XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2018 - 23:27

TRAMPIN SURİYADAN NİYƏ ÇƏKİLMƏK İSTƏDİYİ BİLİNDİ:"Qalmamızı istəyirsinizsə, pulunu ödəməlisiniz" - TƏHLİL

Özcan Tikit

“Habertürk”, Türkiyə

 

ABŞ prezidenti Donald Tramp “Suriyadan çox yaxında çəkiləcəyik” deyərkən ciddiyə alınmadığını anladığına görə, sözlərini təkrar etmək ehtiyacı duyub. Ancaq budəfəki nitqində “Səudiyyə Ərəbistanı Suriyadan çəkilmə məsələsilə bağlı verəcəyimiz qərarla çox yaxından maraqlanır. Mən də dedim ki, əgər bizim Suriyada qalmamızı istəyirsinizsə, pulunu ödəməli olacaqsınız” deyərək, çəkilmənin verilmiş qərardan çox bazarlığa yönəlmiş bir xüsus olduğunu göstərmiş olub.

Aydındır ki, Tramp ABŞ ordusunun Suriyadakı rolunu “muzdlu əsgərliyə” endirmək kimi soysuz davranışdan narahat olmur. Bununla birlikdə, bunun Tramp tərəfindən söylənmiş olması da bu soysuz davranışın altında yatan həqiqətin analizə möhtac olmadığı mənasına gəlmir.

Trampın etirafı ABŞ-ın Suriyaya müdaxiləsinin lap əvvəldən Səudiyyə Ərəbistanı liderliyindəki “Körfəz cəbhəsi” tərəfindən təşviq edildiyini sübut edir. Sadəcə Suriyada deyil, “Ərəb baharı” sonrasında regionu əsir alan xaosun böyüməsində də bu cəbhənin böyük rolu vardır.

Əslində, bu cəbhənin Suriyadakı rolu da yeni deyil. Sabiq ABŞ prezidenti Barak Obama Suriyaya yönəlik müdaxilə üçün Konqresdən razılıq almağa çalışarkən də eyni “kirli alt paltarları” ortaya dağılmışdı. 2013-cü ilin sentyabr ayında Senatın Xarici Əlaqələr Komitəsində bir iclas olmuşdu. Respublikaçı senator İleana Ros-Lehtinen də bu iclasda həmin dövrdə Xarici işlər naziri olan Con Kerri“Suriyaya hərbi müdaxilənin xərcləri necə qarşılanacaq?” sualını yönəltmiş və bu cavabı almışdı: “ABŞ-ın bütün işi öz üzərinə götürməsi halında, bəzi ərəb ölkələri bütün xərcləri qarşılayacaqlarını söylədilər…”

Kerrinin bu etirafından qısa bir müddət sonra ABŞ-ın YPG ilə qol-qola girərək, Türkiyə sərhəddində özünə, sanki, bir təhlükəsizlik bölgəsi qurmağa başladığını bu gün geri dönüb baxdıqda, daha aydın görə bilirik.

 

PKK-ya dəstək

 

“Körfəz cəbhəsi”ndəki ölkələr isə bu etirafın ardından silah alınması adı altında bağlanan müqavilələrlə ABŞ-a yüz milyardlarla dollar axıtdılar.

Başqa önəmli bir hadisə də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın açıqladığı, Qırmızı dəniz sahilində NEOM adlı bir meqaşəhər inşa etmə layihəsi idi. 500 milyard dollarlıq fond ayrılan NEOM-un inşası üçün ötən ay 13 ABŞ şirkətinə Səudiyyə Ərəbistanı Ümumi İnvestisiya Korporasiyası tərəfindən iş lisenziyası verilib.

Anlayacağınız odur ki, bu mənzərə Trampın (Suriyadan – tərc.) çəkilməmək üçün təqdim etdiyi hesabın onsuz da ödənməkdə olduğunu göstərir. ABŞ-ın Suriyadakı hərbi fəaliyyətləri Körfəz ölkələri tərəfindən artıqlamasıyla maliyyələşdirilir.

Vəziyyət belə olduğu halda, Tramp nə üçün indi hərbçiləri geri çəkəcəyini söyləyərək, məsələni deşdikcə deşir, buna baş sındırmaq lazımdır.

Məsələn, sünni ərəb dünyasına liderlik etmək iddiası ilə ön plana çıxan/çıxarılan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Suriyada da təsirli rol oynadığının hər kəs tərəfindən bilinməsini arzulaya bilərmi? Ya da Səudiyyə Ərəbistanı Yəməndən sonra Suriyada da konkret bir hərbi varlıq göstərmək istəyə bilərmi?

Bu yerdə Səudiyyə Ərəbistanının Körfəz işləri üzrə naziri Tamər əl-Şabanın sentyabr ayında (2017-ci il – tərc.) ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə təmsilçisi Brett MakQörklə birlikdə Raqqanı ziyarət etməsini də sizə xatırlatmam lazımdır. Bu ziyarət Səudiyyə Ərəbistanının Suriya səhnəsində özünü təklif etməsi və SDG ilə birlikdə eyni fotokadra girməsi baxımından bir ilk idi. Səudiyyəli nazir Raqqada iştirak etdiyi toplantıda SDG-nin müşaviri Amed Şidoya bölgənin yenidən qurulmasına dəstək verəcəklərini söyləmişdi. Təbii ki, Raqqada başqa nələrin müzakirə edildiyini hələlik bilmirik. Amma Trampın “Suriyada olmamız Səudiyyə Ərəbistanı ilə sıx əlaqəlidir” sözləri, sizcə də, ABŞ-ın elə  Səudiyyə Ərəbistanı istədiyi üçün Suriyada PKK-ya dəstək verməsi mənasına gəlmirmi?

Yekun sözüm odur ki, indilik böyük bir iştah və həyəcanla “mülayim islam”ın lideri olma yönündə iddialı mesajlar verən vəliəhd şahzadə Salmanla özünü dünyaya “Orta Şərqin yeganə dünyəvi gücü” olaraq təqdim edən SDG arasındakı əlaqələr diqqətlə izlənməyə dəyər kimi görünür.

Tərcümə Strateq.az-ındır