XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 21:08

Dünya islam müharibəsi təhlükəsi:çoxları Səudiyyə şahzadəsinin özünü "yeni Hitler" sayır – Təhlil

Georgi Asatryan

vzqlyad, 05.04.2018

 

Səudiyyə Ərəbistanı vəliəhdinin fikrincə, “Hitlerdən pis” siyasətçilər var. Bu, birinci növbədə, “bütün dünyanı ələ keçirməyə çalışan” İranın ali lideridir. Hitleri neytrallaşdırmaq üçün dünya savaşı lazım gəlib. Və səudlar belə savaşı artıq hazırlayır, hamınn bundan düzünə xəbərdar edirlər. Çoxları onlara inanmır – tam əbəs yerə.

Varis şahzadə Muhəmməd bin Salman “The Atlantic” dərgisinə müsahibədə bildirib: “Mən hesab edirəm ki, Hitler İran lideri ayətullah Xameneinin fonunda daha yaxşı görünür. Hitler İran liderinin etdiyini eləməyə heç vaxt cəhd etməyib. Hitler Avropanı işğala çalışırdı, İran lideri isə bütün dünyanı ələ keçirmək cəhdindən əl çəkmir”.

Taxtın varisi öz vətəniylə İran arasında qızğın savaş imkanı haqda əvvəllər ABŞ-a səfəri zamanı açıq bildirib. Salmanın fikrincə, beynəlxalq birlik (oxu – ABŞ və bütünlükdə Qərb) Tehrana basqını gücləndirməsə, dünya artıq 10-15 ildən sonra böyük silahlı münaqişənin şahidi olacaq.

Beləliklə, 32 yaşlı Salman yüksək səviyyəli futuroloq kimi çıxış edib. Burada “Çexovun silahı”nı – bəzən siyasətdə də işlədilən dramaturgiya prinsipini yada salmaq yerinə düşər (Çexov: birinci fəsildə divardan silah asıldığını deyirsinizsə, o, ikinci, ya üçüncü fəsildə mütləq atəş  açmalıdır. Atəş açmayacaqsa, oradan asılmamalıdır”-tərc.) Vaşinqtondakı hadisə varis şahzadənin farslarla silahlı qarşıdurmadan danışdığı birinci hal deyil. Salman artıq əvvəllər boynuna alıb ki, ər-Riyad Tehranla savaşa hazırlaşır, hətta bəzi ayrıntıları açıqlayıb. Məsələn, beləsini: krallıq savaşın yalnız İran ərazisində getməsi üçün hər şeyi etməyə hazırlaşır.

Salman 2017-nin axırında “The New York Times”-a müsahibədə artıq rəqibi faşistlərlə tutuşdurmaqla liberal ziyalıların sevimli fəndini işlədib. O, İran ali liderini ilk dəfə məhz onda “yeni Hitler” adlandırıb. Görünür, Xamenei o vaxtdan dünya üçün alman fürerindən daha qorxulu təhlükə olaraq tamamilə “korlanıb”.

Burada Səudiyyə monarxının özünə deyil, ən qəddar, şüualtı səviyyədə bir-birinə nifrət edən geopolitik düşmənlər arasında “isti müharibə”yə inanmayan jurnalist və politoloqlar qisminə suallar meydana çıxır. Bununla belə, bu cür ssenariyə bütün ciddiyyəti ilə yanaşmaq lazımdır. Qaynar münaqişələr Şərq üçün prinsipcə adi məsələdir. İran-İraq və İraq-Küveyt savaşlarını, NATO-nun Əfqanıstanda sonsuz savaşnı, ABŞ qoşunlarının İraqa yeridilməsini, Suriyada, Liviyada və ictimaiyyətin, demək olar, hiss etmədiyi Maliyə Fransa müdaxiləsini yada salmaq yetər.

Yaxın Şərq uzun müddət barış deyil, qırhaqırda yaşayıb. Özü də Karl fon Klauzevitsin məşhur “Savaş siyasətin özgə, zorakı üsullarla davamıdır” sitatına tam uyğun yaşayıb.

İranla Səudiyyə Ərəbistanının ziddiyyətli iqtisadi və siyasi maraqları var. Onların müxtəlif dini (mətndə bu cürdür-tərc.), etnosu, mentaliteti, mədəniyyəti, idarəçilik forması var. Səudlarda və iranlılarda nəsə bir ümumilik tapmaq yüksək dərəcədə çətin, demək olar, nəhəng vəzifədir. Böyük Yaxın Şərq müharibəsini yaxınlaşan gerçəkliyə çevirən dərhal bir neçə amildir. Bölgəni sünni-şiə qarşıdurması bürüyüb. İslam daxilində iki yönün təriqətlərarası münaqişəsi bəşəri varlığın istənilən yönündə əks-səda tapan Yaxın Şərqin daimi durumudur. Səudiyyə Ərəbistanı ərazisində islamın iki müqəddəs ocağı – Məkkə və Mədinənin yerləşdiyi süni ərəb dünyasının lideridir. Fars İranı şiə dünyasının planetin istənilən  nöqtəsindəki məzhəbdaşlarını dəstəkləyən lideridir. Onların arasında geopolitik qarşıdurma qaçılmaz idi.

Eyni zamanda söhbət bölgənin (Türkiyəni unutsaq) neft və qazla zəngin iki ən böyük iqtisadiyyatından, deməli, rəqiblərdən gedir.

Nəhayət, ən sadəsi: ərəblər və farslar bir-birinə isterikcəsinə nifrət edirlər. Yaxın Şərq, islam dünyası birdir, liderliyə iddiaçılar isə ikidir. Əlbəttə, bu bildirmir ki, dünya sabah müsəlman nəhənglərin gerçək müharibəsilə üzləşəcək. Amma zaman axımınca sünni ərəblər və şiə farsların zidiyyətləri yanlız güclənir ki, bu da orta gələcəkdə gerçək silahlı qarşıdurma imkanlarından xəbər verir. Məsələ yalnız bunun formalarındadır. Bu gün Yaxın Şərqin bu oyunçuları arasında vasitəli müharibə müşahidə ediriksə, bu cür format gələcəkdə yetərsiz çıxa bilər. İran və Səudiyyə Ərəbistanı boşluqda yaşamır və arabir belə olur ki, bu və ya digər ölkənin hərəkəti üçüncü şəxslər tərəfindən müəyyən olunur. Diqqətçəkəndir ki, Salmanın kəşfi ABŞ-a ikigünlük səfərindən sonra səslənib. Kral oğlu turne zamanı müdafiə naziri Ceyms Mettis, Amerika işgüzar dairələri, neft nəhəngləri Exxon MobilChevron-un bossları ilə görüşlər keçirib.

Səudiyyə Ərəbistanında İrana həmişə nifrət ediblərsə, ABŞ-da farslara nifrət dəyişkəndir və öz dərəcəsi var. Barak Obama administrasiyası münasibətlərin normallaşmasına köklənmişdi, amma, görünür, Donald Tramp iranlılara “Mimino” filmində təsvir edilən hisslər – “böyük şəxsi kin” bəsləyir. Amma eybi yox, Trampa ümumiyyətlə çox şeyi bağışlamaq olar, amma çevrəsi həqiqətən də savaşa köklənib.

Dövlət Departamenti başçısı Mayk Pompeo, milli güvənlik üzrə müşavir Con Bolton və Pentaqon şefi Ceyms Mettis sadəcə antiiran lobbiçisi, neokon və “ayətullah rejimi”nə nifrət edən “qırğı” deyil, həm də bomba işlətməyin tərəfdarıdırlar. Bununla yanaşı, indiki Amerika administrasiyası və şəxsən Tramp İslam Respublikası düşmənlərinə – Səudiyyə Ərəbistanı və İsrailə özəl hisslər bəsləyirlər. Ağ Evin sahibi ilk rəsmi səfərini məhz tarixi “Ərəb-Amerika-İslam sammiti”nin baş tutduğu ər-Riyada edib və 110 milyard dollarlıq (mütləq dünya rekordu) astronomik silah sazişi bağlanıb. Aydındır ki, ən yeni silahlar səudlara İŞİD və ya “əl-Qaidə”ylə mübarizə üçün gərək deyil. Krallığın ümumiyyətlə İrandan savayı bu səviyyəli silahların işlədilə biləcəyi düşməni yoxdur.

Səudiyyə ərəblərinin farslarla birbaşa silahlı münaqişəsinin başlanmasına hələlik ümumi quru sərhədin olmaması, həmçinin nağılvari varlı yaşayışın təhlükə altına atılımasının istənilmədiyi ər-Riyadın hərbi təcrübəsizliyi və döyüş ruhsuzluğu mane olur. Amma bir səbəb də var. O bundan ibarətdir ki, birgə əhalisi 100 milyondan çox dövlətlər (Səudiyyə Ərəbistanında 32, İranda 80) arasında müharibə son dərəcə ciddi addımdır. Bu cür münaqişə təkcə islam dünyasının bütün ölkələrini cəlb etmək iqtidarında deyil – heç kim qıraqda qalmayacaq. Şübhəsiz, ABŞ səudları dəstəkləyəcək. Rusiya və Çin belə, ya elə, İranın tərəfində çıxış edəcək. Nəzəri olaraq söhbət bölgə savaşından deyil, tamdəyərli dünya islam savaşından gedəcək.

Məhz bura mümkün faciənin qorxunc miyqasının qaynar beyinləri həvəsdən saldığı durumdur. Belə ki, Tehranda və ər-Riyaddakı siyasətçilər hələlik münasibətləri özgə əliylə və yad ərazidə aydınlaşdırmağa üstünlük verirlər. Məsələn, Suriyada.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə