XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2018 - 19:27

QIRĞIZISTANDA SİYASİ BÖHRAN… –Keçmiş prezident "naxələf" varisə savaş açır: Atambayev hakimiyyəti yenidən ələ almaq istəyir

Qırğızıstan siyasi böhranının bir addımlığındadır. Keçmiş prezident Almazbek Atambayevin gedişindən və Sooronbay Jeenbekovun hakimiyytə gəlişindən cəmi dörd ay keçsə də, artıq tərəflər arasında kəskin münaqişə başlayıb. Maraqlısı odur ki, altı illik müddəti başa vurub prezidentlikdən gedən Atambayev yerini başqa namizədin yox, məhz öz adamının – Jeenbekovun tutması üçün hər şeyi etmişdi.

Ötən ilin oktyabrında keçirilən prezident seçkilərində 10-dan artıq namizəd mübarizə aparırdı. Seçkinin favoriti 59 yaşlı Sooronbay Jeenbekov Atambeyevin Qırğızıstanın rəhbəri görmək istədiyi şəxs idi. Keçmiş baş nazir – 47 yaşlı Omurbek Babanov isə reytinqdə ikinci sırada idi.

Mətbuatın yazdığına görə, Atambayev hökuməti Jeenbekovun qələbəsini təmin etmək üçün inzibati resurslardan geninə-boluna istifadə edir, Babanovun tərəfdarlarına isə təzyiq olunurdu. Belə söhbətlər gəzirdi ki, Babanovun məğlub olacağı təqdirdə, onun kriminal qruplaşmalarla əlaqəsi olan tərəfdarları dövlət çevrilişi etməyə çalışacaqlar.

İctimaiyyət ölkənin xüsusi xidmət orqanlarının seçkiyə müdaxiləsini narahatlıqla izləyir, hökumətin nəzarətində olan medianın əli ilə yalan, böhtan, qarayaxma kimi, çirkin kampaniya aparıldığı bildirilirdi.

Atambayev, Jeenbekov

 

Almazbek Atambayev seçkiöncəsi kampaniyaya birbaşa qoşularaq öz namizədinin təbliğatını aparırdı. Keçmiş prezident hətta Jeenbekova görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə də gərginlik yaşamışdı.

Atambayevi narazı salan Qazaxıstan rəhbərliyinin Jeenbekova yox, müxalif namizəd Babanova dəstək verməsi idi. Nazarbayevin sentyabrın 19-da Almatıda Babanovla görüşməsi bu dəstəyin ifadəsi kimi qəbul olunmuşdu…

İndi isə vəziyyət sürətlə əks istiqamətə dəyişib. Atambayev Jeenbekovu naxələf varis gözündə görür və onu açıq şəkildə hədələyir.

Qırğızıstan hakim Sosial-Demokrat Partiyasının (QSDP) martın 31-də keçirilən qapalı qurultayında Atambayev “səni mən yaratmışam, mən də batıracam” deyərək Jeenbekova ultimatum göndərib.

Məsələ burasındadır ki, Atambayev Jeenbekovun seçilməsi üçün boş yerə canfəşanlıq göstərmirdi. Keçmiş prezident düşünürdü ki, varisi onun bu jestini layiqincə qiymətləndirərək bütün dediklərini qeyd-şərtsiz həyata keçirəcək. Yəni prezident Jeenbekov olsa da, ölkəni faktiki olaraq Atambayev idarə edəcək.

Lakin gözləntilər özünü doğrultmadı və Jeenbekov hakimiyyətə gələn kimi güc strukturlarında və ədliyyə sahəsidə bir sıra dəyişikliklər etməyə başladı. Son olaraq Atambayevin daha bir kadrını – baş prokuror İndira Joldubayevanı vəzifədən azad etdi. Aprelin 11-də ölkə parlamenti baş prokurorun istefa qərarını dəstəklədi.

Yeni prezident ölkədəki total rüşvətxorluqdan, rüşvət və korrupsiyanın məhkəmə və güc strukturlarını korlamasından və buna qarşı heç kimin mübarizə aparmamasından danışdı.

Yerli müxalifətçilər deyir ki, bu cür çıxışlar korrupsiya ilə mübarizə haqda illərdir məruzə oxuyan Atambayevin mənliyinə güclü zərbə idi.

Almazbek Atambayev

Mart qurultaynda Atambayev Jeenbekovu hakim partiyanın kursundan çıxıb parlamentarizmdən güclü prezident hakimiyyətinə meyllənməkdə və vicdansız məmurlarla əlaqələrdə ittiham etdi. Artıq Qırğızıstan KİV-ləri ölkədə növbəti siyasi böhranın mümkünlüyündən yazırlar.

Şərqi Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin alman eksperti Beate Eşment hesab edir ki, hazırkı gərginliyin əsas səbəbi Atambayevin gözləntilərinin özünü doğrultmamasıdır: “Atambayev düşünürdü ki, zəng edib Jeenbekova nəyi necə etməli olduğunu deyəcək, o da yerinə yetirəcək. Bunun baş vermədiyini görəndə isə öz hakimiyyət ambisiyalarını qoruyub saxlayan Atambayev yeni prezidenti ictimaiyyətin qarşısında alçaltdı. Atambayev partiyanın qurulutayında mesaj verdi ki, siyasətdən getmək fikri yoxdur. O düşünürdü ki, Jeenbekov vasitəsilə Qırğızıstan siyasətinə təsirini davam etdirəcək. Lakin Jeenbekov göstərdi ki, öz xətti ilə getmək niyyətindədir. Ona görə də, Atambayev yeni yollar və yeni tərəfdarlar axtarmağa başlayacaq”.

Qırğızıstanın siyasi eksperti Taalatbev Masadıkov deyir ki, hazırda hakim partiya dağılma astanasındadır: “Qapalı qurultayın iştirakçıları ilə danışmışam. Partiyada həm keçmiş prezidentin qatı tərəfdarları var, həm də ölkənin cənub bölgəsinin təmsilçiləri var ki, onlar da yeni prezidentin ətrafında sıx birləşiblər. Bəzi deputatlarla da söhbət etmişəm. Mövqelərdə bir qarışıqlıq var. Kim kimin ardınca gedəcək? Kim Atambayevlə qalacaq, kim yeni prezidentin ətrafında?
Onların arasında əsas ziddiyyətin nə olduğuna gəlincə, bu suala keçmiş prezident aydın cavab verib. Bildirib ki, yeni komanda partiyanın kursunu dəyişir və parlamentarizmdən güclü prezident hakimiyyətinə doğru gedir”.

Masadıkovun fikrincə, parlamentarizm Atambayevə hakimiyyətə qayıtmaq üçün bir vasitədir: “Ətrafına imkanlı adamları yığa bilsə, onlar da təşkilatlanmaya yaxşı pul xərcləsələr, Atambayev tərəfdarlar toplaya və növbədənkənar parlament seçkilərinə gedə bilər. Parlamentdə çoxluq təşkil edəcəyi təqdirdə də, bu yolla vacib siyasi məsələləri, eləcə də parlament sisteminə tam keçidi həll edə biləcək. Bu halda Atambayev baş nazir olacaq və icraedici hakimiyyət tamamən onun əlində cəmləşəcək.

Əgər 2020-ci ildə keçiriləcək parlament seçkilərinə qədər Atambayev bütün bunları gerçəkləşdirə bilməsə, yeni prezident öz mövqelərini gücləndirəcək. Və bir sıra sahələr, eləcə də korrupsiyaya qarşı mübarizəyə dair vədlərini gerçəkləşdirib əhaliyə göstərəcək ki, verdiyi sözə əməl edir.

Hazırda birbaşa prezidentə tabe olan strukturlarda – təhülkəsizlik, prokurorluq orqanlarında dəyişikliklər edilir. Yeni prezident güc strukturlarını korrupsiyaya bulaşmaqda ittiham etmişdi və bunda haqlı idi. Prezidentin “təmizləmə əməliyyatına” Atambayevin ən etibarlı kadrları düşüb. O adamlar ki, bir zəngə Atambayevin dediyini edirdilər. İndi Atambayevin güc strukturlarında belə adamları yoxdur və bu da onun işini xeyli çətinləşdirəcək”.

Strateq.az