XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 13:02

Afrində qələbə nə vəd edir? –ABŞ-Türkiyə münasibətlərində yeni başlanğıc - TƏHLİL

Taha Ozhan

“Middle East Eye”

 

Suriyanın qonşu ölkələri arasında Türkiyə müdaxilə etmək üçün unikal bir mövqedədir.

1970-ci illərdən etibarən milyonlarla insanını itirmiş İraq üçün İranla savaş 20-ci əsrin ən uzun müharibələrindən biri olub, müasir dövrdə o ən ağır embarqoya məruz qalıb və iki dəfə işğal edilib. Bu dövlətə görə, Suriya nə ekzistensial böhran, nə də prioritetdir.

İraqın öz məzhəbi böhranı müharibə halına gəldiyindən və milyonlarla iraqlı qaçqın kimi yaşadığından Suriyadakı vətəndaş müharibəsi İraqın sabitliyinə az təsir göstərir.

Suriyanın qonşularından olan Livan isə Suriya böhranından dərindən təsirlənib, ancaq onun özü də bənzər bir vəziyyətə düşüb. Livan illərlə məzhəbi-dini vətəndaş müharibəsi ilə üzləşib, İsrailin işğalı və hücumları ilə dağıdılıb.

On üç il bundan əvvəl Suriya rejimi öz qoşunlarını Livandan çıxarıb. Taleyin kinayəsi ilə indi Livan, “Hizbullah”ı Bəşər Əsədi xilas etməyə göndərib. Suriya böhranı fitnə-fəsadla dolu Livan üçün təhlükə yaradır.

 

“Rahat düşmənçilik”

 

Suriyadakı vəkilləri ilə İranın onu təhdid etdiyinə inanan İsrailə də vəziyyət tanışdır. İllərlə Livanda oxşar bir tənlik mövcud idi.

İsrailin Suriya ilə münasibətləri uzun müddət "rahat düşmənçilik" kimi səciyyələndirilib və İranın İsrailə qarşı geniş miqyaslı müharibə başlamamasından ötrü o, indi bu "rahatlığ"ı yenidən təmin etmək istəyir.

Eyni zamanda, İsrail Suriya böhranından Qərb Şəriyyədə və Qəzzada öz işğalını sabitləşdirmək üçün istifadə edib.

Bununla yanaşı, İordaniya qaçqın axını ilə üzləşərək sərhəd boyu "bufer zonası" kimi fəaliyyət göstərməyə davam edir. İordaniya belə bir problemlə ilk dəfə qarşılaşmır. O, Fələstin böhranı ilə məşğuldur və İŞİD-ə qarşı mübarizədə əhəmiyyətli logistik mərkəz halına gəlib.

Suriyanın qonşuları arasında daha böyük iqtisadi və hərbi gücə sahib olan Türkiyə bütün digərləri ilə müqayisədə, unikal tarixi təcrübəyə malikdir.

Türkiyə keçmişdə ciddi demokratikləşmə ağrılarına məruz qalmış olsa da, Suriya prezidenti Bəşər Əsədlə əlaqələri ərəb qonşularından fərqlənib.

Suriyadakı müharibəyə qədər Ankaranın Şamla münasibətləri olduqca dinc və məhsuldar bir dövrdə idi. İraq işğal edilərkən, Suriya ABŞ-ın böyük təzyiq altında qaldıqdan sonra Türkiyə digər qonşularla birlikdə Dəməşqə əl uzadıb və bu müstəsna mövqe çox sayda yolla davam etdirilib.

 

Terrorla yaşamaq

 

Suriyada baş verən kütləvi humanitar faciə zamanı Türkiyə 2011-ci ildən bu yana 3,5 milyon suriyalı qaçqına ev sahibliyi etməsi ilə mühüm rol oynayıb. Türkiyə İŞİD və Kürd Fəhlə Partiyasının (PKK) hücumları ilə özü terrora məruz qalıb.

İŞİD toy mərasiminə hücum edərək günahsız vətəndaşları öldürdükdə, Qərb mediası dərhal buna rəy bildirib, amma PKK eyni şeyi etdikdə, bu, böyük ölçüdə nəzərə alınmayıb.

Hücumlar artdıqdan sonra Türkiyənin siyasi və iqtisadi sabitliyinə qarşı bu təhdidlərə cavab verməyəcəyini düşünmək olmazdı. Amma digər ölkələr Türkiyənin terrorla “dinc yaşamağa” hazırlaşdığını düşürdü.

2015-ci ildə Suriyada İŞİD-lə döyüşməyən aktyor yox idi. Suriya müxalifəti, “Hizbullah”, PKK və ya onunla əlaqəli “Demokratik Birlik Partiyası” (PYD), İrana dəstəkli milislər, Rusiya, ABŞ, – hər kəs İŞİD-lə döyüşdüyünü iddia edib.

Ancaq Türkiyə PKK və İŞİD terrorizmi ilə mühasirəyə alındıqca, Ankaranın çağırışları cavabsız qalıb. Nəticədə, Türkiyə sərhəd zonasını təmizləmək üçün “Fərat Qalxanı” əməliyyatını başlayıb; prosesdə hər bir addım şəffaf olub və dünyaya elan edilib.

Beləliklə, Türkiyənin Suriyadakı son hücumu sürpriz və ya qəribə bir hərəkət kimi qəbul edilə bilməz; əksinə, Ankara Suriyadakı bütün aktyorları PKK-nın “muxtar bölgələr”ə nəzarət etməsinə icazə verməyəcəyinə dair xəbərdarlıq göndərib.

 

Ciddi strateji səhv

 

“Fərat Qalxanı” Suriyada hərbi şəkildə iştirak edən digər aktyorlar, xüsusən də ABŞ-da kompleks təpkilər ortaya çıxarıb. Bir çox ölkələr, “Suriya Demokratik Qüvvələri” (SDQ) adından istifadə edərək, Suriya böhranının müvəqqəti aktyorlarını, xüsusilə də PKK-nı idarə etməyə çalışıb.

Suriya böhranının müəyyən bir nöqtəsində, PYD vasitəçi kimi fəaliyyət göstərib; ABŞ ən “böyük otağı” işğal edərkən, Əsəd, İran və Rusiyanı daxil olmaqla, digər aktyorlar da PYD-dən istifadə edib.

Bu davamlı xaos idi. Qrup Türkiyə sərhədindən keçən intiharçı göndərdikdə, o, PKK idi; Suriyaya qayıtdıqdan sonra onu PYD adlandırırdılar. Sanki Türkiyəyə qarşı döyüşən PKK deyildi, İŞİD-lə mübarizə aparan SDQ idi.

Əsəd gücləri ilə əməkdaşlıq etdikləri zaman Suriya əsgərləri olurdular; PKK-çı olmayan kürd qruplara hücum etdikləri zaman “Yaxın Şərqdə yeganə dünyəvi qüvvə”…

Amma heç nə dəyişməyib: kimə qarşı çıxırsansa, "kürdlərə hücum" olur. Bu qarışıqlığın ortasında ABŞ, mütəmadi olaraq, təkrarən PKK ilə tərəfdaşlığını davam etdirərək, strateji səhvə yol verib.

Bu, Vaşinqtonun təhlükəsizlik və xarici siyasət qurmasında mövcud xaosun yaratdığı böyük bir strateji səhvdir.

ABŞ-ın terror təşkilatı olaraq siyahıya alınmış marksist-leninçi qrupla sıx ittifaq yaratması Türkiyə-ABŞ münasibətlərini zəhərləyib, bu, Vaşinqtonun geosiyasi, regional və ya ənənəvi ittifaqları anlamadığını göstərir.

 

PKK-nı marginallaşdırmaq

 

Son üç ildə Ankara bu qeyri-sabit vəziyyəti dəfələrlə vurğulayıb. İŞİD-in gözlənilən məğlubiyyətindən sonra Türkiyə PKK / PYD-yə qarşı müdaxilə edəcəyini və “muxtar bölgələr”ə icazə verməyəcəyini açıqlayıb.

Afrin əməliyyatı iki ay ərzində başa çatıb və PYD bölgədən çıxarılıb.

O, Raqqa kimi deyildi. Minlərlə dinc sakin həyatını itirmədi, heç bir ayrı-seçkilik və ya humanitar faciə olmadı və yüz minlərlə insan qaçqın düşmədi.

PKK-nın Afrindən çıxarılması ilə, Suriyanın qalan hissəsi ilə müqayisədə, nisbi sabitlik – PKK-dan xilas olan yeni "təhlükəsiz zona" yaradılıb.

Afrin məğlubiyyətindən sonra PKK daha çox marginal vəziyyətdədir. Vaşinqton artıq PYD ilə , ittifaqını təmin etməkdə çətinliklər yaşayacaq.

 

Yol xəritəsi

 

ABŞ bir terror şəbəkəsinə qarşı digər terror şəbəkəsindən istifadə etmək hüdudlarına çatıb. Bu, oksimoronik siyasi strategiyadır. Proksi dünyasında tipik bir faciədir: Əfqanıstandan Suriyaya qədər proksi istifadəsi zamanı əsas sual budur: missiyanı yerinə yetirdikdən sonra onlarla nə edəcəksiniz?

ABŞ-ın sabiq dövlət katibi Reks Tillersonun Ankaraya son səfəri Türkiyə-ABŞ əlaqələrinə yeni bir həyat verdi. Tillersonla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə problemləri səmimiyyətlə müzakirə etmək imkanı yarandı.

Amma Tillerson işdən çıxarılıb və Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu” (ASO) Afrinin mərkəzinə girib.

Vaşinqtonda “Suriya faylı”na dair gələcək görüşlər bu yeni inkişaflardan sonra başlayacaq.

Ağ Evdə tamamilə yeni təhlükəsizlik və xarici siyasət qrupu ilə Suriya mövzusunda işlər sıfırdan başlayacaq. PYD-nin Türkiyə sərhədindən tamamilə çıxarılması Türk-Amerikan əməkdaşlığının irəliləməsinə əsas ola bilər və ABŞ bu mövzuda müsbət siqnallar verir.

Bu sinerjidən mümkün bir yol xəritəsi əldə ediləcək.

Həm ABŞ, həm də Türkiyə Afrini Suriyadakı Türk hərbi iştirakından, Şam və onun kor tərəfdarlarının təklif etdiyi xaosla müqayisədə, müsbət baxımdan istifadə etmək imkanına malikdir.

 

Tərcümə: Strateq.az