XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2018 - 22:16

ƏVVƏL AŞQABADA, SONRA DA MƏRVDƏN BAKIYA –Tehran qonşularıyla dil tapmağa çalışır - TƏHLİL

Yuri Roks

"Nezavisimaya gazeta", 29.03.2018


İran prezidenti Həsən Ruhani bu gün Azərbaycana ikigünlük səfərini başa vurub. Bakıda onun Azərbaycan prezidenti İlham Əliyevlə danışığı baş tutub və əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. İlkin məlumatlara görə, səfər çərçivəsində İranda dəmiryol inşası üçün Bakının Tehrana təqdim edəcəyi 500 milyon dollarlıq kredit haqda saziş bağlamaq planlaşdırılıb.

Həsən Ruhani Azərbaycan paytaxtına Türkmənistanın qədim şəhəri Mərvdən gəlib. İran prezidenti tarixi və dini baxımdan görməli yerlərə baxmaqla Türkmənistana ikigünlük çətin səfəri bitirib. Tehranla Aşqabad arasında münasibətlər yaxşı durumda deyil. Türkmənistan qaz tədarükünə görə 2 milyard dollar borcu tələb edir. İran borcun olduğunu inkar edir, ya da boynuna alır ki, son dərəcə cüzi ola bilər. Aşqabadın iddiasına görə, Tehran əlavə həcmdə türkmən qazını yüksəlmiş qiymətə – min kubmetrinə 40 dolların əvəzinə 360 dollara almağa başlayanda borc yığılıb. Anlaşmaq heç cür mümkün olmur və tərəflər hətta münasibətləri arbitrajda aydınlaşdırmaq qərarına gəliblər.

Bu azmış kimi, Türkmənistanın sahil mühafizəsi bu günlərdə sahilyanı sularda İranın iki vətəndaşını güllələyib. Tehranın iddiasına əsasən, onlar balıqçıymış, qayığın mühərriki xarab olub və onları Türkmənistan sahillərinə aparıb. Aşqabad təkid edir ki, bunlar nə əmrə, nə də sərhədçilərin nəsihətinə tabe olan narkokuryerlər olub və qanuna uyğun olaraq onları aradan qaldırıblar.

Rusiya EA Şərqşünaslıq İnstitutu İran sektorunun müdiri Nina Məmmədovanın “NG”-yə dediyi kimi, münasibətlərin sağlamlaşması və mübahisələrin tənzimlənməsi üçün ilkin zəmin olmasaydı, Həsən Ruhani həmkarı Qurbanqulı Berdımuhəmədovla görüş üçün Aşqabada getməzdi. Onun sözlərinə görə, qonşu ölkələrin bir-birinə ehtiyacı var: Türkmənistana hər halda Çindən savayı qaz alıcısı lazımdır, İran isə şimal bölgələrini öz qazıyla təmin etmək iqtidarında olsa da, dünya bazarının yeni gerçəklikləri nəzərə alınmaqla Türkmənistan qazının alqısını məmnuniyyətlə davam etdirərdi.

Ruhaninin Aşqabad səfərinin yekunları haqda rəsmi reliz üzrə fikir söyləmək olar – tərəflər “gələcəkdə energetika məsələləri üzrə geniş danışıqlar aparmağı”, “qaz üzrə dəyişkən əməliyyatların inkişaf imkanlarını və Türkmənistan qazının üçüncü ölkəyə tədarükü üçün boru kəmərlərindən daha geniş istifadəni müzakirə etmək”, Xəzərdəki limanlardan” və İranın Fars körfəzindəki Bəndər-Abbas limanından daha əlverişli istifadə haqda razılaşıblar.

Bakıya səfər bu qədər kəskin məsələlərin müzakirəsini nəzərdə tutmurdu. İran-Azərbaycan münasibətləri daha sakitdir, tərəflər meydana çıxan kələ-kötürləri tez yoluna qoymağı bacarırlar. Rusiya EA İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev təsdiq edib ki, son iki ildə iki ölkənin ticari-iqtisadi münasibətlərinin artımında intensiv dinamika müşahidə olunur.

