XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 22:31

“DEUTSCHE WELLE”:"Qərb Rusiyada dəyişiklikdən qorxur, Kremlə təzyiqlər ölçülü olacaq"

K.Eggert, “Deutsche Welle” (Almaniya)

 

“Sübutlar hanı?” – “Sübutsuz da keçinərsiz!”. “Əlimizdə faktlar var!” – “Yalan deyirsiz!”. “Bizi rejim adlandıra bilməzsiniz!” – “Rejim, rejim, rejim!”…

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ilə amerikalı həmkarı Nikki Heyli və Britaniya, Niderland, Polşa təmsilçiləri arasında dialoqlar təxminən belə olurdu.

İndi isə görünən odur ki, Vaşinqton, London və müttəfiqləri rəsmi Moskva ilə öz dilində danışmağa başlayıb.

Vasili Nebenzya

 

Rusiyanın təşəbbüsü ilə çağırılan iclasda Nebenzya öz bəyanatları ilə təklikdə qaldı. İyirmi dəqiqə sübut etməyə çalışdı ki, rusiyalı ekspertlər Dəməşq yaxınlığındakı Duma şəhərində kimyəvi silahdan istifadəyə dair heç bir iz tampayıblar.

Suriyalı fəallar və Qərb təmsilçiləri isə Bəşər Əsəd rejiminin Dumada kimyəvi silahdan istifadə etdiyini israrla bəyan etdilər.

Nebenzya hesab edir ki, ABŞ-ın gerçək müttəfiqləri yoxdur. Əslində isə məlum oldu ki, müttəfiqləri olmayan Rusiyadır. “Strateji müttəfiq” adlandırdıqları Çinin mövqeyi belə oldu – kimyəvi silah pisdir və bu məsələ ilə bağlı düzgün araşdırma aparılmalıdır.

Qazaxıstan isə olduqca neytral mövqe sərgilədi. Dərhal görünürdü ki, Astana öz diplomatlarına təlimat verib – Kremli incik salmaq olmaz, eyni zamanda ona kömək etmək də olmaz.

Nikki Heyli

 

Amerikalılar və britaniyalılar Rusiyanı Əsədi xilas etmək naminə BMT Təhlükəsizlik Şurasının işini bloklamaqda günahlandırdılar. Nikki Heyli söz verdi: Vaşinqton Dumadakı hadisələri cavabsız qoymayacaq. Hətta BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı hər hansı qərar qəbul etməsə belə…

Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs gülüşünü gizlətmədən Nebenzyaya müraciətlə “rusiyalı həmkarımın ingiliscəsi mənim sözlərimi başa düşəcək qədər yaxşıdır” deyəndə hər şey məlum oldu – bu, qaydasız döyüşdür. Özü də təkcə BMT-də yox…

Bütün bunların fonunda Rusiya birjaları çökür, rus milyarderlərin sərvətləri azalır. Deyilənlərə görə, rus oliqarxlar cəmi bir neçə saata 12-16 milyard dollar itiriblər.

ABŞ Maliyyə Nazirliyinin ötən həftə elan etdiyi sanksiyalarla bağlı Rusiya elitasından gözlənilən reaksiyalar gəldi. Məsələn, “Qazprom”un rəhbəri Aleksey Miller bildirdi ki, siyahıya düşmək onun sübutudur ki, hər şeyi düz edirlər.

Məlum oldu ki, Kremlin Vaşinqton və müttəfiqlərinin bu cür diplomatik və iqtisadi gedişinə qarşı “B” planı yox imiş. Cəmi iki ay bundan əvvəl rusiyalı nazirlər və cib deputatları ABŞ Maliyyə Nazirliyinin “Kreml siyahısına” gülürdülər. O mənada ki, axmaq amerikalılar Moskvanın telefon məlumat kitabçasındakı adları köçürüb siyahıya salıblar.

O vaxt da yazmışdım, gülmək lazım deyildi. Həmin siyahı icrası ertələnən hökm idi. Məhkumları lotereyadakı kimi, prinsiplərlə seçirlər və bu prinsiplər ancaq Ağ Evə məlumdur.

Əgər üç-dörd il əvvəl lobbiçilərə böyük pullar verib amerikalıları hansısa nüfuzlu rusiyalının mövcudluğunu “unutmağa” razı sala bilirdilərsə, indi bunu etmək real deyil. Rusiyanın Vaşinqtonda müdafiəçiləri qalmayıb. Trampın Putin haqqında əslində nə düşündüyü isə bu konteksdə heç bir əhəmiyyət kəsb etmir.

Skripal və qızının zəhərlənməsi, buna Rusiya tərəfinin reaksiyası Qərbi Moskvaya qarşı özünün silahından istifadəyə sövq etdi – hər şeyi inkar etmək, ictimai qaydada kobudluq və ağrıyan yerdən vurmaq, vurmaq və vurmaq…

Vladislav Surkov

 

Moskva ilə Qərbin mərkəzləri arasında etibarın qalıqları da məhv oldu. Sankt-Peterburqda hər il keçirilən iqtisadi foruma qatılmağa hazırlaşan Emmanuel Makron da Rusiyaya “yuxarıları” dəstəkləməyə gəlmir. Gəlir ki, Rusiyanın beynəlxalq arenada öz davranışlarını dəyişməyə hazır olub-olmadığını görsün. Əminəm, Fransa prezidentini mənfi cavab gözləyir. Vladimir Putin geri çəkilməyəcək. Kremlin ideoloqlarından Vladislav Surkov “Rusiya qlobal siyasətdə” jurnalında məqalə ilə çıxış edib. Məqalənin əsas ideyası belədir – təklik Rusiya üçün normal haldır, ona müttəfiq lazım deyil.

2014-cü ildə Krımı ilhaq edəndə Moskva uzun illərin qərbləşmə cəhdlərinə nöqtə qoydu. Müəllifin fikrincə, bu normaldır, hətta yaxşıdır. Rusiya nəhayət özü oldu. Nə Qərb, nə də Şərq.

Rusiyada iqtisadiyyatın strukturu, hakim təbəqənin əhvalı Qərblə heç vaxt bu qədər sıx bağlı olmamışdı. Və heç vaxt (ən azı son yüz ildə) ölkə rəhbərliyinin beynəlxalq nüfuzu bu qədər aşağı düşməmişdi.

Boris Nemtsovun dediyi kimi, Stalin kimi görünmək istəmək olar, bir şərtlə ki, Abramoviçin həyat tərzindən imtina edəsən. Rusiyaya sahib olanlar və onu idarə edənlər buna hazır deyillər. Ola bilsin ki, Putin özünün dördüncü müddətinin sonuna qədər postunda qaldı. Əslində Qərb Rusiyada dəyişiklikdən qorxur. Ona görə də Kremlə təzyiqlər ölçülü olacaq…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə