XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 13:20

ABŞ VƏ RUSİYA DÜNYA SAVAŞINA DOĞRU GEDİR- İki böyük dövlətin Suriyada hərbi toqquşma ehtimalı anbaan gerçəkləşir – Təhlil

İvan Preobrajenski

rosbalt.ru,10.04.2018

 

ABŞ Suriyada kimyəvi silah işlədilməsinə güc cavabı vəd edib – özü də ən yaxın vaxtlarda. Rusiyanın hərbi obyektləri zərbə üçün hədəflər sırasına düşə bilər.

Sülhün azsaylı tərəfdarları və müharibənin indi tamamilə gerçək olduğunu anlayanların artıq güvənəcəyi kimsə yoxdur.

Suriya ərazisi üçüncü dünya savaşının və yaxud, ən azı, dünyanın ən böyük dövlətlərinin iştirakıyla yeni, iriçaplı münaqişənin alovlana biləcəyi nöqtə ola bilər. Formal səbəb –  Suriya və Rusiya qoşunlarının Suriyada Şərqi Quta bölgəsində son həftələrdə cürbəcür – islamçılardan Bəşər Əsəd rejiminin dünyəvi rəqiblərinə qədər müxalif qruplardan təmizlədiyi Duma şəhərində baş vermiş kimyəvi hücum haqda məlumatdır.

Qərb ölkələrinin istifadə etdiyi məlumatlara görə, bu hücum nəticəsində, ən azı, 60 adam həlak olub, mindən çoxu ziyan çəkib. Rusiya öz növbəsində Duma xəstəxanalarında hər hansı kimyəvi maddədən ziyan çəkmişlərin olmadığını iddia edərək kimyəvi hücum faktının özünü inkar edir. Moskva habelə gəlməyə və hər şeyi yerində yoxlamağa hazır olan KSYT (Kimyəvi Silahın Yasaqlanması üzrə Təşkilat) ekspertlərinin güvənliyini təmin etməyə söz verir. Öz növbəsində Avropanın müstəqil ekspertləri və Suriya tənzimlənməsi üzrə BMT Baş katibinin özəl təmsilçisi tamdəyərli araşdırma aparmağı təklif edirlər.

Lakin ABŞ prezidenti Donald Tramp boş yerə vaxt itirməyə hazırlaşmır. Günahkarların qısa siyahısı artıq onun tərəfindən göstərilib. Bu, Rusiya, Suriya və İrandır. Amerika liderinin sözlərinə görə, kimyəvi hücuma görə konkret kimin cavab verməli olacağı ən yaxın iki gündə bəlli olmalıdır (bu gün bu müddətin artıq ikinci günüdür-tərc.) Tramp öz administrasiyasının əməkdaşlarıyla görüşdə bildirib: “Biz belə vəhşiliklərə yol verə bilmərik. Buna imkan vermək olmaz”.

