XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2018 - 20:33

TABULARI QIRAN VƏLİƏHD-ŞAHZADƏ…- Səudiyyə-İsrail yaxınlaşması: İrana qarşı ittifaq, yoxsa...

Son dövrlər Səudiyyə ilə İsrail arasında nəzərəçarpacaq yaxınlaşmanın olduğu danılmazdır. Təkcə son bir neçə ayda baş verənlər bunun əyani sübutudur. Məsələn, bu ilin fevralında Ər-Riyad hava məkanını “Air İndia”nın Dehli-Tel-Əviv reysi ilə uçan təyyarələrinə açdı. Nəticədə Hindistanla İsrail arasında uçuş müəddəti bir neçə saat qısalmış oldu.

Yeri gəlmişkən, ötən ilin yayında Britaniyanın “The Times” qəzeti birbaşa təyyarə reyslərinin həyata keçirilməsi və bir sıra iqtisadi əməkdaşlıq yönündə İsraillə Səudiyyə arasında gizli görüş keçirdiyini yazmışdı.

Ötən ilin sonlarında Səudiyyə mətbuatına ilk dəfə müsahibə verən İsrailin baş qərargah rəisi Qadi Ayzenkot İrana qarşı Səudiyyə ilə təcrübə və kəşfiyyat məlumatlarını mübadiləyə hazır olduqlarını bəyan etdi. Bununla yanaşı, İsrail Səudiyyə Ərəbistanı ilə birgə BMT-nin İnsan Haqları Şurasında Suriyaya qarşı qətnaməyə səs verdi. İsrailin rabitə naziri Ayub Kara

Səudiyyənin böyük müftisi Əbdüləziz əl-Şeyxi İsrailə dəvət etdi. İsrailin kəşfiyyat naziri isə ötən ilin sonlarındakı müsahibəsində Səudiyyə Ərəbistanının Qüds böhranı məsələsində İsraillə Fələstin arasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcəyini dedi.

Məhəmməd bin Salmanın bugünlərdə ABŞ-ın “The Atlantic” jurnalına verdiyi müsahibə də bu baxımdan diqqətçəkəndir.

Şahzadə “yəhudi xalqının dövlətə sahib olmaq haqqı varmı? Ən azından öz tarixi ərazilərinin bir hissəsində buna nail olmaq haqqına sahibdilərmi” sualını belə cavablandırıb: “Hesab edirəm ki, hər bir millət öz dinc dövlətində yaşamaq haqqına sahibdir. Fikrimcə, fələstinlilərin də, israillilərin də öz ərazilərinin olmasına haqları çatır. Lakin stabillik və normal münasibətlər üçün sülh sazişinin olması vacibdir”.

Şahzadənin bu açıqlaması yəhudilərin dövlət olmaq haqlarının tanınması anlamına gəlir. Və ərəb liderlərindən belə açıqlamaları nadir hallarda eşitmək olar. Düzdür, bu presidentsiz hal da deyil. Məsələn, Misir və İordaniya İsraillə sülh şəraitində yaşayırlar.

Bir çoxları 2002-ci ildə Ərəb Dövlətləri Liqası tərəfindən qəbul edilən Ərəb Sülh Təşəbbüsünün səudiyyəlilərin dünyagörüşündə bir dönüş nöqtəsi olduğunu iddia edə bilər.

Yaxın Şərqdə hərtərəfli sülhü hədəfləyən bu təşəbbüs atəşkəs bölgələrinə qayıdışı, fələstinli qaçqınların problemlərinin ədalətli həllini, Şərqi Qüdsdə Fələstinin paytaxtının qurulmasını nəzərdə tuturdu.

Maraqlıdır ki, şahzadə Məhəmmədə “The Atlantic”ə müsahibəsində Qəzza böləgsində bu yaxınlarda baş verən zorakılığa toxunmadı.

Amma bir məqam da var ki, Məhəmməd bin Salmanın atası – kral Salman bu yaxınlarda ABŞ prezidenti Donald Trampla telefon söhbətində Səudiyyənin Fələstin məsələsi ilə bağlı mövqeyində qətiyyətli olduğunu bildirmişdi. Krallığın mövqeyi belədir ki, Fələstin xalqının paytaxt Qüds olmaqla, müstəqil dövlət qurmaq haqqı var.

Qeyd etdiyimiz kimi, İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin istiləşməsi müşahidə olunur. Hər iki tərəf Barak Obama administrasiyasının regionla bağlı siyasətinə – İran qarşısında zəifliyinə qarşı idi. İsrail də, Səudiyyə də bu siyasətdən olduqca narahatlıq keçirirdi. Hər iki dövlət İranla nüvə sazişinin əleyhinə idi.

Ər-Riyad və Tel-Əviv regionda, xüsusən də Suriyada nüfuz dairəsini genişləndirməyə çalışan İrana qarşı daha sərt tədbirlərin görülməsinə tərəfdardı.

İsrail fürsət düşdükcə Səudiyyə Ərəbistanı ilə dialoqun möhkəmləndirmək istədiyini dilə gətirir. Ər-Riyad isə bu məsələdə daha təmkinli mövqe sərgiləyir.

Proseslərin gedişi tərəflərin “düşmənimin düşməni mənim dostumdur” yanaşmasından bir qədər də irəli getdiyini göstərir.

Əslində necədir? İsrail-Səudiyyə münasibətləri nə dərəcə dərindir və gələcəkdə bu istiqamətdə nə gözləmək olar? Bu sualların cavabını vəliəhd-şahzadənin böyük planına nüfuz etməklə görmək olar. Plan Səudiyyə Ərəbistanında kardinal dəyişiklikləri nəzərdə tutur.

Şahzadənin nəhəng ambisiyaları var. Köhnə problemlər həllini tapmalıdır. Bura İsrail-Fələstin problemi də daxildir. Demək ki, İsrail-Səudiyyə münasibətləri daha da irəli gedəcək, yalnız İrana qarşı ittifaq və Tramp administrasiyasına təsir etməyə cəhd göstərmək müstəvisində qalmayacaq.

Əgər tərəflər daha böyük hədəflər planlayıbsa, onların nəticəsi şahzadə Məhəmmədin elan etdiyi islahatların hansı səviyyədə reallaşmasından asılı olacaq.

Məhəmməd bin Salmanın ölkəsində, eləcə də regiondakı nüfuz savaşında nələri əldə edəcəyini zaman göstərəcək. Eləcə də Səudiyyə ilə münasibətlərin isinməsində aktiv rol oynayan İsrail baş naziri Binyamin Netanyahunun postunda qalıb-qalmayacağı hələ ki bəlli deyil.

Həlliksə gedişat göstərir ki, Səudiyyə, vəliəhd-şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə İsraillə münasibətləri normallaşdırma səylərini davam etdirəcək və İrana qarşı radikal qərarlardan çəkinməyəcək…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə