XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2018 - 15:52

Ankara sammiti niyə dördlüyün zirvəsinə dönmədi? –Türkiyə rusların köməyi ilə kürd məsələsini çözməyi düşünür - TƏHLİL

Sara Məsumi

“Etemad” (İran)

 

Ankaranın Beştəpə sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şıq geyimdə, qərarlı və gülərüzlü görkəmlə, Vladimir Putin və Həsən Ruhani arasında dayandı. Üçlük yeddi il davam edən Suriya böhranına çarə qılmaq üçün toplaşmışdı.

Liderlər arasında fikir ayrılıqları Beştəpə Sarayının qapıları arxasında qaldı və Astana prosesinin üç təşəbbüsçüsü sammitin ikinci turunda səylə konsensus yolları axtardı.

Həsən Ruhani Ankaradakı görüşlərini rus və türk vəzifədaşları ilə ikitərəfli və fərdi qaydada başladı.

Avropa İttifaqı və ABŞ-ın iştirakı olmadan İran, Rusiya və Türkiyə arasında üçtərəfli görüşdən əvvəl Fransa prezidenti Emmanuel Makron danışıqlarda iştirak etməyi xahiş etmişdi, amma bu təklifi rədd edildi.

Məlumatlı mənbənin “Etemad”a açıqlamasına görə, Rusiya və İranın təklifi ilə Fransanın prosesə qoşularaq kvartet (dördlük) yaradacağı haqqında məlumatlar gerçəyə dönmədi. Fransa və Türkiyə arasındakı fikir ayrılıqları Emmanuel Makronun Ankarada iştirakına sədd çəkdi.

Gündəlikdə Suriya Konstitusiyasının hazırlanması, müxtəlif sektorlarda insanlara humanitar yardım göstərilməsi məsələləri vardı.

“Washington Post” bununla bağlı yazıb ki, üç ölkə Suriyanın dörd bölgəsində gərginliyin azaldılması, məsləhətləşmələrin davam etdirilməsi barədə razılıqlarını təsdiqləyiblər. Suriya hökuməti və müxalifət arasında dialoqa da “yaşıl işıq” yandırılıb.

“Reuters” də Suriyanın yeni Konstitusiya layihəsi, ayrı-ayrı bölgələrdə gərginliyin azaldılmasının Ankaradakı müzakirələrin ana xəttini təşkil etdiyini vurğulayıb.

Türkiyənin Suriyanın şimal-şərqində nüfuz dairəsini genişləndirməsi, xüsusilə Afrin əməliyyatı İranın müxalifliyi ilə qarşılaşıb. Eyni zamanda, üçtərəfli görüşdə humanitar yardım səylərini artırmaq üçün Türkiyə Rusiyanı Əsəd hökumətinə təzyiq göstərməyə çağırıb.

Bununla bərabər, “Reuters” qeyd edir ki, Suriya üzrə üçtərəfli danışıqlar həm də İran, Rusiya və Türkiyə arasında ittifaq kimi yozula bilər. Bu fikri bölüşən analitiklərin zənnincə, Bəşər Əsədin hakimiyyətdə qalması məsələsi qüvvədə qalır. Amma Rusiya hələ də Əsədin təəssübkeşi kimi göründüyü halda, Türkiyə Suriya prezidentinin legitimliyini itirməsi və Suriyanın gələcəyində yerinin olmadığı qənaətindədir (Son aylarda Ankara dəfələrlə Əsədi tənqid edib).

İran, Rusiya və Türkiyənin Ankarada keçirilən ikinci sammitinə qədər bir türk rəsmisi “Reuters”ə bildirib ki, üç məsələdə fikir ayrılığı var. Odur ki, tərəflər bu məsələlər üzrə iti bucaqları hamarlamaqdan ötrü yumşaq strategiya seçməlidirlər.

Ankaradan dönməzdən öncə Həsən Ruhani bəyan edib ki, Suriya hökumətinin razılığı olmadan bu ölkədə yerləşmiş xarici qoşunlar dərhal çıxarılmalıdır.

“Reuters” və Türkiyə KİV-ləri ABŞ və koalisiya qoşunlarının Suriyada mövcudluğunu gərginliyi artırması və son nəticədə ölkənin bölünməsinə xidmət etdiyi qeyd ediblər.

Eyni zamanda, üçtərəfli görüşlə bərabər, Donald Trampın ABŞ-ın Suriyadan çıxması barədə bəyanatı bu ölkənin gələcəyi ilə bağlı möhtəkirliklər doğurub. Tramp “Suriyadan çıxacağıq” desə də, onun administrasiyasındakı təhlükəsizlik ekspertləri və hərbçilər bu addımın Suriyada İŞİD-in məhv edilməsinə dair Amerikanın planını alt-üst edəcəyi barədə xəbərdarlıq ediblər.

Üçlüyün danışıqları bağlı qapılar arxasında keçirildiyindən bölgə KİV-ləri əsas məsələlərə dair öz ehtimallarını irəli sürüblər. “Daily Sabah” yazıb ki, “masaya qoyulan məsələlərdən biri İdlibdə gərginliyin azaldılması olub”.

“Bu görüş son nəticəyə gətirib çıxarmasa da, ən azı tərəflər arasında qarşılıqlı anlaşmanı yaxşılaşdıra bilər”, – “Daily Sabah” qeyd edib.

Üçlüyün Bəşər Əsədin aqibəti ilə fikir ayrılığına baxmayaraq, Suriyanın ərazi bütövlüyü məsələsində yekdil rəydədirlər. Ola bilsin ki, bu məsləhətləşmələrdə Rusiya və İran Əsədin keçid dövründə qalması ilə bağlı Türkiyəni inandıra biləcək.

Həmçinin Türkiyənin uğurlu hərbi əməliyyatları Suriyanın gələcəyinə dair Rusiya və İranla danışıqlarda daha ünsiyyətcil edib. Bəzi analitiklərin fikrincə, Birləşmiş Ştatların “5+1” sazişindən çıxması halı nəzərə alınaraq, Ankara Suriya faylında İranın yerini tutmaq istəyir.

Yeri gəlmişkən, Türkiyə Rusiya ilə Suriyada əməkdaşlığa dair geniş imkanlar qazanıb və hətta Ankara rusların köməyi ilə kürd böhranını həll etməyi düşünür…

 

Tərcümə: Strateq.az