Ağ Ev başçısının sözlərinə görə, Dumadakı kimyəvi hücuma cavabın istənilən variantını nəzərdən keçirməyə hazırdır. Tramp sərt yekun vurub: “Bunun arxasında Rusiya, Suriya və ya İran durursa, bunu ən yaxın vaxtlarda aydınlaşdıracaq və suallarımızın cavabını biləcəyik”. Onun sözlərinə görə, ABŞ-ın qərarı haqda hamı postfaktum biləcək. Yəni, çox ehtimal ki, artıq Suriyaya raket zərbəsi endiriləndən sonra. ABŞ prezidentinin bu bəyanatından dərhal sonra Amerika hərbi gəmiləri Aralıq dənizi bölgəsinin Suriyaya bitişik rayonlarına sarı hərəkətə başlayıb. Xüsusən də ABŞ HDQ-nin 60 “Tomahavk” raketilə silahlanmış “Donald Kuk” esminesi bu bölgəyə gəlib. O, Rusiyanın Tartusdakı hərbi-dəniz bazasının cəmi yüz kilometrliyindən keçərkən Rusiya hərbi təyyarələri onun üzərindən bir neçə dəfə uçub. Eyni zamanda Bəşər Əsədin qoşunları da yenidən qruplaşır. Özü də təkcə quru qoşunları deyil. Məlumat verildiyi kimi, aviasiya Xmeymim avibazasına Rusiya RƏM sistemlərinin müdafiəsi altına köçür. Aydındır ki, bütün tərəflər bu qayda ilə mümkün hərbi toqquşmaya hazırlaşır. Özü də heç kim əmin ola bilməz ki, bu, kürəsəl münaqişəyə keçməyəcək.  Rusiyanın ayrı-ayrı KİV-ləri ABŞ tərəfdən yüksək ehtimallı raket zərbəsinin obyekti o cümlədən Suriyadakı Rusiya hərbçiləri olarsa, başlayacaq mümkün hərbi toqquşmanın artıq fitnəkar ssenarilərini təsvir edir. Yeri gəlmişkən, bu ssenarilərdən və Rusiya rəsmilərinin bəyanatlarından nəticə çıxarmaq olar ki, Rusiya yaranmış durumda Suriyanın formal prezidenti Bəşər Əsədə sadiq silahlı birləşmələrə hücuma çətin ki özünə hücum kimi baxacaq. Yəni hərbi fövqəldövlətlərin birbaşa münaqişədən yayınmaq şansı var. Bununla yanaşı, Rusiyanın BMT-dəki daimi təmsilçsi Vasili Nebenzya yenə də bildirib ki, Suriyaya zərbə halında ABŞ-ı ağır nəticələr gözləyir.

Qeyd etmək lazımdır ki, bütün bunlar Rusiyanın fiziki və hüquqi şəxslərinə ABŞ-ın yeni sanksiyalar tətbiq etdiyi fonda baş verir ki, bu da artıq Rusiyanın qiymətli kağızlarının qiymətlərinin rekord çöküşünü törədib – həm Moskva, həm də xarici birjalarda. Söhbət sanksiya tətbiqindən sonra təkcə birinci gün 15 milyard $-dan çox itkidən gedir. Lakin təkcə oliqarxlar və dövlətin böyük şirkətləri itirmir. Sıravi rusiyalılar da itkiyə məruz qalırlar, çünki Rusiya milli valyutasının kursu artıq ikinci gündür sabit şəkildə düşür. Rubl avro və dollar nisbətdə elə sürtələ düşür ki, Mərkəzi Bank tərəfindən sakitləşdirici inandırmalara baxmayaraq, çox ehtimal ki, dollar həftənin sonuna doğru 70 rubl, avro isə 80 rubldan çox bahalaşacaq.

Bu durumda habelə çox önəmlidir ki, faktiki olaraq Rusiyanın müttəfiqi qalmayıb. Ehtimal ki, söhbət hələlik BMT-də səsvermədən gedirsə, o, Çinin yardımına bel bağlaya bilər. Surida hərbi əməliyyatlarda İranın yardımına. Lakin Avropa dövlətlərindən – xüsusən də Böyük Britaniyada QRU-nun keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsilə bağlı bu yaxınlardakı qalmaqaldan sonra ABŞ-la münaqişədə (hətta diplomatik) yardıma ümid etmək lazım gəlmir. Amma Kreml bildirir ki, təzyiq altında heç bir qərar qəbul etməyəcək. Əksinə, Rusiya ABŞ haqda cavab sanksiyaları hədəsi gəlir, lakin ekspertlər hələlik Amerika şirkətlərinin Rusiya ərazisində işləməsinə qadağa və onların əmlakının həbsindən savayı başqa ciddi variantlar ehtimal edə bilmirlər.

Danışıqlar və gərginliyin boşalması haqda isə hazırda tərəflərin heç biri danışmır. Görünür, bu qarşılıqlı şantajda ümidlərin yüksəlişi davam edir, bununla yanaşı dünya siyasətinin hazırda barışdırıcı, yaxud da heç olmasa, danışıqlar təşəbbüsçüsü kimi çıxış edə biləcək heç bir görkəmli subyekti görünmür. Belə ki azsaylı sülh tərəfdarlarının, habelə müharibənin tamamilə gerçək olduğunu yalnız indi başa düşənlərin kimə güvənəcəyi hələlik aydın deyil.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə