XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2018 - 13:22

Suriya ərazisi de-fakto bölünüb:Türkiyə ən yaxın günlərə daha bir neçə zərbə planlaşdırır – Təhlil

Aleksandr Jelenin

rosbalt.ru, 30.03.2018

***

Suriya müharibəsi son dövrün hadisələr axını – Rusiyada prezident seçkiləri, Böyük Britaniyada Skripal ailəsinin zəhərlənməsi, Moskva ətrafındakı zibil topalarına qarşı kütləvi etirazlar və xüsusən də Kemerovo faciəsiylə bağlı dünya və Rusiya KİV-ləri üçün ikinci plana keçib.

Bununla belə, orada hadisələr inkişafı sürətlə davam etdirir. Müharibənin bu mərhələsində başlıca məsələ bundan ibarətdir ki, Suriya qəti şəkildə müxtəlif böyük və bölgə dövlətlərinin nəzarətə aldığı zonalara bölünüb və buna görə də vahid dövlət kimi varlığına de-fakto son qoyub. Rusiya XİN-in Amerika qoşunlarının Suriyada özlərini artıq evdəki kimi hiss etdiyi xüsusda “təşviş”ini bildirən rəsmi təmsilçisi Mariya Zaxarovanın sözlərini bunun növbəti sübutu adlandırmaq olar.

O deyib: “ABŞ və müttəfiqlərinin suveren Suriyanın ərazisində qanunsuz hərbi iştirakını möhkəmləndirməsi haqda məlumatlar əvvəlkitək təşviş yaradır. Xüsusən də amerikalıların Ət-Tənf yaşayış məntəqəsi ətrafında özbaşına müəyyən etdikləri zona”.

Əslində, Zaxarovanın sözləri işdə bu faktı qeydə alır ki, Suriya bu müharibəyə qarışan böyük dövlətlərin nəzarət etdiyi zonalara tam şəkildə bölünüb.

ABŞ, Rusiya və Türkiyənin Suriyada hələ nəzarətə götürmədiyi bəzi bölgələr özlüyündə ərazinin bir hissəsinə prezident Bəşər Əsədin hökumət qoşunlarının, habelə onun müttəfiqlərinin – iranlılar və rusiyalıların, digərlərinə isə bu və ya digər müxalif qruplaşmaların nəzarət etdiyi adda-buddalığı ifadə edir. Hazırda Suriyada bu ərazilər uğrunda döyüşlər davam edir və dinc əhali kütləvi surətdə həlak olur.

Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqidin sözlərinə görə, “Suriyada iki böyük hərbi əməliyyat artıq bir neçə həftədir davam edir. Birincisi, Əsədə loyal qoşunlar olan rusiyalılar, iranlılar və İranyönlü könüllülər yığmasının yardımıyla Dəməşqətrafı şəhərcikdə Şərqi Qutaya həmlə edirlər. İkincisi, Türkiyə qoşunları kürdlərin Afrin bölgəsinin bütün ərazisini tutub”.

Hər iki əməliyyat böyük dağıntılar və qurbanlarla müşayiət olunur. Deməli, ekspertin məlumatına əsasən, təxminən, 400 min nəfərin yaşadığı Qutada bir neçə min adam, hər şeydən əvvəl mülkilər öldürülüb və yaralanıb: “Əsədin təmsilçiləri hazırda Qutanı tərk edən döyüşçülərlə və yerli əhalinin bir qismiylə dil tapıb. Döyüşçüləri və yerli əhalini avtobuslarla Suriyanın şimalında Əsədin düşmənlərinin tutduğu və qismən türk bölmələrinin nəzarətindəki İdlib bölgəsinə daşıyırlar. Lakin Qutada döyüşlər bitməyib. Döyüşçülərin bir qismi rayonu tərk etməkdən imtina edir. Bu əməliyyatın Əsəd rejimi üçün çox böyük siyasi önəmi var, çünki Quta, bir növ, ölkə paytaxtının müxalif alternativini ifadə edir”.

Eyni zamanda, – Maqid davam edir. – Türkiyə bu yaxınlara qədər YPG kürd könüllü yığmasının nəzarət etdiyi Afrin kantonuna hücum edir. Afrin  əhalisi 350 minə yaxındır, amma orada onlardan başqa bir də, ən azı, on min qaçqın yaşayırdı. Kürd qaynaqlarının verdiyi məlumatlara əsasən, həlak olan dinc sakinlərin sayı 280 nəfər təşkil edir, yüzlərlə yaralı var, 150-200 min kürd bölgəni tərk edib”.

Ekspert qeyd edir – bununla belə, Türkiyə hücumu başa çatmaqdan uzaqdır. Onun məlumatına görə, “çox ehtimal ki, Türkiyə ən yaxın günlərə daha bir neçə zərbə planlaşdırır. Birincisi, Afrin kantonunda yerləşən Təl-Rifət şəhərində. Burada özəllik budur ki, hazırda bu şəhərə kürdlər deyil, Əsəd ordusunun bölmələri nəzarət edir. Orada Rusiya qoşunları da durmuşdu, amma indi onların çəkilməsi haqda məlumat gəlib. Bununla yanaşı, Türkiyə Əsəd tərəfdarlarıyla toqquşmadan qorxmur – böyüklüyünə görə NATO-nun ikinci ordusuna qarşı qoymağa suriyalıların heç nəyi yoxdur. Lakin Türkiyənin güclü hərb maşını indiki anda Əsəd rejimini və arxasında duran iranlıları təhdid edir”.

Maqid Türkiyə zərbələrinin ehtimal edilən digər yönlərini sadalayır – kürd könüllü yığmasının nəzarətindəki Mənbic şəhəri, habelə İraqda Şənqala (Sincar) ərazisi. O deyir ki, amma əslində “Türkiyə qoşunlarının növbəti zərbəni harada endirəcəyini və harada duracağını heç kim bilmir. Və ümumiyyətlə dayanacaqmı… Türkiyə zərbənin yerini və vaxtını özü seçir. Əlbəttə, Rusiya və amerikalılarla danışıqlar aparır, ancaq gözə dəyir ki, onun hücum əməliyyatları əhatəli miqyas alıb”.

Belə, ya elə, amma ekspert əmindir ki, “Suriya fövqəldövlətlərin bölgü obyekti olub. Əsəd İran və Rusiyaya söykənir, onlarla birgə ölkə ərazisinin, haradasa, 60%-ə göz qoyur. Bu, İranın son dərəcə güclənməsinə səbəb olub, başqa ölkələr buna qıcıq verir. YPG-i dəstəkləyən ABŞ kürdlərlə birgə öz qüvvələrini Suriyanın şimali-şərqində və şərqində yerləşdirib”.

Aydındır ki, nə Amerika, nə Rusiya, indi artıq nə də Türkiyə qoşunlarını Suriyadakı “öz” zonalarından çıxaracaq. İŞİD-lə mübarizə üzrə keçmiş müttəfiqlərin nəzarət etdiyi bu zonaları “suveren” Suriyanın başqa əraziləri hesabına genişəlndirmək cəhdləri isə artıq Deyr-əz-Zorda olduğu kimi dövlətlər arasında birbaşa toqquşmaya çevriləcək.

Tərcümə Strateq.az-ındır.