaya səs ver" kimi şüarlar ataraq 770 milyon rubl (13,3 milyon dollar) xərclədi. Seçkilər günü məmurlar hər şeyin yarıqiymətə olduğu ərzaq dükanları ilə seçki məntəqələrini qurdular.

Virtual aləmdə Putin "millətin atası" kimi göstərildi. Böyük şirkətlər və fabriklər seçiciləri səfərbər etmək üçün təzyiqlərə məruz qaldılar.

Cənubdakı Dağıstan və şimaldakı Çukotka kimi uzaq yerlərdə seçki məntəqəsinin üzvləri həqiqətən, seçicinin Putinə səs verdiyini yoxlamaq üçün kabinələrə girməkdən utanmırdı.

Ancaq səsvermənin, Dağıstanla müqayisədə, daha sərbəst olduğu, məsələn, Kalmıkiya, Bryansk, Krasnodar, Kursk və s. sənaye və kənd təsərrüfatı bölgələrində də seçicilərin təxminən 80%-i Putini dəstəklədi.

Bu, ənənəvi olaraq vətənpərvərlik şüarları təklif edən kommunistləri dəstəkləyən "qırmızı kəmər" idi. Lakin 2018-ci ildə Putinin vətənpərvərlik üzrə inhisarı var.

Liberal namizədlərin yoxluğu Putinin Moskvada səslərin 70%-ini və Sankt-Peterburqda 75%-ini niyə qazandığını izah etmir (iştirak faizi – 15%). Bu nəticələr göstərir ki, seçicilər daha mütəhərrikdir.

İndi bir çoxları, Putinin "qüdrətli ölkə" mesajını dəstəklədiklərini hiss edirlər, çünki xəyanətdə ittiham olunma və iş yerində problemlərlə üzləşmək istəmirlər.

Bu il etiraz səsverməsinin yoxluğu Rusiyada yeni bir fenomen oldu. Seçki məntəqəsinə baş çəkmək – müşahidə etmək, iştirak etməmək – sovet dövrünü xatırlatdı.

Polis dövləti.

Ən azı 20 polis və məmur səsverməni izləyirdi. Putin Rusiyası ilə Sovet İttifaqı arasındakı yeganə fərq – seçicilərə ən azı "əziz lider"dən başqa seçimin olması idi.

"Qolos" təşkilatının verdiyi məlumata əsasən, ötən seçkilərlə müqayisədə, bu il seçicilərə hədə-qorxu az olub. Çünki iş yerində məcburetmə və s. “texnika fəndlər” vardı.

Aydındır ki, Putin hərbi qüdrət və firavan gələcək barədə verdiyi sözü yerinə yetirə bilməz. Çünki bu iki vəd bir-birinə ziddir, çünki rus militarizminin davam etdirilməsi pensiya yaşını artırmaq, vergiləri artırmaq və digər çətin qərarlar tələb edəcək.

Ruslar daha az sosial və siyasi azadlıq, daha çox iqtisadi durğunluğa səs veriblər.

 

Tərcümə: Strateq.az