Karavayev “NG”-yə deyib: “Buna iki amil şərait yaradıb: antiiran sanksiyaların ləğvi və Kremlin İranla infrastruktur layihələrin inkişafına diqqətli marağı. Həm də inkişaf dəhlizi adlandırılan Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli rol oynayacağı da qarşıda durur. Moskva, Tehran və Bakının niyyətinə əsasən, onun ətrafında yeni sənaye və logistika mərkəzləri formalaşmağa balşayacaq”.  

Onun sözlərinə görə, Bakı və Tehran neft qiymətlərinin tərəddüdü və ABŞ tərəfdən Avropa xammal bazarında artan rəqabət şəraitində tranzitdə yeni gəlir qaynaqları tapmağa çalışır. Hər iki ölkə Avropa və Asiya arasında böyük yük göndərən axtarışındadır, “Alibaba Group” kimi kürəsəl internet-reteylerlərlə (reteyler: pərakəndə satışçı-tərc.) danışıqlar aparır. Çinlə müzakirə edilən gündəlikdən göründüyü kimi, hər iki ölkə Çin yüklərinin yuxarıda göstərilən marşrutla getməyində maraqlıdır. Və deyəsən, altdan-altdan müvəffəqiyyətə nail olurlar. “İstənilən halda, Pekin bu yaxınlarda Tehranı qərbdəki Həmədan və Sənəndəc şəhərlərilə birləşdirən dəmiryol xəttinin inşasına 845 milyon dollar ayırmağa razılaşıb. Tehran və Bakı Moskva ilə paralel olaraq Hindistanı bu marşruta cəlb etməyə çalışır. Təbii ki, ilk mərhələdə ehtimal olunan gəlirləri neftinki ilə tutuşdurmaq olmaz. Lakin nəqliyyat və anbar təsərrüfatının ÜDM-dəki payının 6,5% olduğu nəzərə alınsa, artıq bunun Azərbaycan üçün önəmi var. Bakının İran dəmiryolu infrastrukturuna marağı buradan anlaşılır. İran İran Astarasındakı yük stansiyası və terminalları Azərbaycana 15 illiyə icarəyə verib, Bakı isə əvəzində Rəşt-Astara dəmiryol qanadının çəkilişində həmyatırımçı kimi çıxış edəcək. Azərbaycan özünün neft kimyası və aqrosənaye məhsullarını dəmiryoluyla daşımağı planlaşdırır. Yükün bir qismi Rusiyaya, o biri hissəsi İran və Hindistan istiqamətində göndəriləcək”.

Aleksandr Karavayev “NG”-yə deyib: “Ruhani və Əliyevin başqa bir mühüm mövzusu Araz-Alov-Şərq yataqları ilə bağlı məsələnin tənzimlənməsində tərpənişdir. Mübahisəli yataq 1990-cı illərdə sərhəd insidentlərinə səbəb olub və beştərəfli Xəzər konvensiyasının imzalanmasını ləngidib. Bu gün ehtimal yüksəkdir ki, tərəflər yatağın məbnsubiyyətinə diqqəti kəskinləşdirmədən onun  işlənməsi üçün ortaq konsorsium qurmağa imkan verən memorandum imzalamağa çıxacaqlar. Hüquqi kolliziya sadəcə şərikli gəlirlərlə monetləşdiriləcək”.

Onun sözlərinə görə, RF və Qazaxıstan sərhədlərindəki “Xvalınsk” yatağı problemi oxşar sxem üzrə həll olunub, indi birgə müəssisə tərəfindən istismar edilir.

Karavayev xülasə edib: “Və Ruhani və Əliyev bu mövzuda irəliləyişə nail olsalar, Xəzər dənizinin hüquqi statusu haqda konvensiyanın bağlanmasına doğru əsaslı addım haqda danışmaq olar”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə