XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2018 - 17:42

HƏYATI VƏ KARYERASI AMERİKAYA BAĞLI LİVİYALI GENERAL –Ölkəsi onun səhhəti və xəstəliyi barədə məlumat ala bilmir - TƏHLİL

Deklan Volş

The New York Times

 

Üç illik mübarizədən sonra general Həftər xarici müttəfiqlərin köməyi ilə Liviyanın ən böyük hissəsini idarə edir. İndi güclənmək və genişlənmək məqsədi ilə, o, Tramp administrasiyasının qılığına girmək istəyir. Dekabr ayında general Vaşinqtonda lobbi firması ilə müqavilə bağlayıb, ölkənin potensial gələcək lideri kimi imicini yaratmaq və onu sərt müharibə qurdu kimi tənqid edənlərə qarşı təbliğat maşınını işə saldırıb.

O, artıq CIA-ya (MKİ) Binqazi şəhərində baza yaratmağa icazə verib. Amerikanın rəsmi şəxsləri bildiriblər ki, 2012-ci ildə səfir Kristofer Stivens öldürüldükdən sonra tərk edilmiş şəhərin hərbi hava bazasında bir ovuc ABŞ xüsusi təyinatlısı məskən salıb.

CIA direktoru Mayk Pompeonun dövlət katibi təyin olunması Həftəri ABŞ-a daha çox bağlaya bilər. Pompeo kimi, Həftər də bütün siyasi İslam formalarına açıq şəkildə düşmənçilik edir.

Lakin 75 yaşlı komandirin Parisdəki xəstəxanaya yerləşdirilməsi xəbəri general Həftərin yüksəlişini sual altına alıb. Fransız mətbuatı onun insultdan müalicə olunduğunu bildirib.

Köməkçiləri onun təcili tibbi müalicə keçirdiyini təsdiqləyiblər. Lakin onlar gerçək vəziyyət və generalın yeri barədə heç bir məlumat vermirlər.

Bu sirr Liviyanın xaotik siyasətini daha da qəlizləşdirib.

Karnegi Fondunun baş elmi işçisi Frederik Veri deyir: “Həftər keçən il bu vaxt zirvədə idi, onun tezliklə Tripoliyə girə biləcəyini fərz edirdilər. Proses azca soyuduqda, koalisiyada çatlar ortaya çıxdı. İndi kimsə gələcəyə əmin deyil”.

 

Xarici dostlar

 

Qəddafi sonrası Liviyada başlayan rəqabətdə militanlar arasında general Həftər xarici dəstəklə bir-birinə qarşı döyüşən tərəflər arasında mahir oyun oynayıb. Birləşmiş Ərəb Əmirlikləri və Misirdən gələn döyüş təyyarələri onun düşmənlərini darmadağın edib və neft terminallarını tutmasına imkan yaradıb.

Fransız “fəalları” 2016-cı ildə Binqazi şəhərindəki cəbhə xəttində mübarizə aparıblar. Səudiyyə Ərəbistanı da maliyyə yardımı verib.

Amerikalı rəsmilərin sözlərinə görə, ötən il Rusiya xüsusi təyinatlı qüvvələri Misirin qərbindəki bazadan general Həftərə hərbi kəşfiyyat məlumatları və sursat göndəriblər.

General Həftərin həyatının çox hissəsi Birləşmiş Ştatlara bağlı olub.

1980-ci illərin sonunda Çada sürgün edilən Liviya ordusunun digər baş zabitləri kimi, o, polkovnik Qəddafini sıxışdırma səylərinə dəstək verib. Cəhdlər uğursuz olub və general Həftər Virciniya yaxınlığında məskən salıb və sonradan Amerika vətəndaşlığı alıb.

Lakin 2011-ci ildə Liviyaya qayıtdıqdan sonra hakimiyyəti ələ keçirmək ambisiyaları ilə işə girişdikdə, amerikalı rəsmilər generalın “əl-qolunu bağlamalı” olub.

2015-ci ildən etibarən ABŞ siyasəti Tripolidə Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi rəqib hökumətə meylli idi. Bu hökumət paytaxtın bircə rayonuna nəzarət edir, lakin Liviyada siyasi həll üçün əsas ümid olaraq qalır.

Birlik hökumətinin baş naziri Fəyyaz Sərrac ötən ilin dekabr ayında Ağ Evdə prezident Trampla görüşüb.

Ötən il general Həftərin qoşunları Binqazidən irəliləyərək Liviyanın ən böyük neft terminallarını ələ keçirib. Bundan sonra avropalı liderlər onunla açıq şəkildə “eşqbazlığa” başlayıb.

Ötən ilin yayında prezident Emmanuel Makronun dəvəti ilə general Həftər Parisə yollanıb, Romada İtaliyanın müdafiə naziri ilə görüşüb və İngiltərə xarici işlər naziri Boris Consonu Benqazinin kənarındakı yeganə mühafizəli binada qarşılayıb.

General Həftər, Misir prezidenti Əbdülfəttah əl-Sisi kimi, özünü Qərbə siyasi İslam əleyhdarı kimi təqdim edir. Tənqidçilər deyirlər ki, bu yanaşma miyana və ekstremist islamçı qrupları bir araya gətirərək, onun düşmənlərini gücləndirir.

Ekspertlər deyirlər ki, generalın əsl bacarığı ittifaq yaratmaqdır. Onun Liviya Milli Ordusu əslində, milislər və nizami ordunun koalisiyasıdır.

Ötən ildən etibarən o, Cənubi Liviyanın çöllərində təsirini genişləndirmək üçün bacarıqlarından istifadə edib, bir sıra qəbilə ittifaqları yaradıb. Bu, son illərdə Amerikanın terrorizmlə mübarizəsinin əsas diqqət mərkəzində olan sahədir.

Trampın vəzifəyə gəldiyi gündən bəri ABŞ Cənubi Liviyada İŞİD döyüşçülərini bir neçə dəfə hədəfə alıb.

Lakin son tibbi problemlərdən əvvəl də, Liviya mütəxəssisləri, general Həftərin iddia etdiyi kimi, güclü ola bilmədiyinə və şərqdə ona kömək göstərən qüvvələrin də əleyhinə çıxa biləcəyinə dair xəbərdarlıq ediblər.

 

Kövrək koalisiya

 

Yanvar ayında Binqazinin şərqindəki məscidin yaxınlığında içinə bomba qoyulmuş iki avtomobilin partlayışı 35 adamın ölümünə səbəb olub.

Partlayışı islamçı militanların törətdiyinə şübhə vardı. Bir saat sonra general Həftərin komandirlərindən biri 10 islamçı məhbusu küçəyə sürükləyib və kamera qarşısında onları edam edib.

Komandir Mahmud əl-Verfalli bundan əvvəl də Haqqa Beynəlxalq Məhkəməsi tərəfindən axtarışa verilmişdi. General Həftər onu hərbi məhkəməyə gətirəcəyini vəd edəndə, səhra komandirinin silahlı tərəfdarları küçələrdə şin yandırıb, əsas yolları bağlayıblar.

General Həftər geri çəkilməyə məcbur olub. Binqazi xüsusi qüvvələr briqadasının komandiri Vanis Buxamada Verfallinin beynəlxalq məhkəməyə göndərilməyəcəyini vəd edib: “Bu Liviya məhkəmələrinə aid məsələdir”.

Liviya məhkəmələri isə hələ də işə baxmayıb.

Bu, general Həftərin səlahiyyətinə qarşı ikinci qiyam idi. Noyabr ayında bir tayfa komandiri – Fərəc Qaim televiziya çıxışında Həftəri istefaya çağırdıqdan sonra həbs edilib.

Tayfa opponentləri general Həftər ordusunda Furqan qəbiləsinin hakim olduğunu və oğlanlarının qoçu kimi davranmalarından şikayətlənirlər. Binqazi sakinlərinin isə əsas şikayəti budur ki, Binqazini ələ keçirməkdə generala kömək edən dini xadimlər indi şəhərdəki gündəlik həyata müdaxilə edirlər.

Ötən il sərt davranış təbliğatçıları bir çox məscidi ələ keçirib və mühafizəkar rəsmilər musiqi, konsertləri qadağan və səfərə təkbaşına çıxan qadınlara yasaqları qüvvəyə mindirməyə çalışıblar.

 

Zorən demokrat

 

General Həftəri danışıqlar masasına gətirmək üçün Qərbin səyləri boşa çıxıb. Ötən yay Parisdə 2018-ci ilin sonuna qədər seçki keçirmək üçün Tripoli hökuməti ilə razılaşma imzalanıb, ancaq artıq buna ehtimal azdır.

Müsahibələrdə general Həftər seçkilərə həvəssizlik nümayiş etdirib. “Bu gün Liviya demokratiya üçün yetişməyib, – deyə o, “Jeune Afrique” jurnalına (Fransa) keçən ay söyləyib. – Bəlkə də gələcək nəsillər buna müvəffəq olacaqlar”.

Xüsusilə Qərb Liviyadakı bir çox tənqidçi, Həftərin Qəddafinin yenidən qurulmuş bir versiyası olduğunu deyir, onun hakimiyyət naminə əsas azadlıqları və insan haqlarına məhəl qoymadığını iddia edirlər.

Birləşmiş Millətlər Təşkilatının bu həftə nəşr etdiyi hesabatda general Həftər tərəfindən işğal edilən ərazilərdə işgəncələr, qəsdli həbs və digər sui-istifadə hallarının mövcudluğu qeyd olunub.

Dəstəkləyicilər deyirlər ki, yeddi il ərzində baş verən xaosdan sonra Liviyanın Qəddafiyə və ya Sisiyə bənzər güclü liderə ehtiyacı var.

Binqazidə bir hüquqşünas və vətəndaş cəmiyyəti fəalı olan Amal Buqayis deyir: “İnanın, mən seçkilərdə inancımı itirdim. Bəlkə beş və ya on il müddətinə. Amma indi bizə güclü lider lazımdır”.

Son bir neçə ay ərzində general Həftər Misirin vasitəçiliyi ilə Qərbi Liviya hərbi rəsmiləri ilə vahid milli ordusu yaratmaq barədə danışıqlarda iştirak edib. Liviyada olan bütün gözlər müalicənin getdiyi Fransanın xəstəxanasına yönəlib.

Liviyada müxtəlif və bir-birinə zidd söz-söhbətlər yayılıb. Bir “tweet”də general Həftərin sağlamlığı haqqında “Marşal Həftər yaxşı vəziyyətdədir” ismarışı verilib.

Bu arada, general Həftərin koalisiyasının təbii varisi yoxdur. Analitik Frederik Veri deyir: “Həftər bağların yapışqanı idi. Onun ayaqqabılarını geyinmək olar, amma yerişini təkrarlaya biləcək fiqur yoxdur”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə